Yeddi gözəl

Yeddi gözəl

10 May 2016, 10:39 1151

Bəhramın uşaqlığı və ilk gəncliyi Yəməndə keçir. Ona görə də o, Yəmən ulduzu ləqəbi qazanır. Simnarın tikdiyi üçrəngli Xəvərnəq qəsrində Bəhramın rənglər dünyası başlanır. Rənglər burada gözəllikləri təmsil edir. Sonra Bəhram şah yeddirəngli qəsrdə, yəni bütün gözəlliklər dünyasında özünə məskən salacaq. Gözəlliklərə meyl insani həvəsdir, lakin Nizaminin fikrincə, ali və ideal həyat deyil. Gözəlliklər və rənglər dünyasında insan özünü və insanın aliliyini, vüsətini dərk edir, lakin Allahı dərk edə bilmir. Gözəlliklər dünyası insanı Allahdan təcrid edir və Allaha çatmaq üçün insan dünyəvi gözəlliklərdən imtina etməlidir. Bu fikri Nizami poemada bir neçə dəfə vurğulayır. Birinci dəfə behiştə oxşayan Xəvərnəq dünyasının gözəlliyini seyr edən Yəmən şahı Nemanın bu gözəlliklərdən imtina etməsidir. Görəndə ki, qəsrdən ətrafı seyr edən şah bu gözəlliklərə vurulur, onun dəsturu (məşvərətçisi) şahın yadına salır ki, əgər o, Tanrını dərk edib tanıya bilsə, ürəyini bu gözəlliklərdən ayırar. Bu sözlərdən sonra Neman qəsrdən düşüb səhraya üz tutur, şahlığı oğluna tapşırıb özü zahidlik yolunu tutur. O, artıq ali hikməti dərk etmişdir. Ona görə də dünyəvi və ötəri gözəlliklər artıq onu özünə bağlaya bilmir.

İkinci dəfə bu fikir əsərin sonunda bir nəticə kimi yenə təkrarlanacaq. Bu dəfə yeddirəngli, yeddi gözəlli qəsrdə dünya gözəlləri ilə eyş-işrətdə bulunan Bəhram yeddi kümbədi tərk edib mağarada yox olacaq, nəşə yolunu din yoluna, həyat yolunu ölüm yoluna dəyişəcək. Nemanın həyat yolu Bəhram üçün bir ibrət nümunəsi kimi verilir. İstəsə də, istəməsə də Bəhram gec-tez bu yola qayıtmalıdır. Təsadüfi deyil ki, Nemanın şahlığı tərk etməsi Bəhramın Xəvərnəqə köçməsi ilə eyni vaxtda baş verir. Bəhramın gözəlliklər və nəşələr dünyasına qədəm qoyduğu gün Neman gözəlliklər və nəşələr dünyasının faniliyini dərk edib ondan imtina edir. Dünyaya aludə olmaqdan yaxa qurtaran insan Allaha məhəbbət məqamına çata bilər, çünki "din ilə dünya bir-birilə düz gəlməz” (58). Deməli, baş qəhrəmanın həyat yolu dünyadan Allaha doğru təyin olunur. Bəhram əvvəlcə dünyəvi nemətlərə sahib olmalıdır. Sonra isə onlardan imtina edib Allah yolunu tutmalıdır. Əsərdəki hadisələrin inkişafı məhz bu məntiqə əsaslanır.

Yəməndə şahzadə Bəhramın bir cəngavər və gələcək şah kimi formalaşması prosesi başlanır. O, muğlardan dərs alır, ərəb və yunan dillərini öyrənir. Münzirdən göyün sirlərini öyrənməyə başlayır. O, cəsur bir cəngavər kimi də formalaşır, ox atmaqda mahir olur, Bəhram Gur ləqəbi qazanır.

 

Nəhayət, Bəhramın əzəməti o qədər böyüdü

Ki, onun adı yerdən göyə ucaldı (61).

Bəhramın gurları dağlaması, onun bir oxla şiri və guru öldürməsi, nəhayət, əjdahanı öldürüb xəzinə tapması qəhrəmanın bir cəngavər kimi formalaşmasını göstərir. Bu səhnələrin hamısı Xəvərnəq qəsrinin divarlarında öz əksini tapır və qəsr Bəhramın şövkət və şan salnaməsinin əksinə çevrilir. Yeddi gözəlin rəsmini də Bəhram ilk dəfə Xəvərnəqin gizli otaqlarının birində görür.

 

Yeddi ulduzun hökmü beləydi ki,

Bu cahangir boya-başa çatanda

Yeddi iqlimin yeddi şah qızını

Yetim dürr kimi öz ağuşuna çəkəcəkdir (69).

Burada Bəhramın həyat yolunun vacib bir mərhələsi başa çatır. O, artıq həyata hazır və şahlıq taxtına layiq bir şəxsiyyət kimi yetişmişdir. Elə bu məqamda da Bəhramın atasının ölüm xəbəri gəlir. Yəzdikürdün ölümü Bəhramın yetkinliyi ilə bir vaxta düşür. Yəzdikürd eşidəndə ki, onun oğlu "sərpəncəli bir şirtutan olub”, "öz ölümünü onun yaşamasında gördü” (71). Yəmən şahı Bəhrama da öz xəzinəsini və taxtını vermişdi. Lakin bu şahlıq ona hədiyyə kimi çatmışdı. İran şahlığının taxtına isə o, bir varis kimi sahib olmaq istəyir.

Bəhramın İrana hərbi səfəri təsvir olunan hissənin əvvəlindəki giriş və "Sözün başlanğıcı” adlı fəsil onu göstərir ki, qəhrəmanın həyatının yeni dövrü - şahlıq dövrü başlanır. Ömrünün iyirmi iki yaşında Bəhram iki şir arasından tac götürüb İran şahlığının taxtına əyləşir. Bəhram Gur Bəhram şah olur. Möbidlər Bəhrama "cahanın şahı”, xosrovlar isə "şahlar şahı” dedilər. Burada Bəhram özünün ədalət nitqini söyləyir:

 

İnsaf rəsmini dünyaya yaydı,

Ədalətin başını göylərə ucaltdı (90).

Ölkədə bolluq yarandı, "qısır inəklər doğar oldu”, "ağaclar meyvələrlə barlandı”, "dirhəmin sikkəsi möhkəmləndi”. Məmləkət qayğıları ilə yanaşı Bəhram özünü də unutmur, dünyanın etibarsız və ömrün faniliyini bilərək eyş-işrətdən də uzaq qaçmır. Bəhram həftədə bir gün şahlıq vəzifəsilə məşğul olur, "qalan altı günü isə eşqbazlıq edirdi” (91). "Eşqi olmayan kəsin canı da yoxdur” (91). Bəhram "ədalət göstərib şadlıq edirdi” (91). Bəhram şahın ədalətini şair quraqlıq ilinin təsvirində göstərmişdir. Quraqlıq nəticəsində ölkəni qıtlıq bürüyür. Adamlar "gah adam yeyirlər, gah da murdar” (92). Bu vəziyyəti görən şah anbarların ağzını açdırıb xalqa taxıl payladır. Acından yalnız bir nəfər adam ölür. Bunu eşidən şah günahkar kimi Allaha yalvarıb üzr istəyir. Allah onun səsini eşidib Bəhramın ölkəsindən dörd il ölümü uzaq eyləyir. Əhali o qədər artır ki, evlər evlərə söykənir. Reydən İsfahana damların üstü ilə getmək olur. "Hamı şərab alır, qılınc satırdı” (94).

Bu məqamda şair Fitnə əhvalatını təsvir edir. Ədalətli şahın ədalətsiz hərəkəti. Əhvalat ədalətin bərpası və şahın Fitnəylə evlənməsi ilə nəticələnir.

Çin xaqanının Bəhramın üzərinə qoşun yeritməsi və Bəhramın qələbəsi onu göstərir ki, şah həm kef etməyi, həm də vuruşmağı və ölkəsini müdafiə etməyi bacarır. Bir əlində qədəh tutan şah, o biri əlində qılınc tutur. Deməli, Bəhram özünü aqil bir insan, ədalətli bir şah kimi təsdiq etmiş olur. O, yeddi iqlim padşahının qızını alır. Burada Bəhram şahlıq zirvəsinə çatır.

Bəhramın həyatında yeni dövr başlanır. Tənqidi və elmi ədəbiyyatda bu dövr Bəhramın tərkidünyalığı kimi, şahlıq qayğılarının nəşəyə qurban verilməsi kimi izah olunur. Bəhramı eyş-işrət düşkünü adlandıranlar da olur. Başı eyş-işrətə qarışmış şahın faciəsi. Yəqin ki, burada başqa bir gizli hikmət də vardır. Yoxsa Nizami eyş-işrət kimi bəsit bir məsələyə bu qədər yer ayırmazdı.

Yeddi müqəddəs rəqəm sayılır. Allah dünyanı yeddi günə yaradıb. Dünya yeddi peykərdən (qatdan) ibarət yaradılıb. Yeddi sayı dünyanın həm zaman, həm də məkan sonsuzluğunun rəmzi ifadəsidir. Poemanın yeddi hikmətli rəvayət üzərində qurulması təsadüfi deyildir. Bu yerlərin göylərə nisbəti, insanın Allaha can atması, daha doğrusu, insanın allahlıq iddiasıdır. Bəhramın yeddi kümbədi Allahın yeddi peykəri ilə rəqabət deməkdir. Şah öz yerdəki həyatını göylər şövkətinə yaxınlaşdırmaq istəyir, yerləri göylərə qaldırmaq iddiasına qapılır. Yeddi peykərin timsalı olan yeddi kümbədin tikilməsi də bunu sübut edir. Şidənin yerdə yaratdığı gözəllik xilqətin gözəlliyilə rəqabətə girir. Yeddi gün zaman sonsuzluğunun - əbədiyyətin, yeddi rəng bütün dünya gözəlliklərinin, yeddi gözəl isə bütün dünya nəşələrinin rəmzidir. Bəhramın şəxsində Nizami insanın sonsuzluğa, əbədiyyətə can atmasını göstərir. Bu da iddiadan başqa bir şey ola bilməz. Bəhramın günahı eyş-işrəti sevməkdə, eyş-işrətə aludə olmaqda deyil, bəlkə də dünyəvi nəşələri ilahi nəşədən, dünyəvi gözəllikləri ilahi gözəlliklərdən, dünyəvi eşqi isə ilahi eşqdən üstün tutmasındadır. Bəhram yerdə özü üçün bir kainat yaradır, Allahın yaratdığı kainatdan təcrid olunur. Bəhram haqqı-ədaləti onda tapacaq ki, Şidənin yaratdığı bu yeddi peykərli, yeddi rəngli dünyanı tərk edib Allahın yaratdığı dünyaya qayıdacaq, o dünyanı bütün sevinci və kədəri, ağrı və acıları ilə qəbul edəcək, bununla da təcriddən yaxa qurtaracaq.

Təsadüfi deyil ki, Bəhramın yeddi kümbədə köçməsi qışın əvvəlinə təsadüf edir. Şair lap dəqiqliyi ilə göstərir ki, qışın əvvəlinci günü idi. Bülbülsüz bağda qarğa qalmışdı. Gül əvəzinə tikan vardı. Lakin şahın sarayında dörd fəsil cəm olmuşdu. Uddan ocaq qalanmışdı – "nəşəyə dayaq olan ocaq”. Sanki "zərdüştlərin qırmızı kükürdüydü [atəşiydi]” (91). Bu ocaqda qan rəngi vardı – sanki "qaynamaqdan laxtalanmış qan idi” (119). Burada qırmızı rəng hökm sürür. Bu atəş həm də Bəhramın vücudunda qaynayan ehtirasları ifadə edir. Əks təqdirdə şair qış fəsli Bəhram sarayında yanan ocağın təsvirinə bu qədər bənzətmə axtarmazdı: "innab rənginə boyanmış fındıq”, "civəsi döyülmüş şənkərf (qıpqırmızı)”, "içi nar gilələri ilə doldurulmuş” "qırmızı alma”, "qırla boyanmış kəhrəba”, "müşkdən niqab örtmüş günəş”, "nur parçalarıyla boğulan zülmət”, "hüri zülfündə bitən lalə”, "əsli rumlu olan türk”, "Yunisin məşəli”, "Kəlimin çırağı”, "İsanın məclisi”, "İbrahimin bağı”, "müşk rəngli kömür”, "zülmətdə yaqut mədəni”, "qara əjdaha altında qızıl xəzinəsi”, "istilikdən-cəhənnəm, işığından cənnət” və s.

Bəhramın məclisində Simnarın şagirdi Şidə də vardı. O, şaha müraciət edərək deyir ki, ulduzların dilini bilir və şah icazə versə "bəd nəzəri onun diyarından uzaq edərəm” (122), "Uca göylərdən nisbət götürərəm / Ki, ondan şaha ziyan dəyməsin” (122). Yeddi kümbədin tikilməsi ilə sanki göylərin nisbəti yerdə qurulur və Bəhram şahın cəlalı göylərin cəlalı ilə bəhsə girir. Şidə öz yeddi kümbədi ilə yerdə bir tilsim qurur və Bəhramı yeddi fələyin felindən qorumaq istəyir. Şidə öz məqsədini şaha söylədikdə Bəhram ondan soruşur:

 

Axırda ölüm bir zəruri [həqiqətdirsə],

Bu qədər əziyyəti neçin çəkməli? (123).

Şah həyatın son məqsədini dərk etməyə çalışır. Əgər ölüm haqdırsa, onda eyş-işrətin nə mənası var? Bəhramın suallarına Şidə cavab verə bilmir. Lakin şair özü belə düşünür ki, ölümün labüdlüyü qarşısında dünyadan əl çəkməkdənsə, nəşəylə yaşamaq daha yaxşıdır. M.Ə.Rəsulzadə haqlı olaraq qeyd edir ki, "fəlsəfi düşüncələrində fərdi həyatın keçici olduğunu daim irəli sürməklə yanaşı, Nizami dünyanın kədər və qəm üçün deyil, sevinc və nəşə üçün yarandığına əmindir. Dünyanın faniliyini insanı insana qarşı pis əməllərdən çəkindirmək üçün tez-tez qeyd edən filosof Nizami bir şair kimi həyatın tərənnümçüsüdür. Yaşamaq, gözəllik, nəşə və sevinc içində yaşamaq Nizaminin ən çox sevdiyi nemətdir”.

Beləliklə, yeddi rəngli, yeddi kümbədli, yeddi gözəlli behiştə bənzər bir qəsr, bir dünya yaranır. Keyvan nisbətdə olan kümbəd qara, Müştəri mayalı kümbəd səndəl, Mərrix timsallı kümbəd qırmızı, Günəşdən xəbər verən kümbəd sarı, Zöhrə zinətli kümbəd ağ, öz ruzisini Utariddən alan kümbəd firuzə, Aya yol tapmış kümbəd isə yaşıl rəngdə idi. Dünya timsallı bu xanimanla Bəhramın şahlıq əzəmətini göstərməklə yanaşı şair elə buradaca qeyd edir ki:

 

Hərçənd ki, Bəhram belə hasar yüksəltdi,

Lakin axırda əcəldən canını qurtara bilmədi (126).

Kümbədlərdə nəşəyə dalan Bəhramı bir əhli-kef, bir tərki-dünya kimi təsəvvür etmək düzgün olmazdı. Düzdür, o, nəşədən uzaq qaçmır. Lakin Bəhramın dünya gözəlləri ilə keçirdiyi gecələr həm də hikmət gecələridir, çünki hər bir gözəl dərin hikmətli bir rəvayət danışır və çox güman ki, bu hikmətlər Bəhram ruhundan yan keçmir, onun qəlbində dərin iz buraxır.

Şənbə günü qara kümbəddə hind qızı qara libaslılar ölkəsi haqqında rəvayət söyləyir. Bu ölkənin adamlarının hamısı qara geyimdədirlər, sanki nəyinsə, kiminsə yasını saxlayırlar. Bu sirri açmaq istəyilə ora yollanan gənc şah cənnət kimi bir yerə düşür, orada nəşə içində otuz gün yaşayır, lakin bir gün də dözüb əbədi nəşəyə çatmaq əvəzinə səbirsizlik göstərib cənnətməkanı əbədi itirir və o da qara libas geyməli olur. Bu rəvayətin hikməti səbir və qane olmağın hikmətidir. Elə bəşəriyyətin özü də Adəm ata ilə Həvva ananın səbirsizliyi ucundan cənnəti itirmədimi? Qara libaslılar diyarı cənnəti görüb və onu itirənlərin hüznlü və əbədi yasıdır. Şair burada qara rəngin tərifini verir: qara saç cavanlarda olur, göz dünyanı öz qarasıyla görür, qaraya çirk yapışmır. Qaranın da öz hikməti var.

Yekşənbə günü Bəhram sarı kümbəddə Rum qeysərinin qızı ilə görüşür. O, Bəhrama kənizsatan şahın əhvalatını danışır. Evlənmək istəməyən şahla ərə getmək istəməyən kəniz bir-birini sevir və nəhayət, evlənirlər. Onların səadəti o vaxt mümkün olur ki, hər ikisi heç şeyi gizlətmədən tək yaşamalarının səbəbini bir-birinə danışır. Bu rəvayətin hikməti səmimiyyət hikmətidir. Axıracan səmimi olmaq isə çox çətindir. Süleymanla Bilqeys tam səmimiyyətlə öz sirlərini bir-birinə etiraf edəndən sonra onların iflic vurmuş oğlu sağalmışdı. Şahı da səmimiyyət səadətə çatdırır. Şənlik sarıdadır, şadlıq gətirən zəfəran da sarıdır, şamın işığı, Musanın öküzü, nəhayət, qızıl da sarıdır. Sarı səadət rəmzidir. Onun qəlbdəki oxşarı səmimiyyət hissidir. Bəhram bu hissin də hikmətini dərk etmiş olur.

Məmməd QOCAYEV