• cümə axşamı, 28 mart, 14:04
  • Baku Bakı 16°C

Yazın xəstəlik və artıq çəki problemi

04.04.15 06:52 1810
Yazın xəstəlik və artıq çəki problemi
Yaz fəsli gəlişi ilə təbiətə gözəllik bəxş etsə də, sağlamlığımız üçün müəyyən problemlər də yarada bilir. Ona görə yazın gəlişi zamanı mütəxəssislər hər zaman ehtiyatlı davranmağı məsləhət görürlər. Geyimi düzgün seçməyin, sağlam qidalanma qaydalarına riayət etməyin vacib olduğunu bildirirlər. Bunlara əməl edilmədikdə isə sağlamlıqla bağlı müəyyən problemlər yaranır.
İmmun sisteminin zəif olduğu fəsildə edilən daha bir yanlış isə internetdə yerləşdirilən pəhriz reseptlərindən necə gəldi istifadə etməkdir. Belə ki, fəslin gəlişi ilə qış geyimlərindən çıxan zaman artıq kilolardan əziyyət çəkənlər arıqlamaq istəyirlər. Bunun üçün isə peşəkarlarla məsləhətləşmədən internetdə yerləşdirilən pəhriz respetlərindən istifadə edirlər. İmmun sisteminin çox zəif olduğu fəsildə kor-koranə pəhrizlə arıqlamaq isə sonradan sağlamlıq üçün bir çox fəsadlar törədir. Həkim-terapevt Məlahət Abbasova qəzetimizə açıqlamasında bildirdi ki, yaz fəsli xroniki xəstəliklərin aktivləşdiyi dövrdür: “Xroniki xəstəliləri olan insanlarda problem fəslin gəlişi ilə daha da aktivləşir. İlk növbədə problem temperaturun dəyişməsi ilə əlaqədar olaraq yaranır. Çünki temperatur yavaş-yavaş istiləşməyə doğru gedir. Yazın havasını nəzərə almadan nazik geyimlərdən istifadə olunması bədəni soyuqladır. Bu da bədənin immun sisteminin yaz aylarında zəifləməsi ilə bağlıdır. Yazın gəlişi ilə qrip epidemiyası tüğyan edir. Bu da temperaturun kəskin dəyişməsi və bədənin buna dözməməsi ilə əlaqədardır. Hər bir orqanizm bu fəsil dəyişkənliyinə öyrəşə bilmir. Bu hamının qrip ola biləcəyi anlamına gəlməməlidir. İmmuniteti güclü olan orqanizmlər bu xəstəliklə üzləşmir”.
Həkimin sözlərinə görə, xroniki xəstəlikləri olan və immun sistemləri zəif insanlar orqanizmlərini fəslin gəlişinə öncədən hazırlamalıdırlar: “Xroniki xəstəliyi olan insanlar yazın gəlməsi ilə əlaqədar bir kurs müalicə etdirsələr yaxşıdır. İmmun sistemi zəif insanlar meyvələrin şirələrini içsinlər, həkimin məsləhəti ilə bir-iki kurs vitamin-terapiya qəbul etsinlər. Süni şəkildə vitamin qəbul etmək qış aylarında normaldır. Sağlamlığa pis təsir etmir. Amma yayda bunu etmək düzgün deyil. Çünki yayda yetişən giləmeyvələrin tərkibində elə mikroelementlər var ki, insanın həm immun, həm sinir, həm də əzələ sistemini möhkəmləndirir. Buna görə yayda süni vitaminlərə ehtiyac duyulmur. Qışda isə həkim məsləhəti ilə bundan istifadə etmək olar”.
Dietoloq Leyla Zülfüqarova isə bildirdi ki, sağlam orqanizmə sahib olmaq üçün hər mövsümün özünəməxsus bəslənmə proqramına riayət etmək lazımdır. Yazda isə buna daha çox riayət edilməlidir. Çünki yazın gəlişi ilə təbiətdə bir oyanış varsa, daxilimizdə bu dəyişiklik ikiqat hiss olunur: “Orqanizmin vitaminlərə olan tələbatı ikiqat artır. Daha çox suda həll olan vitaminlərə qarşı tələbat çoxalır. Bu tələbatı təmin etmək üçün həmin dozanı özündə saxlayan qidalara üstünlük verilməlidir. Qışdan fərqli olaraq bu fəsildə çiy tərəvəzli salatlar daha çox üstünlük təşkil edir. Günün birinci və ikinci yarısında belə çiy tərəvəzli salatlar aktualdır. Süd məhsullarından isə bütün mövsümlərdə istifadə zəruridir. Yaz aylarında orqanizmin həm də minerallara tələbatı artır. Bu fəsildə mənşəyi məlum olmayan baş ağrıları və depressiyaya bənzər halların olması bahar sindromundan xəbər verir. Belə hallarda orqanizmi vitamin və minerallarla təmin etməliyik. Bu baxımdan da minerallarla zəngin süd məhsullarını, mövsümün diktə etdiyi meyvələri qəbul etməliyik”.
Dietoloq orqanizmin zəif olduğu yaz aylarında yanlış pəhriz reseptlərindən uzaq durmağı məsləhət görür: “Yaz mövsümü gələndə arıqlamaqla bağlı stereotiplər yalnız bizdə formalaşıb. Çünki sağlamlığı deyil, görünüşü düşünürük. Biz qışda müəyyən qədər kilolar qazanırıqsa, bu da sağlamlığımıza ziyan vurmaq deməkdir. Ona görə də problemi qış aylarında həll etmək lazımdır. Yazla bağlı arıqlamaq istəyənlər üçün şad xəbər də var. Qışda melotonin (yuxu hormonu) artdıqca insanı tənbəlləşdirir. Aldığımız kalorini xərcləmək imkanı məhdud olur. İkinci tərəfdən də melotonin hormonunun çox olması bizə mane olur. Yaz gələndə isə gündüzün uzanıb, gecənin qısalması ilə əlaqədar melotoninin miqdarı azalır. Bu zaman isə serotonin (xoşbəxtlik hormonu) çoxalır. Bu hormon insanların əhval-ruhiyyəsində özünü daha çox göstərir. Bu baxımdan da insanlar fizioloji olaraq qışda topladıqları yağları bir şəkildə təbiətin köməyi ilə yazda əridə bilirlər. İkinci istiqamət isə insanların sağlıqlı qidalanma proqramlarından istifadə etmələridir. İşlənmiş, süni qidalardan uzaq durarlarsa, yaz aylarının tələbatına uyğun orqanizmi maye ilə təmin edərlərsə, aldıqları artıq çəkini təbii şəkildə əridə bilərlər. Bundan ötrü hər hansı bir proqram düşünməyə də ehtiyac qalmaz. Gözlə görünəcək dərəcədə kiloların itdiyini müşahidə etmək olar”.
Dietoloq arıqlamaq üçün çörəkdən tamamilə imtina edənlər haqda da danışdı. Bildirdi ki, bu, doğru bildiyimiz səhvlərin içərisindədir: “İnsanlar çörəyin çox kalori verdiyini düşünürlər. Ona görə də çörəkdən tamamilə imtina etməklə arıqlaya biləcəklərini fikirləşirlər. Əslində isə belə deyil. Çörəyin sağlıqlı və sağlıqsız qrupu var. Sağlıqsız qrupa daxil olan çörəklərdən uzaq durmağı təklif edirik. Bu isə ağ undan bişirilən çörək və digər məhsullardır. Sağlıqlı çörəyin isə gündəlik istifadə dozası var. Orqanizm sağlıqlı, taxıldan ibarət qidanı gözləyir. Çünki buna tələbatı var. Bəzən sağlıqlı deyəndə qara çörəyi nəzərdə tuturlar. Çörək qara olmaya da bilər. Amma tərkibi tam taxıldan ibarət olmalıdır. Çörəyin sağlıqlı qrupu da daha çox günün birinci yarısında qəbul olunmalıdır”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər