Yazdığı hər sözə görə məsuliyyət daşıyan qələm adamı
Müsəllim Həsənov: "Özümü 61 yox,
16 yaşlı gənc kimi hiss etdim!”
Tələbələrin istəyi ilə "Son iclas” filminin ssenari
müəllifi, görkəmli tədqiqatçı-jurnalist, əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovu
fakültəmizə dəvət etmişdik. M.Həsənov görüş zamanı tələbələrə ssenari müəllifi
olduğu bir necə filimi ilə yanaşı, kitabları haqqında da maraqlı və dəyərli
informasiya verdi.
"İstismarçı
kapitalistlər”, "azğın burjua nümayəndələri” və s. və i. adlarla Sovet dövrü tədqiqatlarında
gündə yüz dəfə ən aşağı sözlərlə tənqid, təhqir edilən, başda H.Z.Tağıyev
olmaqla, milli qeyrətimizin təcəssümü olan Bakı milyonçuları haqqında müstəqilliyimizi
əldə etdikdən sonra saysız-hesabsız məqalələr,
esselər, kitablar, əsərlər yazıldı, filmlər çəkildi. Amma zaman, məkan sübut
etdi ki, uzun illər yanlış tədqiqata cəlb edilən, söyülən, döyülən milli burjua
nümayəndələrimiz haqqında hələ bir çox qaranlıq mətləblər işıqlandırılmalıdır.
Buna ehtiyac və tələbat var. Bu zərurətdən yaranan əsərlərdən biri də "Nobellər
neft, milyonçular və qoçular şəhərində” əsəridir. Əsərlə tanış olarkən akademik
Fuad Qasımzadənin sözlərini xatırladım: "Kitab var ki, çapdan çıxar-çıxmaz
unudulur. Kitab da var ki, xeyli müddət yaşayır, nəsillərə gərəkli olur,
zaman-zaman ona ehtiyac və tələbat duyulur”. Heç şübhəsiz, bu əsər də hər zaman
oxucusuna gərəkli və dəyərli bir mənbə olacaq. Zəngin arxiv sənədləri və dövrü
mətbuatın materialları əsasında ərsəyə gələn bu mükəmməl əsərin müəllifi Əməkdar
mədəniyyət işçisi, görkəmli tədqiqatçı-jurnalist Müsəllim Həsənovdur. Gənc nəsil
onu daha çox "Son iclas” filmindən tanıdı. Ssenari müəllifi olduğu bu filim Müsəllim
Həsənovun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə layiqli bir töhfə
idi. "Son iclas” filmi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin son
iclasından (Azərbaycan Parlamentinin sonuncu - 145-ci iclası 27 aprel 1920-ci
il, saat 20:45-də başlayıb), Azərbaycanın rus və yerli bolşeviklər tərəfindən
silah gücünə işğal edilməsindən bəhs edən hadisələrə həsr edilib. Gərgin, həyəcanlı
keçən bu tarixi iclasın mənzərəsini arxiv sənədləri əsasında çox gözəl yarada
bilən müəllif, həm də Azərbaycan Xalq Cümhuriyyəti dövrünü "Azərbaycanın
yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi” şərh edə
bilib. Əslində bu filimin uğurlu alınması o qədər də təəccüb doğurmur. Ona görə
ki, Müsəllim Həsənov "Son iclas”a kimi bir sıra sənədli filmlərin, o cümlədən
"Lider” TV-də yayımlanan Bakının memarlıq abidələrinin tarixinə həsr edilən
"Bakı vaxtı” sənədli filmlər silsiləsinin müəllifi kimi tamaşaçı rəğbətini
qazanmışdı. Onun ssenari müəllifi olduğu "Əbədi ezamiyyət”, "Bir günəş
altında”, "Daşdan tikilmiş şəhər”, "Mübariz” (Milli Qəhrəman Mübariz İbrahimova
həsr edilib), "Şirvanşahlar: Azərbaycanın dövlətçilik tarixinin möhtəşəm min
ili” filmlərində tamaşaçı yeni faktlarla qarşılaşır.
Müsəllim
1985-ci ildə BDU-nun Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib (O,
zaman mən həmin fakültənin birinci kursunda oxuyurdum. Müsəllim, Faizə, Esmira,
İradə və başqaları, müəllimlərimin təbrincə desəm, artıq fakültənin tanınmış
jurnalistləri idilər və biz bu tanınmışlara qibtə hissi ilə baxırdıq). Xoşbəxtlikdən,
onlar sonradan ölkəmizdə sözü, imzası ilə tanınan, sevilən, oxunan qələm əhli
oldular. Müsəllim Həsənov da 1985-ci ildə ilk olaraq "Azərnəşr”də işə başlasa
da, imzası ilə dövrü mətbuatda tez-tez göründü və yaddaşlarda qaldı. Çünki, Müsəllimin
müraciət etdiyi mövzular, adətən, uzun illər sovet dövründə yanlış təbliğ edilən
sahələrə aid idi. 1989-1992-ci illərdə işlədiyi "Yeni fikir” qəzetində həmin
mövzulara həsr edilən onlarla məqalələri sonradan üç kitabın ərsəyə gəlməsinə səbəb
oldu. Bir müddət Azərbaycan Respublikası Prokurorluğunda mətbuat xidmətinin rəhbəri
işləyən M.Həsənovun yenidən tədqiqatçı-jurnalistikaya qayıtması heç də təəccüb
doğurmadı. Əslində o, elə həmin illərdə də vaxt tapan kimi arxivlərə baş çəkir,
onu maraqlandıran mövzular haqqında informasiya toplayırdı. Elə "Qərib məzarlar”
(2016), "Azərbaycanda gəmiçilik” (2018) və "Nobellər neft, milyonçular və
qoçular şəhərində” (2018) əsərləri də bir ilin, iki ilin məhsulu deyil. Müəllif
təkcə Azərbaycanda yox, həm də Parisdə, Moskvada, Sankt-Peterburqda uzun illər
arxivlərdə, kitabxanalarda, muzeylərdə axtarışlar aparmış, sənədlər toplamış və
nəticədə möhtəşəm əsərlər ərsəyə gətirmişdi.
"Yazdığı hər sözə görə məsuliyyət daşıyan qələm adamı” adlandırılan Müsəllim,
müraciət etdiyi mövzuları qəlbinin süzgəcindən keçirərək yazmaqla kifayətlənmir.
O, həm də bu mövzulara böyük sevgi, sayğı ilə yanaşır. Çünki o mövzuların böyük
əksəriyyəti şanlı, şərəfli tariximizin bir parçasıdır. "Qərib məzarlar” əsəri
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu ildə Paris-Sülh Konfransına
göndərdiyi Azərbaycan nümayəndə heyətinin işğaldan sonrakı acınacaqlı taleyindən
bəhs edir. Nümayəndə heyəti Parisə gəldikləri ilk gündən nə qədər ciddi
problemlərlə rastlaşsalar da, ümidlərini itirmir, gərgin, çətin bir şəraitdə fəaliyyətlərini
davam etdirirlər. Müəllif, əsərində Parisdə qalan nümayəndə heyətinin 1920-ci
ilin aprelində Azərbaycanın bolşeviklər tərəfindən işğalı faktı ilə
barışmayaraq, mühacirətdə necə böyük çətinliklə mübarizə aparmalarından, maddi
və mənəvi çətinliklərlə üz-üzə qalmalarından ürək ağrısı ilə söz açır. Əsəri
oxuduqca hiss olunur ki, müəllif, mühacirətdə qalan soydaşlarımızın çox böyük çətinliklərlə
mübarizə aparmasını əks etdirən ən kiçik detalı belə gözdən qaçırmayıb, faktlara
həssaslıqla yanaşıb, onların müstəqil Azərbaycan yolunda nələri qurban
verdiyini dönə-dönə oxucusuna xatırladıb.
Müəllifin
"Qərib məzarlar” əsəri kimi "Nobellər neft, milyonçuları və qoçular şəhərində” əsəri
də oxucular tərəfindən rəğbətlə qarşılandı. Azərbaycanda neft sənayesinin
inkişafında Nobellərin xidmətlərini araşdırmaqla yanaşı, həm də onların
Bakıdakı fəaliyyəti, şəhər əhli ilə münasibətləri, yerli sahibkarlarla əlaqələri,
neft biznesi ilə bağlı olan sərgüzəştləri haqqında doğru-dürüst informasiya
verməyə çalışıb və buna nail də olub. Unutmayaq ki, bu mövzu sovet dövründə həm
ölkəmizdə həm də, xaricdə nəşr edilən əksər məqalələrdə, əsərlərdə düzgün
işıqlandırılmayıb, hadisələr, faktlar neqativ planda təsvir edilib.
M.Həsənov əsərində Nobellərin Bakıya necə gəlib
çıxmasından, bu qədər böyük şöhrət və sərvətə sahib olmasından bəhs etməklə
yanaşı, onların milli burjuaziya nümayəndələri ilə münasibətindən, Bakı
qoçuları ilə əlaqəsindən geniş şəkildə məlumat verib. Əsərdə həm də "Azərbaycan
Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə Nobellər hansı cəbhədə dayanıb?”
sualına cavab verilib. Müəllif ilk səhifədə qeyd edir ki, biz Nobellərin
Bakıdakı fəaliyyətinin nisbətən az öyrənilən
tərəfinə işıq salmaq istəyirik: "Arxiv sənədləri, onların müasirlərinin xatirələri,
nəhayət, o dövrün materialları əsasında”.
Əsərlə tanış olarkən müəllifin istəyinə
nail olduğu aydın olur. O, milli burjuaziyamızın görkəmli nümayəndələrindən
olan Hacı Zeynalabdin Tağıyevin, Şəmsi Əsədullayevin, Hacı Hacıağa və Şıxəli
Dadaşov qardaşlarının Nobellərlə işgüzar münasibətlərini doğru-dürüst sənədlər,
materiallar və xatirələr əsnasında oxucusuna çatdıra bilib. Sadə, səlis dildə,
publisistik üslubda yazılan, ayrı-ayrı sərlövhələrlə verilən məqalələrdə
Bakının tarixi ndən, onun neftinin qoxusuna gələnlərdən və bu nefti "sorub
aparmaq”, soyub-talamaq üçün dəridən-qabıqdan çıxanlardan da bəhs edilir. Müəllif,
əsərində təəssüf hissi ilə qeyd edir ki, Nobel mükafatının verildiyi təxminən
120 il ərzində bu mükafata bir nəfər də olsun azərbaycanlı alimi və ya ədibi
layiq görülməyib. Amma heç kimə sirr deyil ki, Nobel fondunun formalaşmasında
Bakı neftinin rolu az olmayıb.
Tələbələrin istəyilə Müsəllim Həsənovu işlədiyim
BDU-nun Jurnalistika fakültəsinə dəvət etdim. Dəvətimi sevgi ilə qəbul etdi. Görüş,
əsasən onun ssenari müəllifi olduğu "Son iclas” filmi üzərində quruldu. Sonda təşəkkür
edərkən dedi: "Əslində bu gün mənə çox xoş oldu. Mənə hər zaman əziz ocaq olan
fakültəmizə gəlməklə, xəyalən gəncliyimə, tələbəliyimə qayıtdım. Bu gün özümü
61 yox, 16 yaşlı bir gənc kimi hiss etdim!”
Qərənfil
Dünyaminqızı,
Əməkdar jurnalist