• cümə, 29 Mart, 15:57
  • Baku Bakı 14°C

Yazarlarımızın ingilis dilində kitabı hazırlanır

03.03.14 13:54 1378
Yazarlarımızın ingilis dilində kitabı hazırlanır
Jurnalist Ekspert Mərkəzi (JEM) yeni layihəyə başlayır. Layihə “Azərbaycanın istedadlı yazarlarının tanıdılması üçün bədii əsər müsabiqələrinin təşkili” istiqamətində həyata keçiriləcək. “Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” adlı 4 aylıq layihənin maliyyə yardımçısı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.
JEM-in mətbuat xidmətindən redaksiyamıza daxil olan məlumata görə, layihə çərçivəsində 10 yazarın hekayəsi ingilis dilinə tərcümə ediləcək və tərcümələr kitab şəklində nəşr olunaraq ölkəmizdəki səfirliklərə, beynəlxalq təşkilatlara, xarci şirkətlərə hədiyyə veriləcək. Bununla yanaşı, xaricə işgüzar səfər edən QHT əməkdaşları da həmin kitabları əcnəbi həmkarlarına bağışlayacaqlar.
Məlumatda deyilir ki, yazarlar JEM-in üzvü olan tanınmış jurnalistlər tərəfindən seçiləcək: “Əsas meyar kimi istedad, peşəkarlıq və yazarın oxucu dairəsinin geniş olması faktı götürüləcək. Kifayət qədər zövqlü oxucusu olan istedadlı yazarlarımız çoxdu. Onların hekayə janrında yazdığı əsərlərə ədəbi mühitdə maraq var. Sosial şəbəkələrin geniş yayılması nəticəsində kimin hansı istedada sahib olduğu aydın görünür . Belə müəlliflərdən ən çox oxunanlarını sadə sorğu ilə də müəyyənləşdirmək mümkündür. Seçilən yazarlara hekayə təqdim etmələri üçün müraciət olunacaq. Hər yazar hansı hekayəsini daha uğurlu hesab edir, onu JEM-in e-mail ünvanlarına – ([email protected]), ([email protected]) göndərəcək”.
JEM-in məlumatında xüsusi olaraq vurğulanır ki, dünyanın diqqətini Azərbaycan ədəbiyyatına cəlb etməyin yolu geniş arealı olan dildə təqdim olunmaqdı. Layihənin məqsədi odur ki, xarici oxucu Azərbaycanda ədəbi mühit olduğunu bilsin və bizim yazarların dünyanın tanınmış yazarlarından yaradıcılıq baxımından geri qalmadıqlarını görsünlər.
banner

Oxşar Xəbərlər