• cümə, 19 Aprel, 08:01
  • Baku Bakı 13°C

Yeni əlifba Qazaxıstanın siyasi yönünü də dəyişəcək?

15.04.17 10:00 1334
Yeni əlifba Qazaxıstanın siyasi yönünü də dəyişəcək?
Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin qazax dilinin latın əlifbasına keçilməsi barədə qərarı postsovet məkanında, eləcədə qərb ölkələrində geniş rezonans doğurub. Məsələni ən çox qabardan və ona müxtəlif cür don geyindirən isə Rusiya mətbuatı və ekspert dairələri olub. Bu ölkənin mətbu orqanları qərarın ölkədə rus dilinin sıxışdırılıb aradan çıxarılacağını, eləcə də etnik rusların ölkəni tərk edəcəyini iddia etməyə başlayıblar. Baxmayaraq ki, prezident bu yanaşmanın düzgün olmadığını bildirib və deyib ki, Qazaxıstanda üç dil əsas ünsiyyət vasitəsidir – qazax, ingilis və rus. Lakin Rusiya nəşrləri öz işindədir.
Ölkənin əksər mətbu orqanları həyəcan təbili çalaraq xəbərdar edirlər ki, Qazaxıstan prezidenti bununla "rus dünyası”dan uzaqlaşmaq istəyən və milli dəyərləri üstün tutan təbəqənin dəstəyini qazanmağa çalışır. Məsələn, "Kommersant” yazır ki, kiril əlifbası 1939-1942-ci illərdə türkdilli respublikaların hamısında, o cümlədən Moldovada məcburi hal kimi qəbul edilib. Dörd ölkə - Özbəkistan, Türkmənistan, Azərbaycan və Moldova artıq latın qrafikasına qayıdıb.
Yeri gəlmişkən, artıq qırğızlar da kiril əlifbasının latınla əvəz olunması təşəbbüsü ilə çıxış ediblər. "Kiril əlifbası Qırğızıstana texnologiyaları inkişaf etdirməyə mane olur, ölkənin müasirləşməsinin qarşısını alır”. Bunu Qırğızıstan Parlamentinin deputatı Kanıbek İmanəliyev deyib. O,kKiril əlifbasını Qırğızıstanın əqli irsi adlandırsa da, 2030-2040-cı illərə kimi latın əlifbasına keçidin zəruri olacağını deyib.
Qəzetin rəyini soruşduğu ekspertlər qeyd edirlər ki, postsovet məkanında latınlaşma həmin dövlətlərin xeyrinə olub. "Lakin Özbəkistan və Türkmənistanın latın qrafikasına keçməsi ilə bu ölkələrin dünya birliyinə elə də ciddi inteqrasiyası baş tutmadı”, - deyə MDB İnstitutunun Mərkəzi Asiya bölməsinin rəhbəri Andrey Qrozin bildirib. O, əlavə edir ki, xarici siyasətdə, ticarətdə prioritetlər dəyişmədi: "Özbək həmkarlarım mənə bildiriblər ki, hər hansı bir kommunikativ üstünlük də olmayıb”. Bu fikri "Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə də bölüşür. Azərbaycan təcrübəsinə istinad edən ekspert bildirir ki, Qazaxıstan hakimiyyət orqanlarının məqsədi Avropa ilə yaxınlaşmaqdır. "Biz latın əlifbasına keçəndə, Türkiyənin pozitiv təcrübəsini nəzərə alırdıq - bu addım ona Avropanın linqvistik məkanına daxil olmağa imkan verdi” - deyə azərbaycanlı ekspert bildirib.
Rəyi soruşulan rus ekspertlər dərhal məsələyə başqa aspektdən yanaşırlar. Politoloq Arkadi Dubnov bildirir ki, Qazaxıstanı Azərbaycan, xüsusən də Türkiyə ilə müqayisə etmək düzgün deyil: "Azərbaycan və türk dilləri türk dil ailəsinin oğuz, qazax dili isə qıpçaq qrupuna aiddir”. Ekspert xüsusi vurğulayır ki, latına keçidlə bağlı qərar qəbul edən Qazaxıstan türk dünyası və Türkiyə ilə yaxınlaşmağı qarşıya məqsəd qoymayıb: "Mənim qənaətimə görə, bu, daxili siyasi vəziyyətlə bağlıdır”.
"Kommersant”dan fərqli olaraq "Nezavisimaya qazeta” yazır ki, Nazarbayevin bu addımı Rusiyaya verilən bir siqnaldır. Ekspertlər hesab edir ki, latın qrafikasına keçid ölkənin türk dünyasına daha sıx şəkildə daxil olmasına gətirib çıxaracaq. "Lakin əhali ehtiyat edir ki, linqvistik yenilik rus dilinin sıxışdırılmasına və rusların ölkədən kütləvi şəkildə çıxıb getməsinə gətirib çıxaracaq”, - deyə "Sputnik Qazaxıstan”a açıqlamasında politoloq Sultanbek Sultanqaliev bildirib. Onun sözlərinə görə, bundan sonra etnik ruslarda çemodan əhval-ruhiyyəsı güclənəcək. Lakin rusdilli əhalidən qlobal dil islahatına qarşı hansısa bir müqavimət gözləmək gərək deyil. O da əksəriyyət kimi, latın qrafikasına keçidi xarici siyasətlə əlaqələndirir və əlavə edir ki, bu, çoxvektorlu siyasətə təsir etməyəcək: "Əlifba deyil, ümumi maraqlar ölkələri yaxınlaşdırır. Lakin istisna etmək olmaz ki, prezidentin addımı Moskvaya və Qərbə bir siqnaldır. Rusiya üçün bu, iqtisadi maraqlarda daha çox güzəştlərə getmək, Qərb üçün isə Rusiya ilə ABŞ arasında gərginlikdə loyallıq deməkdir”.
Rusiya Milli Strategiya İnstitutunun direktoru Yuri Solozobov isə islahatın mənfi və müsbət tərəflərini qabardır. Onun qənaətinə görə, Qazaxıstan üçün beynəlxalq ünsiyyət asanlaşacaq. "Bu, türk layihəsinə, türkdilli dünyaya daha sıx giriş deməkdir. Minus isə odur ki, ölkənin geosiyasi baxışları dəyişəcək. Latın dilinə keçidin nəticələri yaxın 10-15 ildə, yeni siyasətçilər nəslində hiss olunacaq. Nazarbayevin indiki idarəçiliyi dövründə Rusiyadan kəskin şəkildə uzaqlaşma baş verməyəcək. Bizim Avrasiya İqtisadi İttifaqımız var. Lakin bu, Moskvaya siqnaldır”, - deyə ekspert vurğulayıb. Onun fikrincə, MDB erroziyaya uğrayıb və bu, ciddi siqnaldır.
Başqa bir nəşr - "İzvestiya” qəzeti isəyazır ki, əgər biz Avarsiya İqtisadi İttifaqı daxilində inteqrasiyanı gücləndiririksə, onda latın qrafikasına keçməklə, həyatımızı niyə çətinləşdiririk?” Nəşr iddia edir ki, Qazaxıstanda sosial-iqtisadi problemlər kifayət qədərdir, belə olan halda, latın qrafikasına keçilməsi anlaşılan deyil. "Qazeta.ru” belə yazır: "Bu siqnal kimə qarşıdır - ölkə vətəndaşlarına və yaxud xarici siyasi tərəfdaşlara - aydın deyil”. Qazax politoloqu Aydos Sarım nəşrə açıqlamasında bildirib ki, dövlət başçısının qərarı ölkənin türk xalqları ilə münasibətlərini genişləndirməsinə və Rusiyadan asılılığı zəiflətməyə yönəlib. Müxalif "Exo Moskvı” isə məsələyə daha sərt yanaşıb. Müəllif Matvey Qanapolski yazır ki, Nazarbayev ona məxsus Qazaxıstanı latın qrafikasına keçirir.
Xatırladaq ki, prezident latın qrafikasına keçidi "Egemen Qazaxıstan” (Müstəqil Qazaxıstan) qəzetində yazdığı məqalədə bəyan edib. Prezident 2017-ci ilin sonunacan qazax dilinin latın əlifbası ilə yazılışı üçün bir standartın müəyyən edilməsini gözlədiyini yazıb. Latın əlifbasına keçidin 2025-ci ildə tamamlanması planlaşdırılır. Nazarbayevin zənnincə, qazax dilinin 1940-cı ildə kiril əlifbasına keçidi siyasi xarakter daşıyıb. "Bu gün məktəb divarlarında uşaqlara ingilis dili öyrədilir və onlar heç bir problem olmadan latın hərflərini keçirlər. Buna görə də, gənc nəsil üçün heç bir problem olmayacaq”- o, əlavə edib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər