• şənbə, 20 Aprel, 15:01
  • Baku Bakı 23°C

Yayda Bakıya hansı məşhurlar gələcək?

11.06.14 11:01 1707
Yayda Bakıya hansı məşhurlar gələcək?
Artıq isti yay aylarını yaşayırıq. Bu fəsli hər kəs ona görə sevir ki, yayda istirahət dövrü başlayır. Dincəlməyin ən yaxşı yollarından biri də istirahət bölgələrinə getmək və məşhur ifaçıları canlı olaraq izləməkdir. Yay konsertləri isə daha çox açıq məkanlarda və otellərdə həyata keçirilir. Qapalı məkanlar artıq qapılarını tamaşaçıların üzünə bağlayıb.
Bir çoxları artıq yay tətilini necə keçirməklə bağlı planlarını qurub. Xüsusilə gənclər isə daha çox xarici müğənnilərin konsertinə səbirsizliklə hazırlaşır. Gəlin görək bu yayda ölkəmizə hansı əcnəbi müğənnilər təşrif buyuracaq? Sizləri xəbərdar etmək üçün bir az araşdırma apardıq. Öyrəndik ki, bu il də ötən ilki kimi Azərbaycan qonaqlı-qaralı olacaq.
Qonaqlı –qaralı Bakımız
İlk olaraq 13 iyunda Tofiq Bəhramov adına stadionda bu yay Bakıda görünməmiş “Greenfest” musiqi festivalı keçiriləcək. Festivalda Türkiyədən olan məşhur rok qruplar - “Duman”, “Mor ve Ötesi”, “Manga” çıxış edəcək. Biletlərin qiyməti 20 manatdan 50 manata qədərdir.
Turkiyənin pop starı Ebru Polad iyunun 21-də Nabranda yerləşən "Malibu" turizm və istirahət mərkəzində konsert proqramı ilə çıxış edəcək. Həmin gün mərkəzdəki koteclərdə qalan bütün qonaqlara konsert üçün biletlər veriləcək.
Məşhur ifaçı Emin 21 iyunda “Sea Breeze” oteldə konsert verəcək. Emin qonaqlarına “After The Thunder” diskindən və digər albomlarına daxil olan kompozisiyalardan musiqili proqram təqdim edəcək.
Məşhur türk müğənnisi Rafet el Roman və Azərbaycan müğənnisi Günay İbrahimli 25 iyunda dəniz kənarında, Ramada oteldə konsert verəcəklər. Gecənin aparıcısı Zaur və Kəmalə olacaq. Konsertin qiyməti isə 70 manatdır.
Daha sonra ölkəmizə Türkiyənin sevilən ifaçısı Gökhan Özen təşrif buyuracaq. G.Özen azərbaycanlı həmkarı, bir çox müsabiqələrin iştirakçısı Teymur Qədirovla eyni səhnəni bölüşəcək. Həmçinin konsertdə Teymur Qədirovun ifa etdiyi “I love you” (“Mən səni sevirəm”) mahnısına çəkdirdiyi klipin təqdimatı da olacaq. Klip Gökhan Özenin “Budala” klipinin oxşarıdır. Konsert iyulun son günlərinə təsadüf edəcək.
Paytaxtımız daha sonra rusiyalı müğənni Yelena Vaenqaya qapılarını açacaq. Sənətçi sentyabrın 28-də Bakıda Heydər Əliyev Sarayında tamaşaçıların qarşısında çıxış edəcək. Sənətçinin pərəstişkarları biletləri şəhərin kassalarından artıq əldə edə bilərlər. Biletlərin qiyməti 30-270 manat arasındadır.
Ukraynalı ulduz Ani Lorak da növbəti dəfə Bakıda konsert verəcək. Belə ki, müğənni oktyabrın 25-də “Karolina” adlı konsert şousu ilə Heydər Əliyev Sarayında çıxış edəcək. Biletlərin qiyməti 30 manatdan 270 manatadəkdir.
Xalq konsertlərimiz daha möhtəşəm keçir
Xarici ifaçıların Azərbaycanda konsertini təşkil edən tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Gövhər Həsənzadə bu il kommersiya xarakterli konsert təşkil etməyəcəyini, xarici qonaqlarını cəbhə bölgəsinə aparacağını deyir: “Əsgərlərimiz qarşısında, sərhəd zonalarında konsert proqramı ilə çıxış etməyi düşünürük. Müharibə şəraitində olan əsgərlərimiz üçün yerli müğənnilərimizlə bərabər, Türkiyənin məşhur sənətkarlarından klarnet ustası Hüsnü Şənləndirici və Mustafa Yıldızdoğan da çıxış edəcək. Ola bilsin ki, başqa populyar isimlər də bu cərgəyə qoşuldu. Hələ kommersiya konserti planımda yoxdur. Bu konsert iyulun sonu, avqustun əvvəlləri həyata keçiriləcək. Qəbul imtahanları bitəndən və tam sakitlik düşəndən sonra biz bu konserti keçirməyi düşünürük. Çıxış edəcəyimiz bölgələr də artıq məlumdur. Sadəcə haradan başlayacağımızı bilmirik”.
Gövhər Həsənzadə belə konsertlərin kommersiya xarakteri daşımadığını qeyd etdi: “Bu, sadəcə mənəviyyatdan və vətənpərvərlikdən irəli gələn bir layihədir. Belə konsertlər kommersiya xarakterli tədbirlərdən daha maraqlı, canlı və dinamik keçir. Bilmirəm bu nə ilə əlaqəlidir. Kommersiya xarakterli konsertlər, ortada böyük bir məsrəf olmasına baxmayaraq, adətən çox sönük keçir. Nədənsə həmrəylik, xalq konsertlərimiz daha coşqu və maraqla qarşılanır. Bu, insanların içindən gəlir. Xalq konsertlərimiz daha möhtəşəm keçir”.
Təşkilatçı bu günə qədər xaricdən gələn ifaçılardan heç bir qazanc əldə etmədiyini bildirdi. Onun sözlərinə görə, maliyyə məsələləri təşkilatçılığın bütün vaxtını və əsəbini aparır: “Çox az görmüşəm ki, təşkilatçı konsert bitəndən sonra gözəl əhval-ruhiyyədə və söz-söhbətdən uzaq şəkildə ayrılsın. Böyük məbləğə Azərbaycanda konsert verən xarici ifaçıları da qınamaq olmur. Onların da öz biznes qanunları var. Biz etirazımızı bildirsək, deyəcəklər ki, siz də ortalığa öz ifaçınızı qoyun. Onlar qiymətlərini deyirlər, sərf edirsə, bizimkilər də onu Bakıya gətirir. Hər hansı böyük bir şirkət reklamına sərf olunacaq maliyyənin əvəzinə xaricdən ifaçı dəvət edir, beləcə, reklam qazanır. Bu pul qarşılığını gözləmir. İnsanın bir qədər sərmayəsi var, onu şou-biznesdə artırmaq istəyirsə, bunu əcnəbi müğənniyə yatırırsa, bu, 95 faiz uduzmaqdır.
Konsertlərin açıq havada keçirilməsinin üstünlükləri ilə bağlı öyrəndik ki, bununla həm restoran reklam olunur, həm də təşkilatçının işi yüngülləşir: “Deyirlər ki, filan ifaçı ölkəmizdən külli miqdarda pul apardı. Əslində onun Bakıya gəlməsi, yerləşdirilməsi, məsrəfləri, kaprizləri o məbləği keçir. Tutalım ki, qonorarın əvəzinə bilet satıldı. Bəs onun yol, qalmaq, yemək pulu? Bunların hamısını təşkilatçı özü ödəyir. Bizim tamaşaçı isə bütün bunları cəmləyəndə ortaya çıxan qiymətə konsertə gələn deyil. Heç kim konsertə min manat verməz. Açıq məkanda nəzarət etmək və vəziyyətdən çıxmaq çox asandır. Açıq havada insanlar süfrə başında olur, gəzirlər. Bu, istirahət və əyləncə xarakteri daşıyır. Açıq məkanda peşəkar konsert verməkdən söhbət gedə bilməz. Qapalı konsert məkanlarında insanlar sırf konserti izləməyə gəlirlər. Açıq məkanın qiymətləri ilə qapalı məkanın qiymətləri də fərqli olur. Konsert salonunda bir limit var - 2000-1500 fərqi yoxdur. Ancaq qapalı konsert məkanlarında yer olmasa belə, əlavə stullar qoyub yerin sayını çoxaltmaq olar. Təşkilatçılar üçün açıq məkan daha çox sərf edir. Burda restoran və təşkilatçı öz marağını güdür və həmrəy olurlar. Ancaq qapalı məkanda hər şey yalnız təşkilatçının üzərinə düşür”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər