• cümə, 26 Aprel, 01:00
  • Baku Bakı 16°C

“Yeddi”lərin bəyanatı Paşinyana ciddi xəbərdarlıqdır

25.07.19 18:12 14792
“Yeddi”lərin bəyanatı  Paşinyana ciddi xəbərdarlıqdır
Ermənistanda yeddi siyasi partiyanın ölkədəki vəziyyətlə bağlı bəyanatı siyasi dairələrdə geniş müzakirələrə yol açıb. Bəyanatda məhkəmə-hüquq sistemi ətrafında yaşananlar pislənilir - hakimiyyətin məhkəmə sistemini ələ keçirmək cəhdinə qarşı çıxılır. Xüsusi vurğulanır ki, belə hal davam edəcəyi təqdirdə, ona qarşı ən müxtəlif addımlara əl atılacaq. Paşinyan mediası dərhal belə fikir yeritməyə çalışır ki, bu partiyalar Ermənistanın siyasi palitrasında elə də ciddi rol oynamırlar. Yalnız bir siyasi qüvvədən – "Daşnaksütyun”dan başqa.
"Yeddi”lərin bəyanatı başqa bir siyasi nöqteyi-nəzərdən də maraq kəsb edir. Konkret olaraq eks-prezident Robert Koçaryanın bir neçə ay əvvəl "Röyters”ə verdiyi müsahibə nəzərdə tutulur. "1in.am” yazır ki, hələ o zaman Koçaryan bildirmişdi ki, Ermənistanda çox güclü siyasi birlik formalaşır. Bu qüvvə yeni hakimiyyətə qarşı ciddi siyasi qüvvə kimi çıxış edə biləcək. Və çox tezliklə bu qüvvəyə qoşulacaq. Nəşr yazır ki, "yeddi”lərin bəyanatı o qədər də əhəmiyyət kəsb etmir. Lakin nəzərə almaq gərəkdir ki, ona Koçaryan qoşulur, bu səbəbdən də məsələyə bu prizmadan yanaşmaq gərəkdir, diqqət mərkəzində saxlamaq gərəkdir. Çox böyük ehtimalla bu birlik yaxın gələcəkdə formata çevriləcək.
Nəşrin dərc etdiyi başqa bir materialda isə bu qüvvələr rusiyayönümlü partiyalar kimi nəzərdən keçirilir. Müəllif yazır ki, adıçəkilən bəyanatı hakimiyyətə ultimativ dildə səslənən bəyanat kimi qəbul etmək gərəkdir. Politoloq Levon Şirinyanın qənaətincə, bəyanatı imzalayan partiyaların sayı çox olsa da, təsiri ciddi deyil: "Mənim bildiyimə görə, onların əksəriyyəti rusiyapərəst qüvvələrdir. Yəni keçmişin qalıqlarıdırlar. Yalnız biri yenidir, lakin yenə də keçmişdən qalandır”. Onun fikrincə, həmin qüvvələrin təsiri ciddi olmasa da, hər halda vəziyyət hakimiyyət üçün xəbərdaredici olmalıdır: "Biz hər zaman deyirik ki, problem var və islahatları tez bir zamanda keçirmək gərəkdir. Əgər onlar belə bir anlaşılmaz siyasət yeridəcəklərsə və yalnız qışqıracaqlarsa, hər hansı bir nəticə gözləməyinə dəyməz. Nəticədə köhnələrin nüfuzu artmaqda davam edəcək”. L.Şirinyanın qənaətincə, onlar əvvəlki sistemi təmsil edən qüvvələr deyil, "atılmış güllələrdir”.
Öz növbəsində, "Siyasi iqtisadiyyat” tədqiqat istitutunun direktoru Andranik Tevanyanın sözlərinə görə, Paşinyana elə gəlir ki, o kimisə izləyir, əslində isə onun özü izlənilən şəxsə çevrilib: "O, Koçaryanın həyatı ilə yaşayır. Öz ambisiyalarının əsirinə, bir nəfərdən asılı şəxsə çevrilib”.
Eks-prezidentdən söz düşmüşkən, Nikol Paşinyan hakimiyyəti həbsdə olan Koçaryana qarşı ən repressiv tədbirləri görməkdə davam edir. "Artıq bir ildir ki, mənim hüquqlarım çox pis formada pozulur”, - deyə Koçaryan məhkəmə prosesi zamanı bəyan edib. Onun sözlərinə görə, onun ofisindən gəlirləri və əmlakı barədə sənədi müsadirə ediblər. "Bu gün Ermənistanda qüvvədə olan praktika elə sakit formada həyata keçirilir ki, təəccüblənməyə bilmirsən. Qanunu necə poza bilərsən?”. Ermənistanın keçmiş prezidenti istintaq orqanlarından ondan götürülmüş bir neçə ədəd silahın geri qaytarılmasını da tələb edib. Bu bəyanatı ölkədə konstitusiya quruluşunun devrilməsi ittihamı ilə həbs edilmiş Ermənistan dövlətinin keçmiş başçısı əmlakına qoyulmuş həbs üzrə verdiyi vəsatətə baxılan səsləndirib. Müzakirələrin gedişində Koçaryana məxsus adlı silahların onun özünə qaytarılması məsələsi qaldırılıb. Silahlar ötən il müsadirə edilib və hüquq-mühafizə orqanlarında saxlanılır. Onun sözlərinə görə, o, iki dəfə vəkillərinin iştirakı ilə silahlarının geri qaytarılmasını tələb edib:"Müstəntiq imtina etdi. Mən ona dedim ki, anlayıram, bu məsələnin həlli onun səlahiyyətində deyil. Lakin bu mənim qanuni silahımdır və onu geri qaytarmaq lazımdır. Bu silahdan 1 mart hadisələri zamanı atəş açılmayıb ki, müstəntiqlərdə hər hansı şübhə yaransın. Bunlar başqa ölkələrin rəhbərlərinin mənə bağışladığı iki tapançadır”. Koçaryanın əmlakı və bank hesablarına 2018-ci ilin iyulunda həbs qoyulub.
Onu da qeyd edək ki, Yerevan Apellyasiya Məhkəməsi bütün bunlardan sonra Ermənistanın sabiq prezidentinin lehinə qərar verib.Hakimin qərarı ilə Robert Koçaryanın şəxsi əmlakının və bank hesablarının üzərinə qoyulmuş həbs ləğv edilib. Məhkəmə iclası Ermənistanın xəbər portallarında canlı yayımla verilib. Apellyasiya Məhkəməsinin hakimi Armen Nikoqosyan baş prokurorluğun Koçaryanın əmlakı və bank hesabı üzərində həbs qərarının qüvvədə qalması barədə vəsatətini təmin etməyib. Sabiq prezident bəyan edib ki, əvvəl verilmiş qərar qanunsuzdur və onun müdafiə hüquqlarını pozur. Xatırladaq ki, mayın 18-də birinci instansiya məhkəməsinin hakimi də Koçaryanın zəmanətlə həbsdən azad olunması barədə qərar vermişdi. Bundan sonra Ermənistanın baş prokurorluğu qərara etiraz edib və iyunun 25-də sabiq dövlət başçısı yenidən həbsxanaya qaytarılıb. Ermənistanın baş prokurorluğu Koçaryanla yanaşı, konstitusiya quruluşunu dəyişdirmək cəhdi ittihamı ilə digər keçmiş vəzifəli şəxslər - baş nazirin sabiq müavini Armen Gevorqyan, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov və sabiq müdafiə naziri Seyran Ohanyanla bağlı da ittiham aktı hazırlayıb və onları məhkəməyə göndərib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər