Yeni Əsrin Müqaviləsi Azərbaycanın iqtisadi gücünü daha da artıracaq
Azərbaycan sovetlər
birliyindən ayrılıb müstəqilliyini elan etdikdən az sonra olduqca mürəkkəb bir
durumla üz-üzə qaldı. Bir tərəfdən Ermənistanın əsassız ərazi iddiaları və
bundan qaynaqlanan təcavüzkar siyasəti, Azərbaycan ərazilərini işğal etməsi,
digər tərəfdən isə iqtidarda olan AXC-Müsavat cütlüyünün səbatsız idarəetməsi,
vəzifə davası, ölkənin vətəndaş müharibəsinə sürüklənməsi müstəqilliyin
itirilməsi təhlükəsini yaratmışdı. Məhz belə bir məqamda xalqın təkidli tələbi
ilə ümummilli lider Heydər Əliyev Naxçıvandan paytaxt Bakıya dəvət edildi. Xalq
öz müdrik seçimini edərək ölkənin gələcək taleyini ulu öndər Heydər Əliyevə
həvalə etdi. Həmin vaxt ölkə rəhbərliyinin qarşısında dayanan ən mühüm məsələ
müharibənin dayandırılması, sabitliyin, əmin-amanlığın bərpası, iqtisadi,
siyasi, hərbi tənəzzülün qarşısının alınması idi. Ümummilli lider böyük
uzaqgörənliklə bunların qarşısını aldı. Həmin illərdə atılan əsas addımlardan
biri də ölkənin bu gününün və gələcəyinin inkişafını təmin edəcək iqtisadi
islahatların həyata keçirilməsi, təbii sərvətlərdən səmərəli istifadə, xarici
sərmayədarların Azərbaycana cəlb edilməsi idi. Bu çərçivədə o dövrdə yaşanan ən
əlamətdar hadisələrdən biri 1994-cü il sentyabrın 20-də Bakıdakı "Gülüstan”
sarayında "Əsrin müqaviləsi”nin imzalanması oldu.
Xəzər dənizinin
dərinliyində yerləşən "Azəri”, "Çıraq”, "Günəşli” yataqlarının
işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilədə 8
ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya,
Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl,
Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak
edirdi. "Əsrin müqaviləsi” imzalanandan sonra onun iştirakçıları işçi
strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və
Məsləhət Şurası yaratdılar. Bu strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni
1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra
fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis "Əsrin
müqaviləsi”ni ratifikasiya etdi.
Tam əminliklə söyləmək olar
ki, "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil
Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft
strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Çünki, Azərbaycanın
neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını
qoyan "Əsrin Müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın
dinamik inkişaf yolunu müəyyən etdi.1994-cü ildə "Azəri-Çıraq-Günəşli”
neft yatağı üzrə kontrakt imzalanmasından iki il sonra dünyanın ən böyük qaz
yataqlarından biri olan "Şahdəniz” yatağı üzrə kontrakt imzalandı. 1997-ci ildə
"Çıraq” platformasından ilk neft çıxarıldı ki, bu da dünyanın neft tarixində
nadir hadisələrdən biri kimi yadda qaldı. 1998-ci ildə həmin bu neft fəaliyyəti
bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başladı.
1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib
istifadəyə verildi və artıq Azərbaycan nefti iki istiqamət üzrə dünya
bazarlarına çıxarılmağa başlandı. 2002-ci ildə isə Bakı-Tbilisi-Ceyhan neft
kəmərinin təməli qoyuldu.
Təbii ki, bütün bu
kontraktlar, həyata keçirilən layihələr ölkənin iqtisadi gücünün artırılmasına
hesablanmışdı. Ümummilli lider Heydər Əliyev xalqın sərvəti sayılan neftdən
əldə edilən gəlirlər hesabına Azərbaycan vətəndaşlarının sosial rifahının
yaxşılaşdırılması, regionların tərəqqisi, ordu quruculuğu, sahibkarlığın
inkişafı, təhsilin keyfiyyətinin artırılması və sair istiqamətlərdə mühüm işlər
gördü. 90-cı illərin əvvəlində müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən
Azərbaycan qısa zamanda güclənərək dünyaya yenidən günəş kimi doğdu. Hazırda bu
istiqamətdə siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam
etdirilməkdədir. Onun ölkəyə prezident kimi rəhbərlik etməsindən sonra, daha
dəqiq desək 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri Türkiyənin Ceyhan
limanında istifadəyə verilib. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri
istifadəyə verilib və "Şahdəniz” qazının ilk hissəsi Türkiyəyə ixrac edilməyə
başlanıb. 2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP
layihəsinə imza atılıb və hazırda bu layihə uğurla icra edilir. 2013-cü ildə isə
TAP layihəsi qaz kəməri kimi seçilib və bu istiqamətdə də işlər gedir.
Xatırlatmaq yerinə düşər
ki, bütün bu tədbirlərin həyata keçirilməsi ilə Azərbaycan qara qızılı
zamanında insan kapitalına çevirməyi bacardı. Hazırda ölkəmizin elə bir sahəsi
yoxdur ki, orada inkişaf, tərəqqi qeydə alınmasın. Konkret faktların dili ilə danışsaq,
"Əsrin müqaviləsi” və ondan sonra imzalanan kontraktlar, reallaşdırılan
layihələr hesabına Azərbaycanda 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana,
bölgələrdə 50-dən çox olimpiya mərkəzi tikilib, ümumilikdə 11 min kilometrdən
çox yollar salınıb, enerji infrastrukturu yaradılıb, iqtisadi inkişaf, xüsusən
də iqtisadiyyatın şaxələndirilməsi mümkün olub. Dövlət Neft Fondundan məcburi
köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün ayrılan vəsaitlər
hesabına 100-ə yaxın yeni yaşayış qəsəbəsi salınıb, 250 min məcburi köçkünün
mənzil-məişət problemi həllini tapıb. Son illər ərzində qeyri-neft sektorunun
inkişafının təmin edilməsi hesabına müəyyən fasilələrlə baş verən dünya
iqtisadi böhranından da ölkəmiz minimum itkilərlə çıxa bilib. Neftin qiymətinin
kəskin ucuzlaşması, milli valyutanın devalvasiyası fonunda da
iqtisadiyyatımızın inkişaf tempi dayanmayıb. Əlbəttə ki, bütün bunların
təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız
dayanır.
Bu imkanların davamlı
olması, Azərbaycanın gələcəyinin təmin edilməsi üçün dünən daha bir əlamətdar
hadisə baş verib. Heydər Əliyev Mərkəzində "Azəri-Çıraq-Günəşli” neft yatağının
işlədilməsinin 2050-ci ilə qədər uzadılmasına dair yeni kontrakt imzalanıb.
Bununla da Azərbaycan yeni bir dövrə qədəm qoyub. Məlumat üçün qeyd edək ki,
əvvəlcədən əldə edilmiş razılığa əsasən kontrakt imzalanandan sonra ölkəmizə
xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın
"AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək, SOCAR-ın
payı 11,6 faizdən 25 faizə qaldırılacaq, Azərbaycana çatacaq mənfəət neftinin
səviyyəsi 75 faiz təşkil edəcək. Nəzərə alaq ki, ötən 23 il ərzində kontraktın
icrası nəticəsində "Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilib. Səhih
məlumatlara görə, "Azəri-Çıraq-Günəşli”də bundan sonra hasil edilməmiş təxminən
500 milyon ton neft ehtiyatı var. Yeni kontraktın icrası müddətində bu rəqəmin daha
da artacağı proqnozlaşdırılıb.
Bu o deməkdir ki, vaxtilə
neftdən əldə edilən gəlirlər hesabına yenidən qurulan, abadlaşan, hərtərəfli
inkişaf edən Azərbaycan ən azı 2050-ci ilə qədər də neftdən gəlirlər əldə
edəcək, ölkənin bütün sahələrinin daha da inkişafı istiqamətində mühüm addımlar
atılacaq. Güclü, qüdrətli, iqtisadi inkişafı davamlı olan Azərbaycan isə heç
kimdən asılı olmadan, müstəqil siyasət aparmağı bacaran, vətəndaşının sosial
rifahını təmin edən ölkə deməkdir. Prezident İlham Əliyevin də dəfələrlə
vurğuladığı kimi, məhz bu siyasi kurs və onun bizə verdiyi imkanlar hesabına
Azərbaycan heç kimdən asılı olmur, öz taleyini özü həll edir.
Alpər
TURAN