• cümə, 29 Mart, 05:51
  • Baku Bakı 7°C

Yeni Azərbaycan Partiyasında mətbuat nümayəndələri ilə görüş olub

22.07.19 15:15 17711
Yeni Azərbaycan Partiyasında mətbuat nümayəndələri ilə görüş olub
Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 22 iyul - Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.

AZƏRTACxəbər verir ki, görüşdə Əli Əhmədov jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycanda hər il Milli Mətbuat Gününün yüksək səviyyədə qeyd olunduğunu deyən Əli Əhmədov bu faktı cəmiyyətin mətbuata verdiyi önəmin ifadəsi kimi dəyərləndirib. O qeyd edib ki, mətbuat bütün cəmiyyətlərdə, o cümlədən Azərbaycan cəmiyyətində söz, fikir, ideya azadlığının həyata keçirilməsində əhəmiyyətli rol oynayan vasitələrdən biridir. "Müasir həyatı mətbuatsız, informasiyasız təsəvvür etmək mümkün deyil. Cəmiyyət inkişaf etdikcə, müasirləşdikcə informasiyanın və informasiyanı insanlara çatdıranların rolu və əhəmiyyəti getdikcə artır”, -deyə YAP Sədrinin müavini bildirib.

Azərbaycanda çoxlu sayda KİV-in mövcud olduğunu deyən Əli Əhmədov bildirib ki, onlar cəmiyyətimizin, insanların informasiya ilə təmin olunmasında vacib rol oynayırlar. Eyni zamanda, yeni çağırışların nümunəsi olan sosial şəbəkələr də çox vacib informasiya vasitəsi funksiyasını yerinə yetirir. Beləliklə, söz və mətbuat azadlığı yeni texnologiyaların meydana gəlməsi ilə əlaqədar olaraq daha da genişlənib. Əli Əhmədov deyib ki, bu gün hər bir insan sosial şəbəkələr vasitəsilə informasiya ötürücüsü funksiyasını yerinə yetirə bilir. Bütün bunlarla yanaşı, sosial şəbəkələrdə qeyri-obyektiv, həqiqətdən uzaq olan, yalan məlumatların da yayıldığını söyləyən Baş Nazirin müavini diqqətə çatdırıb ki, bu tipli informasiyalar insanlarda narahatlıq yaradır.

Azərbaycanın dinamik inkişaf etdiyini, əhalinin rifahının daha da yüksəldilməsi üçün dövlət tərəfindən lazımi addımların atıldığını deyən Əli Əhmədov bu ilin əvvəlindən sosial sahədə aparılan islahatları xatırladıb. O qeyd edib ki, islahatlar digər sahələrdə də davam edir. Baş Nazirin müavini söyləyib ki, ölkəmiz böyük layihələr həyata keçirir və bu layihələrin uğurla yekunlaşması üçün bütün imkanlar səfərbər olunub.

Sonda jurnalistlərə 22 iyul - Milli Mətbuat Günü münasibətilə mükafatlar təqdim edilib.





banner

Oxşar Xəbərlər