• cümə, 19 Aprel, 07:57
  • Baku Bakı 13°C

Yeni baş məşqçisi: “Azərbaycanlılar bununla barışa bilməzlər“

04.11.13 13:33 1298
Yeni baş məşqçisi: “Azərbaycanlılar bununla barışa bilməzlər“
Sərbəst güləş üzrə Azərbaycan yığmasının yeni baş məşqçisinin adı təsdiqlənib. Apasport.az saytının məlumatına görə, Güləş Federasiyası çalışdırıcının adını rəsmən açıqlamasa da, bolqarıstanlı Semyon Şterev vətənində əsas məşqçi kimi ilk müsahibəsini verib. 59 yaşlı mütəxəssis Azərbaycana gəlişindən və buradakı həyat tərzindən də danışıb.
- Azərbaycanda sizinlə bağlı nə baş verir?

- Mən bura köməkçi məşqçi kimi gəlmişdim. Həmin vaxt baş məşqçi də, böyük məşqçi və digər köməkçilər də vardı. 4 ay bu vəzifədə çalışdım. Bir neçə gün öncə isə baş məşqçi təyin olunduğum bilindi.
- Bu, sürətli inkişafdır. Bir neçə aya baş məşqçi oldunuz...

- Bəli, bunu bacardım. Mənə Azərbaycan yığmasında baş məşqçilik təklif etdilər və qəbul etdim. Komanda son dünya çempionatında uğursuz çıxış edib, cəmi 1 medal qazandılar ki, bu da Azərbaycan üçün zəif nəticədir. Bunun həm obyektiv, həm də subyektiv cəhətləri var. Lakin bunlara baxmayaraq, azərbaycanlılar 1 medal qazanmaları ilə barışa bilməzlər.
- Azərbaycanlılarla münasibətiniz necə quruldu?

- Mənim bu vəzifəni tutmağımı xahiş etdilər. Dünyanın bütün məşqçiləri mənim nəyə qadir olduğumu yaxşı bilirlər. Azərbaycanda da yaxşı məşqçi axtarırdılar. Onlar əvvəldən də məni baş məşqçi kimi istəyirdilər, amma sonradan köməkçi kimi çağırdılar. Mən də imtina etmədim. Çünki Bolqarıstanda artıq işləmirdim. Həmin vaxt bir neçə variantım olsa da, Azərbaycanı seçdim.
- Oradakı vəziyyətiniz necədir?

- Heç nədən şikayətlənə bilmərəm. Mənə və işimə hörmətlə yanaşırlar. Hər halda, məni oraya əbəs yerə çağırmayıblar. Mənim üçün Bolqarıstan, Azərbaycan və ya Rusiyada işləməyin fərqi yoxdur. Çünki peşəkaram, işimi çox sevirəm və nə etməli olduğumu yaxşı bilirəm. Güləş mənim həyatımdır.
- Siz demişdiz ki, məşqçi həm də tərbiyəçi olmalıdır. Əcnəbilərlə bu çətin olmur ki?

- Pedaqoq dünyanın hər yerində pedaqoqdur. Bu təcrübə hər yerdə istifadə olunur. Sadəcə, yanaşma bir az fərqli ola bilər. Əsas idmançının ürəyinə yol tapmaq, onunla xoş rəftar etməkdir. Bu da hər bir idmançının nəticə qazanması üçün zəruridir. Elə baş məşqçilərin də əsas məqsədləri bu olur.
- Bakıda yaşayış tərziniz necədir?

- Bakı Avropa şəhəri sayılır. Əla tikililər var, hər şey gələcək üçün edilir. Yeni restoranlar, yeni imkanlar, dəniz kənarında gəzinti imkanı... Bütün bunlar Madrid və digər bu tip şəhərlərin küçələrini xatırladır. Bir sözlə, Bakı yaxşı inkişaf edib və edir.
- Azərbaycanlılar və bolqarlar arasında fərq varmı?

- Hər yerdə insanlar və “insanlar” var. Yəni hər millətin yaxşısı da, pisi də olur. Düşünürəm ki, burada yaxşıların əhatəsindəyəm. Lakin azərbaycanlıların hamısı bir qayda olaraq, qonaqpərvərdir. Onlar adamla görüşəndə də ürəklə edir, böyük istək nümayiş etdirirlər.
- İndi belə bir ehtimal var ki, bizim güləşçiləri də Azərbaycana aparacaqsız. Bu, həqiqətdirmi?

- Bu, məni maraqlandırmır. Mənim üçün belə şeylərin əhəmiyyəti yoxdur. Həmişə demişəm ki, istənilən idmançı ilə işləməyə hazıram.
banner

Oxşar Xəbərlər