• cümə, 29 Mart, 03:34
  • Baku Bakı 7°C

Yazıçıların bir qurum ətrafında birləşməsi təbiidir, ancaq...

10.10.16 11:35 1678
Yazıçıların bir qurum ətrafında birləşməsi təbiidir, ancaq...

Dünyanın müxtəlif ölkələrində yazarlar ayrı-ayrı ədəbi birliklər, cərəyanlar və ya manifestlər ətrafında birləşir, bəzən də müstəqil fəaliyyət göstərirlər. Fikirlər var ki, üzv olduqları ədəbi birliklər bəzən onların yaradıcılıq yollarını da müəyyənləşdirir - yazarları asılı və ya müstəqil düşüncə sahibinə çevirir.

Ümumiyyətlə, yazarların hər hansı qurum ətrafında birləşməsinə ehtiyac varmı? Yoxsa yaradıcılıq heç bir qurumdan asılı olmamağı, müstəqilliyi tələb edir?

"Müzakirə”mizdə iştiak edənlərin fikirləri fərqlidir.

Hisslər, cərəyanlar, janrlar...

"Azərbaycanda çoxlu qadın və gənclər təşkilatı var. Bütün təbəqələr təşkilatlanıb. Yazıçıların isə yalnız yeganə bir təşkilatı var. Bu da Azərbaycan Yazıçılar Birliyidir”- deyən yazıçı Seyran Səxavət bu qurumun həmişə dövlətin və xalqın yanında olduğunu bildirir: «Biz Birliyə gedib gəlir, kitablarımızın təqdimatını keçirir, dostlarımızın yubileylərini qeyd edirik. Bir-birimizlə dərdləşirik, ədəbi müzakirələr aparırıq. Bunun nəyi pisdir? İnsanların bir yerdə olması, bir təşkilatda birləşməsinin nəyi pisdir? Azərbaycan ədəbiyyatı inkişaf edir. Onu irəli aparan xeyli yazıçılarımız, şairlərimiz var”.

SSRİ-də həmişə Yazıçılar İttifaqının mövcud olduğunu bildirən S.Səxavət xarici ölkələrdə yazarların klub və ya cərəyanlar ətrafında birləşməsini mənasız hesab edir: "Əgər söhbət böyük ədəbiyyat yaratmaqdan gedirsə, bunların heç bir mənası yoxdur. Bunlar əslində formal şeylərdir. Yazıçılar Birliyi olmalıdır. Əgər biz bunu cərəyanlar şəklində yaratmış olsaq, onsuz da parçalanmağa meyilli olan qruplaşmalara gətirib çıxara bilər. Dünyada nə qədər ədəbiyyat adamı varsa, onlar öz hissləri ilə tanınırlar. Bu hisslər, cərəyanlar, janrlar ədəbiyyatşünaslar üçün lazımdır. Mən bir janr tanıyıram: SÖZ. Bütün janrların mayasında SÖZ dayanır. Odur ki, bu cür fərqli-fərqli qurumlar – cərəyanlar, manifestlər lazım deyil. Hamı öz yazısını oturub tək yazır. Heç kim kollektiv surətdə yazı yazmır. Müxtəlif isimlərdə birləşməyin ən yaxşısı yazıçının özünün özü ilə birləşə bilməsi, yola getməyi bacarmasıdır».

Sadəcə, fikir alış-verişi

Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov hesab edir ki, yazıçıların hər hansı bir birlik, cərəyan və ya manifest ətrafında birləşməsi onların öz istəklərindən asılıdır. Belə ki, müxtəlif dövrlərdə müxtəlif cəmiyyətlər, cərəyanlar mövcud olub və yazıçılar onların ətrafında birləşiblər. Eyni zamanda, yazıçıları öz ətrafında birləşdirən PEN-klublar olub: "Son yüzillikdə yazıçıların bir cəmiyyət ətrafında birləşməsi Azərbaycan ədəbi mühitində ənənə şəklini alıb”. Əvvəllər də bu cür cəmiyyətlərin olduğunu deyən B.Əhmədov xüsusən ötən əsrin 20-ci illərində belə qurumların yaradıldığını və yazıçıların onların ətrafında birləşdiyini qeyd edir. Məsələn, «Azərbaycan ədəbiyyat cəmiyyəti», «Qızıl qələm cəmiyyəti», «Azərbaycan proletar yazıçılar cəmiyyəti» kimi müxtəlif cəmiyyətlər sonradan 1934-cü ildə birləşərək Yazıçılar İttifaqı şəklində formalaşıb: "1937-ci ildə Yazıçılar İttifaqının imicinə böyük zərbə vuruldu. Repressiyanın həyata keçirilməsi istər-istəməz bu gün Yazıçılar İttifaqının ayağına yazılıb. Bunun çox dərin mənaları var. Bütün bunlara baxmayaraq, yazıçıların bir cəmiyyət, cərəyan və ya bir manifest ətrafında formalaşması tamamilə təbiidir. Yazıçıların bu cəmiyyətdə müəyyən bir vəzifə tutması və yaxud bu cəmiyyətdən maaş alması cəmiyyətin və ya yazıçının marağına heç bir təsir göstərə bilmir. Çünki yazıçı əsərini ittifaqda yazmır. O, əsərini öz təbii istedadı ilə üz-üzə qalaraq qələmə alır. Yazıçının cəmiyyətdə olması onun istedadına və ya yaradıcılığına zərrə qədər də təsir göstərmir. Azərbaycan ədəbiyyatında ən yaxşı əsərlər belə Yazıçılar İttifaqından kənarda yaranıb. Bu əsərlərin meydana gəlməsində ittifaqın elə bir əməyi olmayıb”. Yazıçıların bir cərəyan və ya bir manifest ətrafında birləşməsini təqdirəlayiq hal hesab edən B.Əhmədovun fikrincə, bu birliklərə müəyyən imtiyazların verilməsi doğru deyil: "İndi 21-ci əsrdir. Dünya qloballaşır. Və bu dünyada manifestlər, cəmiyyətlər, cərəyanlar çoxdur. Virtual olaraq da həmin cəmiyyətlərə üzv olmaq mümkündür. Bizim Yazıçılar Birliyində olduğu kimi gedib ora yazılmaq, oradan təmənna güdmək, təqaüd ummaq və yaxud başqa bu kimi imtiyazlar qoparmaq Yazıçılar Birliyinin əvvəlki yolunu göstərir. Yəni Azərbaycan Yazıçılar Birliyi keçmiş Yazıçılar İttifaqının varisidir və zərrə qədər də bu birlikdə yeniləşmə getməyib. Yazıçıların bir manifest ərafında birləşməsi təbiidir, ancaq onlar inzibati məsələlərlə məşğul olmamalı, sadəcə, fikir alış-verişində olmalıdırlar. Yəqin ki, bizim Yazıçılar Birliyi də gec-tez bu mərhələyə gəlib çatacaq».

Müxtəlif cür adlansalar da, mahiyyətləri eynidir

Çox ölkələrdə, o cümlədən bütün MDB ölkələrində, Pribaltika, Şərqi və Qərbi Avropa ölkələri, Asiya, Afrika və Şimali Amerika ölkələrində Yazıçılar Birliyinin olduğunu deyən yazıçı-tərcüməçi Kamran Nəzirli yazarların hər hansı birlik ətrafında birləşməsini vacib hesab edir: "Yaxşı, deyək ki, MDB ölkələrindəki Yazıçılar birlikləri sovet dövründən qalıb, bəs o biri ölkələrdə? Konkret misallar çəkə bilərəm -Serbiya, Makedoniya, Çexiya, Hollandiya, Polşa, Almaniya, Bolqarıstan, Fransa (bu ölkədə hətta Pyer de Ronsarın vaxtından - XVI əsrdən bu yana Şairlər Birliyi kimi fəaliyyət göstərir), Macarıstan, İsveç, İsrail, Çin, Yaponiya, Türkiyə, İran, İspaniya, Argentina, Çili, Mərakeş, Tunis, Misir, Sudan, Nigeriya, Uqanda, daha sonra Oman, Küveyt, İordaniya, İraq, Pakistan... kimi ölkələrin hər birində ictimai əsaslarla yazıçı və şairlərin birlikləri fəaliyyət göstərir. İndi bir anlıq təsəvvür edək: bunlar yoxdur, o zaman nə olar? Düşünürəm ki, dünya bəlkə elə ona görə hələ dağılmır ki, bu birliklər var, yazıçılar, ziyalılar, ədəbiyyat və mədəniyyət xadimləri qlobal məsələlərdə, xüsusilə insan hüquq və azadlıqlarının qorunması sahəsində həmrəy olduqlarını bildirir, terrora, narkomaniyaya, qətliamlara, ölüm saçan silahlara qətiyyətlə "yox!" deməyi bacarırlar. Məncə, elə əsl fayda da bundadır- birləşmək, birlik, həmrəylik faydası!” Yazıçı Yazıçılar Birliyi ilə bağlı İsrailin bənzər qurumunun fəaliyyətini təqdirəlayiq hesab edir. Belə ki, İsraildə İvrit Yazıçılar Birliyi 1921-ci ildən fəaliyyət göstərir. Bu birlik hətta müəllif hüquqlarının qorunması və yazıçılara digər yardımların göstərilməsi ilə də məşğul olur: "Orada belə bir təcrübə var ki, qurumun nümayəndələri müxtəlif ictimai və dövlət fondlarına çıxır, aztəminatlı yazıçıların həyat şəraitini yaxşılaşdırmaq üçün maddi yardımlar da alırlar. İsraildə hətta yazıçıların İstirahət Evi də var. Yeri gəlmişkən, bəzi ölkələrdə üzvlərinin sayı 30-50 nəfər olan Yazıçılar birlikləri də fəaliyyət göstərir (məsələn, İspaniya, Niderland), onların əsas vəzifəsi ədəbi görüşlər, kitab təqdimatları, ədəbiyyat festivalları, konsertlər və sərgilər təşkil etməkdən ibarətdir”.

Hər bir yazıçı üçün yaradıcılığı fərdi məsələ hesab edən K.Nəzirlinin fikrincə, yazıçının düşüncəsi, yazı manerası, bədii təfəkkür qabiliyyəti, biliyi, dünyagörüşü... bütün bunlar fərdi qaydada inkişaf edir, təşəkkül tapır, meydana gəlir: "Burada Yazıçılar Birliyinin heç bir rolu olmur. Yazıçılar Birliyi qeyd etdiyim qlobal əhəmiyyətli məqamlardan savayı, yaradıcılıq məhsullarının müzakirələrində, digər qurumlarla əlaqələrin qurulmasında, fikir mübadiləsi aparılmasında, kitabların, müəllif yazılarının ətrafında müzakirələrin təşkil edilməsində və s. faydalı ola bilər. Son illər bizim Yazıçılar Birliyində də bu sahədə fəallıq müşahidə olunur. Axı biz bunları görürük, niyə susaq? Niyə yaxşı prosesləri görməməzliyə vuraq?

Yenə təkrar edirəm: biz onsuz da müstəqilik, intellektual, yaradıcı əməklə fərdi qaydada məşğul oluruq, bədii məhsul istehsal edirik. Amma indiki zamanda bu məhsulu təkbaşına, necə deyərlər, bazara çıxarmaq çox çətindir. Xüsusilə gənclər üçün çox çətindir. Gərək bir yerdə əl-ələ verib irəliləyəsən. Bundan başqa, təcrübələrin bölüşməsi, yazıçılar arasında təmasın qurulması, təqdimatlar, bir-birini dəstəkləmək, çətin məqamlarda bir-birinə dayaq olmaq kimi məsələlərdə də bu, lazımlıdır”. Yazıçı hesab edir ki, belə birliklərin, ittifaqların, cəmiyyətlərin (bunlar müxtəlif ölkələrdə müxtəlif cür adlansa da, mahiyyətləri eynidir) müəlliflərə kömək etmək imkanları da var, doğrudur, məhduddur, amma var: "Birlik bir qrup yazıçıyla, ya da ayrı-ayrı qruplarla birlikdə müəlliflərin yaradıcılığını, bədii fikrini irəli aparmaqda strategiya hazırlaya bilər. Axı yazıçının vəzifəsi təkcə mətn yazmaqdan ibarət deyil, həm də elə etməkdir ki, bu mətni oxusunlar, daha çox adam oxusun. Bax burda Birlik köməyə gəlir. Birlik öz yazıçılarını təkcə Azərbaycanda yox, bütün dünyada tanıtmaq sahəsində də əhəmiyyətli rol oynaya bilər. Bu da yazıçılara yeni impuls verər. Çünki Birliyin real əlaqələri var, başqa ölkələrin Yazıçılar birlikləri ilə əməkdaşlıq edir. Bu əməkdaşlıqdan da səmərəli istifadə etmək olar”. K.Nəzirlinin fikrincə, Birlikdə bu prosesləri daha da möhkəmləndirmək, maksimum yararlanmaq üçün menecerlər də fəaliyyət göstərməlidir: "Buna da təbii baxmaq lazımdır. Axı indi başqa ölkələrin təcrübəsinə baxsan, bunu aydın görərsən. "Menecer" sözü sizi qorxutmasın, ədəbi yaradıcılıq proseslərinin sürətlə və məqbul getməsi üçün menecerlər mütləq lazımdır.

Əlbəttə, indi başa düşmək də lazımdır ki, maliyyə dəstəyi olmasa, bütün bunlar mümkün deyil. Sovet dövrü deyil ki, hər şey pulsuz başa gəlsin. Ədəbiyyata gərək xidmət edəsən. Sənətə, ideyaya xidmətdən söhbət gedir. Sevə-sevə xidmət edəsən. Amma fanatizm lazım deyil. Yeni şərait tamam başqa formada yanaşma tələb edir. Bunu nəhayət anlamaq lazımdır. Yazıçılar Birliyi ev vermir, bağ vermir, maşın vermir. Sovet dövrü bitib. İndi müəlliflərə tanınmaq, öz yaradıcılıqlarını müstəqil şəkildə nümayiş etdirmək üçün şərait yaradılır. "Natəvan” klubunun qapıları hər bir müəllifin üzünə açıqdır. Buyursun, gəlsin, öz kitabını, fikirlərini ictimaiyyətə təqdim eləsin. Birlik hətta ona kömək də edir. Axı bu, evdə oturub heç nə ilə məşğul olmamaqdan yaxşıdır. Bildiyimə görə, bizim Yazıçılar Birliyində yeni-yeni layihələr var, o layihələrdə də iştirak etmək olar”.

Yazıçı bildirir ki, Yazıçılar Birliyinin dəstəyi ilə son illərdə onlarla gənc yazıçının kitabı işıq üzü görüb: "Axı Birlikdən inciyib küsməyə də əsas yoxdur. Məhdud imkanlar çərçivəsində işlər görülür, tədbirlər həyata keçirilir”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər