• çərşənbə, 24 Aprel, 12:42
  • Baku Bakı 27°C

Yazarlar sosial şəbəkələrdə

14.04.15 05:33 1316
Yazarlar sosial şəbəkələrdə
Həyatımızı sosial şəbəkələrsiz təsəvvür etmirik. Nə qədər gərgin çalşsaq da, ictimai nəqliyyatda, evdə olarkən belə zaman tapıb mobil telefonumuzdan, kompüterimizdən, planşetdən sosial şəbəkələrə daxil olur, tez-tez yenilənən informasiyalarla elə buradaca tanış olur, dünyada baş verən prosesləri izləyir, dost-tanışdan hal-əhval tutur, yeni dostlar qazanırıq. İlişib qaldığımız bu hörümçək toru ədəbiyyat adamlarını da başına yığıb. Bu gün yazıçı və şairlərin, ümumən qələm əhlinin sosial şəbəkələrdən kənar həyatını təsəvvür etmək çətinləşib. Sosial şəbəkələrin mövcud olmadığı vaxtlarda tanınan, cild-cild kitabları satılan yazarlar belə bəzən bu yeni müstəvidə reklama və ünsiyyətə ehtiyac duyurlar. Təbii ki, bu zamanın və müasir dövrün tələbi ilə hamı ayaqlaşmağa çalışır. Bəzi yazarlar üçün vətəndaş mediası sadəcə, ünsiyyət yeri olsa da, bəzilərinin tanınması üçün əsl vasitəyə çevrilib.
Amma istər-istəməz sual yaranır: “Sosial şəbəkələr yazarların oxucu auditoriyasının genişlənməsinə real olaraq kömək edirmi?”
İtməyən ənənəvi üsullar
Xalq şairi Sabir Rüstəmxanlı yaradıcılığı ilə, oxucu auditoriyası toplamaqla bağlı sosial şəbəkələrə ehtiyacı olmadığını bildirdi: «Facebookdan, Twitter-dən istifadə edirəm. Ancaq mənim Facebook səhifələrimi özümdən daha çox yaxınlarım idarə edir. Ona görə mən sosial şəbəkələrdə az yazıram». S.Rüstəmxanlı hesab edir ki, sosial şəbəkələr auditoriya toplamağın yolunu burada tapan yazarlar üçün gün-gündən genişlənən əlaqə formasıdır. Belə ki, bu gün kitabdan çox, sosial şəbəkələrin oxucusu var: «Təəssüf ki, o qayda-qanunu görənlər üçün nə ciddi dil qanunları, nə də ədəbiyyatla əlaqələr qalır. Əgər bu gün Azərbaycan hərflərinin çoxu klaviaturada çatışmırsa, «ə» əvəzinə «e» yazılırsa, və ya «q»-dan istifadə olunmursa, onun yaxşı nəticə verəcəyi barədə şübhəliyəm. Ancaq sosial şəbəkədə bir pəncərə açılıb gənc yazarlar ələ çətin düşən kitabları çox asanlıqla tapıb oxuyurlar. Bu baxımdan internetin həm elmi, həm də informasiya baxımından böyük əhəmiyyəti var». Yazıçı hesab edir ki, sosial şəbəkələrdə paylaşılan ədəbi nümunələrin «like» (bəyənmək) edilməsi əslində real oxuculardan xəbər verir: «İnsan özünü bu qədər çox «like» edə bilməz. Ona görə yazıları bəyənənlərin çoxları real oxuculardır”. S.Rüstəmxanlının fikrincə, bu gün, oxucu auditoriyası Azərbaycanda təkcə sosial şəbəkələrdə deyil. Yəni kitab oxuyanlar da, ədəbi görüşlərdə kitaba maraq göstərənlər də var. “Azərbaycan oxucusu hələ ənənəvi üsullardan qopmayıb».
Yazıçı öz oxucusunu tapırsa
Sualı ünvanladığımız şair Baba Vəziroğlu hesab edir ki, şair və yazıçılar əlahiddə bir zümrə deyillər. Belə ki, onlar da cəmiyyətin üzvləridirlər. Texnoloji inkişafla bağlı cəmiyyətin hər bir üzvü bu tərəqqidən nə qədər yararlanırsa, ədəbiyyat adamları daha artıq istifadə edirlər. B.Vəziroğlu sosial şəbəkələrdə aktiv olduğunu deyir: «Sosial şəbəkələrdə fəal iştirak edirəm. Ancaq yadıma gəlmir ki, bu, mənə şeirlərimə oxucu, mahnılarıma dinləyici toplamaqda kömək etsin. Sosial şəbəkələrdə iştirak etmək məqsədim bu deyil. Yəni onsuz da oxucum və dinləyicim kifayət qədərdir». Şairin fikrincə, sosial şəbəkələr canlı ünsiyyətin elektronlaşdırılmış variantıdır: «Çünki zəmanə ilə, müəyyən iş rejimi ilə bağlı canlı ünsiyyətə vaxt və həvəs qalmayıb. Meqapolis şəhərdə yaşayırıq. Dolanışıq dalınca qaçırıq. Qayğılar bizə tanıdığımız və tanımadığımız insanlarla ünsiyyətə imkan vermir. Belə problemli məqamda sosial şəbəkələr özünü köməyimizə çatdırdı. Bir növ əlaqə şəbəkəsini əvəz etdi. Əvvəlcə bu, bizə bir qədər çətin gəldi. Dedik canlı ünsiyyəti əvəz edə bilməz. Amma sonradan öyrəşdik. İndi biz canlı ünsiyyətdən sosial şəbəkələrdəki ünsiyyət qədər zövq almırıq”. Şairin fikrincə, virtual əlaqələr televiziyaları, telefonları kölgədə qoyur: “Həyat tərzimizin hər bir nöqtəsində internet dadımıza çatır». B.Vəziroğlu bu gün sosial şəbəkələrin ədəbiyyat adamlarının həyatındakı rolunu da reallıq kimi dəyərləndirir: «Əlbəttə, mən istərdim ki, yazıçı və ya şair kimi insanlarla daha çox canlı ünsiyyətdə olum. Nəfəs-nəfəsə qalım, gözləri gözümə baxsın – bunun yerini heç nə verməz. Ancaq mən reallıqla hesablaşan adamam, xəyalpərəst deyiləm. «Keçən günə gün çatmaz deyə»- keçib gedənlərin həsrəti ilə yaşamağı da sevmirəm». B.Vəziroğlu hesab etmir ki, sosial şəbəkələr hansısa şair və ya yazıçıya şöhrət gətirsin: «Şöhrət nisbi şeydir, gündəmdə olmaqdır. Buna görə sosial şəbəkələr ədəbiyyat adamına şöhrət gətirə bilməz, amma onu gündəmə gətirə bilər. Əsl şöhrət illərlə, əsrlərlə qazanılır. Məncə, gündəmdə olmaqla şöhrətli olmaq fərqli şeylərdir. İndi hər vasitə ilə gündəmə gəlmək olar, elə gəlirlər də. Əvvəl diqqət cəlb edirlər, maraqlı olurlar, sonra isə insanlar buna adət etdiyindən bezirlər. İndi istəyirsən ki, ciddi yazılara baxasan, ciddi əsərlər oxuyasan və bu cür insanlarla tanış olasan. Artıq tanışlıq edəndə seçim edirsən”. Şair hesab edir ki, biz bu texno inqilabda ilkin mərhələni keçmişik və ağıllı dövrə qədəm qoymuşuq. Belə ki, artıq texnoloji imkanlardan ağıllı, səmərəli istifadə etmək zamanı çatıb: “Mən görürəm ki, bu istiqamətdə böyük axın gedir. Sosial şəbəkələrdə təsadüfi adamlar olsa da, daha ciddi adamlar bir-birini tapır». B.Vəziroğlunun fikrincə, müasir qələm əhli sosial şəbəkələrsiz də öz oxucusunu tapa bilər. Belə ki, sosial şəbəkələr oxucu tapmağın bir vasitəsidir: «Mənə elə gəlir ki, kitabın əvəzini heç nə verə bilməz. Ona da pis baxmıram ki, yazılı mətbuatda öz əsərlərini dərc etməklə yanaşı, texnoloji vasitələrlə də öz oxucusunu tapmağa çalışan yazarlar var. Yəni məbədə gedən yollar müxtəlif ola bilər, ancaq son mənzil eyni olmalıdır. Yəni yazıçı sonunda öz oxucusunu tapırsa, demək, bütün yollar məqbuldur. Mən bir çox gənc yazarların əsərlərini sosial şəbəkələrdən oxuyuram. Yəni onların kitablarını almağa və yazılı mətbuatı izləməyə o qədər vaxtım olmur. Mənə maraqlı olan imzaları yaddaşımda saxlayır və həmişə izləyirəm. Bu, sosial şəbəkələrin gözəl xüsusiyyətidir».
Yardımçı vasitə
“Ölkə mediasının mikroskopik tirajlara düşdüyü, televiziyaların müasir ədəbiyyatın üzünə qapandığı bir dövrdə sosial media ədəbi nəfəslik rolunu oynayır”- deyən yazar Qan Turalı hesab edir ki, bu gün yazarlar sosial mediasız tanına bilməzlər: “Biz mətbuatın daha güclü və kütləvi olduğu zamanlarda ədəbiyyata gəlmişik, lakin bizdən sonrakı nəsil üçün sosial media ənənəvi mediadan daha populyar, daha kütləvi oldu. Məhz sosial media vasitəsi ilə yüzminlərlə oxucu ədəbiyyata nəfəslik əldə etdi. Özü də söhbət təkcə bizim yazarlardan getmir. Məsələn, sosial mediadan əvvəl Can Yücel nə Türkiyədə, nə də Azərbaycanda bu qədər populyar deyildi. Türkiyədə bir yazıçı var. Ali Lidar. O populyarlığı sosial media vasitəsi ilə qazanıb, daha sonra kitabları çıxıb. Bizdə belə nümunə yoxdur”.
Şairə və tərcüməçi Rəbiqə Nazimqızının fikrincə, sosial şəbəkələrin yazarların həyatında rolu danılmazdır, “Tanınırsan, mətnlərini yayırsan, fikir mübadiləsi aparırsan, rəy öyrənirsən, mövzu tapırsan və əlbəttə, dincəlirsən. Bəzən saxta profildən qıcıq dolu məktublar da alırsan, hərdən əsəbiləşirsən də, amma tez də anlayırsan ki, monitorun o üzündəki adamın məqsədi elə budur. Sosial şəbəkəni vaxt itkisi hesab edənlər də var, amma məsələn, mən məşğulamsa, status yazmıram, şərh bildirmirəm, inbox-a da yazışmıram. Arada işdən yorulanda baxıram ki, özümü katorqadakı kimi hiss etməyim”. R.Nazimqızı hesab edir ki, sosial şəbəkələr ədəbiyyat adamlarının tanınmasına kömək edir, amma bir qayda olaraq, onlar kitabdan daha çox mobil ünsiyyətə üstünlük verirlər: “Çünki, mobil ünsiyyət rahatdır, ən yaxşı mətnləri və rəyləri görürlər. Üstəlik, kitaba pul vermək də lazım gəlmir. Amma bəzən adekvat oxucunu elə netdən tapırsan. Hərçənd, mən oxucuyla ünsiyyət prosesində sıxılıram. Elə bil arada hansısa gözəgörünməz öhdəlik yaranır. O hesab edir ki, mütləq ya tərifləməli, ya tənqid etməli, yəni fikrini müəllifə bildirməlidir və müəllif də bu tərif və ya tənqidi təqdir etməlidir. Və ya suallar verirlər ki, bu mətni yaşamısınız, başınıza gəlib, qəhrəman kimin prototipidir, şeir ya esse kimə həsr olunub. Ya soruşurlar ki, kitabı necə alaq - özlərinə əziyyət verib mağazaya getmək də istəmirlər. Hərdən istisna kimi yaxşı mətn duyumuna malik intellektli oxucu da olur ki, sənə qida verir, onun fikirlərindən sonra yeni kanallar işə düşür. Belə dərin oxucu ilə rastlaşmaq xoşbəxtlikdir. O səndən danışmır, mətni təhlil edir”. R.Nazimqızının fikrincə, “like” sayı real oxucu sayı deyil. Belə ki, bəzən mətni, statusu dərc edən saniyədə like gəlir. Bu o deməkdir ki, paylaşdığın saytı açmadan like edirlər. Yəni buna aldanmaq olmaz: “Məsələn, mənim Facebook səhifəmi təxminən 700 nəfərə yaxın adam bəyənib. Sonuncu kitabım 300 nüsxə ilə çıxıb və hələ satılıb qurtarmayıb. Məntiqlə, mən ikinci 300 nüsxəni də çıxarıb satmalıydım”.
Şairənin fikrincə, sosial şəbəkələrsiz də oxucu toplamaq mümkündür: “Bu, yardımçı vasitədir. Amma məsələ burasındadır ki, əsas vasitələr işləmir. Kitab nəşri və satışı sistemi, reklam, PR işləri özfəaliyyət səviyyəsindədir. RTV-ni çıxmaqla telekanallar bu işdə fəal deyillər. Kitaba münasibət adekvat deyil”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər