• şənbə, 20 Aprel, 06:53
  • Baku Bakı 14°C

Yeni hədəflər, nəhəng layihələr, böyük uğurlar...

10.10.14 10:28 2229
Yeni hədəflər, nəhəng layihələr, böyük uğurlar...
Prezident İlham Əliyev 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafına həsr olunmuş iclasda növbəti dəfə mühüm tapşırıqlar verdi. Qeyd edək ki, toplantıda ilin ötən dövründə görülən işlərin yekunu və qarşıda duran vəzifələr haqda məlumatlar səsləndirilib. Ölkə başçısı bildirib ki, ilin əvvəlindən bu günə qədər Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib: “Artıq doqquz ayın nəticələri onu göstərir ki, bu il də tarixdə uğurlu il kimi qalacaq”.
Ölkə başçısı bildirib ki, bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artıb. Bu müddət ərzində qeyri-neft sektoru 6 faiz artıb: “Neft-qaz sektorunda işlər uğurla gedir. Ancaq qeyri-neft sektorunun inkişafı bizim əsas məqsədimizdir. Qeyri-neft sənayesi 6 faiz səviyyəsində artıb. Bu da çox müsbət göstəricidir. İnflyasiya çox aşağı səviyyədədir - cəmi 1,5 faiz. Əhalinin pul gəlirləri isə 5,4 faiz artıb. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir”.
İlin əvvəlindən 19 milyard dollar sərmayə qoyulub ki, bunun 11 milyardı daxili sərmayədir: “...Bizim kifayət qədər valyuta ehtiyatlarımız var. İlin əvvəlindən maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb. Bütövlükdə bizim 53 milyard dollardan çox valyuta ehtiyatlarımız var ki, bu da dünya miqyasında çox böyük göstəricidir. Adambaşına düşən valyuta ehtiyatlarımız isə, hesab edirəm ki, dünya miqyasında ən yüksək səviyyədədir”.
İ.Əliyev deyib ki, doqquz ayda bütün infrastruktur layihələri uğurla icra edilib və bu proses davam etdirilir: “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilib. Yüz mindən çox yeni iş yeri açılıb, onlardan 80 mini daimi iş yerləridir. Proqramın əvvəlindən, 2004-cü ildən bu günə qədər 1 milyon 300 min yeni iş yeri açılıb. Bu da imkan verib ki, işsizlik kəskin şəkildə aşağı düşsün və bu gün 5 faiz səviyyəsindədir. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 25, 30 faizdir, gənclər arasında isə 50 faizə çatır.
...Bakı və onun qəsəbələri proqramı icra edilir. Bu proqram çərçivəsində onlarla məktəb təmir edilib, tikilib, uşaq bağçalarının sayı artır və təminat yaxşılaşır. Bakı qəsəbələrində infrastruktur layihələri icra edilir. İlk növbədə, su-kanalizasiya layihələri, ondan sonra kənd yolları tikilir. Yəni bu da, hesab edirəm ki, çox vaxtında qəbul edilmiş proqram idi”.
Prezident qeyd edib ki, ilin sonunadək nəzərdə tutulmuş bütün məsələlər axıra qədər həllini tapmalıdır: “Büdcədə kifayət qədər vəsait var. İnfrastruktur layihələri başa çatdırılmalıdır. Bir sözlə, 2014-cü ildə də biz qarşımıza qoyduğumuz bütün məsələləri həll etməliyik və edəcəyik.
Dövlət İnvestisiya Proqramı tam şəkildə icra edilməlidir. İlin sonuna qədər böyük layihə - Şəmkirçay Su Anbarı istifadəyə verilməlidir. Bu, son illər ərzində icra edilən ən böyük layihələrdən biridir”.
Gələn ilin büdcəsi hazırdır

Dövlət başçısı gələn ilin büdcəsi haqda da danışıb: “Büdcə demək olar ki, hazırdır. İndi müzakirələr aparılır. Milli Məclisə təqdim ediləcək. Əsas prioritetlər bəllidir. Biz bu barədə dəfələrlə öz fikirlərimizi bildirmişik. Sosial layihələr tam icra edilməlidir. Əlbəttə ki, ölkəmizin inkişafını təmin edən böyük infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri nəzərdə tutulur. Son illər ərzində 3 minə yaxın məktəb binası tikilib istifadəyə verilib. Hələ ki qəzalı, yararsız vəziyyətdə məktəblər vardır. Əlbəttə ki, sosial infrastruktur layihələri arasında bu məsələyə üstünlük veriləcək.
...Demək olar ki, bəzi istisnalarla, bütün şəhərlərimizdə müasir səhiyyə ocaqları yaradılır. Ya tikilir, ya da ki, əvvəlki illərdə tikilmiş xəstəxanalar, rayon mərkəzi xəstəxanaları əsaslı şəkildə təmir edilir. Üç-dörd şəhər qalıb ki, orada, hələ xəstəxanalar lazımi səviyyədə deyil. Yəqin ki, gələn il və 2016-cı ildə bu sahədə də işlər tam yekunlaşacaq və hər bir şəhərdə müasir avadanlıqla təchiz edilmiş gözəl tibb mərkəzləri olacaq”.
Sosial infrastruktur layihələri arasında uşaq bağçalarının tikintisini xüsusilə qeyd edən ölkə başçısı təəssüflə bildirib ki, vaxtilə tikilmiş uşaq bağçaları ya yararsız vəziyyətə düşüb, ya da özəlləşdirilib və onların yerində başqa obyektlər tikilib: “Bir hissəsində məcburi köçkünlər yerləşir. Bir sözlə, bu, çox ciddi problem idi, bu gün də hələ ki ciddi problem olaraq qalır. Ancaq, deyə bilərəm ki, son iki-üç il ərzində uşaq bağçaları ilə təminat 17 faizdən 42 faizə qalxıb. Bakıda, bölgələrdə onlarla yeni bağça tikilir və bu proses davam etdirilməlidir... Biz çalışmalıyıq ki, uşaq bağçaları ilə təminat 100 faiz olsun”.
Hərbi xərclər üstünlük təşkil edəcək

İ.Əliyev vurğulayıb ki, gələn ilin büdcəsində əlbəttə ki, hərbi xərclərə xüsusi diqqət göstərilməlidir: “Mən dəfələrlə demişəm ki, biz müharibə şəraitində yaşayırıq, müharibə bitməyib, davam edir. Sadəcə olaraq, atəşkəs rejimi yaradılıb. Ona görə, yeni müasir silahların, yüksək dəqiqliyə malik olan silahların alınması məsələləri öz həllini tapır və tapmalıdır. Son illərdə biz bu sahədə böyük nailiyyətlərə çatmışıq. Bizim hərbi təlimlərimizdə və hərbi paradlarda nümayiş etdirilən texnika ən yüksək standartlara cavab verir. Texniki təchizat baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və biz bu prosesi davam etdirməliyik. Müvafiq göstərişlər verilib. Müqavilələrin bəziləri bağlanıb və yenə də bağlanacaq. Biz hərbi-texniki təchizatı yüksək səviyyədə təşkil etməliyik. Bununla bərabər, Azərbaycanda hərbi istehsal inkişaf edir. Bu ilin keçən rübündə ilk dəfə olaraq Azərbaycanda böyük beynəlxalq hərbi sərgi keçirilib. Bu da son illərdə Azərbaycanda bu sahədə görülən işlərin nəticəsidir”.
Büdcədə neftin qiyməti düzgün müəyyən edilməlidir

Dövlət investisiya layihələri, investisiya proqramı təsdiq ediləcək. Prezident bu ilin sonuna qədər bu proqramın təsdiqini vacib sayıb: “Onu da bilməliyik ki, bizim büdcəmizin müəyyən hissəsi Neft Fondunun transfertləri hesabına təmin edilir. Neftin qiyməti aşağı düşüb və ona görə yəqin ki, hökumət büdcədə neftin qiymətini düzgün müəyyən etməlidir. Biz artıq bu barədə danışmışıq. Bir daha danışacağıq ki, büdcənin icrası ilə bağlı heç bir problem olmasın”.
Azərbaycanda müasir emal müəssisələri yaradılır. Kənd təsərrüfatı məhsullarımız dünya bazarlarına emal edilmiş şəkildə çıxarılır: “Biz gərək əlavə investisiyalarla, sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlərlə ixrac imkanlarımızı daha da artıraq. Təbii ki, biz daxili bazarımızı Azərbaycanda yetişdirilən məhsullarla təmin etməliyik. Son illərdə bu sahədə də böyük irəliləyiş var. Demək olar ki, biz özümüzü taxıldan başqa artıq əsas ərzaq məhsulları ilə maksimum dərəcədə təmin edirik. Əlbəttə ki, ərzaq təhlükəsizliyimizin təmin edilməsi üçün bu, çox önəmli amildir. Əlbəttə ki, bizim üçün ənənəvi olan bazarlara daha da böyük həcmdə məhsulla çıxmalıyıq və yeni bazarlara da yol tapmalıyıq”.
Sənaye istehsalının inkişafına xüsusi diqqət

Ölkə başçısı ilin “Sənaye ili” elan edilməsilə bağlı da danışıb. Bildirib ki, sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilib. Bir çox zavodlar, fabriklər, istehsalat sahələri açılıb: “Mən əvvəlki müşavirələrdə də qeyd etmişdim ki, biz ərzaq təhlükəsizliyini təmin etməliyik. Özümüzü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etməliyik. İndi biz eyni yanaşmanı inşaat materiallarına da tətbiq etməliyik. Hesab edirəm ki, bu sahədə çox gözəl inkişaf var. Yəni, biz özümüzü sementlə artıq tam şəkildə təmin etmişik. Bu il istifadəyə verilən ən böyük yeni sement zavodu bu problemi də aradan götürüb. Beləliklə, biz idxaldan asılılığımızı tam şəkildə aradan qaldırmışıq. Eyni zamanda, sement istehsalında əlavə həcmlər var və ixrac imkanlarımız da artacaq. Əlbəttə ki, hər bir istehsal sahəsi üçün belə düşünülmüş yanaşma olmalıdır, var və sadəcə olaraq, biz bu işi daha da sürətlə təşkil etməliyik. Əlbəttə, biz bilirik ki, Azərbaycana hansı inşaat materialları idxal edilir və o sahəyə daha da böyük üstünlük verməliyik. Necə ki, biz vaxtilə ərzaq məhsulları ilə bağlı eyni yanaşmanı tətbiq etmişik. Baxmışıq ki, Azərbaycana hansı ərzaq məhsulları və nə qədər idxal edilir? Onların daxili istehlakda çəkisi nə qədərdir? Biz məhz o sahələrə üstünlük verdik, kreditlər ayırdıq, fermerləri, sahibkarları səfərbər etdik və dövlət dəstəyi verildi. Biz indi məhz o sahələr, o məhsullar üzrə özümüzü təmin edirik. İnşaat materialları ilə bağlı da eyni yanaşma olmalıdır. Çünki Azərbaycanda kifayət qədər xammal və artıq sənaye potensialımız da var. Həm özümüzü maksimum dərəcədə təmin etməliyik, həm də ixrac etməliyik. Burada alüminium, poladtökmə, metallurgiya sənayesinin inkişafı nəzərdə tutulur və inkişaf etdirilir. Burada da böyük potensial var. Dediyim kimi, biz artıq özümüzü sement istehsalı ilə 100 faiz təmin etmişik”.
Yeni əsrin yeni layihəsi - “Cənub” qaz dəhlizi...
