AZE | RUS | ENG |

“Yeni Ermənistan, yeni patriarx”

“Yeni Ermənistan, yeni patriarx”
Erməni din xadimləri pozğunluqda, çoxarvadlılıqda, qaranlıq biznesdə və çoxsaylı çirkin işlərdə ittiham olunurlar

İllər uzunu hiyləgər şəkildə ermənilərə rəhbərlik edən Erməni Apostol Kilsəsinin başı üzərində qara buludlar dolaşır. İnqilab əhval-ruhiyyəsi artıq bir neçə gündür ki, bu qurumun da vəziyyətini çətinləşdirib. Düzdür, baş verənləri katolikos II Qaregin üçün ciddi problem hesab etmək olmaz. Lakin mövcud  durum sözsüz ki, ona əsəbilik və gərginlik gətirir. Heç kimə sirr deyil ki, illər uzunu toxunulmazlıq statusuna malik olan erməni kilsəsi erməni xalqının çirkin dəyərlərinin (başqasının torpağını işğal, qan tökülməsi, vəhşilik və s.) daşıyıcısı, qoruyucusu rolunda çıxış edib. Tarix boyu ermənilərin yaşadıqları ərazilərdə, icmalarda, (istər Türkiyə, istərsə də hansısa başqa bir ölkədə olsun) nəsə bir gərginlik baş verirdisə, orada erməni kilsəsinin iştirakı mütləq idi. Hər zaman da kənarda qalmağa müvəffəq olan kilsə terrora xeyir-dua verərək, hərbi millətçiliyin ilhamverici qüvvəsi olub. Bura Osmanlı imperiyasında 1915-ci ildə yaşanan hadisələr, Bakıda və Azərbaycanın digər ərazilərində ermənilərin törətdikləri qətliamlar və s. daxildir. Əsrlər boyu kilsə erməni xalqında nifrət hisslərinin aşılanmasında mühüm rol oynayıb. Ermənilər başqa xalqların qanının axıdılması hesabına qurduqları dövlətə görə məhz kilsəyə "minətdardırlar”. Erməni Apostol Kilsəsi bu gün müstəqil və muxtar struktur kimi çıxış edir. Maraqlı olan odur ki, ilk dəfə olaraq ermənilər öz kilsələrinə qarşı çıxmağa başlayıblar. Əvvəlcə narazılıq və istefa tələbi sosial şəbəkələrdə start götürdü. Statuslar ortaya çıxan kimi dərhal minlərlə "layk” və şərhlər gəlirdi. İnsanlar şərhlərində katolikosun kilsəyə daxil olmasına belə icazə verilməməsini tələb edirdilər. Bütün bunlar isə sonda insanların açıq şəkildə küçələrə çıxıb etiraz aksiyası keçirmələri ilə sonuclandı.
Artıq neçə gündür ki, Yerevanda bütün ermənilərin katolikosu II Qareginə qarşı etiraz aksiyaları səngimək bilmir. Etirazçıların dini liderə qarşı nifrəti o həddə çatıb ki,artıq onun dini rütbədən məhrum edilməsi tələbi qoyulur. Erməni katolikosdan narazı insanlar ilk dəfə iyunun 7-də küçələrə çıxıblar. Katolikosun narazılarla görüşü hələlik heç bir nəticə verməyib. Aksiya iştirakçılarının əsas şüarı əvvəlki tək "Müqəddəs Katolikos, Ermənistana yeni dini lider lazımdır” olub. Bütün bunların fonunda katolikosa qarşı erməni mediasında silsilə yazıların, ifşaedici materialların dərci ara vermir. Fəallar Erməni Apostol Kilsəsinin ali dini rəhbərinin məişət pozğunu olmasını, kilsəni biznesə çevirdiyini bəyan edir. Kilsənin gücü isə bütün bu ittihamları sadəcə təkzib etməyə çatır. "Yeni Ermənistan, yeni patriarx” təşəbbüs qrupunun üzvlərindən Gevork Yazışyan "Sputnik Armeniya”ya açıqlamasında bildirib ki, "katolikosun istefası son məqsəd deyil, hədəf Erməni Apostol Kilsəsinin ruhən təmizlənməsidir”. Artıq beşinci gündür ki, etiraz aksiyası keçirən qrup bəyan edir ki, erməni kilsəsinin rəhbəri öz titulundan imtina etməlidir. Yazıçyanın sözlərinə görə, Qareginin dini idarəyə rəhbərlik etdiyi 18 il göstərdi ki, bu şəxsdən hansısa müsbət dəyişikliklər gözləmək yersizdir. "Kilsə inşası nəcib bir təşəbbüsdür. Biz bu gün görürük ki, ali dini idarənin bir çox nümayəndələri mənəvi pozğunluqda, çoxarvadlılıqda, biznes əlaqələrində və çoxsaylı çirkin işlərdə ittiham olunurlar. Biz istəyirik ki, belə hallar baş verməsin”, - deyə o bildirib. Təşəbbüs qrupunun üzvü daha sonra hakimiyyətlə kilsə arasında paralellər aparıb. Onun qənaətincə, "eks-prezident Serj Sarkisyan oliqarxik piramidanın pik həddində yerləşmişdi. Katolikos da kilsə sisteminin analoqudur. Bundan əlavə, Eçmiədzindəki iqamətgahda əyləşən 49 yepiskopun altısı Qareginin kəndindən olanlardır. Qardaşı Yeni-Yaxçıvan yeparxiyasının rəhbəridir. Nədir, bu, ailə biznesidir”, - deyə erməni ekspert sualla çıxış edir.
Təşəbbüs qrupunun başqa bir üzvü Karen Petrosyan isə öz növbəsində bildirir ki, katolikosun istefası barədə tələblər bir neçə il ərzində formalaşıb. Onlar 1999-cu ildən bəridir ki, Qareginin istefası barədə müraciətlə çıxış edirlər. Lakin təşəbbüsləri nəticəsiz qalır. Onun sözlərinə görə, katolikosun hərəkətləri inanclı insanların kilsədən uzaqlaşmasına səbəb olur. Qeyd edək ki, iyunun 9-da Eçmiədzində keçirilən tədbirdə katolikosun istefası tələbi ilə edilən müraciətə kilsənin Yepiskoplar Şurası rədd cavabı verib. Erməni Apostol Kilsəsinin yaydığı məlumata görə, 99 yepiskopdan cəmi 16-sı müraciətə imza atıb. Qeyd edilib ki, katolikosun istefası tələbi əsassızdır. Katolikosu yalnız Milli Kilsə Şurası vəzifəsindən uzaqlaşdıra bilər.
Yeri gəlmişkən, qeyd olunan faktlar Qareginlə bağlı ortaya atılan yeganə iddia deyil. Məsələn, bir neçə il bundan əvvəl Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu (ICIJ) İsveçrənin HSBC bankında hesab açmış Ermənistandan olan müştərilərin siyahısını dərc etmişdi. "SwissLeaks” tərəfindən aparılan araşdırma müəyyən etmişdi ki, Ermənistanla bağlı 10 müştəri (onlardan 4-ü erməni pasportuna/vətəndaşlığına malikdir) 1989-2006-cı illərdə 21 müştəri hesab açıb. Ermənistandan olan müştəriylə bağlı maksimum pul məbləği 5,8 milyon ABŞ dolları təşkil edib. 21 müştəri hesabından 17-si fərdi şəxslər, 2-si ofşor şirkətlər tərəfindən açılıb, 2-si isə "nömrəli” hesabdır. Bu 10 müştərinin 2006-2007-ci illərdə bankda 15,4 milyon ABŞ dolları saxladığı qeyd olunur. Bu 10 müştəri arasına bütün ermənilərin ali patriarxı və katolikosu II Qaregin də daxildir. 2006-2007-ci illərdə onun hesabında 1 074 926 dollar vəsait olub. Erməni Apostol Kilsəsi olan Eçmiədzindən bildirilib ki, hesab kilsənin maraqları və xeyriyyə üçün katolikosun sələfi tərəfindən açılıb və onun ölümündən sonra eyni məqsədlər üçün II Qareginin adına keçirilib. İsveçrə banklarında hesabları olanlar arasında Ermənistan Mili Elmlər Akademiyasının prezidenti Radik Martirosyan, 2006-2007-ci illərdə hesabında 3 960 278 ABŞ dolları olan arxiyepiskop Şaqe Acemyan, Erməni Apostol Kilsəsi Fransadakı yeparxiyasının şura üzvü, katalikos II Qaregin və arxiyepiskop Şaqe Acemyanla sıx münasibətləri olan Serj Bedoyan da var. Bedoyan hər il Fransadakı erməni universitetlərdə təhsil alan tələbələr üçün Ermənistana turlar təşkil edir. 2014-cü ildə Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan və diaspor arasındakı əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə görə onu Movses Xorenatsi medalı ilə təltif edib. Məlumata görə, 2006-2007-ci illərdə S.Bedoyannın altı müştəri hesabında ümumilikdə 5 818 919 ABŞ dolları məbləğində pul vəsaiti olub.
Qeyd edək ki, bu məlumatlar HSBC bankının sabiq əməkdaşı Erve Falçiani tərəfindən yayılıb. E.Falçiani bütün bu məlumatları Fransa vergi orqanlarına verərək onların vergidən yayınmaq üzrə araşdırmaya başlamasına səbəbkar olub. Sonradan sənədlər Fransanın "Le Monde” qəzeti vasitəsilə Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumuna çatıb.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6914
GBP 1 İngilis funt sterlinqi 2.2548
TRY 1 Türk lirəsi 0.3585
KWD 1 Küveyt dinarı 5.6127
SEK 1 İsveç kronu 0.1915
EUR 1 Avro 1.9745
CHF 1 İsveçrə frankı 1.7156
USD 1 ABŞ dolları 1.7000