• çərşənbə, 24 Aprel, 02:37
  • Baku Bakı 14°C

Yenə o bağ olaydı...

03.05.17 13:30 1587
Yenə o bağ olaydı...
Artıq yay turizm mövsümü başlamaq üzrədir. Havaların istiləşməsi bağ mövsümünün də açılmasını sürətləndirir. Yay mövsümündə Bakı sakinlərinin əksəriyyəti şəhərkənarı bağ evlərində istirahət etməyə üstünlük verirlər. Bu mövsüm isə yerli əhali ilə yanaşı, ölkəmizdə səfərdə olan əcnəbilər də bağ evlərindən yararlanacaq. Belə ki, ölkəmizə turist axınının sürətləndiyi bir vaxtda səfalı, dənizin kənarında yerləşən Bakı bağları da əcnəbi qonaqlarımızın diqqətindədir. Təsadüfi deyil ki, bağlara olan tələbat onların aylıq kirayə qiymətlərində də müşahidə olunmaqdadır. Bəs əcnəbi qonaqlarımızın gəlişi dəniz mövsümündə dənizkənarı ərazilərdəki daşınmaz əmlak bazarına necə təsir edəcək?
"Bağ evlərinin qiymətlərinin artması qaçılmazdır”
İqtisadçı-ekspert Rəşad Əliyev deyir ki, bayram günlərində Azərbaycana səfər edən turistlər az müddətli qaldığı üçün əsasən otellerə və günlük evlərə üstünlük veriblər. Ekspertin sözlərinə görə, günlük evlərin qiymətlərində məhz həmin günlər artım müşahidə olunub: "Turistlərin bəziləri otellərdə, bəziləri də hostellərdə, digər qismi isə günlük kirayə evlərdə qalmağa üstünlük verir. Ötən ay xüsusilə İran vətəndaşları günlük mənzillər kirayə götürüblər. Günlük mənzillərin qiymətləri isə normal vaxtda o qədər də ucuz olmayıb. Tələbat olduqda isə, digər günlərə nisbətən artıb. Günlük mənzillərin qiymətləri yeri, şəraitinə görə dəyişir. Minimum 40 manatdan başlayıb, 60-70 manata qədər yüksəlir”
Ekspert deyir ki, bu il yay mövsümündə turistlərin axını daşınmaz əmlak bazarında qiymətləri diqqət mərkəzinə gətirib. Xüsusilə bağ evlərinin qiymətlərinin mövsüm açılanda 2-3 dəfə artması qaçılmazdır: "Yay mövsümündə ölkəmizə kifayət qədər turist gələcək. Turistlərin kütləvi axını əmlak bazarındakı qiymətlərə də ciddi təsir edəcək. Xüsusilə bağ evlərinin kirayə qiymətləri hər il mövsüm açılanda hələ turist gəlməsə belə, 2-3 dəfə artır. Turist axını isə qiymət artımına ciddi şəkildə təsir edəcək və bu da əmlak bazarına maddi baxımdan çox kömək olacaq”.
Ekspertin sözlərinə görə, qış vaxtı kirayə haqqı 200 manata olan bağ evləri, yayda 1000 manata verilir: "Kifayət qədər yaxşı təmirli, bütün tələbatlara cavab verən villalar var ki, bunlar günü 500 manata verilir. Belə evləri əsasən ərəb turistləri tutur. Ayı 15 minə verilən villalar da var ki, onlar xüsusi şəraiti olan istehlakçıya hesablanmış obyektdir. Hansısa imkanlı turist 5 ulduzlu mehmanxanada 2 otaq götürməkdənsə, gedib dənizin kənarında bir villa götürür. Günə 5 yüz manatı çıxır. Bu, varlı təbəqəyə hesablanmış tədbirdir”.
"Bağ sahələrinə tələbat artır”
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, turist axınının alqı-satqıya heç bir təsiri yoxdur. Kirayə bazarında isə aktivlik müşahidə olunur: "Təbii ki, şəhərə olan turist axının kirayə evlərə az da olsa təsir edir. Xüsusilə bağ mövsümü yaxınlaşdıqca, bağ sahələrinə tələbat artır. Məsələn, qış aylarında təqribən 500 manata təklif olunan bağ sahəsi yayda 1000 manata, hətta bəzən daha baha təklif olunur. Bu da əsasən dənizə, çimərlik ərazilərinə yaxın olan hissələrdə daha çox özünü göstərir”.
Ekspert deyir ki, ümumilikdə bağ sahələrində kirayə qiymətləri 300 manatdan 15 min manata qədər dəyişir: "Xüsusilə son aylar ərəb və İran vətəndaşlarının Azərbaycana axını sürətlənib. Onların təqribən bir neçə ay burada yaşaması bağ qiymətlərinin artımına gətirib çıxaracaq. Ümumilikdə adi hallarda da dəniz sahələrində qiymətlər təqribən 3 yüz manatdan 15 min manata qədər dəyişir. Bu, ərazinin ölçülərindən, evin içindəki infrastrukturdan, evin böyüklüyündən asılıdır. Ərəblərin bağ sahələrinə maraq göstərməsi ola bilsin ki, bu korrekturanı dəyişəcək və qiymətləri bir qədər də artıracaq”.
Ekspert sonda vurğuladı ki, turist axını təkcə əmlak bazarına yox, ümumilikdə ölkə iqtisadiyyatına müsbət təsir göstərir: "Hesab edin ki bir turist Azərbaycana təqribən özü ilə 2-3 min dollar pul gətirirsə, bu, ümumilikdə bazarda həm xarici valyuta qıtlığının aradan qaldırılmasına şərait yaradır, eyni zamanda dövriyyədə olan vəsaitlərin həcmini artırır. Nəinki əmlak bazarına, bütövlükdə alıcılıq qabiliyyətinə müsbət təsir göstərir”.
Dinamika belə davam etsə...
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov isə deyir ki, kirayə ev qiymətləri artsa da, bağ evlərinin qiymətlərində hələ ki artım müşahidə olunmayıb: "Turistlərin əvvəlki illərə nisbətən sayının artması daha çox kirayə bazarına öz təsiri göstərir, nəinki bağ evlərinin satış qiymətinə. Özümüzün də alqı-satqı ofisimiz var hələ bu günə qədər bir xarici vətəndaş bağ almaq üçün müraciət etməyib. Kirayə evlərdə isə qiymət baxımından dəyişiklik olur. Bu il kirayə ev qiymətlərində yanvarda 2 faizə yaxın, fevralda 1 faiz, mart ayı isə 0,6 faiz artım müşahidə olunub”.
Ekspertin sözlərinə görə, ölkədə turistlərin çoxluğu tikinti sektorunda müəyyən canlanma yaradır: "Turistlərin ölkəyə axını istənilən halda müsbət tendensiyadır. Onlar özləri ilə müəyyən vəsait gətirirlər. O vəsaitin də bir hissəsini xərcləyirlər və həmin pullar da bazara axır. Bazarda isə xərclənən vəsaitin müəyyən hissəsi dolayı yollarla əmlak bazarına gəlir. Təbii, bunu birbaşa müşahidə etmək olmur, amma dolayı yolla müəyyən qədər vəsait daxil olur. Bu da son nəticədə tikinti sektorunda müəyyən canlanma əmələ gətirir. Dinamika belə davam etsə, 3-5 ilə bazara daha yaxşı təsir edəcək”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər