• şənbə, 20 Aprel, 08:46
  • Baku Bakı 14°C

Yayın cırhacır istisində də su qıtlığı gözlənilmir

18.05.18 09:00 1032
Yayın cırhacır istisində də su qıtlığı gözlənilmir
Ötən il payızı yola salanda mütəxəssislər bu il qışın çox sərt olacağını proqnozlaşdırırdılar. Ancaq bu proqnoz özünü doğrultmadı. Azərbaycana demək olar ki, qar yağmadı. Bəzi dağlıq rayonları çıxmaq şərti ilə, yağan qar gözümüzün qurdunu öldürə bilmədi. Qışda qarın yağması bir çox amilləri nəzərə alsaq, olduqca vacibdir. Bunun həm insan sağlamlığına, həm də kənd təsərrüfatına böyük xeyri var. Daha bir amil isə yayın cırhacırı üçün su ehtiyatıdır. Qışda yağan qar yayda suya çevrilir ki, bundan da həm kənd təsərrüfatında, həm də gündəlik həyatımızda yararlanırıq.
Təbii, mülayim qışdan sonra belə bir sual yaranır: yayda bizi su qıtlığı, quraqlıq gözləyirmi?
Məlumat üçün qeyd edək ki, Kür və Araz çayları boyu yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 2007-2012-ci illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 20 rayonun 222 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılıb. Bu qurğular vasitəsilə kəndlərdə yaşayan 400 mindən artıq əhali içməli su ilə təmin edilib. Kür və Araz çayları boyu məskunlaşmış və hədsiz dərəcədə fiziki, kimyəvi və bioloji cəhətdən çirklənmiş vəziyyətdə olan Kür və Araz çaylarının suyundan uzun illər ərzində heç bir təmizlənmə aparılmadan istifadə edən əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün öncə bu kəndlərdə su mənbələrinin kəmiyyət və keyfiyyət göstəriciləri üzərində dəqiq monitorinqlər aparılıb və monitorinqlərin nəticələri sutəmizləyici qurğular quraşdırılmış kəndlərdə yeraltı suların olmadığını göstərib. Ən sərfəli variant kimi yaşayış məntəqələrindən təqribən 1000 metrədək məsafədən axan mövcud yerüstü su mənbələrindəki suyun təmizlənərək əhaliyə verilməsi seçilib.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov deyir ki, Azərbaycanda su qıtlığı ilə bağı hər hansı problem yoxdur: "Düzdür, su qıtlığı olacağına dair şayiələr yayılıb. Bunun da əsas səbəbi kimi qarın yağmamağı göstərilib. Amma əslində belə deyil. Bu il dağlara kifayət qədər qar yağıb. Su qıtlığının və quraqlığın olacağı ehtimalı yoxdur. Su qıtlığı təkcə qarın yağmasından asılı olan məsələ deyil. Belə hallara əvvəllər də rast gəlinib. Elə illər olub ki, şaxta olsa da, qar heç yağmayıb. Həmin il quraqlığa rast gəlinməyib. Bu məsələni mediada işıqlandırarkən diqqətli olmaq lazımdır. Azərbaycanda 8343 çay var. Bildiyimiz kimi, çaylar səth suları hesab olunur. Bundan başqa kifayət qədər göllər, su anbarları var. Su qıtlığının olacağına dair yayılan məlumatlar tamamilə əsassızdır. Dövlət başçısı regionlarda kənd təsərrüfatının inkişafına dair müxtəlif sərəncamlar imzalayıb. Bu sərəncama əsasən regionlar suvarma suyu ilə təmin edilib. Hələlik Azərbaycanda kifayət qədər su ehtiyatı var. Belə məlumatlara inanmaq lazım deyil. Çünki bu informasiyalar əhali arasında çaşqınlıq yaradır”.
Kənd təsərrüfatı üzrə ekspert Qadir Bayramlı "Kaspi”yə açıqlamasındabildirdi ki, səmərəli istifadə olunduğu halda, su qıtlığı problemi yaşanmayacaq: "Ötən qış Azərbaycan üçün xarakterik olmayan hava şəraiti müşahidə olunub. Əksər ərazilərdə demək olar ki, qar yağmadı. Bu, kənd təsərrüfatına müəyyən dərəcədə mənfi təsir göstərdi. Qarın yağmamağı xüsusilə taxıl bitkilərinin məhsuldarlığına mənfi təsir göstərir. Bundan başqa, çayların əsas qidalandığı mənbələr dağlardakı buzlaqlardır. Qarın intensiv yağdığı mövsümlərdə dağlıq ərazilərdə çoxlu su ehtiyatı toplanır. Yaz-yay dövründə isə bu buzlaqlar çayların bol sulu olmasını təmin edir. Bu il isə dağlara kifayət qədər qar yağmadı. Bu, həm də sonrakı dövrlərdə havaların qeyr-normal keçməsinə səbəb olub. Son günlərdə müəyyən bölgələrə dolu yağıb. Dolu isə kənd təsərrüfatı məhsullarını sıradan çıxarır. Əslində, bu həm də, qlobal istiləşmə ilə bağlı olan bir məsələdir. Artıq qlobal iqlimdə müşahidə olunan dəyişikliklər bizə də təsir edir. Fəsillərin yerdəyişməsi, temperaturun yüksəlməsi, daşqınlar qlobal iqlim dəyişikliyi ilə əlaqədardır. Hesab edirəm ki, respublikamızda olan şirin su ehtiyatı səmərəli istifadə edilərsə, hər hansı bir sıxıntı olmayacaq. Amma əgər şirin su ehtiyatları həddən çox israf olunarsa, su qıtlığı yarana bilər. Suvarmaya ehtiyac olan bəzi bölgələrdə suvarma şəbəkələrinin əksəriyyəti köhnələrək sıradan çıxıb. Bu isə su itkisinə səbəb olur. Ona görə də şirin su ehtiyatlarından maksimum səmərəli şəkildə istifadə etmək lazımdır”.
Şəbnəm
banner

Oxşar Xəbərlər