• çərşənbə axşamı, 19 mart, 14:36
  • Baku Bakı 8°C

YENİ DÜNYANIN YENİ OLMAYAN QƏHRƏMANLARI

08.10.18 16:00 1141
YENİ DÜNYANIN YENİ OLMAYAN QƏHRƏMANLARI
Arkaspi.az "Müzakirə” adlı layihəyə start verir. Layihə müddətində ədəbiyyatşünasların yeni çıxan əsərlər barədə məqalələri dərc olunacaq. Layihənin məqsədi yeni nəşr edilən kitabları oxucuların diqqətinə çatdırmaqdır. Müzakirə olunacaq kitab yazıçı Əlabbasın "Şəbi-hicran” hekayə və povest kitabıdır. Ədəbiyyatşünaslar kitabdakı 4 hekayə–"Gəlin”, "Qul, "Ovçu”, "Arvanada dəfn” hekayələrini təhlil edirlər.
Bu gün nəsrin ifadə vasitələrinə çox yeniliklər daxil olub. Hətta prozaya adlayan gənc yazarın qələmində belə bu yeniliklərə, forma mürəkkəbliklərinə meyl – şüur axını, fantasmaqoriyaya, retrospektiv sıçrayışlara aludəçilik qaçılmazdır və çağdaşlığın göstəricisi kimi zəruri elementə çevrilməyə başlayıb. Belə bir durumda Əlabbasın realist qələmlə mətnlər meydana qoyması təkcə yazıçının öz üslubuna, yazı və ifadə manerasına sadiqliyi deyil, həm də həyat gerçəklərinin onun nəzərlərində hələ də əhəmiyyətini saxlaması ilə ölçülməlidir.
Əvvəlcə onu qeyd edək ki, Əlabbasın əvvəlki və yeni əsərləri arasında bədii həqiqətin inandırıcılığı baxımından kəskin fərq duyulmur. Onun "Şəbi-hicran” kitabına toplanmış ilk dörd hekayəsini birləşdirən və ayıran çox ortaq məqamlar var. Amma əsas məsələ budur ki, Əlabbas nəsrinin fokuslandığı müstəvi dəyişməyib, o, daha çox milli əyalət həyatına maraqlıdır, milli süjetə sədaqəti ilə seçilir, xalq dilinin qatları üzərində köklənir. Həyatın küncə sıxışdırdığı insanlarından yazır, onların ağrılarını, bu ağrıları yaradan səbəbləri təsvir predmetinə çevirir. Bu əsərlərdəki qəhrəmanlar ayrıldığı kənd üçün daim xiffət keçirən, şəhər həyatına heç cür alışa bilməyən, yaxud aldığı zərbələrin acısını, mənəvi sarsıntısını varlığında daşıyan insanlardır. Və bir də sosial problemlər səbəbindən cəmiyyətdə özünə yer tapa bilməyən, fəqət "məğlubiyyətlə öz içində barışan” qəhrəmanlar... Əlabbas nəsrində qəhrəmanların taleyini daha çox mühitdəki mənəvi tənəzzülün özü şərtləndirir. Harda tənəzzül varsa, orda kama yetmək, yararlı insana çevrilmək işi müşkülə dönür.
Sosial, mənəvi-əxlaqi axtarışlar Əlabbasın yetişdiyi ədəbi nəsil üçün tipoloji amil olsa da, bu amilin sosioloji, mənəvi-əxlaqi süxurlarını daim dərinləşdirmək, onu epik, lirik psixologizm planında inkişaf etdirmək artıq çağın problematikasına dayanıqlıdır və Əlabbasın yaradıcılığında bu xəttin aparıcılığı da daha çox daim diri qalan problemlərə vurğunun nümunəsi kimi diqqətçəkicidir. Bu problemlərin hansı bədii səciyyədə təcəssümü isə artıq sənətkarlıqla bağlı məsələdir və müzakirəyə çıxarılan dörd hekayə çatışan və çatışmayan cəhətləri ilə diskurs predmetinə çevrilməyə əsas verir.
Öncə hekayələrin ideya-məzmun və probematika rakursundan təhlilinə varaq. "Gəlin”, "Qul”, "Arvanada dəfn” və "Ovçu” hekayələrinin hər biri müxtəlif zaman və məkan hüdudlarını çevrələsələr də hədəfdəki təsvir predmeti dəyişməzdir: insan həyatı, insan taleyi. Bir qədər də aydın ifadə etməli olsaq, undergraundun – həyatın dibində olan insanların faciəli yaşamı. Bu yerdə qeyd edək ki, Əlabbasın bütün qəhrəmanları kökündən, mahiyyətindən uzaqlaşan, pəncərəsindən işıq belə düşməyən, mənəvi aləmlə aralarında uçurum yaranmış insanlardır. Onları naqis əməllərə qurşanmağa vadar edən sosial mühitdir. Bu mühitin naqisliyi, insanı dörd bir tərəfdən məngənəyə salan çətinliyi, heç bir işıq ucu olmayan sıxıntısını müəllif elə qara boyalarla təsvir edir ki, bu mühitdə ləkələnməmək, yolunu azmamaq böyük hünər sayılmalıdır.
Hekayələrdə baş verən hadisələr cəmiyyət hadisələrinin bir parçasıdır. Maddi ehtiyac insanları küncə sıxışdırır, pul yeganə hakim qüvvəyə çevrilir. Onun rolu taleləri müəyyən etmək gücündədir: ləyaqət, heysiyyət, vüqar, kişilik sıradan çıxmaqdadır. İnsanlar sıxıntı müqabilində, ehtiyaca qul olmaqla iradəsini, şəxsiyyətini, mənliyini itirirlər.
"Gəlin” və "Qul” hekayələrinin fabulası ehtiyacın, pulun insan həyatında oynadığı roldan nəşət edir. Hər iki hekayədə maddiyyatın fərdin taleyində açdığı şırımlar önə çəkilir. Elə məqam gəlir ki, insan "olum, ya ölüm” dilemması qarşısında qalır. İstəmədən belə uçuruma yuvarlanmağı tərcih edir. Yazıçı pulla imtahana çəkir qəhrəmanları. "Gəlin” hekayəsində Gəlinin, "Qul”da Tahirin tərəddüdlərinin arxasında xəstə uşaqları dayanır: "Təmiz ad! Amma uşaqlarsız! Hansı daha əziz idi?” Bu üzdən geriyə addım ata bilmir qəhrəmanlar. Gəlinin əri həbsdədir, Tahirin arvadı dünyasını dəyişib. Hələ üstəlik qoca, xəstə qayınata da var evdə. "Gəlin” hekayəsində kompozisiyanın önünə çəkilən qayınata obrazı ilə Əlabbas kişilik-namus məsələsinin dərin, psixoloji-dramatik məqamları üzərində düşündürür. Yəni, bəzən həyatda belə də olur... Yeganə oğlunun naqis xarakteri, yarıtmaz həyat tərzi müqabilində zindana salınması, qocanın xəstəliyə tutulması, üstəlik geridə qalan iki nəvəsinin vərəm xəstəliyinə mübtəla olması və bütün bu problemlərin evdəki bir adamın – gəlinin çiyinləri üzərinə yüklənməsi hekayədə real boyalarla canlandırılır. Reallıq göz önündədir, qarşıda iki yol var, seçim də məlumdur, ona tablamaq acısı da. Hekayədə gəlin və qayınatanın hiss-həyəcanlarının təsvirində əxlaqi-psixoloji amillərin önə çəkilməsi labüdləşir.
Yazıçı yalnız gəlinin deyil, mərd, alnıaçıq yaşayan bu köhnə kişinin – Fəzlin ruhsal-mənəvi ağrılarını, onunla bağlı təsvirlər və tərəddüdləri hekayə boyu davam etdirir. "Köhnə kişi”lərin ölən dünyası... Ümumiyyətlə, Əlabbasın bütün nəsrindən keçən "Köhnə kişi” xətti ilə burda da qarşılaşırıq. Bəlkə də ilk povestinin şüuraltında yer alan niskilidi, hər dəfəsində mətndə ayrı-ayrı situasiyalarda təzahür edir. Müəllif nədən yazır yazsın "Köhnə kişilərin ölən dünyasın”dan çıxış edir. Təbiidir, bir əsərdə yazıçı obyektivinin fokusu əxlaqi-mənəvi məsələlərə tuşlanırsa, milli kök, qaynaqlara qayıdış, o məqama istinad mütləqdir. İnsanın ömrü boyu sadiq qaldığı idealların ironiyasını yaşamaqdan əzablı nəsə ola bilməz.
"Gəlin” hekayəsi daha çox qayınatanın nəzərlərindən verilmiş mətndir. Müəllif sürüşən dəyərlərdən yazmır, yox, o dəyər qocanın ailəsində hələ də qorunur. Hər halda kişinin, gəlininin tərəddüdlərindən aydın olur ki, insan heç də həmişə "öz keçmişindən gülə-gülə ayrılmır”, onun mənəvi-əxlaqi dünyasının yıxılması, təbəddülata varması hansı əzablar bahasına başa gəlir.
Bu əzabı yazıçının digər "Qul” və "Ovçu” hekayələrində də görmək olur. "Ovçu” əsərində hekayənin mündəricəsi cinayətdən başlanan mənəvi-psixoloji çabalamalarda davam tapır. Əlabbas həyatın tərksilah etdiyi qəhrəmanlarını günahın bir addımlığına gətirib, yaxud həmin girdaba yuvarlayıb reallıq, yaşam və "mən” müstəvisində yozumlar arayır.
"Qul” hekayəsində ziyalının cəmiyyətdə özünə yer tapa bilməməsi kimi aktual məqamı nəsrin hədəfinə gətirib Əlabbas. Ali savadına rəğmən layiq olduğu yerdə olmayan, düz danışdığına görə işində çıxarılan, namusu ilə təhdid olunan hekayə qəhrəmanı qul bazarındakı adamların sıralarına qoşulmaq məcburiyyətində qalır. Və mərəkə onda başlayır ki, qəhrəman günlərin birində gəncliyində sevdiyi qadının ərinin seçdiyi qul qismində onun evinə aparılır. Onu da qeyd edim ki, Əlabbasın əsərlərində qadın, namus məqamları hər zaman diridir. Elə təhlil etdiyimiz dörd hekayənin üçündə bu məqama həssaslığı görməmək olmur. Hər birində də subardinasiyası pozulmuş cəmiyyət dəyərlərinin inikası kimi: "Dünyayla bir ad-sanı olan kişinin arvadı oğurlanıb, dağ boyda adam günün günorta çağı yağlı əppək olub göyə çəkilib, amma gör nəyin məşvərətini aparırlar? Sərvətin, var-dövlətin, cah-calalın! Bir adam da ağzını açıb demir ki, hər şey o tərəfə, bu minvalla biz hara gedirik, a millət, bu, namus məsələsidir axı... Kişilik də belə şeyləmi ölçülər?”
Əlabbas daha çox ideya-tərbiyəvi əhəmiyyəti olan məsələləri təhlil predmetinə çevirir. Sosial-psixoloji nəsrin özəlliyindən irəli gələn əsas məqamı – cəmiyyətin insan üzərində dominantlığını irəli çəkməklə gərginliyi artırır. Yazıçının bədii müşahidələri burada cəmiyyətdən daha çox qəhrəmanların düşüncəaltlarına açılır. Ümumiyyətlə, Əlabbasın hekayələrində "daxili səs” əsas obraz kimi iştirak edir. Qəhrəmanlar daha çox öz vicdanlarının mühakiməsinə buraxılır, daim öz daxili "səs”ləri ilə çarpışmada təsvir olunurlar.
Və nəhayət "Arvanada dəfn”... Qeyd edim ki, təhlil predmetinə çəkilən dörd hekayə arasında "Arvanada dəfn” mənə bədii boyaların dolğunluğu, estetik cazibədarlıq baxımındana daha tutarlı təsir bağışladı. Müəllif kiçik mətn daxilinə böyük bir gerçəkliyi yerləşdirməyə, onun bütün qatları, fəsadları ilə təcəssüm etdirməyə nail olub. Cəsarətlə demək olar, "Arvanada dəfn” yalnız Əlabbasın öz yaradıcılığında deyil, ümumən hekayəçiliyimizdə hadisə sayıla bilər.
"Arvanada dəfn” hekayəsində müəllif urbanizasiya probleminə müraciət edib. İnsanların şəhərə, meqapolisə axışması, kəndin boşalması, kimsəsiz qalması məsələsi. Amma mövzunu təqib qılan digər əsərlərdə olduğu kimi burada problem şəxsiyyət və zaman rakursundan qoyulmur, üstəlik Əlabbasın başqa hekayələrində kökləndiyi şikayət, qınaq motivlərinə burda yer yoxdur. Məsələn, "Qul” hekayəsində müəllif şəhərdə məskən salan insanların narahat, sərgərdan ruhuna işarə vurursa: "Qayıdaq gedək xarabamıza. Hər nədi, yaxşı-pis özümüzündü. Onsuz da boş-boş qalıb orda. Şəhər bizə düşmədi”; "Arvanada dəfn”də mövzunu kənd və onun aqibəti rakursundan aktuallaşdırır. Həm də necə? Müəllif sadəcə təsvir edir, aqibəti göstərir və elə bu sadə təsvir, inikas üsulu ilə qəhrəmanların mənəvi dünyasını dolğun qələmə almağa, situasiyanın əyaniliyinə nail olur. Uşağı olmayan Əsgərxan dünyasını dəyişib və kənddə kişilərin qalmaması səbəbindən onu qadınlar basdırmağa aparırlar. Bu yanda qarlı, şaxtalı havada kəndin qadınları ölünü aparmağın min çətinliyi ilə üzləşirkən, o biri tərəfdə ölən kişinin arvadı əri Əsgərxanla birgə yaşadıqları illərin hesabını aparır: "...ömrünün, bəlkə də, o günü olmamışdı, xəyalından keçirməsin: görəsən, ərinə qulaq asmayıb üzüqara qonşunun o düşük söhbəti kəndlə bir olanda heç olmasa o özü qətiyyətli bir addım atmağı bacarsaydı, indi yarıqaranlıq otağın bir bucağında buza dönmüş ərini hansısa başqa bir aqibət gözləyərdimi? Doğrudan, kişinin qarşısını kəsən, dilini-ağzını bağlayan o oldu? Doğrudan, onun gözəlliyi ərini başdan çıxarıb bala-bulasız qoydu?... İşdi-şayəd, o, bir başqa arvaddan oğul-uşaq tapsaydı, onda necə? Nə dəyişən idi? Guya, Arvanada oturub bu gün atalarına qarovul çəkən idilər? Bəs onda başqaları niyə çəkmirdi? Hardaydı bu kənddə doğulub-törəyən yüzlərlə oğul-qız?...”. Hekayə boyu koloritli dil, zarafatlar, replikalar onu daha da oxunaqlı edir. Sərrast müşahidələr, incə mənalandırmalar, tipik, canlı detallar... Sözlər ifadə tərzinin yatımlılığı, məqamında işlənməsi baxımından diqqət çəkir. Yazıçı texnikası öz işini görür, sıxıcı, ağır həyat tərzi elə ağır, ləngərli formada təqdim olunur. Problem gözəl bədii həllini tapıb – kənddə başıpapaqlı qalmayıb, ölən kişiləri belə qadınlar basdırırlar.
Niyə "Arvanada dəfn” hekayəsi digərlərindən seçilir? Əvvəla bu üç hekayədə qəhrəmanlar daha çox ailə-məişət fonunda veril­diyindən, gündəlik qayğılarla yükləndiyindən daha geniş müstəviyə adlamaq imkanı məhdudlaşır, konseptuallıq çatışmazlığı ilə razı salmır. "Arvanada dəfn” hekayəsində isə mövzu bir evin, hətta bir kəndin problemi olmaqdan çıxıb daha ciddi ictimai-tarixi qayğını ehtiva edir, bədii fikrin daha yüksək qayə ilə aşılanmasına yol açır.
Digər tərəfdən, "Qul”, "Gəlin” və "Ovçu”da əyani təcəssümə cəhddə çoxlu haşiyələrə varılması, uzun-uzadı mükalimələrin nəticəsi kimi görünən yorucu ritm nəzərdən qaçmır. Düzdür, Əlabbasın üslubunda usandırıcılıq yoxdur, təhkiyə çevik, təsvirlər tutumlu, ahəngdardır. Buna baxmayaraq, bəzi məqamlarda hiss olunur ki, müəllif dil-ifadə üzərində həssaslıqla çalışmayıb, qoyulan məsələ bədii nüfuzun dərinliyi kimi mənalanmır.
Kitabda yer alan "Şəbi-hicran” hekayəsi ilə bağlı ötən il "Ədəbiyyat qəzeti”nin keçirdiyi müzakirədə hekayənin uğurları ilə bərabər uğursuzluqları üzərinə də diqqət çəkmiş, iradlarımı bildirmişdim. Ondan əvvəl isə roman müzakirələrində "Qaraqovaq çölləri” romanı ilə bağlı məqaləmin tənqid, irad tərəfi müəllifin təhkiyə poetikasına münasibətdə üzə çıxırdı. Müəllifin yazı tərzindəki qeyri-səlislik, dil-ifadə üzərində həssaslıqla çalışmağın vacibliyi ilə əlaqədar fikirlərimi indi yenidən "Arvanada dəfn” hekayəsi istisna olmaqla digər üç hekayə haqqında da səsləndirə bilərəm. Adını çəkdiyimiz "Gəlin”, "Qul” və "Ovçu” hekayələrində söz israfçılığı, detal yayğınlığı, təfərrüat artıqlığına rast gəlirik. Yazıçı obrazların nitqinə yer versə əyaniliyə xidmət baxımından mətnləri daha canlı, daha tutumlu təsir bağışlayar. Əlabbas isə daha çox öz düşüncələri, bədii müşahidələri ilə danışmağa meyllidir. Toxunduğu problemləri hadisələrin cərəyanında göstərməkdən daha çox onların şərhinə çalışır. Hekayələrin dialoqlarla deyil, şüuraltının nəqli ilə danışması eyni məqamları dönə-dönə qabartmalara, bəzi vurğuların təkrarına, ümumi və iri planların ardıcıl sıralanması qismində təqdim olunmasına gətirib çıxarır.
Bəzi məqamlarda ahəng düzgün seçilmir, obrazın təcəssümündəki ifadə qəribəlik doğurur, yaxud inandırmır. Məsələn, "Gəlin” hekayəsində işləməyə gedən gəlinin hər dəfə əxlaqsız təkliflərlə üzləşdiyini görən qocanın təəccübü ilə bağlı müəllif belə bir fikir səsləndirir: "Bu uzun ömründə ilk dəfə eşidirdi ki, gözəlliyi də insanın başına bəla ola bilərmiş!”. Uzun ömür yaşamış, "dünyanın hər üzünü görmüş” qocanın belə bir məşhur fikri eşitməməsi bu dəfə də oxucunun özü üçün təəccüb doğurmağa bilmir. Əvəzində aforizm səciyyəsinə qalxan aşağıdakı fikirlər: "insan yalnız o zaman yenilir ki, məğlubiyyətlə birinci öz içində barışır”, yaxud "O vaxt eşqdən havalanıb hamıdan xəlvətdə təzəcə ilk cızma-qaralarını eləməyə başladığı o günlərdə elə sanırdı, başqa şey yox, özünə alın yazısı yazır. Sonralar bildi, o yazını yazan bircə nəfərmiş”, – kimi mənəvi-fəlsəfi kontekst hekayələrdə daha böyük məna vurğusu kəsb edə bilir.
Əlabbasın hekayələrində hadisələrin şəbəkəsinə uğurla bağlanan amil təbiətdir. İnsan ömrünün metafizikasında məna çevrəsi yaradan əsas obraz qismində doğulur, assosiasiya verir. Müəllif üslubuna, təsvir edilən hadisələrə müvafiq olaraq əsasən, yağış, qar, şaxta, çovğun, külək kimi soyuqluğa işarə olaraq semantikləşir. Amma heç situasiya ilə əlaqədar rəmzi qatı olmasa belə, avtonom bir gerçəklik kimi təbiətlə bağlı müəllifin ölçülü-biçili rəftarı razılıq doğurur: "Bu arada çovğun elə bil acığa bir az da şiddətlənmişdi, yolqırağı təpələrin, yal-yamacın qarını sovurub dəlmə-deşiyə, qəbrin yan-yörəsinə elə pərçimləyirdi ki, deyirdin bəs malakeş divara gəc çəkir”.
Yeni dünyanın yeni ola bilməyən qəhrəmanları Əlabbasın realist qələmində cəmiyyətlə oppozisiya məqamının bariz örnəkləridir. Amma hər zaman deyilən gerçək də bu: nəsr üçün yalnız ideya-məzmun deyil, bədii sirayətedicilik də əsas şərtdir. Bu sirayətediciliyi ehtiva edən "Arvanada dəfn” hekayəsi kimi...
ELNARƏ AKİMOVA
banner

Oxşar Xəbərlər