• şənbə, 20 Aprel, 03:49
  • Baku Bakı 15°C

“Yeni doğulan uşağa bacardığımız qədər az müdaxilə etməliyik”

18.06.15 12:24 17149
“Yeni doğulan uşağa bacardığımız qədər az müdaxilə etməliyik”
Mərkəzi Klinik Xəstəxananın Uşaq Mərkəzinin şöbə müdiri Sevda Əsədova deyir ki, uşaq vaxtında və normal doğulubsa, onun ciddi problemi olmur
Bu gün vaxtından əvvəl doğulma hallarına çox rast gəlinir. El arasında bu cür fəsadları daha çox ananın hamiləliyinin düzgün getməməsi ilə əlaqələndirirlər. Mərkəzi Klinik Xəstəxananın Uşaq Mərkəzinin şöbə müdiri, pedriatik işlər üzrə baş həkimin müavini Sevda Əsədova vaxtından əvvəl doğulmanın bir sıra səbəblərinin olduğunu bildirir.
Vaxtından əvvəl doğulma
- Pediatriya, daha doğrusu, neonatologiyada ən başlıca problemlərdən biri vaxtından əvvəl doğulmadır. Vaxtından əvvəl doğulmanın səbəbi nədir?

- Vaxtından əvvəl doğulmanın bir sıra səbəbləri var. Bu, həm anadan, həm də uşağın öz problemlərindən qaynaqlana bilər. Ananın bəzi xroniki xəstəlikləri – hipertoniya, böyrək xəstəliyi, müəyyən genetik, xromosom patologiyaları nəticəsində uşaq vaxtından əvvəl doğula bilər. Stress faktorları da bunda rol oynayır. Əgər uşaq 37 həftədən əvvəl dünyaya gəlirsə, bu hal vaxtından əvvəl doğuş sayılır. 1500 qramdan aşağı doğulan uşaqlar isə ekstremal az çəkili uşaqlar hesab edilir. İndi artıq 22 həftənin üstündə doğulmuş uşaq diri doğulma sayılır. Uşaq nə qədər vaxtından tez doğularsa, bir o qədər problemləri çox olur. Belə uşaqlarda ağ ciyərin açılması, vital funksiyaların qoşulması, adaptasiyası daha çətin keçir. Vaxtından əvvəl doğulmuş uşaqlara lazım olan bütün tədbirlər nə qədər doğru-düzgün yerinə yetirilərsə, həmin uşağın bir o qədər fəsad yaşama ehtimalı azalır.
- Bəs vaxtından əvvəl doğulan uşaqların sağ qalma ehtimalı nə qədərdir?

- Təbii ki, bu, bir statistikadır. Dediyim kimi, uşaq nə qədər vaxtından erkən doğularsa, bir o qədər fəsad vermə ehtimalı yüksəkdir. İl ərzində ortalama 450-500 yeni doğulan uşaq klinikanın reanimasiya şöbəsindən keçir. Keçən il 130 uşaq vaxtından əvvəl doğulmuşdu və onların çəkiləri 1500 qramdan aşağı idi. Keçən il vəziyyətdən çıxardığımız ən balaca uşaq 500 qram, hestasiya yaşı 25 həftə 5 günlük idi. Doqquz 1000 qram çəkidən aşağı olan uşaqlarımız vardı ki, onların çəkiləri 630, 700 qram idi. Onların içərisində cəmi 1 uşağı saxlaya bilmədik, 9-u isə yaşayır. Dinamik müşahidələrdə də o uşaqların heç bir fəsad almadığını görürük. Onların görmə, eşitmə funksiyaları yoxlanılır, sinir sistemlərinə diqqət yetirilir, reabilitasiyaları aparılır. Onlar öz yaşıdlarından ciddi fərqlə geri qalmırlar. Həmin uşaqların psixoloji və fiziki inkişafları normaldır. Bir yaşına qədər onlarda müəyyən geriqalmalar müşahidə etsək də, bir yaşdan sonra digər uşaqlarla bərabərləşirlər.
- Bəzən yeni doğulan uşaqlarda sarılıq xəstəliyinə rast gəlinir. Bunun səbəbi nədədir?

- İlk mərhələdə tam normal doğulmuş uşaqların belə üçüncü sutkalarından fizioloji sarılıqları başlayır. Uşaq bətndaxili ana qanı ilə təmasda olur, doğulduqdan sonra fetal hemoqlabin parçalanır və bunun nəticəsində billirubin ifraz olunur. Bu da uşaqların rəngini sarıya boyayır. Bu proses normal keçdiyi halda biz o sarılığı cüzi görürük. Lakin billirubinin xaric olunması bir qədər çətinləşəndə təbii ki, sarılıq daha şiddətli keçir. Patoloji sarılığın isə bir sıra səbəbləri var. Buraya ana və uşağın qan qrupu və rezurs faktorunun uyğun olmaması, anada tiroid xəstəlikləri, bəzi infeksion xəstəliklər, uşaqda polisitemiya, eritrosit patalogiyaları və s. kimi səbəblər aid edilir. Prosesdə uşağın adaptasiya mexanizmlərinin də böyük rolu var. Həmçinin ana südü ilə bağlı olan sarılıq da var ki, bu sarılıqlar müalicə tələb etmir və uşağın bir ayına qədər keçir.
“Sağlam ana – sağlam uşaq” problemi
- Ağlayan uşağın dili yoxdur ki, dərdini desin. Elə isə həkimlər körpələrdə ən çox hansı problemləri üzə çıxarırlar?

- Uşaq vaxtında və normal doğulubsa, onun demək olar ki, problemi olmur. Bəzi transistor hallar qeyd edilir - hiperemiya, sarılıq və ya dərilərinin səpkili və ya qırmızı olması, döş vəzilərinin şişməsi, sidik turşusu kristallarının ifraz olunması və s. Bunlar müalicə tələb etmir və keçicidir. Bəzən isə bunlara müdaxilə etməyə və lazım olmayan müalicəyə cəhd edirlər. Onda uşağın adaptasiyası pozulur və problemlər oradan başlayır. Yeni doğulmuş uşaq ağ səhifə kimidir. Biz ona nə qədər az müdaxilə etsək və adaptasiyasının düzgün getməsinə çalışsaq, bir o qədər o uşağın inkişafını düzgün yönəldə bilərik. Lakin uşaqda narahatlıq baş verdikdə, mütləq həkim müayinəsinə gətirilməli və aşkar olunan problemlər mütəxəssis tərəfindən aradan qaldırılmalıdır.
- Hazırkı dövrdə qüsurla doğulan uşaqlara da çox rast gəlinir. Körpələrdə bu cür problemlər nədən qaynaqlanır?

- Statistik olaraq qüsurla doğulan uşaqların sayı artmayıb, sadəcə, daha dərin müayinələr aparıldığı üçün bu qüsurlar hamiləlik dövründə aşkarlanır. Təbii ki, yenə də “sağlam ana – sağlam uşaq” problemimiz var. Hər şey hamiləliyin təqibindən və hamiləliyə hazırlıqdan baş verir. Hazırda bütün hamiləliklər planlı yerinə yetirilir. Qadınlar planlaşdırılan hamiləlikdən öncə uyğun müayinələrdən keçməli, hamilə olduqdan sonra isə təqiblər düzgün aparılmalıdır. Anadangəlmə qüsurlu – ürək və ya böyrək qüsurlu uşağın doğulması planlaşdırılanda belə biz artıq bunu bilirik. Onlara hansı yanaşmalarımızın olacağını ilk gündən tənzimləyirik. Ümumiyyətlə, bütün uşaqlarımız doğulduqda lazımi müayinələr aparılır. Təsbit etdiyimiz hansısa problem varsa, uşaq kardioloqları, kardiocərrahlar bu yöndən komandamıza dəstək olurlar. Uşaq da bu yöndə korreksiya olunur.
- Bəzən uşaq və ana ölümü halları baş verir. Bu cür hadisələrdə daha çox həkimləri qınayırlar.

- Hesab edirəm ki, hər bir hadisəyə fərdi prizmadan yanaşmaq lazımdır. Ola bilər ki, müəyyən yerdə hansısa səhvlər buraxılsın və o səhvlər pis nəticəyə gətirib çıxara bilər. Ümumilikdə götürdükdə, son illərdə ölkəmizdə tibb sahəsi xeyli inkişaf edib. Çox savadlı və fədakar həkimlərimiz var. Neanatoloq kimi görürəm ki, bu sahəyə maraq artıb. Son illər ölkəmizdə perinatal mərkəzlər qurulur və son avadanlıqlarla təchiz olunur. Ancaq qeyd edim ki, neonatologiya sahəsində inkişaf etməyə başladığımız dövr çox qısadır. Bu elmin cəmi 25-30 yaşı var. Hesab edirəm ki, müəyyən invaziv prosedurları daha təcrübəli mərkəzlərdə təkmilləşdirmək lazımdır. Məsələn, əvvəllər hestasiya yaşı 28 həftədən az olduqda bu hal gecikmiş düşük hesab edilirdi. Lakin bu gün amillər dəyişib. Artıq 22 həftəsini tamamlamış uşaq diri doğulmuş hesab olunur. Təbii ki, belə az hestasiya yaşlı uşaqların ölüm riskləri çox yüksəkdir. Biz bu gün 500 qramlıq, 25 həftəlik uşağı vəziyyətdən çıxarırıq. Demirəm ki, onların arasında ölən olmur, ancaq ölən olursa deyirlər ki, həkim günahkardır. 30 həftədən aşağı doğulan uşaqların ölüm ehtimalı 60 faizdir. Təbii ki, bu, böyük rəqəmdir. Bəzi hadisələrdə həkimi də günahlandıra bilərsiniz. Biz statistikanı aşmırıq.
Hər iki tərəfin rolu
- Necə bilirsiniz, qadının və kişinin öz orqanizmindən erkən xəbərdar olması üçün maarifləndirmə işləri yetərincədirmi? Axı uşaq xəstəliklərində genetikanın də rolu böyükdür.

- Düzdür, indi məktəblərdə bu istiqamətdə maarifləndirməyə başlanılıb. Məncə, artıq məktəb dövründən qız və oğlan uşaqları özlərinin gigiyenalarından və orqanizmlərində baş verən digər proseslərdən xəbərdar olmalıdırlar. Bunu onlara tam açıq şəkildə dərk etdirmək lazımdır. Bəzən məktəblərdə o dərsləri utanaraq keçirlər. Ancaq bu streotiplər aradan qalxsa, artıq uşaqlar məktəb dövründə hər şeyə hazır ola bilərlər. Hər şeydən əvvəl onlar düzgün inkişafın nə demək olduğunu biləcəklər. Bunu ifrat dərəcədə deyil, elmi dərəcədə uşaqlara çatdırmaq lazımdır.
- Nə üçün doğuşdan sonra uşaqda olan problemlər daha çox ana ilə əlaqələndirilir? Bəs uşağın sağlam dünyaya gəlişində atanın hansı rolu var?

- Təbii ki, genetik faktorların da rolu var. Atanın müəyyən xəstəliklər daşıyıcısı olması da əsas faktorlardandır. Sağlam atanın və ananın övladında spontan şeylər əmələ gəlirsə o ananı əvvəldən yoxlamaq lazımdır ki, onda hansısa infeksion prosesin olduğunu aşkara çıxarasan. Ana özünü əvvəlcədən xəstə hiss etməyə bilər. Təbii ki, genetik və xromosom dəyişiklərində hər iki tərəfin rolu var.
- Əgər hamiləlikdən öncə qadın lazımi müayinələrdən keçir və həkim nəzarətində olursa, nə üçün xəstə uşaqlar doğulur?

- Hər təsbit olunan xəstəlik də dölün abortu demək deyil. Elə problemlər var ki, onlar uşaqlarda baş verirsə, onların həlli də var. Hamiləliyi normal sürən bir qadın bundan əvvəl uşaq doğa bilir. Doğularkən çox problemlər ola bilər. Təbii ki, uşaq yarımçıq doğulubsa, deməli, bunun müəyyən problemləri var. Biz belə uşaqları mütləq respirator dəstəyə, süni ventilyasiya və s. cihazlara qoşuruq. Belə uşaqlara qarşı invaziv tədbirlər çox olmur. Öz sistemləri morfoloji olaraq tam yetişmədiyi üçün bu uşaqların anadan qaynaqlanan problemləri ola bilər. Təbii ki, nə qədər düzgün tənzimlənsə, problem də aradan qalxar.
Məsuliyyət
- Bəs uşaq evə buraxılandan sonra hər hansı bir fəsadın yaranmaması üçün valideynlər profilaktik tədbirləri necə yerinə yetirirlər?

- Ağır doğulmuş uşaqlar xəstəxanadan evə yazıldıqdan sonra biz onlara evdə xidmət təşkil edirik. Tibb bacıları hər gün bu uşaqları görür və onlar vaxtaşırı klinikaya həkim müayinəsinə gətirilirlər. Həmçinin bizim yeni doğulanlar üçün çeek-up proqramımız da var. Bu da körpələrin patoloji hallarını aşkar etməkdə bizə yardım edir. Beləliklə, bu uşaqlar pediatorların nəzarətindən başqa kordioloq, nevropatoloq, oftalmoloq, fizioterapevtlərimiz tərəfindən də lazımi müayinələrdən keçirlər. Nəzarətimizdə olan uşaqlar tam reablitasiya keçdikləri üçün heç bir fəsadla üzləşmirik.
- Dünyaya uşaq gələndə ananın keçirdiyi hiss məlumdur. Bəs o anda həkimlər hansı hissləri yaşayırlar?

- Məsuliyyət... Təbii ki, hər doğulan uşaq bir sevincdirsə, bunun yanında da ciddi bir məsuliyyət var. Bütün canlıların içərisində ən çox qayğıya ehtiyacı olan yeni doğulmuş körpədir. Hər hansı bir uşağın fiziki və psixi inkişafının getməsində pediatrlar da valideynlər qədər məsuliyyətli olmalıdırlar. Ən azı, bir yaşına qədər onun dəstəyə ehtiyacı var. O uşağa vaxtında dəstək göstərmək lazımdır. Lazım bilinməyən şeyi uşağın üzərində tətbiq etmək düzgün deyil.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər