Yazır, paylaşır, inanır və inandırırlar
Ekspertlər hesab edirlər ki, "feyk” xəbərin həqiqi
xəbərdən ayırd edilməsi üçün informasiya mühiti zənginləşməli, alternativ
informasiyalar əlçatan olmalıdır
İnsanlar
internetdə yayılan müxtəlif cəfəng xəbərlərə asanlıqla inanırlar. Xüsusən, o xəbərlər
günümüzə uyğun təhlükəli koronavirus haqqındadırsa, onu daha tez tirajlayırlar.
Nəticədə sosial media platformaları, bir çox hallarda elektron media pandemiya
infeksiyası haqqında yalan xəbərlərlə aşıb-daşır.Hazırda
bütün dünya karantin qaydaları ilə yaşayır, internet də hamı üçün əsas
informasiya mənbəyinə çevrilib. Cəmiyyət koronavirus haqqında bu cür şayiələrin
arxasınca gedərək, onlara təkcə inanmır, hətta həvəslə paylaşır. Hərçənd rəsmi
orqanlar tərəfindən «yalnız rəsmi mənbələrə inanın, onları paylaşın və istinad
edin» deyilsə də, xeyri yoxdur... Bəs "feyk” xəbərlərə qarşı necə mübarizə
aparmaq olar?
Təəssüf
ki, bu gün koronavirusla bağlı təkcə ölkəmizin deyil, dünyanın internet mənzərəsi
oxşardır. Məsələn, Rusiyada qeyd edirlər ki, "feyk” xəbərlər şəbəkədə hələ
martda yayılmağa başlayıb. Belə ki, sosial şəbəkələrdə rəsmi mənbələrin vacib xəbərlərinə
"feyk” xəbərlərdən daha az rast gəlinir. Sanitar işlərlə, xəstələnənlərin sayı,
ölümü, dezinfeksiya məsələləri ilə bağlı
saxta məlumatlar geniş tirajlanır. Adamlarda sanki "evin içində gizlənmək
lazımdır” kimi xof yaradırlar. Virusun Çin alimləri və ABŞ Xüsusi Xidmət
Orqanları tərəfindən bioloji silah kimi hazırlanması, dünya iqtisadiyyatını
çökdürməyə hesablanması, dinlərə qarşı mübarizə aparılması və s. məqsədlərlə
istifadə olunması ilə bağlı xəbərlərdən tutmuş "Mikrosoft” şirkətinin
yaradıcısı Bill Qeytsin insan orqanizminə çip yerləşdirilməsi ilə bağlı xəbərlərə
qədər...
Böyük
Britaniyada konsiroloji nəzəriyyə 5G-yə keçidin infeksiyanın yayılmasını genişləndirməsi
ilə əlaqədardır. Yerli insanlar da qəzəblə hər an telekommunikasiyanı məhv etməyə
hazırdırlar. Mobil operatorlar insanlara müraciət edərək onları düşünülməmiş səhvlər
etməməyə çağırıblar: «Bu cür etirazlar təkcə əsassız deyil, eyni zamanda
insanlar və biznes üçün təhlükəlidir». "Facebook” və "YouTube” onların köməyinə
gələrək yayılmış saxta informasiyaları blok etməkdə kömək edib.
Digər tərəfdən,
"feyk” xəbərlərə qarşı mübarizəni uzun illərdir ki, bütün dünya aparır. 2019-u
ilin aprelində Britaniya hökuməti bununla bağlı hökumətə ölçülər götürməyi
tapşırdı. Belə ki, istifadəçilərin arzu olunmayan kontentlərdən – uşaq pornoqrafiyası,
zorakılığın təsviri və s. mövzulardan uzaq olmaları, dezinformasiya ilə yüklənməmələri
üçün təkliflər səsləndirdi. O cümlədən, Çin hökuməti də mart ayından başlayaraq
şəbəkələrdə yayılan şayiələrə qarşı ölçülər götürməyə başladı. Bu xəbərləri
yayanlar cərimə olundular, həbsxana barmaqlıqları arasına düşdülər. Eyni
zamanda, İran, Səudiyyə Ərəbistanı, Misir, Türkiyə, Balkan yarımadası ölkələrində
də vətəndaşların yalanlarını qanunvericiliklə
məhdudlaşdırma yollarına əl atıldı. Hətta yalan informasiyaların
yayılmasından şikayətlənməyən bəzi Qərb ölkələri də bu istiqamətdə qərarlar qəbul
etməyi düşündülər. «Dialoq” analitik xidmətinin rəhbəri Timorfey Vi qeyd edir
ki, hələlik, bütün ölkələr "feyk” xəbərin yaranması və yayılmasına görə cəza tədbirlərinin tətbiqi üçün eyni istiqamətdə hərəkət edirlər:
"Bu tip xəbərlər virusun özündən də təhlükəlidir. Bu baxımdan, saxtalıqla
mübarizəni birgə aparmaq lazımdır. Təəssüf ki, insanlar müxtəlif cəfəng xəbərlərə
çox asanlıqla inanırlar. Onlar xəbəri dəqiqləşdirmədən paylaşırlar”. Təşkilatın
əməkdaşları koronavirus haqqında "feyk” yeniliklərin monitorinqini aparırlar. Təşkilat
rəhbərinin sözlərinə görə, heç bir ölçü öz-özlüyündə effektli deyil: "Cərimələr
- lazımlı tədbirdir, ancaq məsələnin həlli üçün kifayət deyil”.
Mayın
1-də "Rossiya-24”
kanalının «Beseqon» müəllif proqramında Nikita Mixalkov «Mikrosoft» şirkətinin
yaradıcısı Bill Qeysin dünya əhalisinin sayını azaltmaqdan ötrü insanlara çip
yerləşdirmək haqqında planlarından danışıb. Mixalkov öz fikirlərini əsaslandırmaq
üçün kampaniyanın hansısa patentlərini də nümayiş etdirib. Telekanal buraxılışın təkrarı zamanı verilişdə müəyyən
ixtisarlar edib. Mixalkov isə bunu senzuranın yaranması ilə əlaqələndirib. Bir
qədər keçəndən sonra bu konspiroloji nəzəriyyə ilə bağlı aparıcı Aleksey
Pimanov «İnsan və qanun» jurnalında çıxış edib. Elə həmin həftə baş prokurorluq
koronavirusa qarşı mübarizə qismində bəşəriyyətin cipləşdirilməsini, virusun
süni təbiəti haqqında söylənənləri "feyk” xəbər adlandırıb. Mayın 7-də isə
Moskva prokurorluğu bu cür informasiyaların yayılmasına qarşı cinayət işi qaldırılmasını
tələb edib.
Britaniya
hökuməti "feyk” xəbərlərlə mübarizəyə dəstək olaraq üzərinə ciddi vəzifə
götürüb. Belə ki, hökumət keçən il yeni sərt müdafiə tədbirləri elan edib və
ölkənin onlayn ünsiyyət üçün dünyada ən təhlükəsiz yer elan olunması çağırışlarını
səsləndirib. Hazırda sosial şəbəkələr və digər onlayn platformalar istifadəçilərin
qarşısına xoşagəlməz mövzulardan qorunmaq üçün böyük cərimələr və bloklanma təhlükəsi
qoyur. Hər bir şirkət də öz əməkdaşları qarşısında bu baxımdan məsuliyyət daşıyır.
«İnternet, ola bilər ki, bütün dünyada insanların əlaqəsi üçün möhtəşəm vasitədir,
ancaq uzun müddətdir ki, şirkətlər istifadəçilərin müdafiəsi üçün kifayət qədər
lazım olanları yerinə yetirmirlər. Xüsusən, gənclər və uşaqlar üçün bu, vacib
amillərdir”- deyə ölkə parlamentində səslənib: "COVİD-19 pandemiya elan
olunandan oxşar xəbərlər bizim sosial platformaların əsas xəbərlərinə çevrilib.
Mövzu ilə bağlı insanlar heç bir xəbəri diqqətdən kənarda qoymurlar. Yazır,
paylaşır, inanır və inandırırlar. "Feyk” xəbərlərin yayılmasına bu qədər meydan
vermək olmaz”.
Qeyd edək
ki, bizim ölkədə sosial şəbəkələrdə, bəzi mətbu orqanlarda koronavirus
infeksiyası ilə bağlı müxtəlif xəbərlər yayılır, bir çox hallarda rəsmi mənbələrə
istinad edilmir. Təbii ki, bu cür xəbərlər insanlar arasında çaşqınlıq
yaradır. Ən pisi isə onların doğru xəbəri
qoyub yalan məlumatlara inanmalarıdır. Ekspertlər hesab edir ki, yalan məlumatların qarşısını
almaq üçün məlumatın əlçatanlığından və açıqlığından istifadə etmək, auditoriyaya
"feyk” xəbəri necə ayırd etməyi öyrətmək lazımdır.
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti
Osman Gündüzün fikrincə,
"feyk” xəbər bütün zamanlarda olub və gələcəkdə də olacaq. Sadəcə, oxucular gərək
diqqətli olub "feyk” xəbəri həqiqi xəbərdən ayırmağı bacarsınlar: "Bunun üçün də
gərək ilk növbədə həqiqi xəbərin özü tapılsın. Hesab edirəm ki, həqiqi xəbərin
olması üçün informasiya mühiti zənginləşməli, alternativ informasiyalar əlçatan
olmalıdır. İlk növbədə rəsmi informasiyalar vaxtında verilməlidir ki, saxta xəbər ayırd edilsin. Digər tərəfdən,
qısa bir araşdırma aparıb xəbərin "feyk” olmasını təxmin etmək olar. Məsələn,
hansı resursda yayılır,” google”da axtarış etməklə mənbələrini axtarmaq olar və
s. İndi hər bir adamın əlinin altında
internetə çıxışı olan əlçatan alətlər var. Xəbəri dəqiqləşdirmək üçün əziyyət çəksə,
bu alətlər vasitəsilə xəbərin həqiqiliyini ayırd edər». AİF rəhbəri hesab edir
ki, "feyk” xəbərlərin yayılmasının qarşısını almaq üçün aidiyyəti qurumlar ölkə
qanunvericiliyinə görə, saxta xəbərin məsuliyyət yaratması ilə bağlı araşdırma
aparıb müəyyən tədbirlər görə bilərlər: «Düşünmürəm ki, bu məsələdə maarifləndirmə
tədbirlərinin hər hansı rolu olsun. Oxucuların sayı kütləvidir, o cümlədən
sosial media da kütləvidir. Xəbəri dəqiqləşdirmək üçün oxucunun özündən çox şey
asılıdır. İnternet, sosial media açıq şəbəkədir. Bu məkanda yalan da ola bilər,
doğru da. Bu baxımdan, oxucu özü bir qədər hazırlıqlı olmalıdır ki, yalanı
doğrudan ayıra bilsin. Həmçinin xəbəri yayanın öz məsuliyyəti olmalıdır».
İnformasiya texnologiyaları üzrə ekspert Cəlil
Qasımbəyli də
hesab edir ki, "feyk” xəbərlər, istər-istəməz yayılacaq: "Oxucular daha çox rəsmi
mənbələrə istinad etməlidirlər. Onlar koronavirusla bağlı internet üzərində hər
gördükləri məlumata inanmamalı və rəsmi mənbələrin məlumatını əldə etməlidirlər”.
Ekspertin sözlərinə görə, bütün dünya ölkələrində koronavirusla bağlı rəsmi məlumat
mənbəyi var: "Xəbərlərin nə dərəcədə doğru və yalan olmasını insanlar özləri dəqiqləşdirməlidirlər.
Əgər hər hansı müstəqil media qurumunda istinad mənbəyi göstərilmədən xəbəri
oxuyarlarsa, həmin məlumata etibar etməməlidirlər”. C.Qasınbəylinin fikrincə,
"feyk” xəbərləri yayanlarla bağlı hüquq-mühafizə orqanları qərar verməlidirlər:
"Bununla bağlı bizim yalnız təklifimiz ola bilər. Hər hansı cəza tədbirlərinin
görülməsi – cərimə, inzibati cəzalar, xəbərdarlıq, töhmət və s. tədbirlər artıq
hüquq-mühafizə orqanlarının işidir”.
Təranə Məhərrəmova