Yazın oğlan çağında qış sazağı
Builki yaz
fəsli adət etdiyimizdən bir qədər fərqli keçdi. Artıq yazın ikinci ayında
üçüncü ongünlüyü yaşasaq da, havalar isinmək bilmir. Elə mütəxəssislər də belə
hava şəraitinin aprel ayı üçün səciyyəvi olmadığını və son 30 ildə Azərbaycanda müşahidə
edilmədiyini qeyd edirlər. Bəs görəsən yaz yox, daha çox qışı xatırladan belə hava
şəraiti kənd təsərrüfatı sahəsinə hansı təsir göstərəcək? Təsərrüfata dəyən
ziyanın qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlibildirdi ki, bu məsələ regionlarda istehsalçılar arasında ajiotaja səbəb olub:
"Sosial şəbəkələrdə də bu haqda müxtəlif fikirlər səsləndirilsə də, qeyd edim
ki, fikirlər heç də həqiqəti əks etdirmir. Çünki hazırda regionlarda temperatur
5 dərəcədən aşağı deyil. Əgər temperatur mənfi dərəcəyə düşsəydi, bəzi
problemlərə səbəb ola bilərdi. Soyuq havaların meyvəçiliyə təsirinə gəldikdə,
deyə bilərəm ki, yağışlar ağaclardakı zərərvericilərin hərəkətini yubatdı və
eyni zamanda ağacların kök sisteminin
yuyulmasına kömək etdi. Amma çəyirdəkli meyvələrin inkişafına müəyyən qədər
mənfi təsir göstərdi, xüsusən tozlanma
prosesi bir-iki həftə ləngidi. Meyvəçilikdə çox rast gəlinən dəmgin xəstəliyi
regionlarda geniş yayılıb. Bu xəstəlik, adətən, torpaqdakı nəmişlikdən ağaca
keçir və genişlənir. Ona görə də, fermerlər yaxşı olardı ki, temperatur
yüksəldikdən sonra bu xəstəliyə mütləq nəzarət etsinlər. Xəstəliklə mübarizə
tədbirlərinin aparılması vacib şərtdir. Çünki temperaturun aşağı düşməsi bu
xəstəliyin yayılma arealını genişləndirə bilər. Havaların soyuq keçməsinin
meyvəçiliyə bundan başqa ciddi təsiri yoxdur. Çəyirdəkli meyvələrdən yalnız
əriyin məhsuldarlığı azala bilər. Çünki ərik çəyirdəkli meyvələr arasında ən
tez çiçəkləyən ağacdır. Bu havalar onun çiçəkləmə prosesinə mənfi təsir göstərə
bilər. Gilas ağacları isə hələ ki, çiçəkləmədiyinə görə, soyuq havaların mənfi
təsiri olmayacaq. Taxılçılığa gəldikdə isə hər il Azərbaycanda 960 min hektar
taxıl və taxıl məhsulları əkilir. Bunun təqribən 60-70 faizi dəmyə ərazilərdə əkilir.
Bu mənada havaların yağmurlu keçməsinin taxılçılığa böyük faydası var. Çünki
torpaqda su ehtiyatı toplanır. Lakin temperatur yüksəldikdən sonra alaqların kütləvi
inkişafı olur. Fermerlər bu amili mütləq
nəzərə almalıdırlar. Bu ərəfədə birləpəli və ikiləpəli alaqlar sürətlə inkişaf
etməyə başlayır. Fermerlər bu prosesə hazır olmalıdır. Çünki alaqlara qarşı
mübarizə tədbirlərinin aparılması mütləqdir. Bu məsələ isə müəyyən maliyyə
vəsaiti tələb edir. Təsərrüfatda əsas yer tutan üzümçülüyə gəldikdə isə
hal-hazırda üzümçülükdə zoğ inkişafı dövrüdür. Yəni soyuq havaların üzümçülüyə
mənfi təsiri yoxdur. Amma üzümçülükdə ən ciddi xəstəlik olan immodium xəstəliyi
belə havalarda artır. Məsləhətdir ki, temperatur düzəldikdən sonra immodium xəstəliyinə
qarşı müvafiq tədbirlər görülsün”.
Ekspert
bildirdi ki, açıq sahədə tərəvəzçilik üçün yağmurlu havaların faydası var: "Çünki
şitillər artıq sahəyə köçürülüb. Bu yağıntıların düşməsi şitillər üçün əlavə su
ehtiyatı yaradır. Lakin yazlıq əkinin səpinində bir-iki həftəlik gecikmələr
müşahidə olunur. Xüsusən pambıq və qarğıdalı səpini iki həftəyə yaxın gecikdi.
Proqnozlara görə, havanın temperaturu bu gündən etibarən yüksələcək. Amma
dərhal əkin işlərinə başlamaq mümkün deyil. Çünki sahələrdən suyun çəkilməsini
gözləmək lazımdır. Texnikanın hərəkəti rahat olmur. Torpaq adamları
çalışmalıdır ki, optimal vaxtda pambıq və qarğıdalı əkinini həyata keçirsinlər.
Ümumilikdə götürdükdə, yağıntılar qar və yağışla müşahidə olundu, yəni doluya
çevrilmədi. Həmçinin respublikada mənfi
temperatur müşahidə olunmadı. Yağmurlu havalar müəyyən problemlərə yol açsa da,
böyük risklər formalaşdırmadı. Havanın təsərrüfata vurduğu ziyanın qarşısının
alınması üçün müxtəlif tədbirləri həyata
keçirilə bilər. Məsələn, meyvəçilikdə fermerlər xüsusi tərkibli dərmanların
istifadəsinə fikir verməlidir. Dəmgin xəstəliyinə qarşı istifadə olunan dərmanlar
birdəfəyə öz təsirini göstərmir. Ona görə də, bağbanlar bundan bir neçə dəfə
istifadə etmək məcburiyyətində qalır. Temperatur qalxan kimi taxıl sahələrində
alaqlara qarşı herbisit dərmanlarını tətbiq etmək olar. Yoxsa, bu alaqlar
sürətlə inkişaf edərək torpağın tərkibindəki mineral maddələri özünə çəkir.
Çalışmaq lazımdır ki, pambıq və qarğıdalı əkini sürətlənsin, əgər bu olmasa,
sahədə təkrar əkin gedəcək. Təkrar əkin isə fermer üçün əlavə xərc deməkdir. Bu
problemləri aradan qaldırmaq üçün fermerlər torpağın nəmi çəkilən kimi səpini
həyata keçirməlidir”.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Elmar
Allahverdiyev"Kaspi”yə
açıqlamasında bildirdi ki, havaların qeyri-stabil keçməsi
iqlim şəraiti ilə bağlıdır: "Bu mövsümdə havaların təsərrüfata vurduğu ziyanın
qarşısını almaq bir qədər çətin olur. Düzdür, belə havalar kənd təsərrüfatının
müəyyən sahələrinə müsbət, bəzi sahələrinə isə mənfi təsir göstərir. Məsələn,
yağışlı havaların taxılçılıq sahəsinə olduqca müsbət təsiri var. Amma
meyvəçiliklə bağlı eyni şeyi demək olmaz. Xüsusən yağıntı, erkən yazda
çiçəkləyən meyvə ağaclarının çiçəklərini tökür. Bu isə məhsuldarlığa ciddi ziyan
vurur. Neqativ təsirlərin aradan qaldırılması üçün müxtəlif tədbirlər görülür.
Profilaktik tədbirlər bu mənada böyük əhəmiyyət kəsb edir. Ümumilikdə
götürdükdə isə yağmurlu havaların kənd təsərrüfatına vurduğu ziyanın qarşısını
tam olaraq almaq mümkün deyil”.
Şəbnəm