AZE | RUS | ENG |

Yazıçı dostlarımdan çox təsirlənmişəm

Yazıçı dostlarımdan çox təsirlənmişəm
Artkaspi.az "Eyni suallar” adlı layihəyə davam edir. Bu dəfə 2016-cı il Ədəbiyyat üzrə Nobel mükafatına namizəd, amerikalı yazıçı Coys Kerol Outsun müsahibəsində cavablandırdığı sualları yazar Kənan Hacıya ünvanladıq. Hər iki müəllifin cavablarını təqdim edirik:
 
– Harada və nə zaman oxumağı xoşlayırsınız?
Coys Kerol Outs: Hər yerdə! Sərin havalarda buxarının yanında kitab oxuyanda özümü çox rahat hiss edirəm. Təyyarədə oxumağın da ləzzəti başqadır: gözləmə salonlarında, ya hansısa növbədə dayanarkən, hətta bu günlərdə tez-tez kimsə məni telefonda gözlədəndə də oxuyuram. Harasa səfər etdiyimiz zaman, gözlənilməz vəziyyətlərdə belə oxuyacaqlarımız əlimizin altında olmalıdır.
Kənan Hacı: Uzaq səfərlərə çıxanda mütləq özümlə bir neçə kitab götürürəm. Qatarda, gözləmə salonlarında, metroda, harda fürsət olursa, orda vaxtımı mütaliəyə sərf edirəm. Ümumiyyətlə, mənim günümün çox hissəsi mütaliəyə sərf olunur. Yazmaqdan daha çox mütaliə ilə məşğul oluram. Bu, artıq illərdən bəridir ki, vərdiş halını alıb, gündəlik tələbata çevrilib. 
 
– Audiokitab dinləyirsinizmi?
Coys Kerol Outs: Bəli. Bir neçəsini dinlədim və anladım ki, daha çox səsli kitaba qulaq asmaq istəyirəm. Hətta, öz kitablarımı da bu şəkildə dinləmək istərdim.
Kənan Hacı:Mənim həm də çox zəngin audiokitab arxivim var. Bu diskləri kataloqlara bölmüşəm, bütün kateqoriyaları əhatə edir. Elmi, fəlsəfi, bədii, tarixi və sair. Yuxusuz gecələrdə, hansısa yazıda ilişəndə audiokitablar dinləyirəm. Məncə, audiokitab beyni daim oyaq saxlayır, motivasiya yaradır. Bu, mənim üçün intellektual əyləncədir.  
 
– Sonuncu oxuduğunuz ən möhtəşəm kitab hansıydı?
Coys Kerol Outs: Ceyms Coysun "Uliss” romanı.  Bu ilin iyun ayında əvvəllər bu kitabı oxumamış həyat yoldaşımla birlikdə Blumsdey qutlaması (1954-cü ildən bəri hər ilin 16 iyununda dünyanın bir çox ölkələrində ədəbiyyatsevərlər Ceyms Coysun "Uliss” romanının qəhrəmanı Leopold Blum üçün Blumsdey qutlaması keçirirlər – tərcüməçidən)  üçün Dublinə getməyə hazırlaşarkən bu möhtəşəm kitabı yenidən oxudum. (Çox sevdiyim bölüm "İtaka”dır)
Kənan Hacı:Son oxuduğum kitab bu yaxınlarda Nobel mükafatı almış Kazuo İşıquronun "Məni heç vaxt tərk etmə” romanı oldu. Süjet sadə, ideya möhtəşəm! Açığı, bu roman insanı bir az depressiyaya salan, gəncliyin ruhunu yaralayan əsərdir. Əsəri gənc yaşımda oxusaydım, ağır mənəvi zədə almış olardım. Bir çox sarsıntılardan, itkilərdən keçmiş insan kimi içimdən sadəcə təəssüf dalğası keçdi. Əlbəttə, hamımız bilirik ki, bu həyatdan sağ çıxmayacağıq. İşıquronun qəhrəmanları kimi... 
 
– Hansı kitab sizə çox böyük təsir göstərib? Hansı kitabı oxuyandan sonra düşünmüsünüz ki, kaş bunu mən yazardım?
Coys Kerol Outs: Nənəm mənə oxumaq üçün Lyuis Kerrolun "Alisa möcüzələr diyarında” və "Aynanın içindən” romanlarını verəndə doqquz yaşım vardı və çox təsirlənmişdim. Bu əsərlər mənim yazmağım üçün ilham qaynağı oldu və Alisa illər boyunca ən çox sevdiyim qəhrəman kimi qaldı. Onun prinsipləri mənim yaşam prinsiplərimə çox bənzəyir: "Maraqlı və daha maraqlı”.
Kənan Hacı:Mənə ciddi təsir göstərən, həyata, ədəbiyyata baxışımı kökündən dəyişən əsərlər olub. Ötən əsrin 90-cı illərində Markesin "Gözlənilən qətlin tarixçəsi” romanını oxumuşdum, uzun müddət bu əsərin təsirindən çıxa bilmədim. Markesi mənə sevdirən də bu əsər olub. Sonralar özüm nəsrlə məşğul olanda hərdən düşünürdüm ki, kaş mən də belə bir əsər yaza biləydim. Bir qətl əhvalatını Markes qədər ustalıqla yaza bilən yazıçı xoşbəxtdir. Markes sehrkardır. Mən sözdən möcüzələr yaradan yazıçıları sevirəm.  
 
– Oxuma vərdişiniz necədir? Kağız yoxsa elektron variantdan mütaliə edirsiniz? Qeydlər aparırsınızmı?
Coys Kerol Outs: Təbii ki, cəlbedici üz qapaqları, səhifələriylə bir-birindən olduqca fərqli kağız kitablardan. Elektron kitablar belə deyil: sözlər suda üzən qarışqalara bənzəyir. Amma səyahət zamanı elektron kitablar da oxuyuram. Bəli, kitabları tez-tez gözdən keçirdiyim üçün qeydlər aparıram.
Kənan Hacı: Günün istənilən vaxtı oxuya bilirəm. İri həcmli əsərləri elektron variantda oxuya bilmirəm, çünki son vaxtlar gözüm xeyli zəifləyib. Əsasən kağız kitablara üstünlük verirəm. Şübhəsiz ki, qeydlər aparıram. Sonra bu qeydlər əsasında bəyəndiyim əsərlər haqqında yazılar da yazıram. 
 
– Sizi güldürən yoxsa ağladan kitablar? Nələrisə öyrədən kitablar yoxsa istirahət verən kitablar?
Coys Kerol Outs: Niyə birini seçim ki? Ən yaxşı kitabların çoxu bizdə bir deyil, birdən çox hiss oyadır. Yazılarımın az qala hamısında yumoru (əgər qara yumordursa) gizlətməyə çalışdım, ancaq oxucularımdan bəziləri bunu hiss etdi – bu, Aubrey Bördsleyin şəkillərindəki "ədəbsizliyi gizlətməsi” kimiydi.
Kənan Hacı:Nə güldürən, nə ağladan. Ancaq düşündürən kitabları xoşlayıram. Mən kitabı yaradıcı insan olaraq tədqiq edə-edə oxuyuram. Əlbəttə, kitabın bir əyləncə tərəfi də olmalıdır, amma ən əsası intellektual yükü, alt qatı, ideyasıdır. Onsuz da, mən kitab oxuyanda istirahət edirəm. 
 
– Uşaqkən ən çox sevdiyiniz kitab hansı idi?
Coys Kerol Outs: Düşünürəm ki, bu kitab çox gənc yaşda oxuduğum Edqar Allen Ponun "Qızıl böcək” romanı idi. Amma Buffalonun quzeyində, Nyu-Yorkun qərbində çox da zəngin olmayan kiçik torpaqda böyüdüyüm üçün əlimə lap az kitab keçirdi və hamısı eynən "Alisa…” kimi dəyərli idi.
Kənan Hacı: "Koroğlu” dastanını doqquz yaşım olanda oxumuşdum. O kitab mənim uşaqlığımın ən sevimli kitabı olub. O kitaba o qədər vurulmuşdum ki, az qala, dastanı başdan-ayağa əzbər bilirdim. Sonra Mark Tvenin "Tom Soyyerin macəraları” romanı uşaq yaddaşımda dərin iz buraxıb. M.F.Axundovun komediyalarını, Mirzə Cəlilin əsərlərini sevə-sevə oxuyurdum.   
 
– Bir az da gənc yazıçılara məsləhət gördüyünüz kitablardan danışaq.
Coys Kerol Outs: Dövrümüzün meyarlarına görə "Haklberi Finin macəraları”, "Əcdadların harayı”, "Toy üzvü”, "Bülbülü öldürmək”, "Çovdarlıqda uçurumdan qoruyan”, "Milçəklərin tanrısı” kimi klassik əsərlər gənc romançılar üçün yaxşı örnək ola bilər.
Kənan Hacı: Yenicə yazmağa başlayanlar üçün nəsr texnikasına bələd olmaq baxımından Con Steynbekin "Adamlar və siçanlar” əsərini, bir də Orxan Pamukun "Qırmızı saçlı qadın” romanını oxumaq çox faydalı olar. Bu əsərlərdə sadə həyat həqiqətlərinin dahiyanə bədii həlli öz əksini tapıb. İlkin ağlıma gələn bunlardır. Bir də sistemli oxumaq çox vacibdir. Əlinə nə keçdi oxumaq yolun əvvəlində olan gənci çaş-baş vəziyyətə gətirib çıxarır, düşüncədə xaos yaranır, bilgilər alayarımçıq olur. Sistemli mütaliə isə beyində baza yaradır və sən ciddi ədəbiyyatın harda olduğunu artıq müəyyənləşdirmiş olursan, zövqün formalaşır, pisi yaxşıdan ayıra bilirsən. 
 
– Şişirdilmiş, bəyənəcəyinizi düşünsəniz də bəyənmədiyiniz kitab hansıdır? Oxuyub bitirmədən qaytarıb rəfə qoyduğunuz sonuncu kitabı xatırlayırsınızmı?
Coys Kerol Outs: D.H.Lourensi oxumağa başlayanda təəssüf hissi yaşadım. Kifayət qədər formalaşmamışdım, indi Lourens universitet dərslərimdə tədris etdiyim və ən çox sevdiyim yazıçılardan biridir. Bir də Volt Vitmeni gənc yaşımda oxuyanda təəssüflənmişdim (Bilirəm, bu inanılmazdır, kimsə necə etiraf edə bilər ki, Vitmeni oxuyanda xəyal qırıqlığı yaşayıb? Lütfən təhqiramiz e-məktublar göndərməyin). Araşdırdığım kitab təəssüf doğurursa, onu oxucuya obyektiv şəkildə təqdim edirəm. Mətndən sitatlar gətirərək çalışıram ki, oxucu əsərə öz baxış bucağından nəzər salsın. (Əslində, bunun o qədər vacib olduğunu düşünmürəm. Bir oxucunun Çin yeməklərini bəyənməməyi vacib deyilsə, "Beavulf” kimi  klassiki bəyənməməyi niyə önəmli olsun axı?)
Kənan Hacı:Məsələn, ötən illərdə Nobel mükafatı almış fransız yazıçısı Patrik Modianonun "Naməlum qadınlar” romanını oxudum. Məndə o qədər də dərin təəssürat oyatmadı. Yarımçıq qoyduğum hansısa kitabı xatırlamıram. Adətən, bələd olduğum yazıçıları oxuduğuma görə başladığım kitabı heç vaxt yarımçıq qoymuram.
 
– Bir yazıçı ilə tanış olmaq istənəniz, bu kim olardı? Hansısa oxucunuzla məktublaşmısınızmı?
Coys Kerol Outs: Çox güman ki, hamımız Şekspirlə tanış olmaq istərdik (bu pyesləri doğurdanmı onun yazıb-yazmadığını öyrənmək üçün). Bəzilərimiz də Emili Diksonla tanış olmaq xəyalına düşdük. Problem budur ki, görəsən, onlar bizimlə tanış olmaq istəyərdilərmi? Təəssüf, vaxtımın yüzdə doxsanını yazıçı dostlarıma və oxucularıma məktub, e-poçt yazaraq xərcləyirəm. Problem budur ki, onlar da cavab yazır. Əlbəttə, çoxlu məktublar alıram, onların bir qismi əksərən belə başlayır: "Müəllimim amerikalı bir yazıçı haqqında yazmağımızı istədi və mən sizi seçdim, amma sizin haqqınızda çoxlu məlumat tapa bilmirəm. Nədən yazırsınız? Ən çox sevdiyiniz kitablar hansılardır? Yazmaq üçün fikirləri necə tapırsınız? Ümid edirəm, bazar ertəsinə qədər cavab verəcəksiniz, çünki bazar ertəsi tapşırığı təhvil verməliyəm”.
Kənan Hacı: Vudi Allenin "Parisdə gecəyarısı” filmi var. Çox sevirəm o filmi. Filmin qəhrəmanı keçmişə səyahət edir və 20-ci illərin Paris mühitinə düşür. Orda Heminquey, Fitscerald kimi dahilərlə görüşür, bu onun dünyagörüşünə fərqli təsir göstərir. Mən hərdən ötən əsrin əvvəllərinə səyahət etmək istəyirəm. Mirzə Cəlilin "Molla Nəsrəddin”i necə nəşr etdiyini görmək istəyirəm. O fədakarlığın, maarif cəbhəsinin içində olmağı arzulayıram. Oxucularla isə sosial şəbəkələr vasitəsilə yazışmalarımız olur. Əsasən, müsbət rəylər alıram, bu da mənə motivasiya verir.   
 
– Tanıdığınız yazıçılardan sizə ən çox təsir edən hansıdır?
Coys Kerol Outs: İndiyə qədər 1449 yazıçı ilə tanış olmuşam, hələ bir xeylisi də tanışlıq üçün gözləyir. Əminəm, hamısından çox təsirlənmişəm, xüsusən göz qamaşdırıcı, bacarıqlı yazıçı dostlarımdan. Amma inanıram ki, ən böyük sürprizlər hələ gəlib çıxmayıb.
Kənan Hacı:Oxuduğum yazıçılardan çox şey öyrənmişəm. Təsirləndiyim yazıçılar olub, çalışmışam ki, bu təsir hiss olunmasın. Özümü başqa bir yazıçının təsirinə düşməkdən mümkün qədər qoruyuram. Yazılarımda hansı yazıçıların təsiri duyulur? Bunu müəyyən etməkdə çətinlik çəkirəm. Oxucular və ya tənqidçilər bunu daha aydın görə bilər. 
 
– Hazırda nə oxumağı planlaşdırırsınız?
 Coys Kerol Outs: Bu müsahibəyə başladığımız vaxtdan bəri yazıçı dostlarımdan gələn 16 vacib elektron məktubu.
Kənan Hacı:Çoxdandı Ziqmund Freydin "Yuxuların yozumu” kitabını oxumaq istəyirəm. Kitab stolumun üstündədir. Yəqin ki, sizinlə söhbətdən sonra bu kitabın mütaliəsinə başlayacam. Amma hazırda paralel olaraq bir neçə kitabı da oxuyuram. 
 
Zəruri qeyd: Müsahibə sim-sim.az saytında Kənan Hacının cavablandırdığı suallar
Hazırladı: Aytac Quliyeva

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9254
GEL 1 1 Gürcüstan larisi 0.6403
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1261
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1872
CHF 1 1 İsveçrə frankı 1.7124
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.3170