Sentyabrın 20-də təməli qoyulan “Cənub” qaz dəhlizilə bağlı geniş danışan İ.Əliyev bildirib ki, təməlqoyma mərasimi başqa gündə də keçirilə bilərdi: “Sadəcə fikirləşdim ki, 20 il bundan əvvəl sentyabrın 20-də “Əsrin kontraktı” imzalandı və bu, Azərbaycanın inkişafını müəyyən etdi. Çünki əgər o vaxt ulu öndər Heydər Əliyevin qətiyyətli yanaşması olmasaydı, o müdrik addım atılmasaydı, bu gün Azərbaycan necə inkişaf edəcəkdi, - bu, böyük sualdır, - nəyin hesabına inkişaf edəcəkdi? “Əsrin kontraktı”nın imzalanması və onun uğurla icra edilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi tarixi nailiyyətlərdir. Bu kontrakt bizə imkan verir ki, iqtisadi və maliyyə imkanlarımızı artıraq. Mən hesab etdim ki, XXI əsrin layihəsi də “Cənub” qaz dəhlizidir və yaxşı olar ki, 20 il sonra məhz sentyabrın 20-də bu təməlqoyma mərasimini keçirək. Belə də oldu. Yüksək səviyyəli çoxsaylı qonaqların iştirakı ilə “Cənub” qaz dəhlizi layihəsinin təməli qoyuldu, tikintisi başladı. Bu, böyük və tarixi hadisədir”.
16 kilometrlik “Ağ Şəhər” bulvarı salınır
Ölkə başçısı “Ağ Şəhər” layihəsi haqda məlumat verib: “Ağ Şəhər” Qara şəhərin ərazisində yaradılır. Burada da çox böyük rəmzi məna var. Vaxtilə xaricdən gəlmiş iş adamları Azərbaycanda neft sənayesində işləyiblər, böyük qazanc, milyardlarla vəsait əldə ediblər. Ancaq bizim üçün nə qoyub gediblər? Qara şəhəri... Bu ekoloji fəlakəti... O xarici neft baronlarının qazandıqları pulların hansı hissəsi ekoloji məsələlərə xərclənib? Oraya heç bir vəsait qoyulmayıb. Sadəcə olaraq qazanc dalınca Azərbaycana gəlib, böyük pullar əldə ediblər. İndi biz - müstəqil Azərbaycan bu ekoloji fəlakəti aradan götürürük. Bu da rəmzi xarakter daşıyır ki, Qara şəhər əvəzinə “Ağ Şəhər” olacaq. “Ağ Şəhər” nəinki Cənubi Qafqazda, yaxud da bu böyük regionda, dünya miqyasında ən gözəl şəhərsalma layihələrinin birinə çevriləcək. Artıq “Ağ Şəhər”in konturları görünür.
Vaxtilə yararsız vəziyyətdə olan sənaye sahələrində görün nələr yaratmışıq. Heydər Əliyev Mərkəzi Leytenant Şmidt adına zavodun ərazisində tikilib. O da bir ekoloji fəlakət idi. Mən oraya gəlib baxanda dəhşətə gəldim ki, bu şəraitdə istehsalı necə təşkil etmək olar. Hər şey dağılmışdı. Amma indi bəziləri hətta unudub ki, orada Leytenant Şmidt adına zavod olub. Yaxud da ki, indi Olimpiya şəhərciyinin yaradıldığı ərazi. Metronun “Koroğlu” stansiyası ilə üzbəüz bu ərazidə şifer kombinatı, lampa zavodu var idi. Onlar da havanı çirkləndirirdi. İndi burada gözəl Olimpiya şəhərciyi yaradılıb. Yəni, biz həm Bakıda, həm də bütün şəhər və rayonlarımızda bu yolla getməliyik.
İndi “Ağ Şəhər” bulvarı tikilir. Yəqin ki, bir neçə aydan sonra artıq ictimaiyyət üçün açıq olacaq. Beləliklə, Bibiheybət istiqamətindən, – Bayraq Meydanından o tərəfə də işlər davam etdirilir, - idman şəhərciyindən ta “Ağ Şəhər”ə, neftayırma zavoduna qədər təqribən 16 kilometr uzunluğunda gözəl bir gəzinti zolağı – bulvar olacaq”.
Prezident İlham Əliyev digər sahələrdə görülən işlər, qarşıda duran vəzifələr haqda da danışaraq, tapşırıqlarını verib.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər