Yazıçı görüşü
Bəzi
yazarlar ənənələr əsasında işləyir. Bəziləri isə bir dünyanı yenidən yaradır.
Yeni bir dünya yarada bilənlərin sayı elə də çox deyil, Corc Sonders isə
azlıqda qalanlardan biridir. Amerika ədəbiyyatındakı üslublardan yaradıcılığı
üçün təməl tökən yazarın hamını güldürən və düşündürən bir dillə qurduğu
məxsusi bir Corc Sonders Torpaqlarını əhatə edən materiki var. Əgər bu adam
sadəcə mərhəmətsiz satiric olsaydı, yenə də bu qədər böyük zövqlə oxunardı. Amma
asana qaçmayaraq, qaranlığın qəlbinə enməklə kifayətlənməyib, oradan çıxış
yollarını göstərməyə də könüllü olub. Sayı çox olanlar isə nədənsə belə şeylərə
cəsarət etmir. Bir dəfə Corcun satira haqqında verdiyi tərifi eşitmişdim:
"Yaxşı şeylərin tərs təsviri”.
Corc
20 illik karyerasını dilin gücünün, görünən dünyanın əzəmətinin, elmlə
maariflənmənin müsbət nəticələrinin isbatına sərf edib. Bütün bu səfeh
paradlarının, sosial şəbəkə idiotizminin, təbəssümlü demaqoqların, erroziyaya
uğramış çevrənin təzyiqi altında 20 ildir ki öz qeyri-adi qabiliyyəti ilə
zövqümüzü oxşayır.
Amma,
zənnimcə, "Linkoln Bardoda” ("Lincoln in the Bardo”) romanında nəsə bütün
bunlardan daha artığı var. Daha çox hərəkət, daha yüksək sürət, daha çox
ədəbilik. Sizə xoş qiraət arzulayıram. Roman yazmadığı üçün mənə janrımla bağlı
bir nümunə, yol göstərə bilməsə də, Sondersi həmişə çağdaş Amerika
ədəbiyyatının ən yaxşısı hesab etmişəm.
Bugün isə onunla həmsöhbətik.
- Bir az gərginəm. Haradan başlayacağımı qətiləşdirə bilmirəm.
- Əslində mən də təşviş içindəyəm. Sənə çox dərin simpatiyam var.
Səfehləmək istəmirəm. Görsən ki, nəsə gəvəzələyirəm, mane ol.
- Dərhal müdaxilə edəcəm. (Gülüş). Kitabını birinci dəfə oxuyanda
səhifələr arasında hətta bir bağ da tapa bilmədim. O qədər səhifəni bir rezinə
keçirib göndərmişdin.
- Özüm oxumağı sevdiyim kimi. Yoxlama üçün ən ideal variant budur. Sıra
ilə olanda insan hekayəyə qapılır.
- Hə elə mən də o ağırlıqda şeyi özümə yük eləməmək üçün oxuduqca həmin
səhifəni çıxarıb, zibilə atırdım. (Sonders gülür). Nəhayət ki, romanı oxuyub
qurtardım. Elə nəhəng duyğu uçqununun altında qalmışdım ki, zəng vurub sənə nə
düşündüyümü belə deyə bilmədim. Hətta Nikə (Zadi Smitsin həyat yoldaşı – red.)
belə fikirlərimi izah edə bilmədim, heç romanınla maraqlanan dostlara da. Elə
bil heç roman oxumamışam, yuxu görmüşəm. Belə hala düşmək məndə çox uzaq
illərdə yaşadığım təcrübəni yenilədi.
- Əladır ki.
- Sanki yan-yörəmdəki hər şey qiraət zamanı buxarlanıb, yoxa çıxırdı.
Oxuyub qurtarandan sonra "Goodreads”-ə göz gəzdirdim ki, görüm romanı oxuyan
başqa kimsə varmı, nəsə rəy yazılıbmı. Onda cəmi 9-10 nəfərin şərhi var idi,
onlar da şərhlərindən belə anlaşılırdı ki, mənim kimi duyğu yarğanındadır.
Normal hallarda hər kitabı rəzil-rüsvay edən azı 30 istifadəçi tapılır bu cür
saytlarda. Amma "Likoln Bardoda”-nın rəy bölməsi müzakirə yerindən çox, kilsə
toplantısını xatırladırdı. Sənin oxucu auditoriyan da əməlli-başlı
intellektualdır. Rəyləri oxuduqca oxumaq istəyirsən. Adama elə gəlir ki, ədəbi
tənqidçilər müzakirəyə oturub. Bütün rəyləri bir-bir oxuyub qurtarandan sonra
mən də bu intellektual cəmiyyətə qoşuldum.
- Səni məyus etmək istəməzdim, ümumiyyətlə səni məyus edəndə özümdən
zəhləm gedir, amma o şərh yazanların yeddisi mənim qardaşımdır. (Hər ikisi
qəhqəhə çəkir).
- Elə ilk sualım romanın sonluğu ilə bağlıdır. Kitabın son səhifəsi -
əvvəlindən çox da uzaqlaşmadan – sanki kimisə kiməsə daxil olmağa sövq edir.
Seksual yolla yox təbii ki. Bu bəlkə də sənin hər zaman nəzərdə tutduğun sadə
həyat tərzidir, bir-birimizin daxili dünyasında olmağa, bir-birimizin
duyğularını qarşılıqlı şəkildə iç-içə keçməklə daha dərindən duymağa çalışmaq.
Qarşı tərəfin yaşadığı təcrübələrdən keçərək, nə hiss etdiyini özümüz də
yaşayaraq, anlamaq kimi. Hekayələr və romanlar bəlkə də buna görə belə
həlledicidir – həyatda dərk etmədiyimiz sadə şeyləri anlamağımıza bir pilləkən
rolu oynayırlar. Çünki bəzi şeyləri başqa cür çatdırmaq olmur – reklamlar, TV
şoular, siyasi çıxışlar bu sadə şeyləri o qədər çeynəyirlər ki.
- Həqiqəti demək başqa şeydir, onun necə reallaşmasının yollarını
göstərərək çatdırmaq tamamilə başqa şeydir. Bir də insanı inandırmaq məsələsi
var. Bəli, ədəbiyyat insanı inandıra bilir. Amma insanlar niyəsə birinciyə -
sadəcə həqiqəti deməyə meyillidir, bununla da missiyanı bitmiş hesab edirlər.
Mən romanın müsbət təsirləri haqqında bir neçə nəzəriyyənin müddəalarını
izləyirəm. Amma onlardan uzaq durmağa çalışıram, çünki…
- Çünki onlar həqiqətən də dəbdən düşüb.
- Bəli, eynilə. Ötən gecə dünyanın yaşadığı immiqrant böhranı haqqında
sənədli filmə baxdıq. Səhnəyə hər dəfə çıxıb, anlamayan adamlara hekayənin
gücündən danışmaq adamı əsəbləşdirir. Bu kitabı başlayanda ilk hədəfim bir
sənədli film dadı verməyən hekayə işləmək idi, planlaşdırmadan, süni duyğular
cücərtmədən yazacağımla bağlı özümə söz verdim. Həqiqətən də inandığım şeyləri
bədiiləşdirməyə çalışdım. Və görünür bu qədər insanda dərin duyğular
oyandırdığına görə hədəfə çatmışam.
- Yəqin ki, roman forma olaraq, sənə səndən daha ağıllı olduğunu
öyrətdi. Roman səni başqa heç cür gedə bilməyəcəyin yerlərə apara bilir. Yanlış
anlama, Corc, demirəm ki, sən axmaqsan.
-(Gülür). Yox, haqqın var. Bu da romanın aşıladığı məmnuniyyət hissidir.
Niyə belə olduğu ilə bağlı bir ideyam var, amma mən sənin nə düşündüyünü
eşitmək istəyirəm.
- Fikrim dəyişib. Gənc olanda bu məsələlərlə bağlı çox texniki
düşünürdüm. Yazdıqlarımla aramızda intim bir əlaqənin olduğunu qəbul etməyi
xoşlamırdım.(Gülürlər). Amma indi mənə elə gəlir ki, özümüzdən asılı olmadan
meydana çıxan strukturlar uşaqlığımızda təməli qoyulanlardır. Məsələn, ailə ayrılıqları,
ailədən ayrılma ilə bağlı yazanda səhnələr daxili dünyamdan ayrılıb, gəlir.
Bəs, sənin dərin strukturların necə yaranır? Səncə, hardan qidalanırlar?
-Məndə ən yaxşı struktura yoxlama prosesi nəticəsində yaranır.
Xüsusilə də tematik, konseptual ideyalar haqqında yazmıramsa, həyat verdiyim
səsləri daha aktiv, daha enerjili görmək istəyirəmsə, təkrar yoxlama işini daha
diqqətli icra edirəm. Yazının əhəmiyyətli suallarını yoxlama zamanı verirəm –
"Nə nəyin qarşısında dayana bilər? Hansı keçid daha bədii alınır? Bu üç sətri
çıxarsam, monoloqun ümumi məğzində nəsə azalarmı, dəyişərmi?
- Kitabın arxasında xırda bir intervü var. Burada roman müəllifinin
rolu haqqında fikirlərini bölüşmüsən. Bir kurator kimi bu romanda üzləşdiyin
hallardan danışmısan. Məncə, burada sadaladıqların roman müəlliflərinin həmişə
etdikləri şeylərdir. Amma sən bu romanı nəsə xüsusi, ehtişamlı bir yolla
cəmləmisən.
- Müxtəlif tarixi mənbələrdən götürülmüş hissələri dəfələrlə oxuyub,
hadisələri mətnin bədii ruhuna uyğunlaşdırmağa çalışmışam. Başda bir kişiyə xas
qürurlu təkidim var idi – hər şeyi təxəyyülümün hesabına qurmaq. Amma bu çox
uşaqcasına və gülməli ideya idi. Hər cümləsində ədəbiyyat parlayan, peşəkarlıq
at oynadan bir romanı başdan-sona təxəyyül hesabına yazmaq mümkün deyildi.
- Bir tarixi dönəmdə belə bir dəb vardı ki, burjuaziya onların düşüncə
və duyğularını dəyişdirməyəcək kitabları oxuyurdu. Bu qədər çox mütaliə
etməyinə baxmayaraq, sən də onlar kimi dəyişmirsən. Məsələn, "Milad Karolu” ("A
Christmas Carol”) romanını oxuyursan və heç cür dəyişmirsən.
- Bəli, bəzi kitablar var ki, onlar elə məhz oxucuya dəyişməməyə kömək
edir.
- Amma "Linkoln Bardoda” mənim daxilimdə, düşüncələrimdə, hətta monoloq
işləmə mexanizmimdə belə dəyişiklik etdi. Yazmağa başlayan oxucunun daxili
dünyasında bir dəyişiklik etmək ideyası olur?
- Belə deyək. Birinci, Kratçitin olduqca sevimli və mükəmməl olmasına
baxmayaraq, "Milad Karolu” mənə həmişə sıxıcı gəlib. Mən qəhrəmanları mükəmməl
yox, canlı, həyati görməyi üstün tuturam. Romana başlayanda yaradacağım qəhrəmanları
düşünürəm – mənəvi keyfiyyətlərin kompleksi kimi yanaşıram. Onu müxtəlif
xüsusiyyətlərdən fraqmentlər yerləşdirirəm. Sanki hər obrazın içində 10000
obraz var. Qəhrəmanın hansısa bir keyfiyyətini qabartdıqca bu 10000 obrazdan
bir neçəsi də canlanır.
- Deyəsən, biz bu duyğuları yazıçı kimi yox, oxucu kimi daha dəqiq
mənimsəyirik.
- Bəli, tamamilə düzdür. "Ən mavi göz” ("The bluest eye”) romanını
oxuduğum illəri xatırlayıram. Gənc valideyn idim. İçimdə sanki bir göz açıldı,
inan ki, bunu hiss etdim. Bəziləri isə içimdəki o 10000 obrazın hamısını birdən
oyandırıb. Elə roman olub ki, elə bir təsvir oxumuşam ki, elə oradaca
dayanmışam: "Lənətə gəlsin, bu niyə bu qədər yaxşıdır”.
- Sən, Corc Sonders, sıradan bir vətəndaş kimi həqiqətən də ölümdən
sonra şüurlu oyanışın mümkünlüyünə inanırsanmı?
- Bəli. Hansısa xüsusi bir səbəbdən qaynaqlanmır bu, mən bilmirəm necə
baş verir, nə qədər davam edir. Amma inanıram. Bəs, sən, vətəndaş Zadi Smits?
- İnanmıram. Mənim nəzərimdə sənin romanının gücü də bunda yox, əzab
probleminə verdiyin yeni təsvirlərindədir.Bir müsahibəndə belə bir fikir səsləndirmisən: "Daxilində baş
qaldıran şeyi mübarizə meydanına çəkib, onunla savaşsan, xilas olacaqsan. Əgər
onu ört-basdır etməyə çalışsan, səni məhv edəcək”. Bunun haqqında çox
düşündüm...
- Şüurun vərdişidir bu. Mən xüsusi bir kəşf etməmişəm. Mən qorxularımı
idarə edən və müdafiəçi adamam. Eqomanyakam. Həyatım bu tip mübarizələrlə
keçir.
Mənbə: "interviewmagazine”
Söhbətləşdi: Zadi Smits
Müsahibəni ingilis dilindən ixtisarla
tərcümə edən: Elcan SALMANQIZI