• şənbə, 20 Aprel, 14:15
  • Baku Bakı 23°C

Yenə də xoş olmayan nəticə

24.05.16 12:42 1671
Yenə də xoş olmayan nəticə
Ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanı ilə bağlı statistik rəqəmlər yenə ürəkaçan olmayıb. Belə ki, əvvəlki illərin məzunları ötən illərdə keçirilən qəbul imtahanlarında iştirak etmiş, lakin müvafiq nəticələr əldə edə bilməyən və ya istədiyi ixtisasa qəbul olmayan abituriyentlərdir. Onlar cari ilin məzunları ilə müqayisədə zəif nəticə göstərərək aşağı bal toplayırlar. Proses hər il eyni qayda ilə davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, may ayının 15-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, abituriyentlərdən 8 nəfəri 600 700 bal (0.06 %), 57 nəfəri 500-599 bal (0.42 %), 291 nəfəri 400-499 bal (2.14 %), 823 nəfəri 300-399 bal (6.06 %), 2140 nəfəri 200-299 bal (15.75 %), 10270 nəfəri isə 0-199 bal (75.58 %) toplayıb.
Köhnə məzunların uğurlu nəticə əldə edə bilməməsinin səbəbini ümumi təhsil sistemində axtaranlarla yanaşı, onların özlərini qınayanlar da az deyil. Həmçinin TQDK-nın ünvanına da tənqidlər eşidilir. Ekspertlərin fikirlərində də bu narazı məqamlar yer alıb.
Zəif hazırlığın göstəricisi
Təhsil Şurasının sədri Əjdər Ağayev hesab edir ki, aşağı bal toplayan məzunlar ümumtəhsil məktəblərindən lazımi biliklərə yiyələnməyənlərdir: «Daha doğrusu, bilikdən daha çox öyrənmə bacarıqlarına yiyələnməyiblər. Onların bir çoxu repetitor yanına gedirlər. Repetitor da onlara öyrənmə bacarığı aşılamır. Onlar yalnız müəyyən rəqəmləri, hadisələri yaddaşlarına yazırlar. Bu isə onları öz üzərlərində işləmək bacarığından məhrum edir. Onlar öz üzərlərində sərbəst işləmə bacarığı formalaşdırmadıqlarına görə, inkişaf edə bilmirlər”. Ekspert hesab edir ki, əgər onlar müəyyən bilik və bacarıq sahibi olsaydılar, elə ötən il imtahandan keçib ali məktəblərə qəbul olunardılar: "Sadəcə, gözləmək olardı ki, onlar öz üzərlərində işləyib yenidən ali məktəblərə daxil ola bilsinlər. Ancaq onlar bu müddətdə öz biliklərini təkmilləşdirməyiblər. Bu məzunlar ümid edirlər ki, yenə də qəbul imtahanlarının ballarını aşağı salacaqlar və onlar da topladıqları balla ali məktəblərə qəbul olunacaqlar. Bu cür yanaşmanın da nəticəsi belə xoşagəlməz olur».
Ekspert Asif Cahangirovun fikrincə, aşağı bal toplayanların əksəriyyəti repetitor yanına və ya hazırlıq kurslarına getmək imkanı olmayan abituriyentlərdir: «Çox güman ki, onların buna maddi imkanı çatmır. Digər tərəfdən, özləri də bu səviyyədə hazırlaşa bilmirlər. Onların zamanında imkanları olsaydı, əlavə hazırlığa gedərdilər və hazırlaşıb imtahanda yaxşı nəticə göstərərdilər. Ancaq düşünüblər ki, az bal da toplasalar qəbul olunacaqlar». Ekspert hesab edir ki, belə bir nəticə həm də onların zəif hazırlıqlarının göstəricisidir.
Qəbul prosesi şəffaf keçsə belə...
Təhsil üzrə ekspert Kamran Əsədovun fikrincə, 200-dən yuxarı bal toplayan abituriyentlər də bütün qəbul tələblərini yerinə yetirməyiblər. Belə ki, 200-dən artıq bal toplayanların da 70 faizinin bir fəndən sıfır nəticəsi var: "Biz bu gün müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayına baxarkən görürük ki, 15 min abituriyentin içərisində onların sayı heç 500 nəfər deyil. Yəni əvvəlki illərin məzunları ilə keçən ilki məzunların statistikası eynidir”. Ekspert hesab edir ki, ümumilikdə əvvəlki illərin məzunları ilə builki məzunların qəbul imtahanlarının ayrı-ayrılıqda həyata keçirilməsi düzgün yanaşma deyil. Belə ki, Azərbaycanda qəbul prosesi şəffaf keçsə belə, bütün qəbul imtahanlarında iştirak edən abituriyentlərin hamısı heç olmasa bir fənn üzrə repetitor yanına gedir: "Müəllimlər də öz repetitor proqramlarını iyulun əvvəllərində başa çatdırırlar. Amma abituriyentlər may ayında imtahan proseslərinə qatıldıqlarına görə, artıq repetitorların yanında proqramı ya zəif qurtarırlar, ya da başa çatdıra bilmirlər. Bu cür ali məktəblərə qəbul orta məktəblərin göstəricisi əsasında deyil, repetitorların öyrətdiklərinin əsasında həyata keçirilir. Bəzən bu və ya digər məktəblərin göstəricisini hallandırırlar, ancaq uğur göstəriciləri heç də orta məktəblərin göstəricisi deyil”. Ekspert bildirir ki, dünya praktikasında minimum bal tələbi qoyulmur. Və yaxud bu və ya digər fəndən minimum tələblər irəli sürülmür: "Hazırkı müsabiqə şərtinə görə, 200-dən yuxarı bal toplayan və bütün fənlərdən minimum 10 bal toplayanlar müsabiqəyə buraxılırlar. Amma cari ilin məzunları imtahan verəndən sonra təbii ki, onların nəticələri də ötənilkilərdən utandırıcı olmayacaq, çünki builki abituriyentlər də keçən il bu məzunların vəziyyətində idilər. Eyni statistika yenə də təkrarlanacaq. Abituriyentlərə bir fəndən sıfır nəticəyə icazə verilərək imtahana buraxırlar. Həmin abituriyent özəl universitetlərdə və ya balı aşağı olan dövlət universitetində ingilis dili və s. ixtisas üzrə qəbul olunur. Nəticə etibarilə sıfır nəticəsi olan kadr 4 ildən sonra orta məktəblərdə müəllim kimi çalışmağa başlayır. Və eyni proses davam edir”. Dünya praktikasında qəbul edilən İELTS imtahanlarında ümumi balın əsas götürüldüyünü nümunə gətirən ekspert "Bəlkə 200-dən aşağı bal toplamış abituriyentin potensialı 400 bal toplayandan daha yaxşıdır? Bəlkə o imtahan prosesində özünü itirib?” deyərək hesab edir ki, sualların qoyuluş tərzini, ağırlıq dərəcəsini aşağı salmaq lazımdır: "TQDK abituriyentlər üçün 5 sınaq imtahanı keçirir. Bu ilki və ya əvvəlki illərin məzunlarının nəticələri kifayət qədər aşağıdır. Onsuz da bu abituriyentlər savadlı olsaydılar elə keçən il qəbul olardılar. Ancaq 7000-ə yaxın boş yer qaldı. Bu gün küçədə sorğu keçirsəniz, görərsiniz ki, heç kim oxumaq istəmir, «onsuz da qəbul olunacağıq» deyirlər. Hamı fikirləşir ki, 200 balı keçib instituta qəbul olunacaq. Ancaq 200-dən az bal toplamış abituriyent qəbul olunandan sonra psixoloji olaraq özünü zəif hesab edir. Bütün insanların psixologiyası budur ki, 150-200 bal toplayan abituriyentin savadı yoxdur. Nəzərə alaq ki, test bilik ölçüsü deyil, sadəcə, keçim üsuludur.”. K.Əsədovun fikrincə, abituriyentin 200 bal toplamasının günahkarı TQDK-dır. Belə ki, zəif kadr seçimi aparır: "Onlar 4 ildən sonra savadsız kadr olacaqlar. Əvvəlki illərin məzunlarının zəif nəticə göstərməsinin nəticəsi onların qəbul proqramını tam olaraq mənimsəməməsidir”. Qəbul ballarının aşağı salınmasında ali məktəblərin maliyyə vəziyyətinin də rol oynaması ilə bağlı səslənən fikirlərə münasibət bildirən ekspert hesab edir ki, universitetlər özlərinin maliyyə vəziyyətlərini düzəltməyə can yandırırlarsa, ilk növbədə tədrisin keyfiyyətini artırmalıdırlar. Məsələn, Azərbaycandakı özəl universitetlərin hətta qonşu Gürcüstan ali məktəbləri ilə müqayisə etmək olmaz: "Dünya praktikasında ən tanınmış və nüfuzlu ali məktəblər özəl universitetlərdir. Həmin ali məktəblərə daxil olmaq daha çətindir, nəinki Azərbaycandakı özəl universitetlərə. Bizim ən reytinqsiz universitetlər özəl universitetlərdir”.
Ekspertin fikrincə, TQDK keçirdiyi sınaq imtahanlarının birini qəbul imtahanı kimi təqdim etsə və abituriyent əldə etdiyi ən yüksək nəticə ilə avqust ayında ixtisas seçimində iştirak etsə, daha yaxşı nəticə əldə etmək olar: "Bu daha güclü rəqabət mühiti yaradar. Sınaq imtahanlarında qoyulan test sualları elə qəbul tipli suallardır. Əgər abituriyentlər həmin balı toplaya bilməyəcəklərsə, niyə sualları bu qədər qəliz hazırlayırsınız? Qoy rəqabət mühiti yaransın. Üçüncü qrupda 10 min plan yeri var. İyun ayında qəbul imtahanından sonra 10 min abituriyent 200 balı keçəcək. Bu, hər il belədir. Plan yeri ilə bütün qruplar üzrə müsabiqəyə buraxılan abituriyentlərin sayı üst-üstə düşür. Bu, düzgün yanaşma tərzi deyil”.
Nəzərə alsaq ki, Təhsil Nazirliyi artıq qəbul ballarının aşağı salınmasına təpki göstərib, onda hansısa uğurlu nəticəyə ümid etmək olar. Əlbəttə söhbət hələlik cari ilin məzunlarından gedir...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər