• şənbə, 20 Aprel, 03:21
  • Baku Bakı 15°C

Yay turizminin mədəni tərəfləri

15.07.16 13:10 1925
Yay turizminin mədəni tərəfləri
Yay gəlincə istirahət haqqında düşünməmək olmur. Yay tətili günlərini səmərəli və maraqlı keçirmək işgüzar insanlar üçün çox əhəmiyyətlidir. İstirahətin və asudə vaxtın səmərəli təşkili insanların istər fiziki sağlamlığı, istərsə də mənəvi rahatlığı nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. İstirahət üçün isə kimisi büdcəsinə uyğun olaraq vətəndən kənara, kimisi də tanrının Azərbaycana bəxş etdiyi gözəllikləri görmək üçün bölgələrimizə üz tutur.
Bəs görəsən istirahət üçün üz tutduğumuz bölgələrimiz və ya paytaxtımızdakı turizm obyektlərində mənəvi istirahəti təmin etmək üçün hansı mədəni tədbirlər həyata keçirilir?

Mənəvi istirahət üçün hər cür şərait yaradılıb

Mədəniyyət və Turizm Nazirliyinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov bizimlə söhbətində bildirdi ki, bölgələrimizə turistlərin cəlb olunması üçün mütəmadi şəkildə tədbirlər görülür. Belə ki, bölgələrimizdə və paytaxtda nazirliyin dəstəyi ilə həftəlik proqramlar həyata keçirilir: "Yay turizm mövsümü ilə əlaqədar Lənkəranda mədəni-kütləvi tədbirlərin keçirilməsi yeni vüsət alıb. Bununla əlaqədar olaraq Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsi tərəfindən tədbirlər planı hazırlanıb və tədbirlər planı üzrə işlər davam etdirilir. Təkcə iyun ayında 67 klub 100-dən çox musiqili, əyləncəli, mədəni kütləvi tədbir keçirib. Bu mədəni-kütləvi tədbirlərin əksəriyyəti istirahət mərkəz¬lə¬rində baş tutub. Növbəti konsert isə Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə iyulun 6-da Lənkərandakı Heydər Əliyev xatirə parkında təşkil olundu. Bundan başqa, iyunun 12-də Zaqatala rayonundakı Heydər Əliyev Mərkəzində Zaqatala rayon Gənclər və İdman İdarəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Mənim Vətənim” adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqənin keçirilməsinin əsas məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması, istedadlı və yaradıcı gənclərin üzə çıxarılaraq potensialının inkişafının dəstəklənməsi idi. Quba Turizm İnformasiya Mərkəzi tərəfindən Quba rayonuna gələn hər bir turist üçün faydalı olacaq, Azərbaycan və ingilis dillərində "Quba bələdçi kitabı” ("Guba guide book") adlı yeni kitabça nəşr edilib. Kitabçanın ilk səhifəsində Quba rayonunun mərkəzi küçələrini əks etdirən sxem-xəritə verilib. Sonrakı səhifələrdə Qubanın coğrafi mövqeyi, iqlimi, tarixi, ictimai-iaşə xidmətləri, tarixi mədəniyyət abidələri (məscidlər, sinaqoqlar, körpülər və s.), muzeylər, teatr, gəzməli-görməli yerlər (Qəçrəş, Təngəaltı, Afurca şəlaləsi, Minarə və s.), dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbə, xalçaçılıq, Quba mətbəxinə aid nümunələr, turistlərin daim marağında olan, öz qədimliyi ilə seçilən, qeyri-adi, əsrarəngiz mənzərələrə malik Xınalıq kəndi, müalicəvi mineral bulaqları olan Xaltan kəndi, rayonda fəaliyyət göstərən istirahət mərkəzləri, kafe və restoranlar və s. haqqında məlumatlar yerləşdirilib. Bu siyahını uzada da bilərəm. Bunların hamısı bölgələrimizə turistlərin cəlb olunması, hotellərdə mədəni istirahətin təmin edilməsinə xidmət edir”.
Nazirlik rəsmisi əlavə etdi ki, bölgələrimizdə müxtəlif xalqların rəqsləri ilə bağlı tədbirlər keçirilir. Qəbələdə, Şəkidə və digər bölgələrimizdə müxtəlif tədbirlər baş tutur: "Bir sözlə, turistlərin və yerli sakinlərin istirahəti və əylənməsi üçün Mədəniyyət Nazirliyi müxtəlif mədəni tədbirlər həyata keçirir ”.
Paytaxta gəlincə isə İ.Hümbətov qeyd etdi ki, şəhərimizin müxtəlif yerlərində konsert proqramları təşkil olunur, yeni layihələr, sərgilər, əl işləri nümayiş etdirilir: "Paytaxtımızda YARAT Müasir İncəsənət Məkanı Azərbaycanın 7 gənc rəssamı və 7 modern incəsənət ustasının əsərlərindən ibarət qrup sərgisini təqdim etdi. O ki qaldı yayda kinoteatrlarımızın iş prinsipinə, onlar da öz fəaliyyətlərini yayın qızmar çağlarında belə davam etdirirlər. Kinoteatrlarımız maraqlı filmlərlə paytaxt və əcnəbi tamaşaçıların görüşünə gəlirlər. Teatrlarımızın isə öz məzuniyyət vaxtı var, onlar yayda mövsüm sonuna çıxırlar”.

"Bölgələrdə istirahətdə olan tamaşaçılar mədəni istirahət axtarırlar”

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli isə məsələyə tamam başqa ampluadan yanaşdı. O deyir ki, bir çox bölgələrimizdə teatrlar, konsert müəssisələri, filarmoniyalar fəaliyyət göstərir. Həmin mədəniyyət evlərinin tərkibində müxtəlif folklor ansambllarından tutmuş ifaçılara qədər qruplar mövcuddur. Ancaq təəssüf ki, turizm sahəsinə gələndə bunlar hamısı unudulur: "Müxtəlif bölgələrimizdə mədəniyyət evləri mövcuddur ki, orada turistləri əyləndirə biləcək hər bir imkan yaradılıb. Hesab edirəm ki, istirahət müddətində belə mədəniyyət ocaqlarımız işləməlidir. İstirahət etdiyimiz müddətdə həftənin müəyyən günü teatrımızın müəyyən tamaşasını izləmək imkanımız olmur. Teatrlarımızın istirahət vaxtı qışda olmalıdır. Əslində bu istirahət mövsümə görə dəyişməlidir. Nə üçün teatrlar istirahətə yayda gedir? Bunun şərti bir məntiqi var. Çünki yayda ölkəmizdə tamaşaçıların sayı azalır. Teatrlar da istirahət edir, çünki şəhərdə tamaşaçı yoxdur. Tamaşaçı bölgələrə gedir və bölgələrdə istirahətdə olan tamaşaçılar mədəni istirahət axtarırlar. Misal üçün, mən Qazax teatrının heç bir tamaşasında iştirak etməmişəm. Qazaxa istirahətə gedərkən bir günümü həsr edib, tamaşaya baxmağı çox istəyərəm. Düşünürəm ki, bu yöndə xüsusi turizmlə bağlı proqramlar olmalıdır. Əvvəllər el-oba, meydan oyunları kimi tamaşalar var idi. Vaxtilə Naxçıvanda Poeziya teatrı fəaliyyət göstərirdi. Açıq havada müxtəlif şairlərin şeirləri əsasında kompozisiyalar təşkil olunurdu. İnsanların gözündə tarix canlanırdı. Əgər siz yayda, istirahət vaxtı Gürcüstana-Batumiyə getsəniz, görəcəksiniz ki, Tiflis teatrının truppaları davamlı şəkildə işləyirlər. Açıq havada, müxtəlif məkanlarda tamaşalar oynanılır”.
Müsahibimiz təklif edir ki, turizm üçün xüsusi kompozisiyalar və ssenarilər yazılsın. Həm də bu, müəssisələr üçün böyük gəlir gətirmək imkanına malikdir: "İstirahətə gedərkən təbiəti izlədikdən sonra başqa məşğuliyyətimiz olmur. Sadəcə, yeyib yatırıq. İnsan fərqli bir şey də görmək istəyir”.
E.Əlibəyli bildirir ki, kinoteatrlarımızın hamısı paytaxtda yerləşir və bölgələrimizdə müasir kinoteatrların sayı çox azdır. Yaxşı olardı ki, bu sahədə müəyyən işlər görülsün: "Vaxtilə sovet dövründə açıq havada belə kinoteatrlar var idi. Yayda axşamlar insanlar film izləməyə gəlirdi. Deməyim odur ki, turizm sahəsində mədəniyyət müəssisələrinin iştirakı nəzərə alınmayıb. Yalnız festivallar zamanı biz folklor ansamblının iştirakına şahid ola bilirik. Bəs qalan vaxtlar? Məsələn, mənim üçün maraqlıdır ki, Masallıda istirahət edərkən onların müəyyən folklor nümunələrini görüm. İstirahətə gedən adam mədəniyyət səviyyəsini artırar, maraqlanar. Mədəniyyət və Turizm Nazirliyi ümumiyyətlə, regionların mədəniyyət müəssisələrinə münasibəti bir qədər dəyişməlidir. Bölgələrimizi turizmə və müasir dövrə uyğunlaşdırmalıdır. Bu işdən hər kəs fayda götürər. Belə ki, mədəni istirahətin özü də insana böyük zövq verir. İl ərzində fiziki və mənəvi cəhətdən işləyən, yorulan insan üçün bu bərpaolunmanın böyük rolu var. Bu işdə mədəniyyət müəssisələrinin rolu danışmazdır”.

"Biz istirahət vaxtı da işləyirik”

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltanın də məsələyə öz yanaşması oldu. O deyir ki, digər teatrlar mövsümlə əlaqədar pərdələrini bağlasalar da, onlar yeni mövsümə qədər çalışacaqlar. Belə ki, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrı həftənin şənbə və bazar günləri axşam saatlarında şəhərimizin sakinləri və paytaxtımızın qonaqlarının asudə vaxtlarının səmərəli və maraqlı təşkili məqsədilə yeni layihə həyata keçirir. Yay aylarında açıq havada hər həftə sonu, şənbə və bazar günləri 19:00-dan 21:00-dək Səbail rayonunda yerləşən Xaqani bağında (Malakan bağı) teatrın repertuarında olan maraqlı tamaşalar nümayiş etdirilir, balacalar üçün müxtəlif əyləncəli oyunlar və şoular təşkil olunur: "Mədəniyyət və Turizm Nazirliyinin tərkibində 28 teatr olduğu halda bu layihə yalnız bizə həvalə olundu. Uşaqlarla işləməyimiz, iş təcrübəmiz, meydan teatrlarına meyilliliyimizi əsas gətirdilər. Biz orada uşaqların, gənclərin istirahətini təmin etmək üçün müxtəlif tamaşalar, intellektual oyunlar, Azərbaycan teatrları və ədəbiyyatına dair oyunlar təşkil edirik. Uşaqların maariflənməsində çox böyük işlər görməyə cəhd edirik”.
Rejissor deyir ki, bu gündən etibarən teatrda mövsümü bağlı elan edirlər. Belə ki, digər teatrlar kimi Bakı Uşaq Teatrı da mövsüm sonu ilə əlaqədar olaraq pərdələri bağlayır. Bunun yalnız rəsmi xarakter daşıdığını deyən direktor bildirir ki, onlar yeganə teatrdır ki, istirahət vaxtı belə işləyəcəklər: "Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsi məqsədilə yeni "Retro Bakı” layihəsinə start vermişik.
İyulun 9-10-da layihənin ilk konsertləri keçirildi. Konsertlərdə Mərdəkan Mədəniyyət Sarayının "Lalələr” rəqs qrupu, "İqray qarmon” rus folklor ansamblı, R.Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbinin caz ansamblı, Xətai rayon Mədəniyyət Mərkəzinin "Səma” rəqs qrupu, gənc ifaçılardan ibarət gitaraçalanlar ansamblının çıxışları baş tutub.
Bu layihə sentyabrın ortalarınadək davam edəcək. Layihə çərçivəsində hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları təşkil olunacaq. Layihənin məqsədlərindən biri də XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırmaqdır. Çox maraqlı tədbirlərimiz keçir. Daimi tamaşaçılarımız var ki, evlərindən oturacaq gətirib tamaşalarımızı izləyirlər. Teatrımızın yaradıcı kollektivi də həvəslə çalışır. Onların birgə fəaliyyəti və əzmkarlığı nəticəsində biz bütün layihələrin öhdəsindən gəlirik”.


Xəyalə Rəis

banner

Oxşar Xəbərlər