• cümə, 19 Aprel, 21:45
  • Baku Bakı 24°C

“Yeməyi mahnı oxuyaraq hazırlayanda, dadlı alınır” - Gənclər mətbəxdə

02.02.19 09:30 2562
“Yeməyi mahnı oxuyaraq hazırlayanda, dadlı alınır” - Gənclər mətbəxdə
Adətən kişiləri mətbəxdə görməyə öyrəşməmişik. Çünki hələ dədə-babadan kişilərimiz elə hesab edir ki, mətbəx ancaq xanımların yeridir. Amma müsahibimiz Elvin Novruzov bu cür düşünmür. İfa etdiyi Avropa üslublu mahnıları ilə diqqət çəkən, CinemaPlus kinoteatrlar şəbəkəsinin Art direktoru olan Elvin Novruzovla qəzetimizin "Gənclər mətbəxdə” rubrikasında görüşdük. Yaradıcılığı qədər mətbəxdə də istedadının olub-olmadığını yoxlamağa çalışdıq. "Səs Azərbaycan” yarışmasında əməkdar artist Manana Caparidzenin heyətində çıxış edən qonağımız hazırda kinoteatrlar şəbəkəsində dizayn işləri ilə məşğuldur.

Elvin Novruzovla görüşüb, mətbəxə doğru yol alırıq. Deyir ki, çox nadir hallarda mətbəxə keçib özünə yemək hazırlayır. Daha çox etibar etdiyi restoranlardan yemək sifariş edir. Çünki bu, tez və asan başa gəlir.
"Kişilərin qəlbinə gedən yol qarşı tərəfin xasiyyətindən və baxımlılığından başlayır”
Elvin bizə diyetik bir salat hazırlayacağını deyir. Müsahibim mətbəxə keçər-keçməz, əlinə əlcək geyinir. Gündəlik həyatında da gigiyenik qaydalara əməl etdiyini vurğulayır. İlk olaraq qırmızı və göy bibərləri doğramağa başlayır. Əllərindən hiss olunur ki, mahnı oxuduğu qədər mətbəxdə mahir deyil. Deyir ki, "kişilərin qəlbinə gedən yol mədədən keçir” fikri ilə heç də razı deyil. Onun üçün yeməkdən daha vacib nüanslar var: "Kişilərin qəlbinə gedən yol qarşı tərəfin xasiyyətindən və özünə baxımlılığından başlayır. Ola bilər ki, xanımın çox gözəl xasiyyəti var. Və ya xarici görünüşcə çox gözəldir, ancaq yemək hazırlamağı bacarmır. Bu o demək deyil ki, o xanım pisdir və kişinin qəlbinə yol tapmır. Ona görə mən bu fikirlə razı deyiləm”.
Elvinlə söhbətdən aydın olur ki, uşaq yaşlarından mətbəxə böyük marağı olub: "Anam mətbəxdə yemək hazırlayanda, qiyabi də olsa yeməyin hazırlanması prosesini izləyirdim. Çalışırdım ki, anama kömək edim. Yemək bişirməkdən çox, onu yeməyə üstünlük verirəm. Ən çox da milli yeməklərimizi sevirəm. Misal üçün, dolmaya heç vaxt "yox” demərəm. Kələm dolmasından başqa bütün dolmaları sevirəm. Ancaq özüm dolma hazırlaya bilmirəm. Hələ ki o cür ağır yeməkləri hazırlamamışam. Ancaq istəsəm və çalışsam, bişirə bilərəm”.

Atasının peşəkar aşpaz olduğunu vurğulayan qonağımız ona bu istedadın atasından keçmədiyini deyir: "Atam peşəkar aşpaz olsa da, bu istedad məndən yan keçib. Elə hesab edirlər ki, evdə kişi aşpazdırsa, onda evin yeməklərini də o hazırlayır. Ancaq bizim ailədə elə deyil. Evdə yeməkləri anam hazırlayır. Atam işinə bir mütəxəssis kimi yanaşır. Azərbaycanda bu sənət kifayət qədər inkişaf etməyib. Məşhur otellərdə, tanınmış restoranlarda daha çox xarici aşpazlara üstünlük verirlər. Bu səbəbdən atam daha çox xaricdə çalışıb”.

Yeni salat resepti: "Elvin salatı”
E.Novruzov tərəvəzləri doğradıqdan sonra üzərinə balıq konseri əlavə edir. Deyir ki, konserv salatlara xüsusi dad qatır. Həm salat hazırlayıb, həm də suallarımızı cavablandıran müsahibimizdən mətbəxdə və gündəlik həyatında hər hansı iş görərkən mahnı ifa edib-etməməyini xəbər alırıq: "Nəinki mətbəxdə yemək hazırlayanda, özümü rahat hiss etdiyim hər bir məkanda mahnı ifa edə bilərəm. Mən gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edirəm. Maşın sürməyi sevmirəm. Nəqliyyatda gedərkən belə, ürəyim istəyirsə mahnı ifa edirəm. Bunun üçün heç bir kompleksim yoxdur”.
Müsahibimiz bizim üçün repertuarına yeni əlavə etdiyi mahnısını səsləndirir. Deyir ki, sevgi ilə hazırlanan yeməklərin dadı bir başqa olur. Mahnı oxuyaraq hazırlanan yeməklər də dadlı alınır. Çünki bu yeməklər sevgi ilə hazırlanıb.

Doğranan tərəvəzə mayonez əlavə edir və bununla da salat tamamlanmış olur. Hazır salatı kahı ilə bəzədilmiş boşqaba çəkir. Salatın adını soruşduqda isə, deyir ki, bu, "Elvin salatı”dır: "Bu mənim zövqümə görə tərəvəzlərə olunan əlavələrdən yaranan salatdır. Adını isə özüm qoymuşam: "Elvin salatı”. Ümid edirəm ki, dadını bəyənərsiniz”.

Salatın dadı həqiqətən də fərqli idi. Tərəvəzlərlə konserv balığının qarışığı turş və təbii bir dad verirdi. Hazırladığı salatı bizə təqdim edən Elvin bu işdə görüntü və təqdimatın önəmli olduğunu vurğulayır.

Yeməkdən sonra Elvinlə çay süfrəsi arxasında əyləşib, yaradıcılığından, iştirak etdiyi səs yarışmasından danışdıq. Öyrəndik ki, anası musiqiçidir. O, uşaq yaşlarından övladına qulağı təmiz və keyfiyyətli musiqilərə alışsın deyə, dahi Üzeyir Hacıbəylinin əsərlərinin dinlətdirib. Elvin deyir ki, məhz elə o vaxtlardan yerli və xarici bəstəkarların mahnılarına qulaq asıb: "Uşaq vaxtından musiqi ilə məşğulam. Bu sənəti çox sevirəm. Repertuarımda daha çox həzin və lirik mahnılar üstünlük təşkil edir. Xarici mahnılar isə mənim ifamda daha yaxşı alınır. İfa etdiyim musiqilərə tələbat çoxdur. Ancaq o mahnılar toy mahnıları deyil. Heç mən toy müğənnisi də deyiləm. Bunun üçün fərqli bir sahədə çalışıram. Repertuarıma nəzər salsanız, görərsiniz ki, qərb üslubunda olan mahnılar üstünlük təşkil edir. Milli musiqilərdən bir qədər uzağam. Mənim ifa tərzim fərqlidir. Uşaqlıqdan Avropa mahnılarını dinləmişəm və bu da mənim ruhuma hopub. Uşaq yaşlarımdan qulaqlarım məhz bu tip mahnılara öyrəşib”.
"Eurovision” mahnı müsabiqəsidir, müğənni müsabiqəsi yox”
Hazırda sosial şəbəkələrdə bayağı mahnıların daha çox dinləndiyi və həmin mahnılara daha çox tələbatın olmasından da danışdıq. Bu gün bayağı mahnı ifa edən "müğənnilərin” siması bir çox peşəkarlardan daha çox tanınır. Bununla bağlı fikir bildirən Elvin onları tanımadığını və tanımaq istəmədiyini dedi: "Hər hansı bayağı mahnı eşidəndə qulağımdan qan tökülür (gülürük). Çevrəmdəki insanlar da elə ifaçıları dinləmirlər. O mahnıları oxuyan ifaçıların adlarını eşitmişəm, onları ifaçı hesab etmirəm. Onlar özlərinə çox asan qazanc yolu tapıblar. Ancaq ifa etdikləri musiqi deyil və mahnı ilə heç bir əlaqəsi yoxdur. Mən razıyam ki, musiqidən 1 qəpik pul qazanmayım. Yetər ki, keyfiyyətli və səviyyəli mahnı oxuyum. Ancaq sözügedən ifaçılar buna razı olmazlar. Çünki həmin mahnıları pul qazanmaq üçün ifa edirlər. Maraqlısı da bundadır ki, bu mahnıların dinləyiciləri də tapılır. Tələbat pis deyil. Onlar da beləcə pul qazanmağın yolunu tapıblar. Əslində həmin müğənniləri də qınamıram”.


Elvini "Səs Azərbaycan” yarışmasından sonra böyük layihələrdə görmədiyimizi dedik. İfaçı isə Azərbaycanda o tipli böyük masştablı yarışma keçirilmədiyini vurğuladı: "Belə bir masştablı yarışma olsa, təbii ki, iştirak edərəm. "Səs Azərbaycan” yarışmasında Manana xanım mənə tərəf ilk döndüyü üçün onu seçdim. Tünzalə Ağayevanı isə seçmədim. Bu mənim seçimim idi və o an belə qərar verdim. Ancaq klip təqdimatım olanda, Tünzalə xanım gəldi və mənə dəstək oldu. Nəinki yerli yarışlarda, beynəlxalq yarışlarda da iştirak etməyə çalışıram. Misal üçün, "Eurovision” beynəlxalq musiqi yarışmasının Azərbaycan seçimlərində iştirak edirdim. Təəssüf ki, Azərbaycan üzrə seçimlərdə finala qədər gəlib çıxa bilmədim. Əslində istedadıma güvənirəm. Bu məsələdə isə istedaddan söhbət getmir. Ola bilsin fikirlər fərqlidir. Mən sakit ifaçıyam, ağlamalı mahnılar oxuyuram. Düzdür, texniki tərəfdən ritmik mahnılar da oxuya bilərəm. Ümumiyyətlə, "Eurovision” mahnı müsabiqəsidir, müğənni müsabiqəsi deyil. Eşitdiyimə görə, bu il Finlandiya həmin müsabiqəyə DJ göndərir”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər