• cümə, 19 Aprel, 11:19
  • Baku Bakı 13°C

Yenə də kütləviliyə nail ola bilmədilər...

14.10.14 10:39 1626
Yenə də kütləviliyə nail ola bilmədilər...
Milli Şuranın bu günlərdə baş tutan mitinqi, oraya gözlənildiyindən də az adamın qatılması qurumun növbəti dəfə gülüş obyektinə çevrilməsinə səbəb olub. Mitinq haqda fikirlərini bölüşənlər qeyd edirlər ki, onlar özləri də mitinqin əhəmiyyətsiz, kütlə üçün maraqsız olduğu bilirlər. Müxalifətin reallığı bilməsinə rəğmən, növbəti dəfə mitinq təşkil etməsi isə məhv olmaqda olan qurumun son çabasından başqa bir şey deyil.
Bu mövzuda fikirlərini bizimlə bölüşən Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev dedi ki, bu, radikal müxalifətin ənənəvi mitinqlərindən biri idi: “İlk dəfə idi ki, onları bu qədər məzlum, bu qədər dağınıq vəziyyətdə görürdük. Mitinqi guya siyasi məhbus adlandırdıqları şəxslərin azadlığa buraxılması üçün təşkil etmişdilər. Amma orada radikal islamçıların şəkillərini, İŞİD bayrağı qaldıranları da gördük. Düşünürəm ki, İŞİD bayrağının qaldırılması təsadüfi deyildi. Radikal qüvvələrin hansısa təriqəti və ya cərəyanı sevib-sevməməklərindən asılı olmayaraq, onlar üçün önəmli olan iqtidara qarşı yönəlmiş qüvvələri ətraflarına toplamaqdır. Mütləq şəkildə ziyan vurmaq onların əsas məqsədidir. Ona görə də deməzdim ki, onlar islamı və ya hansısa radikal cərəyanı sevirlər. Sadəcə, hər kəsdən və hər bir qrupdan maksimum istifadə etməyə çalışırlar”
E.Musayev vaxtilə iqtidara tərif yağdıran şəxslərin indi də Milli Şura haqda pafoslu fikirlər səsləndirdiklərini nəzərə çatdırdı: “Milli Şura sədri Cəmil Həsənli o Cəmil Həsənlidir ki, bir zamanlar ümummilli lider Heydər Əliyev haqda yazılan kitablara ön söz yazmaqdan ötrü yalvarırdı. Bundan ötrü ağız açmadığı adam qalmamışdı. Bu sözlər Gültəkin Hacıbəyliyə də aiddir. Bilmirəm o insanlar mitinqdə hansı hissləri keçirirdilər. Amma mən özümü bir anlıq onların yerinə qoydum. Məsələn, Gültəkin Hacıbəyli YAP-ın 200 min nəfərin qatıldığı mitinqlərini görüb, ona möhtəşəm deyib. Bu gün isə müxalifətin mitinqində iştirak edib 300 nəfərin qatılmasına möhtəşəm deyir. Maraqlıdır, bu insan öz vicdanı qarşısında cavab verə bildimi ki, o möhtəşəmlə bu möhtəşəm arasındakı fərq nədir? Bir məsələyə də toxunmaq istəyirəm. Adətən, dövlətin bütün şəraiti yaratdığı razılaşdırılmış mitinqlərdə iştirak edənlərin sayı çox olur. Çünki insanlar rahat şəkildə mitinqə gəlir, sözlərini deyirlər. Amma bu radikallarda o da yoxdur. İnsanlar mitinqlərə getmir, onların fikirlərini qəbul etmirlər. Ona görə də bildirirəm ki, bu mitinq sonuncu ola bilər. Çünki onlar maksimum şəkildə rüsvay oldular. Həmçinin hakimiyyətə gəlmək istəyən şəxslərin nə cür məzlumca dayandıqlarını gördük. Bir anlıq təsəvvür edin ki, bu insanlar hakimiyyətə gəlib. Onda Azərbaycanın axırı nə olar? Məncə, ölkənin gələcəyi böyük sual altına düşər. Qısası, bu cür rüsvayçılıqdan, biabırçılıqdan sonra özlərini bir daha toparlaya biləcəklərinə inanmıram.”
Vəhdət Partiyasının sədri Tahir Kərimli də bildirdi ki, Milli Şura bu mitinqlə bir daha nümayiş etdirdi ki, kütlə onları dəstəkləmir: “Bu mitinqi onlar üçün son sınaq adlandırardım. Bir qrup müxalifətçi sayın əhəmiyyətinin olmadığını desə də, “əsas etirazın olmasıdır” desə də, bu, belə deyil. İştirakçıların sayı göstəricidir. Məlumdur ki, mitinqi siyasi partiyalar aparır. Həmin partiyalar isə mitinqləri hakimiyyətə gəlməkdən ötrü keçirirlər. Hakimiyyətə gəlmək üçün isə xalqın, elektoratın dəstəyi lazımdır. Dəstəksiz iqtidar olmaq mümkün deyil. Müxalifətçilər əvvəlcə tərəfdar toplamağı, kütlə ilə işləməyi bacarmalıdırlar. Bu mitinq göstərdi ki, müxalifət elektorata sahib deyil. Bilirsiniz ki, orada Milli Şuranın tərkibində olmayanlar da iştirak edirdilər. Buna baxmayaraq, yenə də kütləviliyə nail ola bilmədilər. Bir daha təsdiq olundu ki, müxalifətin hakimiyyətə gəlməyə cüzi də olsa şansı yoxdur”.
Müsahibimizin fikrincə, mitinq vasitəsilə müxalifətin ayrı-ayrı partiyalar qismində deyil, heç bütövlükdə də heç bir dəstəyə malik olmadıqları bəlli oldu: “O da bəyan oldu ki, onlarda əqidə və ideoloji birlik yoxdur və biri-birilərinə qarşı səmimi deyillər. Yəni, mitinq xatirinə mitinq keçirdilər. Düşünürəm ki, bu, zorən birlik nümayişi idi. Onlar gələcəkdə növbəti mitinqi keçirmək qərarına gəlsələr, daha da məyus olacaqlar. Əgər bugünkü mitinq çox uğursuz alınırsa, qatılanların sayı get-gedə azalırsa, deməli, gələcəkdə mitinq təşkil etməyin mənası yoxdur. Onları dəstəkləyən xalq yoxdursa, hakimiyyətə necə gələcəklər? Hətta narazı kəsim olsa belə, heç kim onların arxasınca getmir. Çünki onlara inanan, etibar edən yoxdur. Müxalifət kütləvi narazılığı ifadə etdiyini desə də, faktdır ki, onları dəstəkləyən yox idi. Cəmiyyətin mütləq əksəriyyəti belə mitinqlərə maraq göstərmir və müxalifətin şansının olduğunu düşünmür”.
Milli Şuranın son mitinqinə münasibət bildirənlərdən biri də millət vəkili Siyavuş Novruzov olub. Millət vəkili mətbuata açıqlamasında bildirib ki, Milli Şuranın mitinqi Azərbaycan xalqının, millətinin, dövlətinin əleyhinə iş aparanların müdafiəsinə hesablanıb: “Məqsədləri guya Azərbaycanda insan haqlarının pozulmasını və buna ölkə ictimaiyyətinin etiraz etməsini dünyaya göstərmək idi. Lakin bu mitinqdə qarşılarına qoyduqları məqsədlərin heç birinə çata bilmədilər. Birincisi, burada heç bir elektoratdan söhbət gedə bilməz. Çünki Milli Şura ölmüş bir təşkilatdır, yenidən mitinq keçirməklə nəyisə sübut etmək olmaz. Digər tərəfdən, Azərbaycanda olan siyasi partiyalar, ictimai təşkilatların heç biri bu mitinqə öz dəstəyini göstərmədi. Həmin mitinqdə yalnız Müsavat Partiyası iştirak edirdi ki, onların da hərəsinin əlinə bir şəkil verib aşağıda saxladılar. Beləcə, onlar say artırmaqla məşğul idilər. Bu mitinqi Əli Kərimlinin İsa Qəmbər üzərində özünün qələbəsinin nümayişi kimi qiymətləndirmək olar. Hər kəs şahidi oldu ki, İsa Qəmbəri və Arif Hacılını heç tribunaya buraxmadılar. Milli Şuranın mitinqi bütün hallarda xaricdən planlaşdırılmış aksiya idi. Mitinqdə hətta terror təşkilatının bayrağını qaldırdılar. Orada Ermənistanın bayrağı belə qaldırılsaydı, təəccüblənməzdim. Çünki onların müdafiə etdiyi insanların böyük əksəriyyəti erməni lobbisinə, Ermənistanın xüsusi kəşfiyyat orqanlarına xidmət edir”.
Millət vəkili Aydın Mirzəzadə də məsələyə münasibət bildirərək fikirlərini “Facebook” profilində bölüşüb: “Hər zaman böyük iddialarla çıxış edən, cəmiyyəti idarə etmək arzusunu önə çəkən “siyasətçilər” kiçik bir dəstə ilə sadəcə, tədbir keçirməli oldular. Yəni, həmin tədbiri qətiyyən mitinq adlandırmaq olmaz. Çıxışlarda şüarlar səsləndirilməsinə, bayraqların qaldırılmasına baxmayaraq, orada cəmi bir neçə yüz insanın toplanması on milyonluq ölkə üçün çox kiçik rəqəmdir. Buradan belə bir təəssürat yaranır ki, onlarla siyasi partiyanın toplayacağı qüvvə “Məhsul” stadionunun onda birini dolduracaq qədərdir. Seçkidən seçkiyə blok yaradan, seçkilərarası bir-birinə qarşı mübarizə aparan müxalifət nümayəndələrinin orada iştirakı isə "görüntü diplomatiyasından" başqa bir şey deyildi. Belə aksiyalar radikal müxalifətin gücünü, vətəndaşların onlara inanmadığını, arxasınca getmədiyini və heç bir halda onlara dəstək olmadığını ortaya qoyur. Milli Şuranın keçirdiyi mitinqdə AXCP fəalları tərəfindən İŞİD terrorçu təşkilatının bayrağının qaldırılması isə onların çox şübhəli əlaqələrindən xəbər verir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər