AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yeni DOST mərkəzi sosial sahədə innovativ yeniliklərin növbəti təzahürüdür

Yeni DOST mərkəzi sosial sahədə innovativ yeniliklərin növbəti təzahürüdür

İqtisadiyyat
05 Aprel 2021, 19:00 1104
Bakıda növbəti DOST mərkəzi açılıb. Bu, paytaxtımızda fəaliyyət başlayan 4-cü DOST mərkəzidir. Onun ildə 500 min nəfər əhaliyə xidmət göstərməsi nəzərdə tutulub.
Aprelin 5-də yeni DOST mərkəzi öz qapılarını Binəqədi və Nərimanov rayonu sakinlərinin üzünə açıb.
Kaspi.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin tapşırığı ilə 2018-ci ildən sosial sahədə aparılan köklü islahatları diqqətə çatdırıb: "Həmin islahatlar sosial ödənişlərin ödənilməsinin adekvatlığını, sosial müdafiə və aktiv məşğulluq proqramlarının, sosial xidmət və reabilitasiya infrastrukturunun genişləndirilməsini, sosial sahədə elektronlaşma ilə əlaqədar tədbirləri, həssas kateqoriya olan dövlət qayğısının, sosial sahədə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasını və s. əhatə edir. DOST konsepsiyası bu islahatların mərkəzində dayanan layihədir. DOST Agentliyi və onun 1 saylı Bakı DOST mərkəzinin açılışı mərasimində çıxışında Prezident İlham Əliyev "Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”,- deyə bildirib.
Nazir müavini bildirib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulmasına imkan verib: "Beləliklə, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində 2019-cu ilin may ayında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və Agentliyin 1 saylı Bakı DOST mərkəzi (Səbail, Yasamal), bundan sonra isə 2019-cu il dekabrın 24-də 2 saylı Bakı DOST mərkəzi (Xəzər və Pirallahı rayonları), 2020-ci il mayın 19-da 3 saylı Bakı DOST mərkəzi (Nizami, Sabunçu, Suraxanı rayonları) açılıb. Son iki ildə açılmış həmin 3 DOST mərkəzi Bakının 8 rayonu üzrə 1 milyon 415 min 200 nəfərə xidmət edir. 3 DOST mərkəzində ümumilikdə 330 min vətəndaşa xidmət göstərilib. Vətəndaş məmnunluğu 97,2 faizdir. Bu il martın 30-da açılan 4-cü DOST mərkəzi isə Binəqədi və Nərimanov rayonları üzrə ildə 500 min nəfər əhaliyə xidmət göstərəcək”.
Anar Əliyev qeyd edib ki, DOST mərkəzlərində əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, əlillik, reabilitasiya sahələri üzrə 132 növdə xidmət "bir pəncərə”dən, şəffaf şəkildə və vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir. Mərkəzlərdə "Pensiya və sosial sığorta”, "Sosial müavinətlər və təqaüdlər”, "Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, "Sosial xidmətlər və övladlığagötürmə məsələləri”, "Əmək münasibətləri”, "Məşğulluq xidmətləri”, "Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, "Bank və notarius xidmətləri” və s. xidmət bölmələri var. Beləliklə, vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən "bir pəncərə”yə müraciət edib və "bir pəncərə”dən yararlanmasına imkan yaradılıb.
Nazir müavini deyib: "Beləliklə, indiyədək yaradılmış 4 DOST mərkəzi Bakının on - Yasamal, Səbail və Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı, Binəqədi və Nərimanov rayonları üzrə 1 milyon 915 min 200 nəfəri əhatə edəcək”.
4 saylı Bakı DOST Mərkəzinin fəaliyyətindən bəhs edən Anar Əliyev deyib ki, mərkəzdə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələri üzrə 132 xidmət, habelə tibbi-sosial ekspertiza və protez-ortopedik xidmətlər göstəriləcək: "230 nəfərdən çox işçi heyət, habelə "Könüllü DOST” proqramı üzrə 50 nəfər könüllü mərkəzdə çalışacaq. Mərkəzdə gün ərzində orta hesabla 800 vətəndaşın qəbul ediləcəyi gözlənilir. Çağrı mərkəzi -142-də 4 saylı Bakı DOST Mərkəzində fəaliyyət göstərəcək. Çağrı mərkəzinin fəaliyyət imkanları dəfələrlə genişləndirilib. Artıq 110 operatorun çalışacağı Çağrı mərkəzi gündəlik 5 minədək zəng qəbul edəcək.
Yeni DOST mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Əhali Fondunun "Əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində yaradılmış İnklüziv İncəsənət Məktəbinin də fəaliyyət göstərəcəyini bildirən nazir müavini deyib: "Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü icra edilən həmin layihə əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təminatı üçün hökumətin apardığı işlərə dəstək məqsədi daşıyır. Layihə çərçivəsində 2019-cu ilin noyabrından yaradılan, ölkəmizdə ilk olan İnklüziv İncəsənət Məktəbi əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişafına və tanıdılmasına dəstək məqsədi daşıyır. Məktəbdə 16 yaşından yuxarı əlilliyi olan tələbələrə ödənişsiz, qalan tələbələrə isə rəmzi xarakter daşıyan ödənişlə rəsm, toxuculuq və ağac üzərində oymaçılıq dərsləri keçirilir. Artıq həmin Məktəb Binəqədi DOST Mərkəzində yerləşir. İdə orta hesabla 150-200 əlilin təlimlərdən keçməsi nəzərdə tutulur. Sərgi üçün hazırlanmış və özündə müəlliflər və əl işləri barədə qısa məlumatları, foto şəkilləri əks etdirən kataloq, qısametrajlı video izləyicilərin diqqətinə təqdim olunur”.
Anar Əliyev 4 saylı DOST mərkəzində "Virtual DOST Mərkəzi” layihəsinin reallaşdırıldığını vurğulayıb: "Pandemiya dövründə məhdudiyyətlərlə əlaqədar vətəndaşlara məsafədən xidmət praktikası aktual əhəmiyyət daşıyıb. "Virtual Dost” layihəsi bu sahədə növbəti bir hədəf kimi müəyyən edilib. Yəni vətəndaşın DOST mərkəzinə gələrək əldə etdiyi xidmətləri elektron qaydada əldə etməsinə imkan yaratmağı nəzərdə tutmuşuq. Əlbəttə, indinin özündə də bir sıra virtual xidmətlər var, lakin "Virtual Dost”un fərqi ondan ibarət olacaq ki, vətəndaşın DOST mərkəzinə internet üzərindən müraciəti əsasında operator onunla əlaqə quracaq və o, istədiyi xidmətləri operator və internet üzərindən əldə edə biləcək”.
DOST şəbəkəsinin genişlənməsi işlərini qeyd edən nazir müavini bildirib ki, ümumilikdə ölkə üzrə 2025-ci ilə kimi 16 regional DOST mərkəzi və 46 rayon qəbul filiallarının istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda 6 mərkəzdə - Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Bərdə, Quba və Sabirabad rayonlarında layihələndirmə və təmir-tikinti işləri aparılır.