AZE | RUS | ENG |

Yeni avtomobil modeli ixtira etmək istəyən dizayner

Yeni avtomobil modeli ixtira etmək istəyən dizayner
Hümbət Kərimli: “İşlərimin tanınması mənə əlavə motivasiya verir”

Rəsm çəkməyi çox sevir. Bu istedadı ilə hələ lap kiçik yaşlarından diqqət çəkməyi bacarıb. Valideynləri onun istedadını gördükdən sonra bu bacarığını daha da inkişaf etdirməyə çalışırlar. Elə hər şey də oradan başlayır. Müsahibim artıq öz işləri ilə tanınmağı bacaran 14 yaşlı yeniyetmə dizayner Hümbət Kərimlidir.
 
Qeyd edək ki, H.Kərimli 2004-cü ilin martın 12-də də Bakı şəhərində anadan olub. Hazırda 299 saylı orta məktəbdə oxuyan Hümbət, həm də Fikrət Əmirov adına 6 saylı incəsənət məktəbində təhsil alır. Dizayn və rəsmə olan marağı ilə yanaşı, dərslərini də yaxşı qiymətlərlə oxuyan Hümbət deyir ki, onda bu işə həvəs hələ uşaq yaşlarından yaranıb: "Uşaqlıqdan şəkil çəkməyə böyük marağım olub. Valideynlərim bu marağıma laqeyd qalmadılar. Rəsm çəkməyi çox sevdiyimdən, elə o vaxt bu işin üstünə düşməyə razılıq verdilər. Dörd yaşımdan məni rəsm dərnəyinə yazdırdılar. Burada olduğum müddətdə özümü daha da inkişaf etdirməyə başladım. Elə indi də öz üzərimdə daim işləyirəm. Çünki məqsədinə çatmaq üçün insan daim inkişaf etməlidir. Düzdür, marağım daha çox xarici maşınların şəklini çəkmək, onları dizayn etməkdir. Hətta indidən bu haqda müxtəlif araşdırmalar edirəm. Gələcəkdə Almaniyada bu sahənin ali təhsilini almağı fikirləşirəm. Çünki mənim ən böyük arzularımdan biri hansısa maşın modeli ixtira etmək və ona dizayn verməkdir”.
 

 
Müsahibim deyir ki, rəssamlıq istedadı onların ailəsində  genetikdir: "Nənəmin də yaxşı şəkil çəkmək qabiliyyəti var imiş. Bu bacarıq ondan atama keçsə də, müxtəlif səbəblərdən bunu inkişaf etdirməyib. Çünki bu iş daha çox həvəs, səbir tələb edir. Bu həvəs, istək isə məndə var idi. Ona görə, bu işi davam etdirmək qərarına gəldim. Uşaq vaxtı valideynlərim çəkdiyim şəkilləri çox bəyənirdilər. Rəsm dərnəyinə yazıldıqdan sonra müəllimlərim də mənə böyük dəstək oldular. Elə ilk vaxtlardan müəllimlərim işlərimi xeyli bəyəniblər. Onlar valideynlərimə istedadlı, yaşıma görə yaxşı rəsm çəkmək qabiliyyətimin olduğunu və bunu öz işlərimdə əks etdirməyi bacardığımı deyirdilər. Bu, mənim yoluma davam etməyim üçün çox vacib idi. Buna görə, hər zaman onlara minnətdaram olacağam”. 
 
Daha çox maşın dizayn etməyi sevən Hümbət bu müddət ərzində öz istedadı sayəsində bir neçə dəfə uğur qazanmağı bacarıb: "Təkcə maşın dizayn etmirəm. Ümumilikdə təbiət mənzərələri və digər şəkilləri çəkməyi də çox sevirəm. Bəzən hətta portretlər də çəkirəm. Amma xüsusi həvəslə yalnız maşın modellərinin şəklini çəkirəm. Bu günə qədər bir neçə dəfə diplom və sertifikatlara layiq görülmüşəm. Müxtəlif rəsm yarışmalarında tərifnamə və fəxri fərmanlarım var. Bir neçə dəfə yarışlar və sərgilərdə iştirakçı olmuşam. İki dəfə isə təhsil aldığım məktəbdə işlərimdən ibarət sərgim keçirilib”.
 

 
Dərsləri çətin olsa da, həmsöhbətim deyir ki, rəsm və dizaynerlik ona mane olmur. Əksinə, bu, ona əlavə motivasiya verir: "Əsas məqsədim gələcəkdə bu sahə üzrə təhsil almaqdır. Ona görə dərslərimi yaxşı oxumağa çalışıram. Dərslərimi oxumasam, bu sahədə sırf həvəskar olaraq qala bilərəm. Amma mən daha da inkişaf etmək, irəli getmək istəyirəm. Bu işdə ailəm də mənə çox dəstək göstərir. Anam dərslərimdə mənə xeyli kömək olur. Həmçinin, məndən 3 yaş böyük bacım var ki, o da mənə müəyyən qədər dəstək olur. Onun da rəsmə, yaradıcılığa böyük həvəsi var. O da indidən müxtəlif eskizlər çəkir. Amma məndən fərqli olaraq, o, dizayner yox, modelyer olmaq arzusundadır. Müxtəlif paltarlar dizayn etməyi çox sevir. Dərslərimdən fərqli olaraq, rəsm işlərini təkbaşına görməyi, sırf özüm məşğul olmağı sevirəm. Çünki bu, insanın daxilindən gələn bir şeydir. İşlərimi tanıtmaq, daha çox insana göstərə bilmək üçün "İnstagram” səhifəmi yaratdım, işlərimi paylaşdım. Getdikcə işlərimi müxtəlif səhifələr də reklam etməyə başladı. Bu, mənim üçün çox vacib idi. Beləliklə, izləyicilərim artmağa başladı, işlərimi daha böyük kütləyə çatdıra bildim. İlkin mərhələ olaraq, mənim üçün bu, çox önəmli idi. Çünki işlərimin tanınması mənə əlavə motivasiya verir”.
 

 
Fürsətdən istifadə edib Hümbətin anası Günay xanımla da söhbətləşdik. Günay xanım deyir ki, ailədə Hümbətə daim dəstək olmağa çalışırlar: "Bəzən valideynlər uşaqlarına ixtisas seçimində təzyiq edir, onlara öz dediklərini yeritməyə çalışırlar. Məncə, bu, düzgün deyil. Çünki insanın sevmədiyi bir sahədə işləməkdənsə, çalışmamağı daha yaxşıdır. O baxımdan, bizim ailədə demokratiya var. Uşaqlarımızın seçimi nə olacaqsa, biz də onu dəstəkləyirik. Çünki ailədə olan dəstəyi hiss etmək, uşaq üçün hər zaman vacibdir. Biz valideynlərin əsas borcu da övladlarına təkan verməkdir. Bizim əsas istəyimiz odur ki, övladlarımız qarşılarına qoyduqları məqsədə çata, yaxşı təhsil ala, öz işlərini qura bilsinlər”.
 
Söhbətimizin sonunda Hümbətlə gələcək planları haqqında da danışdıq. Deyir ki, hazırda əsas məqsəd və istəyi dizayn üzrə ali təhsil almaqdır: "Düşünürəm ki, mənim üçün indidən nə isə dəqiq demək bir az tezdir. Ola bilsin ki, gələcəkdə fikrimi dəyişə bilərəm. Məncə, hər şey qismətdən asılıdır. Amma böyük planda, qarşıma qoyduğum əsas məqsəd ali təhsili xarici ölkələrin birində almaqdır”. 
 
Şəbnəm Mehdizadə
 






Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000