Yel kürəsinin şahzadəsi
Son
dövrlərdə bütün dünyada olduğu kimi, Azərbaycanda
da uşaq ədəbiyyatı mistik və fentezi janrına meyillənir. Bu isə təbii olaraq,
ədəbiyyatda yeni obrazların yaranması deməkdir.
Gənc yazıçı Xülya Cəfərovanın
yeni çapdan çıxacaq ilk kitabı olan "Külək
– Yel kürəsinin şahzadəsi” ilk milli superqəhrəmanlarla yadda qalacaq. Bu
günlə mistik keçmişi birləşdirən hekayənin əsas qəhrəmanı sehrli qüvvəyə sahib
olan Külək adlı balaca qızdır. Yel kürəsinin sakini və şahzadəsi olan Külək
təsadüfən Yer kürəsinə səyahət edir və beləliklə öz planetini şər qüvvələrdən
necə xilas edəcəyini öyrənir. Bu işdə ona xeyirxah dostları – özü kimi balaca
əkiz bacılar kömək edirlər. Külək və dostlarının başına gələn həm qəribə, həm
də oxucunu daim həyəcanda saxlayan hadisələrin çoxu Bakıda, Yanardağda,
Atəşgahda, Qız Qalasında cərəyan edir.
ASAN Könüllülük Məktəbinin məzunu olan
gənc müəllif Xülya Cəfərova gələcəkdə də uşaqlar üçün fantastik hekayələr
yazmaq fikrindədir.
Azərbaycan uşaq ədəbiyyatının ilk milli superqəhrəmanlarının başına gələnlərdən bəhs edən bu kitab "TEAS Press” Nəşriyyatı Evi tərəfindən "3 alma” əmtəə nişanı ilə nəşr olunaraq tezliklə balaca oxuculara təqdim olunacaq.