“Yeni Üfüq” Qurban bayrımını yenə də cəbhədə keçirdi - Fotolar
"Yeni
Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Müqəddəs Qurban bayramı münasibəti
ilə Ağdam-Tərtər rayonları ərazisində məskunlaşan məcburi köçkünləri, şəhid,
qazi ailələrini, eləcə də cəbhə xəttində xidmət edən əsgər və zabitləri ziyarət
edib.
Birlikdən verilən
məlumata görə, görüş zamanı təşkilatın sədri Sevinc Əzimbəyli Ağdamda, Tərtərdə
qazilər və şəhid ailələri ilə mütəmadi görüşlər keçirildiyini qeyd edib: "Hər
il olduğu kimi bu ildə təşkilatımız müqəddəs Qurban bayramı münasibətilə xeyriyyə
aksiyaları həyata keçirir. Bu ilki aksiyamıza qardaş Türkiyənin Azərbaycandakı
səfirliyini Dini işlər üzrə müşavirliyi dəstək verib. Bu dəstəyə görə təşkilatımız
adından qardaş Türkiyə dövlətinin Bakıdakı səfirliyinə, eləcə də Dini işlər üzrə
müşavirliyə öz təşəkkürümüzü bildiririk. Allah qarşıdakı illərdə müqəddəs
bayram münasibətilə qurbanlarımızı azad olunan Qarabağ torpaqlarında kəsməyi nəsib
eləsin! Əminik ki, dövlətimizin Qarabağla bağlı apardığı uğurlu siyasətin nəticəsi
olaraq tezliklə torpaqlarımız işğaldan azad olunacaq”.
Sonra görüşdə
iştirak edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli
bildirib ki, hər bir ölkə vətəndaşı Qarabağ probleminin həllində dövlətin
yanında olmalıdır: "Bu gün biz hərbi hissələrə, əsgər və zabitlərimizin görüşünə
böyük ruh yüksəkliyi ilə gəlirik. Çünki hər bir azərbaycanlının ürəyində
tezliklə işğal olunan torpaqlarımıza qayıdacağımıza əminlik hissi var. Bir daha
ümidvaram ki, Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağ torpaqları məhz qüdrətli
Azərbaycan Ordusunun sayəsində işğaldan azad ediləcək”.
Tədbirdə Tərtər
rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və rayon rəhbərliyi iştirak
edib. M.Məmmədov çıxışı zamanı bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə tezliklə qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək tarixi
yurd-yuvalarımızda şanlı zəfərimizi qeyd edəcəyik.
Həmçinin aksiya
çərçivəsində "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin dəstəyi ilə Tərtər
rayonunda N saylı hərbi hissədə qurbanlar kəsilib. O cümlədən tədbir
iştirakçıları əsgər və zabitlərlə birgə nahar edərək bayramı qeyd ediblər.
Qeyd edək ki, bayramın
növbəti günündə "Yeni Üfüq” "Qurban aksiyası”nı Bakı şəhərində davam etdirib.
"Ovqat- AB” şirkətinin dəstəyi ilə 100-ə yaxın şəhid, qazi və aztəminatlı ailələrə
qurban payı verilib. "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri
S.Əzimbəyli "Qurban aksiyası”na verdiyi dəstəyə görə "Ovqat- AB” şirkətinin rəhbərliyinə
öz təşəkkürünü bildirib.