Yazılmamış nekroloq

Yazılmamış nekroloq

Mədəniyyət
25 Dekabr 2012, 15:03 2160
Dekabrın 25-də Azərbaycan estetik fikrinin tanınmış nümayəndəsi - ədəbiyyatşünas, teatrşünas, kinoşünas, tənqidçi, dramaturq, tərcüməçi İslam İbrahimovun 90 illiyi tamam olur. Mən sevimli müəllimim haqqında yeni və ona layiq yazı yazmaq istəsəm də, heç bir bəhanəsiz deyim ki, qələmim “işləmədi”. Amma bu günü yazısız da qeyd etmək günah olardı. Bu səbəbdən, mən müəllimimin ruhu qarşısında baş əyib, onun vəfatına həsr etdiyim və vaxtilə “Qobustan” jurnalında(1986-cı il, №1) dərc olunmuş məqaləmi kiçik redaktə ilə oxuculara təqdim edirəm.

Dağlar var başı dumanlı,
Dağlar var açıq səmalı.

Bakı. 1985-ci il, qızmar iyul günlərindən biri. B.Sərdarov küçəsi. Bir tələbə qız:
Fikrin,
düşüncən
Bir daş zindan
ağırlığı
olub sənə
Asılıb boynundan
get...di, get...di.
Yatanda,
boynunun ardında,
səninlədi.
Gözünün ağında,
qarasında
səninlədi.
Nəfəsində,
hissində səninlədi.
Çəkdiyin papirosun tüstüsündədi
Get....get...di!

(Humay Əsgərova)
- dedi öz xəstə müəlliminə.
Müəllimi güldü, - “qızım, mən mənasız ölümləri inkar edirəm”, - dedi. “Mən boynumdakıları atsam mənasız keçər ömrüm” - dedi.
Boynundan daş kimi asılanlara “get” demədi. Özü getdi. İyulun 29-da canını tapşırdı torpağa.
Deyirlər iki cür həyat olur:
ölümlü-ömsüz.
Deyirlər iki cür ömür olur:
mənalı-mənasız.
Deyirlər iki cür insan olur:
nikbin-bədbin.

İyulun 29-u qızmar yay günlərindən birində canını torpağa tapşıran İslam İbrahimov ölümsüz, mənalı, nikbin bir həyat yaşadı. Yaşadı deyəndə ki, yenə də yaşayır. Sadəcə olaraq gecəli-gündüzlü, istili-soyuqlu dünyamızda deyil, onu sevən insanların, onun tələblərini könül dünyasında yaşayır.
Fransız yazıçısı Romen Rollan nə vaxtsa deyib ki, yaradıcılıq böyük sevincdir; yaratmaq isə ölümün özünü öldürmək deməkdir. İslam İbrahimov məhz belə bir ömür yaşadı, öz yaratdıqları ilə: ədəbi tənqidə, teatrşünaslığa, kino sənətinə, estetikaya dair əsərləri ilə, bədii və tərcümə yaradıcılığı ilə ölümün özünü öldürdü.
İ.İbrahimov nikbin bir həyat yaşadı. O, hələ iki yaşlı uşaq ikən doğulduğu Tiflis şəhərində ata-anasını itirəndə də, Bakıda, Moskvada çətin keçən tələbəlik illərində də nikbinliyini itirmədi.
“Ümid-həyatın poeziyasıdır” - dedi. Gənc İslamın böyük qardaşı əməkdar hüquqşünas Əjdər İbrahimov ona həm də ata oldu, onun nikbinliyini, həyatsevərliyini qorudu.
İslam: “Mənim yolumu...sinəmdə şölə çəkən alov işıqlandırır” - dedi. ADU-nun filologiya fakültəsinə daxil oldu, oranı bitirdi. İlk işi “Kommunist” qəzetində tərcüməçi vəzifəsi oldu. Sonra onu Moskvaya göndərdilər. SSRİ Komissarlar Sovetində Azərbaycan nəşri şöbəsinin redaktoru işlədi.
İslam İbrahimov: “Düşünmək, axtarmaq sevdirir insanı” - dedi. K.S.Stanislavski adına Dövlət Teatr Sənəti İnstitutunun aspiranturasına qəbul olundu. Moskvada fəlsəfə-estetika şöbəsini qurtaran ilk azərbaycanlı oldu. “Literaturnaya qazeta” da işlədi. Sonra...isə Bakıya qayıtdı.
İslam İbrahimov yaradıcılığının ən məhsuldar və parlaq dövrü də məhz bundan sonra başlandı. O, özünü ədəbiyyat və incəsənətin müxtəlif sahələrinə, teatra, kinoya həsr etdiyi məqalələri, resenziyaları, monoqrafik yazıları ilə Azərbaycan tənqidi fikrini zənginləşdirdi.
İ.İbrahimovun “Tarixi optimizmin yollarında”, “Modernizm həyat və gözəlliyə yabancıdır”, “Yazıçı və həyat”, “Konqradən notlar” və başqa əsərləri öz müəllifini dərin zəkaya, geniş biliyə, böyük istedada malik bir tənqidçi, sənətşünas kimi təqdim və təsdiq etdi.
Tənqidçi Ş.Salmanov İ.İbrahimovun “Əsr və sənətkar” kitabı haqqında yazdığı “Tənqidçinin maraq dairəsi” adlı məqalədə onu “həssas və müasir ruhlu tənqidçi” adlandırdı. İ.İbrahimov doğrudan da geniş maraq dairəsinə, dərin nəzəri biliyə malik, həssas və müasir ruhlu tənqidçi idi. O, bəzi tənqidçilər kimi dar bir sahədə ixtisaslaşmamışdı. İslam İbrahimov istər Azərbaycan, istər rus, istərsə də dünya ədəbiyyatını eyni dərəcədə gözəl bilən bir tənqidçi idi. Məhz bu keyfiyyətləri ona imkan verdi ki, M.Lermontova “Azadlıq və qardaşlıq nəğməkarı”, M.Qorkiyə “Qabaqcıl bəşəriyyətin böyük dostu”, A.Barbüsə “Sülhün mübariz əsgəri” dedi. Heynedən yazdı, Drayzerdən yazdı...
İ.İbrahimov rus, SSRİ xalqları və dünya ədəbiyyatından çoxlu tərcümələr etdi. Axı, o, həm də mahir tərcüməçi idi: rus, alman, türk dillərini gözəl bilirdi. O, hələ 1951-ci ildə Nazim Hikmətin Moskvada nəşr olunmuş şeirlər kitabının tərcüməçilərindən, tərtibçilərindən və ön sözün müəlliflərindən biri olmuşdu.
İ.İbrahimovun tərcümələri həm onun öz yaradıcılğı, həm də Azərbaycan tərcümə ədəbiyyatında görkəmli yerlərdən birini tutur. O, M.Tvenin hekayələrini, C.Londonun “Martin İden”, Səbahəddin Əlinin “Asfalt yol”, M.Bubenkovun “Ağcaqayın”, L.Meşterhazenin “Promotey müəmması” romanlarını, V.Üilyamsın “Şüşə heyvanxana” pyesini, “Hindistan və Pakistan hekayələri”ni, Ç.Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, “Oğlumla görüş” povestlərini, V.Razumnının “Həyatın estetikası” kitabını və s. əsərləri rus dilindən Azərbaycan dilinə, M.Cəfərin “Hüseyin Cavid” monoqrafiyasını Azərbaycan dilindən rus dilinə, Nazim Hikmətin bir neçə pyesini türk dilindən Azərbaycan dilinə tərcümə etdi.
İslam İbrahimov öz orijinal bədii yaradıcılığı ilə də diqqət çəkdi. O, Gəncə Dövlət Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş “Anaların divanı” (1968) faciəsini, Azərbaycan radiosuyla səslənmiş “İnsanlar-köçəri quşlar” pyesini (1970), “Həftənin altı günü” (1974) dramını, “Tələbələr” (rus dilində), C.Məmmədquluzadənin hekayələri əsasında yazılmış “Quzu” pyeslərini, “Bakının bir günü” (1967), “İşıqlı gecələr”(İliç buxtası) (1969), “O, belə məğrur idi” (1974) kinossenarilərini yazdı. Yazdı ona görə ki, yazmaya bilmədi, qəlbinin tələbiylə, səsiylə bacara bilmədi. Bu əsərlər onun dünya görüşünü, həyata münasibətini əks etdirdi. Bu əsərlər onu həm də istedadlı bir dramaturq, kinossenarist olduğunu göstərdi.
İslam İbrahimov bu əsərlərində üzünü bəzilərinə tutub - “insan iradəsinin azadlığını, insanın həyatda istədiyi yolu seçmək azadlığını, intixab sərbəstliyini unutma” - dedi. “Bütün cinayətlər - insanlığı, həyatı, gözəlliyi inkardan başlayır”, - dedi. O, sülhsevərləri “torpağın şərəfi, dünyanın buludsuz səhəri” adlandırdı. “Həyat məsafəsi doğumla ölüm arasındakı zamanla ölçülmür ” - dedi.
***
Kimisi deyir dünya dardı, kimisi deyir geniş. Hansına inanasan? Yəqin ki, dardı. Belə olmsaydı insanlar başqa planetlərə yollar axtarmazdı.
Bizim bu dar dünyamızda bir insan yaşardı. Bəstəboy, qarayanız, gümüşü saçlı, iri qara gözlü - adı İslam İbrahimov. Bu insan ayaq üstə duranda əlində əsa tutardı, oturanda qələm... Yazardı, pozardı, yenə də yazardı. Saf ürəklə, böyül amalla, ülvi arzularla. Bu insan şöhrət nə olduğun bilmədi. Bəziləri kimi fəxri ad dalıyca, elmi dərəcə dalıyca qaçmadı, bu adlara layiq olsa da. Başını aşağı saldı, yazdı, yazdı yenə də yazdı. Əsl bir vətəndaş kimi xalqına xidmət etmək istədi, bu amalla yaşadı.
İslam İbrahimov mütəlif illərdə “Azərbaycanfilm” kinostudyasında ssenari şöbəsinin baş redaktoru (1955-1958-ci illər), Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi (1958-1959), “Azərbaycan” jurnalında tənqid şöbəsinin müdiri (1959-65) vəzifələrində işlədi. Son iş yeri isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İstitutu oldu. O, burada iyirmi il dərs dedi, özünün sonsuz biliyini tələbələrinə verməyə çalışdı, tələbələrin ən sevimli müəllimlərindən birinə çevrildi.
O, harda işləyir işləsin, öz həyat amalına sadiq qaldı. İslam İbrahimovun istər elmi, bədii, tərcümə yaradıcılığı, istərsə də pedoqoji fəaliyyəti öz səmimiliyi ilə seçildi. Lakin onun bu səmimiyyəti heç də həmişə səmimiyyətlə qarşılanmadı. Onun xarakterinin əyilməzliyi, prinsipial, obyektiv tənqidi, bəzilərinin xoşuna gəlmədi. Bəziləri İslam İbrahimov tənqidinin gücünü, onun böyüklüyünü qəbul etmək istəmədilər. Əli Kərim dostu İslama həsr etdiyi “Dəniz” şeirini sanki belələrinə qarşı yazdı və dedi ki,
Üfüqlərə başını
qoyub uzanmış dəniz...
Onun böyük qəlbində
Kiçik bir duyğu kimi
Çırpınır dağ gövdəli,
Dağ siqlətli gəmimiz.
Mən,
Baxıb göyərtədən
Görürəm ki,
Tullayır biri yemiş qıçası,
Biri kağız parçası,
O biri nə bilim nə -
Dənizin saf qəlbinə.
Dəniz coşub daşmayır;
Suları çaxnaşmayır
Sakit əzəmətiylə,
Gücüylə,
Qüdrətiylə
Ona atılanları
Saflığına qərq edir.
Fikir verib görürəm;
Dəniz yenə təmizdir.
Dəniz yenə dənizdir.

Bəli, doğurdan da İsalm İbrahimov təmiz idi, dəniz idi. Amma bəziləri buna inanmaq istəmədilər. Layiq olduğu qiyməti ona vermədilər. O, altımış illiyində SSRİ Yazıçılar İttifaqından təbrik teleqramı aldı, amma Azərbaycan Yazıçıları İttifaqından təbrik teleqramı almadı.Vəfat edəndə üzvü olduğu yaradıcılıq təşkilatları adi bir nekroloqu belə ona çox gördülər. Amma onların bu hərəkəti əksinə mənalandı. Bununla, sanki onun ölmədiyini təsdiq etmiş oldular, onun ölümsüzlüyünü etiraf etmiş oldular.
***
Bir insan yaşardı bizim dünyada - iri qara gözlü, gümüş saçlı, qarayanız, bəstəboy - İslam İbrahimov adlı. Bu insan ayaq üstə duranda əlində əsa tutardı, oturanda qələm. Bu insan-
Sahildən ayrılan gəmiyə...
Uzaqlaşan qatara ...
Qartala...
baxa bilməzdi. Baxa bilməzdi ona görə ki, bu ayrılığın “Dəniz kimi sahilsiz həsrətinə” dözə bilməzdi. Ancaq özü dözə bilməsə, də onu sevən insanları, ona pərəstiş edən adamları ayrılığın dəniz kimi sahilsiz həsrətinə dözməyə məcbur etdi.
Köçdü bizim istili-soyuqlu, gecəli-gündüzlü dünyanızdan.
Köçdü, canını torpağa tapşırdı, əsərlərini xalqına.
Köçdü, amma uzağa köçmədi, onu sevən insanların könül dünyasına köçdü. Köçdü ki, bu insanların qəlbini öz hərarəti ilə isitsin, köçdü ki, bu insanların çətin günlərində onlara həyan olsun.
***
Lev Tolstoy Afanasi Fet haqqında belə bir söz deyib: “O, bir gün parça-parça olacaq, töküləcək tikə-tikə və bir gün o tikələrdən birini tapacaqlar, görəcəklər ki, bütün göz yaşlarıdır bu tikə. Aparıb onu qoyacaqlar muzeyə və ondan öyrənəcəklər”.
...Bir insan yaşardı bizim dünyada - İslam İbrahimov adlı!
Bu insan ayaq üstə duranda əlində əsa tutardı, oturanda qələm...

Vidadi Qafarlı