• cümə axşamı, 25 aprel, 17:48
  • Baku Bakı 23°C

Yeni Bakı Limanı Avropa İttifaqının diqqət mərkəzində

20.03.18 11:00 914
Yeni Bakı Limanı Avropa İttifaqının diqqət mərkəzində
Ötən həftə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən "Ələtdə yerləşən yeni Bakı Limanı əməliyyat imkanlarının genişləndirilməsinə Aİ-nin dəstəyi” adlı layihəyə start verilməsi ilə bağlı mərasim keçirilib. Azərtac-ın məlumatına görə, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Bakı Limanının Avropa İttifaqının aparıcı limanları, nəqliyyat və logistika şirkətləri ilə əməkdaşlıq etdiyini və sözügedən layihənin icrası ilə əməkdaşlığın daha da sıx olacağını diqqətə çatdırıb. O bildirib ki, hazırda Bakı Limanı Belçika, Almaniya, Niderland, Rumıniya, Bolqarıstan, İtaliya və Sloveniya kimi dövlətlərin limanları ilə əməkdaşlıq edir. Avropa İttifaqının dəstəyi ilə reallaşdırılan bu layihə ilə dünyanın ən qabaqcıl təcrübəsini regionumuza gətirmək və mövcud əməliyyat sistemini təkmilləşdirməklə yenilikləri tətbiq etmək niyyətindədir.
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə vurğulayıb ki, Bakı Limanı Avropa İttifaqının Asiya ilə ticarət zəncirində mühüm yer tutur. "Bu ildən etibarən Avropa yükdaşıyıcıları Bakı Limanının müasir informasiya-kommunikasiya sistemləri vasitəsilə onlayn rejimdə yüklərin yerini, üzərlərində aparılan əməliyyat və liman ərazisini tərketmə və qonşu limanlara çatma vaxtını müşahidə edə biləcəklər. Avropa İttifaqı Bakı Limanının ən müasir təcrübə və biliklərə yiyələnməsində maraqlıdır və bu dəstəyi davam etdirəcək”
Qeyd edək ki, 2018-2019-cu illəri əhatə edən proqram çərçivəsində Bakı Limanının əməliyyat, menecment, biznes, insan resursları, əməyin və ətraf mühitin qorunması, ictimaiyyətlə əlaqələr sahəsi üzrə təcrübə mübadiləsi keçiriləcək. Ümumilikdə 5 komponentdən ibarət layihədə liman əməkdaşlarının təlimə və səfər təcrübələrinə cəlb olunması nəzərdə tutulub.
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, layihənin əsas məqsədi dünya təcrübəsinə uyğun fəaliyyət imkanları yaratmaqdır: "Bir sıra beynəlxalq maliyyə institutlarının və inkişaf etmiş dövlətlərin ayrı-ayrı bölgələrdə həyata keçirdiyi iqtisadi və siyasi layihələrin əsas məqsədləri məhz bərabərşəraitli biznes mühitinin və ictimai münasibətlərin formalaşmasını təmin etməkdir. Bu gün Azərbaycanda mövcud olan infrastrukturdan istifadə edən tərəflərdən biri də Avropa Birliyinin iqtisadi subyektləridir. Bu baxımdan, Azərbaycanda infrastruktur və xidmətlərin keyfiyyətinin Avropa Birliyinin standartlarından geri qalmamağı üçün belə layihələr həyata keçirilir. Çünki təklif olunan xidmətlərin tələb olunan standartlara cavab vermədiyinə görə, həmin iqtisadi subyektlər bəzi hallarda Azərbaycanda öz bizneslərinin davamlılığını təmin etməkdə çətinliklə üzləşirlər. Azərbaycan Avropa və Asiya arasında əsas nəqliyyat dəhlizlərinin yerləşdiyi bir ölkədir. Bu baxımdan, Avropa üçün öz yüklərini Azərbaycandan daşıması və Azərbaycanın tranzit imkanlarından istifadəsi daha səmərəlidir. Amma gömrük, dəniz daşımaları xidmətlərinin müasir tələblərə uyğun olmaması və işlərin peşəkar səviyyədə qurulmaması müxtəlif problemlərə yol aça bilir. Adətən yerli əməkdaşlar özlərinin inkişafı üçün beynəlxalq təcrübəni öyrənməkdə maraqlı olmurlar. Buna görə də, bu kimi qurumlar məcburən hərəkətə keçir və mövcud çatışmazlığı aradan qaldırmaq istiqamətində layihələr həyata keçirir. Burada söhbət qloballaşan dünyada bərabər, uyğun və standartlara cavab verən şərtlərin formalaşdırılmasından gedir. Və Azərbaycan hökuməti ən müxtəlif qurumlar çərçivəsində bu layihələrdən yararlanır.

Bizim əksər nazirlik və dövlət qurumlarımız Avropa Birliyi də daxil olmaqla müxtəlif beynəlxalq fondlardan fərqli layihələr çərçivəsində iri həcmli qrantlar alırlar. Hesablamalara görə, müstəqillik dövründə ölkəyə təxminən 12-15 milyarda qədər qrantlar qoyulub ki, bunun 90 faizini dövlət qurumları alıb. Bu qrantlar çərçivəsində biz bu gün elektron hökumət portalını görürük. Həmçinin, Vergilər Nazirliyi bu gün vətəndaşlara onlayn xidmətlər təklif edir. Bu kimi xeyli sayda dünya standartlarına cavab verən xidmət nümunələri misal göstərmək olar. Bu baxımdan, əslində belə layihələrin əsas məqsədi bazarlarda bərabər hüquqlu fəaliyyətə imkan yaratmaqdır”.

İqtisadçı millət vəkili Azər Badamov deyir ki, bu layihə Avropa İttifaqı üçün çox böyük əhəmiyyət kəsb edir: "Bildiyiniz kimi ötən ilin oktyabr ayının 30-da Bakı-Tibilisi-Qars yolu açıldı. O yolun açılışı bu ildən etibarən Avropa ilə Asiyanı birləşdirəcək yüklərin daşınmasında ən önəmli yer tutan layihələrdən biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı olacaq. Gələn yüklər Bakı limanında qarşılanaraq Asiya ölkələrinə yola salınacaq. İlk növbədə qeyd etmək lazımdır ki, Avropa və Asiya arasındakı beynəlxalq yük daşımaların ən qısa yolu Azərbaycan üzərindən keçəcək. Bu baxımdan, Avropa İttifaqı bu istiqamətdə müxtəlif layihələr və müqavilələr həyata keçirməkdə maraqlıdır. Azərbaycanın üzərindən nə qədər çox yük daşınarsa, ölkəyə gələn valyuta axınının həcmi bir o qədər artacaq. Bu, indiki şəraitdə bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycanın tranzit imkanları çox genişdir. Bakı limanı isə bu tranzit imkanlarının genişləndirilməsində önəmli rol oynayır. Azərbaycanın müstəqilliyinin tarixi çox da qədimi deyil. Biz çalışırıq ki, bütün sahələrdə öz xidmətlərimizi peşəkar səviyyəyə çatdıraq. Bu baxımdan, əməkdaşlarımızın və mütəxəssislərimizin Avropa ölkələrində təlim-təcrübə keçməsi Avropa səviyyəsində xidmətlərə hazır olmaları vacibdir. Bakı limanı beynəlxalq əhəmiyyətli bir layihə olduğuna görə burada göstərilən xidmətlər də dünya təcrübəsinə uyğun olmalıdır. Orada çalışan əməkdaşların yüksək səviyyəli iş təcrübəsinə malik olması keyfiyyətli xidmətlərin göstərilməsinə imkan yaradacaq. Belə layihələr həm biz, həm də qarşı tərəf üçün mühüm əhəmiyyət kəsb edir”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər