• cümə, 29 Mart, 05:22
  • Baku Bakı 7°C

Yaxşını qoyub, pisi təbliğ etmək vərdişi

17.11.16 11:46 1620
Yaxşını qoyub, pisi təbliğ etmək vərdişi
"Azərbaycan Beynəlxalq Bankının müştərisi Zakirə Əhmədova pul çıxarmaq üçün kartını bankın "Nizami” kinoteatrının yaxınlığındakı bankomatına daxil etmək istərkən maraqlı hadisə ilə üzləşib: kartı qəbul olunmayan müştəri qurğunu diqqətlə nəzərdən keçirəndə nağdlaşdırma hissəsində pul qaldığını görüb. Başa düşüb ki, ondan əvvəl əməliyyat aparan şəxs 55 manat pulunu bankomatda unudub. Pulları götürüb özündə saxlayan Z.Əhmədova öz pulunu çıxarandan sonra həmin şəxsi xeyli gözləyib. Nəhayət, zəng edərək Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidmətini olayla bağlı məlumatlandırıb, sonra da pulu apararaq banka təhvil verib”.
Bankın öz müştərisinin əməlindən qürur duyaraq paylaşdığı hadisənin əslində cəmiyyətdə örnək kimi yayılmasına ehtiyac var. Xüsusən, mətbuatın, yeni medianın daha çox mənfi yüklü, kriminal xəbərlərə, bəzən əsaslandırılmamış informasiyalara yer ayırdığı bir vaxtda cəmiyyətin müsbət tendensiyalara kəskin ehtiyacının olduğu bir vaxtda. Telekanalları açanlar, qəzetləri vərəqləyənlər, internetə daxil olanlar demək olar ki, əksər vaxtlarda mənfi yüklü xəbərlərlə qarşılaşırlar. Reytinq qazanmaq üçün İP ovuna çıxanlar neqativ xəbərləri gündəmə yükləməklə əslində cəmiyyətin zövqünə təsir edir, insanları bir növ mənfi abı-havada qalmağa təhrik edirlər. Bəzən adama elə gəlir ki, ətrafımızda yalnız cinayətlər baş verir, insanlarsa yalnız bir-birinə pislik üçün yaranıblar. Xəbər yayımında medianın ortaq şərikinə çevrilən sosial şəbəkələr də sanki mənfi tendensiyaların dəstəkləyicisi rolunda çıxış edirlər. Vəziyyəti belə görüncə, istər-istəməz sual yaranır: insan xislətinin mənfi xəbərə meyl etməsi köhnəninmi söhbətidir, yoxsa qloballaşan dünyanın trendi? Cəmiyyətin maariflənməsi, humanist fikirlərə köklənməsi, xeyirxah düşünməsi üçün ətrafda, ümumən dünyada baş verən müsbət hadisələrin yayılmasına daha ehtiyac yoxdurmu? Gerçəkdə media daha çox pozitiv, yoxsa neqativ xəbərlərə meydan verməlidir?
Təbii ki, müsbət və mənfi yüklü xəbərin yayılmasına münasibətdə fikirlər üst-üstə düşmür. Hətta bəzən xəbərçiliyin jurnalistikada öndə olması xətrinə neqativ informasiyaların çoxluğuna normal yanaşanlar var. Bununla belə, insanların pozitiv xəbərə daha çox ehtiyacı olduğunu söyləyənlər də az deyil.
Pozitiv xəbərə ehtiyac
«Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quluyev medianın yalnız mənfi xəbərləri qabartması ilə bağlı səslənən fikirləri düzgün hesab etmir. Onun fikrincə, medianı müxtəlif cür qruplaşdırmaq mümkündür. Yəni elə media orqanları var ki, onlar yalnız mənfi yüklü xəbərləri yaymaqla məşğuldurlar: "Neqativ xəbərləri cəmiyyətə təqdim etmək və onların üzərində şou yaratmaq istəyirlər. Elə media qrupları da var ki, onlar üçün neqativ şou yaratmaq arxa plandadır. Sadəcə, onlar baş verən yeni hadisələri cəmiyyətə təqdim etmək istəyirlər. Bu kontekstdə həmin yeni xəbərin müsbət və ya mənfi olmasının fərqinə varmırlar”. Baş redaktor hesab edir ki, tədricən neqativ xəbərlər üzərində şou yaratmaq istəyi arxa plana keçəcək və media daha çox pozitiv yanaşmaların tərəfinə keçəcək: "Hər halda, media pozitiv hadisələrin təqdim olunması tendensiyasına daha çox yer verməlidir”. A.Quliyevin fikrincə, bir zamanlar insanlara daha çox mənfi yüklü xəbərlər çatdırıldığından cəmiyyətin zövqü də həmin informasiyaları eşitməyə, oxumağa yönəlib: "Mediaya «yalnız pozitiv və ya neqativ xəbərlər ver» deyə məhdudiyyət qoymaq da düzgün deyil. Sadəcə, neqativ xəbərlərə yanaşmada media bir qədər pozitiv mövqe tutmalıdır. Təki həmin xəbər yalan olmasın, həqiqət olsun. Əlbəttə, cəmiyyətdə hamı pozitiv xəbər eşitmək istəmir. Mənfi xəbərlər eşitmək istəyənlər də var və olacaq. Ona görə də hər şey obyektiv səviyyədə işıqlandırılmalıdır. Onda neqativ xəbər arzusunda olanlar neqativləri, müsbət xəbər eşitmək istəyənlər isə pozitivləri oxuyacaq».
Gündəlik hadisələrdən yazmaq
Məlum olaya münasibət bildirən və gənc qızın addımını təqdirəlayiq hesab edən Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xaqani Səfəroğlu belə hadisələri cəmiyyətin mənəvi saflığının və insanların ictimai tərbiyəsinin bir nümunəsi hesab edir: "Pul kisəsi, qiyməti əşya, qızıl tapıb onu sahibinə qaytarmaq niyyəti adamın mənəvi cəhətdən toxluğuna işarədir”. Belə əhvalatların mediada təbliğinə gəlincə, ekspert hesab edir ki, KİV-də xeyirxahlıq, kimsəsizə əl tutmaqla bağlı vaxtaşırı yazılar verilir. Belə ki, kasıblara, imkanı olmayanlara dəstək vermək barədə kampaniya təşkilində onlayn medianın rolu əvəszidir: " İnternet əsrində hamı "bir böyük kənddə” yaşayır. Kənddə bir əlsiz-ayaqsız varsa, ona kömək göstərmək borc hesab olunur. Beynəlxalq Bankla bağlı bu hadisəni və bu tip əhvalatları KİV-də işıqlandırmaq digər tərəfdən iri şirkətlərin PR xidmətlərinin vəzifəsidir. Burada Daxili İşlər Nazirliyinin itkin əşyaların sahibinə qaytarılması ilə məşğul olan şöbəsinin məlumatlarından da istifadə etmək olar. Bütövlükdə isə bu, fərdi məsələdir”. Onlayn medianın yaydığı xəbərləri "mənfi yüklü xəbər” adlandırmaq istəməyən İB sədri hesab edir ki, KİV cəmiyyətin barometri olduğundan gündəlik hadisələrdən yazmaq peşə borcudur: "Dediyiniz xeyirxahlıqlarla bağlı əhvalatların KİV-də mütəmadi trend olması mümkün deyil. Lakin vaxtaşırı belə xəbərlərin yayılması cəmiyyətdə özünə inamı, xeyirxahlığı və dürüst yaşam tərzinin təbliğində mühüm rol oynayır”.
Bu addımlar təbliğ olunsa...
Azxeber.com xəbər portalının baş redaktoru Hacıbəy Heydərli də bu tip hadisələrin geniş təbliğ olunması və həmin hərəkəti edən xanımın cəmiyyətə tanıdılmasının tərəfdarıdır: "Çünki biz bu tip olayları çox vaxt xaricdə sosial videoçarxlarda izləyirik və əvvəlcədən ssenarisi yazılan bu çəkilişlərdə cəmiyyətə müsbət yüklü mesajlar verilir. Onu da deyim ki, bu tip addımlar cəmiyyətə çox faydalı olur. İnsanlar bu videolarla maariflənir və analoji hadisəylə qarşılaşanda eyni addımı atırlar”. Bu hadisənin əvvəlcədən planlaşdırılan şəkildə deyil, sırf bir xanımın mərhəmətinin və humanistliyinin göstəricisi sayan baş redaktor indiki zamanda mənfi yüklü, cinayət xarakterli məlumatların çox yayılmasına təəssüfünü bildirərək nəticədə insanların gün ərzində daha çox neqativ enerji ilə yükləndiyini qeyd edir. Belə ki, jurnalistlər, sosial şəbəkə istifadəçiləri, xüsusən də internet media bu tip olaylara geniş yer verməlidir: "Bu xanımın timsalında bu cür humanist və xeyirxah addım atan şəxslər təbliğ olunmalıdır. Bu yaxınlarda belə bir hadisə azxeber.com oxucuları arasında da olmuşdu. Belə ki, şəhərdə pulqabı tapan bir gənc xanım bunu bizə göndərdi ki, mümkünsə paylaşın, sahibi kimdirsə ona qaytarım. Biz də paylaşandan sonra pulqabının sahibi tapıldı və itirdikləri ona geri qaytarıldı. Cəmiyyət olaraq biz bu cür addımlara çox öyrəncəliyik, sosial şəbəkələrdə nə qədər neqativ məlumatlar yayımlansa da, əminliklə deyə bilərəm ki, bizim xalqımız və insanlarımız çox xoşniyyətlidir. Araşdırsaq yüzlərlə belə fakt üzə çıxara bilərik”. Pozitiv xəbərlərin az verilməsinə gəlincə, H.Heydərli bu məsələdə oxucuları qınamağı düzgün hesab etmir: "Çünki media oxucuya nə təqdim edirsə, oxucu da onu qəbul edir. Cəmiyyətdəki müsbət addımlar təbliğ olunsa, əminəm ki, hər kəs bundan özü üçün nəticə çıxarar və istər cinayətlərin, istərsə də neqativ halların qarşısı alınır. Məsələn, Azərbaycanda ictimai nəqliyyatda olan yervermə mədəniyyəti, özündən yaşlılara, xanımlara olan nəzakət, qadın sürücülərə, sərnişinlərə olan münasibət dünyanın heç bir yerində yoxdur”. H.Heydərlinin fikrincə, belə gözəl ənənələr təbliğ olunsa, cəmiyyətimiz də bundan nəticə çıxarar və istər sosial şəbəkələrdə, istərsə də internet mediada aqressivliyin qarşısı alınar: "Cəmiyyət olaraq da bu kimi olaylarla qarşılaşanda insanlara yardım edən, humanizm göstərən şəxslərə təşəkkür etməli və onları daha stimullaşdırmalıyıq. Bütün gözəlliklər təşəkkürdən doğur”.
Davranışımıza zərbə vuran xəbərlər
Məsələyə sosioloji baxımdan yanaşsaq cəmiyyət də, sosial psixologiya da gözəl bir nümunənin insanların əxlaqına müsbət təsir etdiyini təsdiq edir. Belə ki, böyüyən nəslə, ümumilikdə əhalinin psixologiyasına təsir etsin deyə, sovet dövründə müsbət modelləri daha çox təbliğ etməyə çalışırdılar. Sosioloqlar da hesab edir ki, əgər biz cəmiyyətimizdə gərginliyin, aqressiv münasibətlərin azalmasını istəyiriksə, yaxşı hadisələrin, müsbət örnəklərin daha çox təbliğ olunmasına çalışmalıyıq. "Bu gün bilərəkdən və ya bilməyərəkdən ölkə mediasında və sosial şəbəkələrdə müsbət tendensiyalar təbliğ olunmur” deyən sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, biz daha çox müsbət örnəkləri yaymağa üstünlük verməliyik: "Bu örnəklərin cəmiyyətə yalnız müsbət təsiri ola bilər”. Ekspert hesab edir ki, müsbət örnəklərin yayılmasında medianın üzərinə böyük yük düşür: "Təəssüf ki, harada mənfi bir hadisə baş verirsə, bizim media və sosial şəbəkə istifadəçiləri həmin xəbəri daha tez yayır. İnsanlarda da bu tip xəbərlərə sanki tələbat yaranır. Bəlamız budur ki, bizim insanlarda bu barədə elmi təsəvvür azdır. Bu cür məsələlərlə ciddi elmi araşdırma mərkəzləri məşğul olmalı və cəmiyyətə müsbət impulsların verilməsi üçün tədqiqatlar aparmalıdırlar. Təəssüf ki, bu gün bizdə bu tip araşdırmalar yoxdur”. Sosioloqlun fikrincə, bu gün telekanallarda yayımlanan seriallar da cəmiyyətə mənfi təsir göstərir. Belə ki, bizim serialları ərsəyə gətirən yaradıcı qruplar macəra axtarışındadırlar: "Hazırda davranışımıza zərbə vuran həm də yayımlanan teleseriallardır. Nə üçün müsbət tendensiyaları təbliğ edən teleseriallarımız yoxdur? Bu sahədə də böyük boşluq var».
Göründüyü kimi, cəmiyyət həmişə müsbət hadisənin və ondan doğan pozitiv xəbərin tərəfindədir. Pozitiv xəbəri, yaxşı örnəyi yaymağa ehtiyac varsa, niyə "xəbərçilik” tendensiyasının qurbanı olaq?
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər