Yayın “endirim” tələsi
"Sale, sale, sale... Yay endirimləri başladı, tələsin...
Şok endirim kampaniyası, bütün məhsullara 80-90 faiz endirim... Nə alırsan al,
hamısı eyni qiymətə, üçünü al, birini ödə...”Şəhərin mərkəzi küçələrində yerləşən məşhur
mağazaların önündən keçərkən, bu kimi
elanlar yəqin ki, sizin də diqqətinizi çəkir. Endirimləri görəndə isə özümüzə "yox”
demək bir qədər də çətinləşir. Xüsusən qadınların ən sevdiyi ifadə olan "endirim”
mağazaların ən böyük silahıdır desək, yəqin ki, yanılmarıq. Amma bəzən heç də hər
şey gözlədiyimiz kimi olmur. Belə ki, qeyd olunan endirimlərin əksəriyyəti ya saxta olur, ya da ki endirim cəmi
bir-iki məhsula aid edilir. Məhsulu
alıb kassaya yaxınlaşanda, görürük ki, heç də hər şey biz fikirləşdiyimiz kimi
deyil. Bəs belə olan zaman istehlakçı nə etməlidir? Bunun üçün hansısa məsuliyyət
nəzərdə tutulurmu? Ümumiyyətlə, aldadıcı marketinq siyasətində kim daha çox
itirir, müştəri yoxsa müştərisini itirən mağaza?
"Müştərini saxta endirimlərdən
istifadəyə vadar edirlər”
Marketoloq
Seymur Quliyevdeyir ki, daimi endirimli qiymətlər, əslində real olan qiymətlərdir: "Bakının istər mərkəzi, istərsə
də kənar küçələrində topdan və ya pərakəndə satış mağazalarının əksəriyyəti
böyük endirimlər təklif edir. Bu mağazaların böyük hissəsi isə geyim
mağazalarıdır. İlin hər mövsümündə, bayramlarda və xüsusi günlərdə bu endirimlərin
həcmi daha da artır. Hətta bəzi mağazalar var ki, xüsusən də Sahil və 28 May metrosu ətrafında yerləşən mağazalarda
ilin 12 ayı və ayın hər günü 40-50-60-70% endirim kampaniyaları olur. Bəzi
mağazaların girişinə "bağlanır” kimi sözlər yazılır və müştərilərin diqqətini çəkmək
üçün böyük həcmli endirimlər edildiyini elan edirlər. Bütün bu yüksək həcmli
endirimlər əksər hallarda, saxtakarlıq olur və hiyləgərcəsinə müştəriləri tələyə
salmaq üçün atılmış addımlardır. Əgər bu tip mağazaları mütəmadi olaraq nəzarətdə
saxlasaq və hər müşahidə vaxtı xüsusi malların qiymətlərini qeyd etsək, endirim
kampaniyaları zamanı qiymətlərin eyni olduğunu və ya olduqca az endirim
edildiyini, amma endirim həcminin yazılarkən şişirdildiyini görə bilərik. Daimi
endirimli qiymətlər əslində, real olan qiymətlərdir. Yəni hər zaman bu qiymətə
satılan məhsulların endirimdə olduğunu göstərmək sadəcə, müştərinin diqqətini cəlb
etmək üçündür. Marketoloqlar və
pərakəndə satıcılar tərəfindən oynanan "endirim oyunları”nda istehlakçı və ya
müştəri aldadılır. Onlar hiyləgərcəsinə istehlakçıları yönləndirməklə, müştərini saxta endirimlərdən
istifadəyə vadar edirlər. Artıq əksər müştərilər bu kampaniyalara
inanmır və çox zaman mağaza satıcıları
ilə mübahisə belə edir. Bu kimi hallar mağazaların müştəri əsaslı fəaliyyətdən
daha çox, satış əsaslı fəaliyyətə yönəlməsinin nəticəsidir. Müştərilərin isə bu
tip endirimlərə aldanması mağazalara olan inamın, endirimin cazibəsinin və ya
"indi ucuzdur, endirim bitmədən alım” düşüncəsinin məhsuludur”.
S.Quliyev deyir
ki, müştərilərin saxta endirimlərlə müştərinin aldadılması, düzgün olmayan informasiyanın
yayılması, məhsulun qiyməti haqqında səhv və ya natamam məlumatın verilməsi
kimi qeyri-etik olan bütün proseslər "Azərbaycan Respublikasının
İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında Qanun” tərəfindən tənzimlənir:
"Qanunun 18.0.5 və 19.2.12 maddələrində göstərilir ki, malların (xidmətlərin,
işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri,
qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz
reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların
(istifadəçilərin) aldadılmasının qarşısının alınmasını, satıcılar tərəfindən
çəkidə, qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə yalan məlumatlar
verilməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxır və
şikayətlərini araşdırır, onların nəticələri üzrə müvafiq tədbirlər görür”.
"Bu,
mağazaların manipulyasiya siyasətidir ki, ətrafına müştərini cəlb etmək məqsədi
daşıyır”
Biznes konsultant
Əyyub Qarabağlıbildirdi ki, müştəri
məhsul seçərkən diqqətli olmalıdır: "Mağazada 70-80 faiz endirim olduğu yazılıbsa, ola
bilsin ki, həqiqətən də orada 70 hətta, 75 faiz endirim var. Amma mağaza bütün
məhsullara eyni miqdarda endirimin olmamasına görə məsuliyyət daşımır. Çünki
ola bilər ki, 70-80 faiz endirimlər mağazanın yalnız bir neçə məhsuluna aid
olsun. Bəzən 50, yaxud 60 faizədək endirim elanlarına da rast gəlirik. Bu isə o
deməkdir ki, mağazada 20-30 faizlik
endirimdə olan məhsullar da var. Ona görə də məhsul seçimi zaman bu kimi
detallara fikir vermək lazımdır. Həmçinin, birbaşa hər hansısa bir miqdarda
endirimin olduğu dəqiq olaraq da yazılır. Bu, o demək deyil ki, həmin elan həqiqəti
əks etdirmir. Yəni məsələn, hansısa ətriyyat mağazası elan verir ki, ətirlərə
40 faiz endirim var. Lakin müştəri içəri daxil olub hansısa ətiri seçib və bu
zaman məlum olur ki, həmin ətir 40 faiz endirimdə deyil. Yaxud, ümumiyyətlə, həmin
ətirə endirim edilmir. Bu, mağazaların manipulyasiya siyasətidir ki, ətrafına
müştərini cəlb etmək məqsədi daşıyır. Belə olan təqdirdə, müştərinin mağazaya
olan inamı itir”.
Ə.Qarabağlı deyir ki, əgər mağazalar müştərilərlə
düzgün davransalar, onda onlara hər zaman inam olacaq: "Mağaza sosial şəbəkə
hesablarında, yaxud internet saytlarında bu barədə öz müştərilərini maarifləndirə
bilərlər. Məsələn, hansı brendlərə 40, hansılara 30, hansılarsa 20 faiz endirim
olduğunun dəqiq göstərilməsi daha məqsədəuyğun olardı. Yaxşı olar ki, mağaza anbarda
hansı brenddən nə qədər qaldığı barədə də öz müştərilərinə məlumat versin. Əslində
müştərini maarifləndirmək lazımdır. Burada nə mağazanın, nə də müştərinin günahı
var. Yəni heç kim heç kimi aldatmır. Sadəcə, olaraq anlaşılmazlıq zamanı müştəri
mağazaya öz etirazını bildirə bilər. Bizdə bəzi geyim və parfümeriya şəbəkələrində
bu haqda müştəriyə düzgün məlumat verilir. Müasir marketinq müştəriləri inandırmağı
tələb edir. Marketinqin əsas funksiyası da müştərini inandırmaq və özünə
bağlamaq qabiliyyətidir. Yaxşı olar ki, mağazalar öz müştərilərini maarifləndirməklə,
belə neqativ halların qarşısını alsınlar. Çünki belə halda mağaza günahı
olmadan müştərini narazı salır ki, nəticədə həmin müştəri ikinci dəfə o
mağazaya getməyəcək”.
"Çox
vaxt malın öz qiyməti endirim kimi göstərilir”
"Azad
İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov bizimlə söhbətində bildirdi ki, endirim məsələsi ilə
bağlı hər gün 2-3 istehlakçı şikayət
edir: "Mağazalar bəzən müştərini
elektron şəkildə və SMS-lər vasitəsilə də aldada bilir. Vitrinlərdə
70-80 faiz endirimi görüb, hansısa məhsulu alan istehlakçılar sonradan müxtəlif
problemlərlə üzləşir. İstehlakçı gördüyü 70-80 faizlik endirimə inanır və məhsulu
seçir. Bu zaman məlum olur ki, endirim heç də həmin məhsula aid deyil. Bu isə
istehlakçının hüquqlarının pozulması deməkdir. Həmçinin endirimlə alınan məhsul
keyfiyyətsiz çıxdığı zaman, müştəri onu dəyişmək, yaxud qaytarmaq hüququndan istifadə
etdikdə, problemlə üzləşir. Mağazadan bildirilir ki, məhsul endirimdə
olduğundan, dəyişdirilmir, yaxud qaytarılmır. İstehlakçılar bilməlidirlər ki,
Nazirlər Kabinetinin 94 saylı qərarına əsəsən, malların üzərində rəsmi qiymət sənədi olmalıdır. Bəzən saxta endirim
kampaniyaları zamanı qiymətin üzərindən xətt çəkilir, başqa bir qiymət yazılır.
Bu isə qeyri-qanunidir və istehlakçını aldatmaq jestləridir. Düzdür 70-80 faiz
endirim ola bilər. Biznes qurumu bu endirimi edə bilər. Lakin Azərbaycandakı mağazalarda belə şişirtmə
endirimlərin böyük hissəsi aldadıcıdır. Çox vaxt malın öz qiyməti endirim kimi
göstərilir. Belə olan təqdirdə isə istehlakçının hüquqları pozulur. Bu zaman
istehlakçılar qanuna əsasən, malın rəsmi qiymət sənədini tələb etmək hüququna
malikdirlər. Satıcı isə bu sənədi göstərməyə borcludur. Əgər istehlakçının
hüququ pozularsa, bu haqda dövlət qurumuna müraciət edə bilər”.
Şəbnəm Mehdizadə