• cümə, 29 Mart, 03:14
  • Baku Bakı 7°C

Yazı prosesinə tövhə vermək istəyirsiniz?!

25.07.16 10:43 2705
Yazı prosesinə tövhə vermək istəyirsiniz?!

Bəziləri ədəbiyyatla məşğul olmaq, ədəbiyyatın içində olmaq üçün hər yolu sınayırlar. Alınmayanda tamamilə ədəbiyyatdan uzaqlaşırlar. Bəziləri isə ədəbiyyatla məşğul olacaq potensiala sahib olmadıqlarını qəbul edir və ədəbiyyatın içində olmaq üçün müxtəlif yollar axtarırlar. Məsələn, təqdimat mərasimlərinin sevilən üzləri, poeziya gecələrini qaçırmayanlar, səbirsizliklə hansısa yazarın seminar elan etməsini gözləyənlər ikinci qrupa aid olanlardır. Bu tiplər inanılmaz işlərə qol qoyurlar – hərraclarda iştirak etmək, marketinq işinə dəstək vermək, hətta sevdiyi yazarların gündəlik işlərini görmək kimi ağılalmaz dəstək formaları...

"Literactor”-un ədəbiyyat redaktoru Robbi Bleyr tanıdığı yazarlara dəstək olmaq istəyənlər üçün böyük bir şərh-məsləhət yazısı paylaşıb. Həmin yazıdan bir hissəni təqdim edirik.

Yazıçı kimi fərdi təcrübələrim bir yana qalsın, yazarlıq fəaliyyəti ilə məşğul olan çoxlu dostum var, yazar kimi tanınan uzaq-yaxın qohumlarım, həmkarlarım, bir zamanlar romantik münasibətim olan insanlar... Yəni bu çevrədə bir yazarla qurulan müxtəlif səpkili münasibətləri rahatlıqla müşahidə edə biləcək qədər çox olmuşam. Məncə, yaxınında, yanında, qonşuluğunda olan yazarlara necə kömək etmək, bu üsullarla ədəbiyyata, incəsənətə necə dəstək vermək mümkün olduğunu bilirəm deyəsən. "Standart tövsiyələr” deyil bunlar. Ümumiyyətlə, təkcə ədəbiyyatda yox, incəsənətin heç bir sahəsində bu tip tövsiyələrlə uğur qazanmaq olmur. Amma sınadığım və işə yaradığına göz şahidliyi etdiyim bir neçə üsulu sizinlə bölüşmək istədim.

1. Yazı prosesi haqqında məlumat alın və bu mərhələyə hörmətlə yanaşın. Yazarlarla bir çox ortaq nöqtəmiz, oxşar cəhətimiz, işbirliyimiz olsa da, bir-birinə tamamilə uyğun insanlardan ibarət homogen bir qrup olmadığımızı bilirəm. Yazmaq necə irəliləyəcəyini əvvəldən təxmin etmək mümkün olmayan bir prosesdir. Hər yazar üçün bu proses başqa cür baş verir, hərəsi üçün sürətli irəliləmə, ləngimə mərhələsi, yeri tamamilə fərqlidir. Onları daha yaxşı başa düşmək üçün yazı prosesləri, işin gedişatı ilə bağlı imkan olduqca çox danışın. Bu proses haqqında məlumatınız çoxaldıqca, işi də, müəllifi də daha yaxşı başa düşəcəksiniz.

2. Onlara yalan deməyin. Bəzi yazarlar yazdıqları ilə bağlı səslənən fikirlərə həddindən artıq həssaslıq göstərirlər. Məsələn, yazdığını onun sevdiyi, bəyəndiyi qədər sevib, bəyənmədiyinizi hiss edərlərsə, inciyə bilərlər. Amma nəzərə alın ki, qarşınızdakı ədəbiyyat adamıdır. Yəni, sizə əslində sıxıcı, maraqsız gələn bir şeyi sevirmişsiniz kimi davranmağınıza daha aqressiv reaksiya verəcəklər. Odur ki, hiss etdiyinizi deyin.

3. Yeməli, ləzzətli hədiyyələrlə sevindirin. Yazarların böyük əksəriyyəti bunu sevirlər. Yazarkən tez-tez məşğul ola biləcəkləri yeməli, şirin şeylər, məncə, bütün yazarların xoşuna gələr. Hələ bu hədiyyəni onu sevən, yaradıcılığına qiymət verən, izləyən biri edərsə, lap xoş olar. Amma bəzi yazarların ağılasığmaz vərdişləri var. Məsələn, mən yazının təhvil tarixi yaxınlaşdıqca, şokoladlı, fıstıqlı sendviçlər hazırlayıram. Yazını təhvil verəndə artıq bir neçə kilo artmış olsam da, bu sendviçlər məni rahatladır. Ləzzətli, xeyirli, şirin hədiyyələrlə sevdiyiniz yazarı sevindirə bilsəniz, ona bir neçə cəhətdən kömək etmiş olacaqsınız. Bunu bir az da başqa cür düşünün – maşınların işləmək üçün benzinə və yağa ehtiyacı var. Odur ki, maşınlar kimi yazarların da işləmək üçün kofeinə, endorfini artıran şeylərə ehtiyacı var. Əslində, yazar vərdişlərinin çox qəribə elmi-nevroloji açıqlamaları var, amma bizim mövzumuz indi bu deyil.

4. Elə ideya ilə bağlı danışdığı andan onu yazmağa sövq edin. Yazdıqları haqqında, ideyaları haqqında danışmağa yox, beyin fırtınası etməyə, düzəlişlər aparmağa, araşdırma etməyə yox, yazmağa sövq edin, ancaq yazmağa. Yazarlar tez-tez tənbəlləçirlər, "hərəkətsizlik yumağı”na çevrilirlər. Yazmağa başlamaq, ilk addımı atmaq onlar üçün həmişə çətin olur. Amma bunun öhdəsindən gəldiklərində işlər getdikcə yüngülləşir və artıq onlara zövq verən prosesə çevrilir. Bu isə sadəcə hərəkətsizliyi, tənbəlliyi artırır. Bunu şüurlu şəkildə dərk etsək də, hər yeni əsər öncəsi qaçılmaz prosesdir bu. Əgər bizə yazmaq üçün əlavə həvəs, ürəkləndirmə, dəstək versəniz, bu divarı aşmaq daha asan olur. Yazarı lazımı enerji və əzmlə təmin edən oxucunun diqqətidir.

5. Onlara yer verin. Əgər bir yazarla eyni evi bölüşürsünüz və onun yaradıcı prosesinə imkan yaratmaq istəyirsinizsə, görə biləcəyiniz ən yaxşı iş ona yer vermək, sadəcə ona məxsus meydan ayırmaqdır. Bu yeri o özü bildiyi kimi düzəldib, dağıdıb, səliqəyə sala bilməlidir. Əsla həmin əraziyə girməyin. Bəziləri sizə görə çox dağınıq ola bilər, amma onlar nəyi hara qoyduqlarını yaxşı bilirlər. Bəziləri xoşlayır ki otaqda az əşya olsun. Bəziləri özləri üçün "yır-yığış günü” elan edirlər. Bəziləri məhz elə dağınıqlıqda işləyir, bəziləri isə işlədikləri yerə emosional bir formada bağlanırlar. Məsələn, mən işləmək üçün tam rahat bir yer istəyirəm. Amma atam möhtəşəm adam olmasına baxmayaraq, ofisinə sanki bomba düşür hər axşam. Hər halda dözülməz hal almayıbsa, qoyun, yazar öz yerini istədiyi kimi istifadə etsin. Çünki mühitdəki vəziyyət bizim psixologiyamızda çox da önəm daşımasa da, yazarlar narahat olduqları yerlərdə yaza bilmirlər. Ona görə fəaliyyət meydanı onlar üçün böyük əhəmiyyət kəsb edir.

6. Onlara özlərini xatırladın. Yazarlıq və ümumiyyətlə yaradıcılıqla bağlı olan bütün işlər çox stressli olur, bu işlə məşğul olanlar ya birmənalı şəkildə asosial olur, ya da sosiallaşmağa vaxtı olmadığı üçün şikayətçi və aqressiv insana çevrilirlər. Hərəkətsiz həyat tərzi keçirdiklərindən çox zaman öz mənəvi sıxıntılarına göz gəzdirə bilmir, özləri ilə maraqlanmır, onları xoşbəxt edən şeyləri unudur və nəticədə stress altında əzilir və dərin depressiyalara qərq olurlar. Onlara onsuz da bir dəqiqə belə olsun, unutmadıqları son təslim tarixini və ya onun yaxınlaşdığını xatırlatmaqdansa, mənəvi yenilənmə üçün vaxt yetişdiyini, ruhi-psixoloji rahatlıq üçün sevdikləri fəaliyyətlə məşğul olmaq üçün əla fürsət olduğunu xatırlatsanız və hətta bunu icra etdirə bilsəniz, ona daha çox xeyir vermiş olarsız.

Elə bu emosional qayğı da bədənə göstərilən bəzi terapevtik üsullarla təşkil edilən fiziki proseduralardan tamamilə fərqlidir və hər yazarın öz dincəlmə, yenilənmə, emosional sakitləşmə formaları var. Bəziləri üçün ən mükəmməl məşğuliyyət yoqadır. Məsələn, Elis Munro üçün uzunən yaxşı məşğuliyyət gəzinti və yazdıqlarından fərqli olaraq xəyala dalmaqdır. Bəziləri isə tamamilə fərqli şeylərdən zövq alır, yenilənir – stolüstü tennis, dostları ilə göl kənarında zəngin bir səhər yeməyi. Əgər ona dəstək olmaq istəyirsinizsə, onun emosional vəziyyətin gücləndirən bu kimi detalları öyrənin. Çünki bunlar gələcəkdə, yazı prosesində onun mənəvi axsıma və ya həyəcan yaşadığı dönəmlərin öhdəsindən asanlıqla gəlməsi üçün işə yarayacaqdır.

7. Ürək-dirək verməlisiniz.Məncə, bu yazdıqlarımı oxuyursunuzsa, deməli, yazar olmaqdan çox, içinizdə sevdiyiniz, tanıdığınız və ya uğurlu karyerası olacağına inandığınız bir yazara və ya həvəskara dəstək olmaq istəyirsiniz. Ola bilər ki, yazmaq haqqında danışacaq çox sözünüz yoxdur, yenə də gördüyü iş üçün onu dönə-dönə mədh etmək sizin sözünüzün dəyərini azaldacaq. Dəstək olmaq, onu tərifləmək, yazdığı hər şeyi sevmək bir yana, arada nəyi xüsusilə sevdiyinizi, nəyin marağınızı o qədər də çəkmədiyini deməklə ona fərqli fikir imkanları yaradın.

8. Onları narahat etməyin.Yazı prosesində yazarın özünü tamamilə hadisələrin axarına buraxması çox nadir hallarda baş verir və bu baş verirsə, deməli, olduqca dəyərli bir an yetişib. Özümə baxıram, belə bir zamanda birnəfəsə səhifələrcə yazdığımı xatırlayıram. Odur ki, bəlkə də, lap elə bu zaman olduğunu ağlınıza gətirin və yazarınıza mane olmayın. Müdaxilə etməyin, sual verməyin. Yaxşısı odur ki, bu vaxtın qiymətini dərk edin. Düzdür, onlar qəfildən bir şeyə kökləndikdə siz də planlarınızı dəyişdirməli olacaqsınız. Amma dediyim kimi bu nadir hallarda baş verdiyi üçün narahat olmağa dəyməz.

Tərcümə etdi: Elcan SALMANQIZI

banner

Oxşar Xəbərlər