• cümə axşamı, 28 mart, 19:13
  • Baku Bakı 13°C

Yayda necə geyinək?

05.06.13 10:33 7174
Yayda necə geyinək?
Geyim, dəb hamımızın yaralı yeridir. Daima gözəl görünmək, diqqətdə olmaq üçün tələb olunan əsas şərtlərdən biri də gözəl geyim tərzidir. Atalarımız boşuna deməyib ki, “gözəllik ondur, doqquzu dondur“. Gözəl görünmək üçün xanımlar daima dəbi izləyib, ona ayaq uydurmağa çalışırlar. Biz xanımlar da rənglərin insan psixologiyasına və gündəlik həyatımıza qatdığı enerjiyə göz yuma bilmirik və çalışırıq ki, geyimimizlə göz oxşayaraq diqqət cəlb edək. Seçdiyimiz gündəlik paltar rəngləri ilə həmin günün ruh halını təyin etməyə cəhd göstəririk. Mütəxəssislər isə hər çıxışlarında xanımlara dəblə ayaqlaşmaqla yanaşı, onlara yaraşanı geyinməyi tövsiyə edirlər.
Açıq tonlar yenə dəbdədir
Məşhur modelyer Gülnarə Xəlilova söhbətimizdə yayda rəngarəngliyin üstünlük təşkil edəcəyini, mozaik tipli geyimlərin dəbdə olacağını qeyd etdi. Onun sözlərinə görə, xanımlarımızın isti günlərdə mini ətəklər, şortlar və tulumlar geyinməsi bu il də dəbdə olacaq: “Dəbə gələn hansısa bir forma uzun müddət gündəmdə qalır. Bu gün dəbdə daha çox rahatlıq və minimalizm üstünlük təşkil edir. Yəni həm bər-bəzəyin azlığı, həm də gözoxşayan görüntü dəbdədir. Yayda qum, qızılı sarı, yaşılın müxtəlif çalarları, pudra rəngi də dəbdə olacaq. Həmişəki kimi, ağ, qara rənglər də öz aktuallığını qoruyub saxlayacaq. Daha sonra isti yay günlərinə uyğun nazik, incə parçalardan hazırlanmış naxışlı, açıq tonlarda, ağ, boz rəngin açıq tonlarında olan geyimlər çox aktual olacaq. Bu yay həm əlvan rənglər, həm də pastel tonları üstünlük təşkil edəcək. Əlvan rənglər içərisində sarı, açıq mavinin üstünlük təşkil edəcəyi gözlənilir. Düzdür, mavi rəng soyuq tonlara aiddir, ancaq mavinin daha gözəçarpan rəngləri aktual olacaq. Parça naxışlarında isə həm geometrik, həm də çiçəkli naxışlar üstünlük təşkil edəcək. Bu il daha çox cızıqlı və damalı parçaların diqqət cəlb edəcəyi düşünülür. Ayaqqabılarda və çantalarda həm Şərq motivlərinin naxışları, həm də xətli modellər gözə çarpacaq. Ayaqqabı dabanlarında çox assimmetrik formaların dəbdə olacağı gözlənilir. Bu yay ayaqqabılarda ayaq uclarının itiləşməsi daha çox gündəmdə olacaq. Ayaqqabının daban hissəsinin çox hündür olmaması vacibdir və içərisi deşikli olan dabanlı ayaqqabılar bəyəniləcək. Çantalarda isə iç-içə olan çanta modelləri dəbdə olacaq. Belə ki, çantanın üst hissəsindəki parça açıq olmalıdır ki, altıdakı hissə görsənsin. Ümumiyyətlə, bu yay qadınları incə göstərən geyimlər daha çox dəbdə olacaq”.
Modelyer Leyla Hüseynova bizimlə söhbətinə qadınlarımızın zövqlə geyindiyini, lakin bir çox hallarda geyim seçərkən nə bədən ölçülərini, nə də mövzunun dəbini nəzərə almadıqlarını deməklə başladı. Modelyerin sözlərinə görə, bu ilin yay dəbinin aktual rəngləri sırasında narıncı, sapsarı, zümrüd yaşılı və parıltılı göy (elektrik mavi) yer almaqdadır: “Xanımlarımız bu yay kolleksiyalarında daha çox narıncı və sarı rənglərə üstünlük versələr, dəblə geyinmiş hesab olunarlar. Çünki bu rənglər yay dəbinə öz damğasını vuracaq. İsti mövsümdə bu rənglərdən istifadə xanımlara enerji, gözəllik və baxımlılıq bəxş edəcək. Yay elə bir fəsildir ki, onsuz da hər zaman gözəl görünmək istəyən xanımlar yayda özlərinə daha çox diqqət yetirirlər. İlin favorit rəngi isə zümrüd yaşılı olacaq. Yayda pudra tonlarından çəhrayının müxtəlif çalarları, boz və yaşıl daha çox istifadə ediləcək. Bu il nanə yaşılı və göy rəngin tonları seçilən rənglərdən olacaq. Mavi və mavinin tonları, neon rənglər də öz aktuallığını qoruyacaq. Bu il geyimlərdə şaquli, üfüqi rəngarəng xətlər yenə podiumdakı yerini almağa cəhd göstərəcək. Xətlər əslində vaxtsız, hər zaman dəbdə olan naxışlardandır. Xanımlar xətli geyimləri professionalca istifadə edərək, hər vaxt zərif, rahat və qəşəng bir görünüş əldə edə bilərlər. Bu il daha çox qabarıq ətəklərin, bol həcmli paltarlar dəbə düşəcək”.
Mütəxəssislər deyir ki...
Dünya moda mütəxəssisləri isə dekoltelərin və yırtıq geyimlərin xanımları daha cəzbedici göstərəcəyini söyləyirlər. Onların fikrinə görə, bu ilki kolleksiyalarda 40-50, 60-70-ci illərin retro əsintiləri də hiss ediləcək. Xanımların qarderobda parlayan, işıldayan geyimlərə də yer açmağını məsləhət görürlər. Mütəxəssislər bu il dəri geyimlərin də dəbdə olacağını deyirlər. Onların fikrincə, 1960-cı illərin böyük dəri modası 2013-cü ildə də özünü təkrarlayacaq. Bu il bütün markalarda dəri geyimlər yer alıb. Heyvan dərisi naxışları ilə hazırlanmış paltarlar illər boyu moda dünyasının əvəzedilməzlərindən olub. Bu ənənə bu ildə də dəyişməyəcək. Amma bu il ilan dərisi naxışları dəbdə olacaq. İlan dərisi naxışlı geyimlər xanımları daha güclü və inamlı göstərəcək.
Bu il dünya stilistlərinin kolleksiyalarında şərq üslubu da hiss edilir. Yapon parçaları, kimano naxışları, əfsanəvi və sirli görünən geyimlərin diqqət mərkəzində olacağı təxmin edilir. Tül, küpür parçalar yalnız gəlin paltarları və gecə paltarlarında deyil, gündəlik geyimlərdə də özünü göstərəcək. Bu ilin çanta və ayaqqabı modasında isə şəffaf materiallara üstünlük veriləcək. Çantalar digər illərlə müqayisədə daha kiçik ölçülü olacaq.
Stilist Samirin mətbuata verdiyi açıqlamaya görə, bu yaz trapes şalvarlar dəbdə olacaq, xüsusən də 60-70-ci illərin dəbi gündəmə gələcək: “Dizaynerlər ilin sonunda qırmızı rəngi məsləhət görməsələr də, indi al qırmızı, mərcanı rəngi bu yazın rəngi hesab edirlər. Bütün kolleksiyalarda bu rəngdən istifadə olunur. 2013-2014-cü illərdə trapes ətəklər, şalvarlar, şortlar, hətta trapes qollu köynəklər dəbdə olacaq. Bu ilin dəbində heç bir açıq-saçıq geyimlərdən istifadə olunmayacaq. Əvvəllər sinəsi açıq paltarlar dəb idisə, artıq dizaynerlər İtaliyada, Amerikada, Fransada və digər ölkələrdə belə paltarlara qadağa qoyublar: “Hətta “Qremmi” mükafatının təqdimetmə mərasimində ulduzlara açıq geyinməyə rəsmi şəkildə icazə verilməmişdi. Bağlı geyimlər insanları daha maraqlı edir. Qolları, ayaqları açıq olsa da, çalışmaq lazımdır ki, sinəsi bağlı paltarlardan istifadə olunsun. Açıq sinəli paltar geyinənlər dəbli xanımlar sayılmayacaqlar”.
Stilistin sözlərinə görə, bu yaz ətəklər ötən yazdakındn fərqli olacaq. Ötən il uzun, arxası yarıqlı ətəklər dəb idisə, bu il bir az dizdən aşağı ətəklər dəb olacaq: “Yayın istisində sərinləmək üçün bütün kolleksiyalarda mini ətəklər yer alıb. Rəngarəng donlar, uçuşan parçalar bu mövsüm sizin xilaskarınız olacaq. Həm rahat, həm də dəbli donlar sayəsində saatlarla nə geyinəcəyinizi düşünmək məcburriyyətində qalmayacaqsınız”.
Araşdırmamız nəticəsində öyrəndik ki, dünya dizaynerlərinin yay kolleksiyasında daha çox qısa ətək və şortlar üstünlük təşkil edəcək. 1980-90-cı illərin dəb tendensiyalarına yenə də rast gələcəksiniz. Dizaynerlər şortlarda atlas, yumşaq materiallara üstünlük veriblər. Onlar qısa şortları uzun koftalarla geyinməyimizin daha yaxşı olacağını söyləyirlər. İlin ən aktual trendlərindən olan “baska” koftaları mini ətək və ya dar şalvarla geyinmək məsləhət görülür. Bu yay böyük ciblər təkcə şalvarlarda yox, eyni zamanda libaslarda da dəbdə olacaq. Onlar rənglərdən daha çox ağ rənglərə üstünlük verməyi xanımlara məsləhət görürlər. Bununla yanaşı, sarı, çəhrayı, firuzəyi və mavi rənglər də aktual olacaq.
Deyirlər ki, geyim insanın daxili aləmini əks etdirir. Ancaq bu deyimlə razılaşanlar kimi, razılaşmayanlar da var. “Fala inanma, falsız da qalma” deyən babalarımızın sözlərini moda mütəxəssisləri “Dəbə uyma, dəbsiz də qalma” kimi dəyişməkdə heç də haqsız deyillər.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər