• cümə, 29 Mart, 18:28
  • Baku Bakı 14°C

Yeni ədəbi trendlər - Lazımlı, yoxsa lazımsız?

05.11.18 13:30 1092
Yeni ədəbi trendlər - Lazımlı, yoxsa lazımsız?
XX əsrin sonu və XXI əsrin əvvəlində sürətlə inkişaf edən müasir texnologiyaların və innovasiyaların, xüsusilə informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətdə və bütövlükdə dünyada yaratdığı dəyişiklikləri, onların müsbət və mənfi cəhətləri daim müzakirə olunur. Yeni texnologiyalar həmçinin incəsənət və ədəbiyyatda da öz dəyişikliyini yaradır: yeni ədəbi baxışlar, formalar və s. yaranır. Yeni trendlərin yaranması ədəbi aləmdə birmənalı qarşılanmır."Müzakirə”mizdə ədəbiyyat adamlarının mövzu ilə bağlı maraqlı fikirləri ilə qarşılaşdıq.
Ədəbiyyatın üzü hansı istiqamətə yönələcəksə...
Yazıçı-dramaturq Elçin Hüseynbəylinin fikrincə, ədəbi trendlər bizdə də yaranır: «Kimsə özünü bəstəkar elan edib kompüter vasitəsilə mahnılar səsləndirir, kimsə başqalarının şeirlərinə mahnılar yazır və ya öz şeirlərini mahnı formasında səsləndirir. Ancaq bu, hələ ki, peşəkar səviyyədə deyil. Bizdə şou-biznes peşəkar səviyyədə olmadığı kimi, bu sahə də peşəkarlıqdan uzaqdır. Ümumiyyətlə, dünyada ədəbiyyata münasibət də fərqlidir. Bestsellerlərin əksəriyyətinin klassik anlamda ədəbiyyata aidiyyəti yoxdur. Ədəbi trendlərin kütləvi olmasından hələ danışmaq olmaz. Bu, dünyada baş verən proseslərə bağlı bir tendensiyadır. Ədəbiyyatın üzü hansı istiqamətə yönələcəksə, proseslər də o cür cərəyan edəcək”.
Ədəbiyyat əbədidir, trend ötəri
"Ədəbiyyat sözü ilə trend sözünün yanaşı gətirilməsini qəbul etmirəm” deyən yazar Tural Cəfərovun fikrincə, ədəbiyyat əbədidir, trend ötəri: "Təbii ki, zamanın ruhu ədəbiyyatda ifadə edilir və hətta ən yaxşı ədəbiyyatda ifadə edilir. Lakin söhbət zamandan gedir, anlardan yox. Forma axtarışları həmişə olub. Di gəl ki, gərək bu forma axtarışları da formal olmasın, mətnin mahiyyətindən, zamanın ruhundan doğulsun. Biz daha çox bu məsələlərə formal yanaşırıq. Biz öz ədəbi ənənələrimizi yaxşı qavraya və inkişaf etdirə bilmirik. Daha çox bunun üzərində durmaq lazımdır”.
Gələcəkdə süni intellekt hər şeyi bacaracaqsa...
Hazırkı dövrdə texnologiyaların sürətlə yeniləndiyini və inkişaf etdiyini deyən yazıçı-publisist Mirmehdi Ağaoğlu bu yeniliklərin ədəbiyyatda və incəsənətdə öz əksini tapmasına təbii baxır: «Bu proses indi baş verməyib. Mən bunu ikinci yenilik adlandırardım. Çünki birinci dəfə sənaye inqilabından sonra – 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində baş verən yeniliklər, inqilablar incəsənətə də öz təsirini göstərdi. Məsələn, rəssamlıqda, incəsənətdə də bu yeniliklər hiss olundu. Onlar keçmişin bütün qalıqlarından imtina edib, yalnız sənayeni önə çəkirdilər. İlham mənbəyi kimi maşınları, zavod və fabrikləri görürdülər. Onlar daha, gül və çiçəkdən ilhamlanıb şeir yazmırdılar. Eləcə rəssamlıqda da ənənəvi mexanizmlərdən uzaqlaşıb yeni obrazlar kəşf etməyə çalışırdılar. Bu, həmçinin musiqi sahəsində də belə idi. Cərəyanların ədəbiyyata, incəsənətə təsiri olurdu. Təbii ki, burada ifrata varmalar da var idi. Onlar get-gedə çıxdaş olandan sonra bir növ oturuşma baş verdi”. Yazıçının sözlərinə görə, 20-ci əsrin sonunda internetin kəşfi, həyatımızda baş verən texnoloji yeniliklər incəsənətə, o cümlədən ədəbiyyata öz təsirini göstərib: "Süni intellektin hazırladığı ssenarinin əsasında romanlar yazılır, film çəkilir. Süni intellektin yazdığı şeirlər var. Hətta, belə bir sual yaranır: əgər gələcəkdə süni intellekt roman yazacaq və ya hər şeyi bacaracaqsa, onda yaradıcı adamlar nəyə lazımdır?” M.Ağaoğlunun fikrincə, sosial şəbəkələrin yaratdığı yenilikləri də ədəbiyyata gətirmək lazımdır. Belə ki, Rusiya və başqa ölkələrdə yaradıcı qruplar bu eksperimentləri edirlər: "Gec-tez nanotexnologiyalar, trendlər ədəbiyyatımıza və incəsənətimizə sirayət edəcək. Bir var, 20-ci əsrin əvvəlində dadaistlər kimi, prosesi süni surətdə gətirib çıxarmaq - yəni zəmanəni, dövrü qabaqlamaq, bir də var öz axarına buraxmaq... Mənə elə gəlir ki, zamanın axarını gözləmək lazım deyil. Bir halda ki, bu trendlər bizim həyatımıza daxil olub və həyatımızın bir parçasına çevrilibsə, bunu ədəbiyyatda da istifadə edə bilərik”. Yazıçı sosial şəbəkələrin və digər platformaların gətirdiyi yeniliklərin həyatımıza daxil olduğunu qeyd edir: "Məsələn, şairlər maraqlıdırlar ki, artıq audiosəs yazıları daha geniş şəkildə yayılır. Düzdür, bu, əvvəllər də var idi, ancaq indi şairlər daha çox maraqlıdırlar ki, öz şeirlərini kitab şəklində çap etməkdənsə, kimsə səsləndirsin və "Yyoutube”da dinlənilsin. Çünki insanların buna marağı olduğu artıq müşahidə olunur. Yəqin bu, vaxt darlığı ilə bağlıdır və ya yeni texnologiyalar kitab oxumaq istəməyən adamların əlinə bir fürsət kimi düşüb ki, onlar kitab oxumasın, sadəcə dinləsinlər. Bir halda ki, biz bütün günümüzü sosial şəbəkələrdə keçiririk, o zaman şeirləri də "Youtube”dan dinləyək, mətinləri "Facebook”dan oxuyaq. Mən bu yeniliklərdən yararlanmağın tərəfdarıyam».
Elmi-intellektual zərurət olmadığı üçün...
"Sənət ideyalar dünyasıdır” deyən yazar Aqşin Yenisey praktikaya gəlincə, bildirir ki, biz onun iki versiyası ilə qarşılaşırıq: "Bir var, ideyalar yaradan, onları praktikada tətbiq edən istehsalçı cəmiyyətlərdə yaranan öncül sənət, bir də var yaranmış ideyaları, həyata keçirilmiş praktikaları mənimsəyib özününküləşdirməyə can atan istehlakçı, psevdosənət. Biz, yəni müsəlman dünyası uzun illərdir ki, ikinciləri təmsil edirik. Azərbaycan ədəbiyyatına gəlincə, bizim ədəbiyyatın mifoloji qatı olmadığı üçün, elmi-intellektual qatı da yaranmadı. Bilirsiniz ki, bu qatlar dünya ədəbiyyatında bir-birilərini inkar zərurətindən yaranmışdı. Modernizmi görmədən, bilmədən birdən-birə özünə postmodernist deyən yazarlarımız peyda oldu. Qərbin postmodernizmi, modernizmin fəlakətlərini görəndən sonra cəmiyyətin, modernizmdən əvvəlki ruhani sakitliyə qayıtmaq arzusunun ifadəsi idi. Yəni postmodernizm yazıçıların yox, cəmiyyətin istəyi idi”. Yazar hesab edir ki, bizim cəmiyyətdə elmi-intellektual, postmodernist axına heç indi də zərurət yoxdur. Belə ki, elmi-intellektual zərurət olmadığı üçün, nanotexnoloji ədəbiyyatın yaranması da mümkün deyil: "Ya da, o vaxt yaranacaq ki, o zaman oxucusu olmayacaq, dünya Marsa-zada köçüb gedəcək. Biz hələ dünya ədəbiyyatında unudulmuş sənaye dövrünü indi-indi ədəbiyyata gətirməyə cəhd göstəririk. Amma dilimizdə sənaye dövrünü anlatmaq üçün söz qıtlığı olduğundan, yazıçılarımız əliyalındırlar, məişət hadisələrini yazmağa məcburdurlar. Mifologiyanı öyrənən alimlərin belə bir fikri var ki, mifi sözlə anlamaq və anlatmaq mümkün deyil, çünki əlimizdə mifi izah edən kəlmələr yoxdur. Bizim dilimizdə də sənaye dövrünü əhatə edən sözlər olmadığı üçün məcburuq ki, həmin dövrü görməzdən gələk. Ancaq bugünkü nanodünyanı anlamaq və anlatmaq üçün sözlər varmı? Bir yazıçı öz kompüterinin hissələrini nanoleksikonda yazmağa qalxsa, bu, cəmiyyətimizin əkinçilik dövründə ilişib qalmış ədəbi zövqü üçün nə qədər maraqlı olacaq? Nanoədəbiyyat nanotexnoloji şüuru mənimsəmiş cəmiyyət üçün maraqlı ola bilər. Ərəblərin sifarişi ilə onlara Sofiya adlı nanoqadın yaradan firma orta əsrlərdə qalmış ərəb düşüncəsini nəzərə alaraq, ona saç qoymayıb, çünki ərəb düşüncəsinə görə, qadın saçı naməhrəmdir, nano olmur, nə olur-olsun. Belə bir cəmiyyətdə musiqi proqramları yüklənmiş robotun simfoniya yazması nə dərəcədə aktual ola bilər? Halbuki keçən il Amper adlı süni zəka özünün "I AM IA” yəni "Mən süni zəkayam” adlı musiqi albomunu buraxdı. Lap tutaq ki, bizdə də belə bir nanomüğənni yarandı, kim ona sponsorluq etmək istəyəcək? Bir müğənni ki, hər yeri plastikdir, batareya ilə oxuyur. Nanoədəbiyyat istəyi də, məsələn, modernizm, postmodernizm istəyi kimi cəmiyyətdən gəlməlidir. Qondarmaqla olmur. Hətta biz bu gün nanotexnologiyanın köməkliyi ilə roman yazmağa qalxsaq, yenə kənddən-kəsəkdən yazacağıq. Çünki yeni dünyanı ifadə edən kəlmələr dilimizdə yoxdur. Yaratmağa isə cəsarətimiz çatmır. Çünki biz əminik ki, dilimizə yeni sözlər gəlsə, keçmişimizin bir qəpiklik dəyəri qalmayacaq və unudulacaq. Bu qorxu bizi dönə-dönə Füzuliyə, Nəsimiyə, Məmmədquluzadəyə qaytarır. Biz daima gələcəyə baxan loqosun əleyhinəyik, bizə ölümsüzlük illüziyası bəxş edən keçmiş miflər lazımdı, bəlkə də, keçmiş bütlər”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər