• cümə, 29 Mart, 12:31
  • Baku Bakı 14°C

“Yay məktəbi” gənclərin inkişafına olduqca müsbət təsir göstərir

31.07.14 10:02 3550
“Yay məktəbi” gənclərin inkişafına olduqca müsbət təsir göstərir
Yeni Azərbaycan Partiyasının (YAP) gerçəkləşdirdiyi proqramlardan biri də hər il təşkil olunan “Yay məktəbi” layihəsidir. Layihə çərçivəsində gənclər müxtəlif bölgələrə aparılır, onlar üçün oyunlar, müxtəlif proqramlar təşkil olunur. Bununla yanaşı, gənclər üçün seminarlar, müxtəlif görüşlər keçirilir ki, orada siyasət adamları iştirak edir, qoyulan mövzular ətrafında fikir mübadiləsi aparılır. Bildirilir ki, “Yay məktəbi” gənclərin ziyalı kimi yetişməsinə yardım edir. Həmçinin bu layihə onların ictimai-siyasi proseslərdə fəal iştirak etmələrinə səbəb olur. Bu mövzuda suallarımızı YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva cavablandırır.
- “Yay məktəbi” haqda oxucularımıza məlumat verərdiniz...

- Yeni Azərbaycan Partiyası müxtəlif sahələri özündə ehtiva edən, cəmiyyətin bütün təbəqələrini əhatə edən layihələr həyata keçirir. Təbii ki, bu zaman ölkə gəncliyi unudulmur. Onlara diqqət və qayğı göstərilməsi də YAP-ın fəaliyyətində əsas yerlərdən birini tutur. YAP Gənclər Birliyi tərəfindən artıq bir neçə ildir ki, böyük uğurla davam etdirilən və ölkənin bütün bölgələrindən olan gəncləri əhatə edən “Yay məktəbi” layihəsi ənənəyə çevrilib. Bu layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda yaşayan bütün gənclərin bir-birini daha yaxından tanıması, onlar arasında səmimi münasibətlərin yaradılması, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqda gənclərə dolğun məlumatların çatdırılması, tanınmış siyasətçilərlə görüşlərin təşkil edilməsi, gənclərin ictimai-siyasi fəallığının artırılması, asudə vaxtın səmərəli təşkili və gələcəkdə müxtəlif sahələrdə çalışacaq gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasıdır.
- “Yay məktəbi” gənclərə hansı üstünlükləri qazandırır?

- “Yay məktəbi”ndə YAP-ı təmsil edən deputatlar, eləcə də, hökumət nümayəndələri gənclərin qonağı olur. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşür, gəncləri maraqlarından suallara cavab verirlər. Təbii ki, bütün bunlar gənclərdə böyük marağa və yaddaqalan xatirələrə çevrilir. Bu layihənin əhəmiyyəti gənclərlə iş baxımından da xüsusi qiymətləndirilməlidir. Bu tədbirlər vasitəsilə bir daha əmin oluruq ki, belə layihələr gənclərin inkişafına olduqca müsbət təsir göstərir.
- Builki “Yay məktəbi” əvvəlkilərdən nə ilə fərqləndi?

- Bu dəfə «Yay məktəbi» layihəsində maraqlı seminarlar, təlimlər və digər tədbirlər təşkil olunub. Onlardan bir neçəsini diqqətinizə çatdırmaq istəyirəm. Seminarlardan “Hüquqi dövlətin əsas prinsipləri”, “İKT və informasiya təhlükəsizliyi”, “Ulu öndər Heydər Əliyevin ideyaları və müasir dövlət quruculuğunda gənclərin rolu”, “Dağlıq Qarabağ münaqişəsi və aidiyyəti beynəlxalq təşkilatlar” mövzularını nümunə kimi göstərmək olar. Eləcə də, “YAP GB-nin beynəlxalq əlaqələri”, “Azərbaycan gəncliyi və dini tolerantlıq”, “Sağlam həyat, sağlam gənclik”, “Sən Gəncsən! Uğur Qazan”, “Gənclərin bələdiyyə seçkilərinə hazırlığı” və digər mövzularda keçirilən təlimlər gənclər tərəfindən böyük maraqla qarşılanıb. Bundan əlavə, “Yeni Azərbaycan Partiyası və gənclik”, “Ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafında rolu”, “Dünyanın müasir siyasi xəritəsində dövlətlərarası ziddiyyətlər”, “Xaricdə təhsil karyeranıza necə təsir edə bilər?” və s. mövzularda keçirilən diskussiylarda gənclərimiz fəal iştirak ediblər. Onu da qeyd edim ki, Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən insanları birləşdirir. Eyni zamanda, cəmiyyətin ən dinamik təbəqəsi kimi çıxış edən gənclərin əksəriyyəti YAP sıralarında təmsil olunur və ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər. Bunun başlıca səbəbi ölkəmizdə həyata keçirilən gənclər siyasətinə paralel olaraq YAP-ın Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirməsidir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, özündə yüksək intellektual potensialı birləşdirən Yeni Azərbaycan Partiyası sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Bu gün YAP üzvlərinin 40 faizə qədərini gənclər təşkil edir. Bilirsiniz ki, YAP öz fəaliyyətində daim üzvlərinin rəy və təkliflərini nəzərə alır və demokratik idarəçilik prinsiplərini layiqincə tətbiq edir. Bu baxımdan, gənclərin düşüncə və ideyaları hər zaman diqqət mərkəzində saxlanılır. Gənclərin irəli sürdüyü layihələr mütəmadi olaraq öyrənilir, milli maraqlara uyğun olan və dövrümüzlə uzlaşan kreativ fikirlər praktikada uğurla reallaşdırılır. Bütün bunların həyata keçirilməsi üçün mütəmadi olaraq gənclərin fikirləri, təklif və tövsiyələri öyrənilir. Qeyd etmək istəyirəm ki, bu yaxınlarda da partiya işinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə YAP GB gənclər arasında müxtəlif istiqamətləri əhatə edən sorğu keçirib. Bu sorğuda gənclərin YAP sıralarında fəaliyyətinin başlıca istiqamətlərini nələr şərtləndirir, gənclərimiz gənc liderlərin hazırlanması istiqamətində YAP-ın hansı layihələrini daha səmərəli hesab edir, daha çox hansı istiqamətli layihələrin həyata keçirilməsinə üstünlük verir və s. kimi suallar qoyulmuşdu. Sorğuda öz əksini tapan suallara gənclərin cavablarının təhlili nəticəsində bir daha belə qənaətə gəldik ki, gənclərimizin partiyaya axını onların Ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətlərini, Prezident İlham Əliyevin siyasətinə inamlarını ifadə etməklə yanaşı, bir daha təsdiqləyir ki, YAP sıralarına qoşulmaqla gənclər öz potensiallarından səmərəli istifadə etmək, dövlətə, dövlətçiliyə xidmət göstərmək üçün böyük meydan görürlər. Bunun həyata keçirilməsi üçün isə YAP rəhbərliyi gənclərin siyasi fəallının artırılması, beynəlxalq əlaqələrinin genişləndirilməsi, ümumiyyətlə ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin keçirilməsinə xüsusi diqqət yetirir.
- Gənclərin bu məktəblərə marağı hansı səviyyədədir?

- Hər il təşkil olunan layihə gənclər tərəfindən böyük maraqla qarşılanır. Qeyd etdiyim kimi, YAP-ın üzvlərinin 40 faizə qədəri gənclərdən ibarətdir. Heç şübhəsiz, gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir. Nəticə etibarilə, Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının milli maraqlara əsaslanan siyasət həyata keçirməsi, gənclərə xüsusi diqqət və qayğı göstərməsi və digər pozitiv məqamlar gənclərin partiyamıza üz tutmasını şərtləndirir. Yeni Azərbaycan Partiyasının, o cümlədən partiyamızın Gənclər Birliyinin özündə yüksək intellektual potensiala malik şəxsləri və bütün təbəqələrdən olan insanları birləşdirməsi ilə yanaşı, partiya strukturlarında gender bərabərliyinin təmin olunduğu da müşahidə edilir. Yüksək intellektual səviyyəyə sahib olan gənc xanımlar partiyamıza üz tutur, bir sıra hallarda onlara yüksək etimad göstərilməsinin nəticəsi olaraq idarəetmə strukturlarında təmsil olunurlar. Bu isə digər siyasi partiyalar və təşkilatlar üçün əsl nümunə hesab olunmalıdır.
- Gənclərin siyasi savadı, dünyada gedən proseslər haqda məlumatlılığı qaneedicidirmi?

- Bu suala müsbət cavab vermək mümkündür. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Bu siyasət müasir dövrün tələblərinə və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin edir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz prezident İlham Əliyevin böyük əməyi və səyi nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Bu ondan irəli gəlir ki, cənab Prezident gənclərə, malik olduqları bilik və bacarıq potensialları müqabilində bütün sahələrdə geniş meydan verməyin tərəfdarıdır və bunun təmin edilməsi üçün diqqət və qayğısını əsirgəmir.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər