Yaxşılıq etməkdən zövq alan tələbə - Örnək
"Əl tutmaq Əlidən qalıb”. Yəqin ki, bu deyimi
eşitmisiniz. Çox təəssüf ki, bu gün belə "əl tutma”larla az hallarda
rastlaşırıq. Ehtiyacı olan birinə yardım edib ona əl tutmaq hər zaman təqdir
edilib. Bəziləri düşünür ki, kiməsə yaxşılıq etmək, xeyriyyəçiliklə məşğul
olmaq üçün gərək pulun olsun. Amma pul şərt deyilmiş. Könüllü şəkildə yardım
edərək də bu işin öhdəsindən gəlmək mümkündür. Eynilə gənc müsahibimiz Günay
kimi...
Düzdür,
insan etdiyi yaxşılığı deməməlidir. Amma biz bu gənci, onun gördüyü işləri
cəmiyyətə tanıtmağı özümüzə borc bildik. Borc bildik ki, bu cür gənclərin
davamı gəlsin...
"Yaxşılıq insana insanlığını xatırladır”
Uşaqlıqdan
insanlara yaxşılıq etmək, xüsusilə uşaqları sevindirmək üçün çalışıb. Kimsəsiz uşaq onun yaralı
yeridir. Ətrafında tanıdığı imkansız ailələrə yardım etməklə yanaşı, tez-tez
uşaq evlərini ziyarət edir, onları sevindirir. Bunu tək öz maddi imkanları ilə
etmir. Dost-tanışı da xeyriyyə aksiyasında iştirak etməyə çağırır.
Düşünür ki, yaxşılıq insana insanlığını xatırladır. Ona görə, hər
bir insan ehtiyacı olana bacardığı qədər kömək etməyə çalışsa, dünyamız
gözəlləşər.
Həmsöhbətimiz Bakı Slavyan Universitetinin tələbəsi
Günay Əhmədovadır. 24 yaşı var və ikinci
təhsilini alır. Üstəlik, ikinci təhsil almasının səbəbi də insanlara kömək
etmək istəyidir: "Azərbaycanda dünyaya gəlsəm də, Rusiyada yaşayırdıq. Mən 9-cu
sinifdə olanda, ölkəmizə gəldik. İlk ali təhsilimi Xəzər Universitetində aldım.
İngilis
dili və rus dili üzrə tərcümə fakültəsini bitirdim. İkinci təhsilimi isə
Bakı Slavyan Universitetində davam etdirirəm. İlk ixtisasım tərcüməçi olsa da,
etiraf edirəm ki, hazırda təhsil aldığım "Təhsildə sosial-psixoloji
xidmət” fakültəsini daha çox sevirəm. Çünki bu ixtisas mənə məktəbdə psixoloq
kimi işləmək şansı verəcək. Məktəblilərlə daim ünsiyyətdə olmaq, onların
problemlərini dinləmək və həll etmək mənə zövq verir. Çünki ən böyük problemlər
məhz məktəb illərində başlayır. İstər karyeramda, istərsə də şəxsi həyatımdakı
tək məqsədim insanlara faydalı olmaqdır”.
"Yaxşılıq öz ətrafına maqnit kimi yeni tərəfdaşlar
cəlb edir”
Məlumat üçün bildirək ki, Bakı Slavyan Universitetində
tələbələr arasında hər il xeyriyyə aksiyası keçirilir. Ayrılıqda aksiyalara
qoşulan müsahibimiz deyir ki, universitetdə belə bir ənənənin
olduğunu biləndə çox sevinib. Hətta illik konfranslarında onu inkişaf etdirməyi
təklif edib: "Bizim universitetdə ilin yekununa dair görülən işlər və
prioritetlərlə bağlı konfranslarımız olur. Birinci kursda oxuyarkən ümumi,
tələbələrin gördüyü işlərlə bağlı hesabatlar verirdik. Gələcək işlərdən
danışanda, dedim ki, tələblərlə xeyriyyə tədbirlərinin sayını
artırmağı düşünürük. Yaxşılıq elə bir hissdir ki, nə qədər çox olsa, ətrafa o
qədər müsbət şəkildə yayılır və ətrafına maqnit kimi yeni tərəfdaşlar
cəlb edir. Universitet rəhbərliyi məni dinlədi və ideyamı dəstəklədilər.
Əvvəllər tək təşkilatlara, qruplara qoşulur, ayda 3-4 dəfə uşaq evlərinə gedir,
yaxud ehtiyacı olan ailələrə yardımlar edirdim. Bunu universitet tələbələri ilə
universitet adından təşkil etməyimiz başqa qürur idi. İki ay ərzində 4 dəfə
Nəsimidə olan uşaq və qadın sığınacağına getdik. Daha sonra bir ailə tapdıq,
qadın tək yaşayırdı və avtomobil qəzası keçirmişdi. Vəziyyəti yaxşı deyildi.
Ona yardım etdik. Universitet tələbələri ilə təşkil etdiyimiz xeyriyyə
tədbirləri çoxdur. Planlarımız, görüşlərimiz hələ də davam edir. Üstəlik,
tələbələr yaxşılıq etdikcə, ondan zövq alır və daha çox etmək istəyirlər.
Sıralarımız getdikcə çoxalır”.
"Şərt deyil
ki, maddi yardım edəsən...”
Xeyriyyə tədbirləri universitet daxilində ehtiyacı
olan tələblərlə də bağlı keçirilir: "Azərbaycandakı sevgi dolu insanlar, qayğıkeşlik
Rusiyadakı kimi deyil. Universitet daxilində də daha çox insanlara kömək
edirik. Bu layihə o qədər böyüdü ki, daha çox insana kömək edə bildim. Tələbə
olduğumuza görə öz pulumuz çox olmur, amma köməkləşib yığırıq. Elə vaxtlar olur
ki, valideynlər də bu qrupa qoşulur. Əsasən, qəflətən xəstəliyə düçar olan,
təhsil haqqını ödəyə bilməyən tələbələrə müəyyən dərəcədə köməklik göstəririk.
Belə işlər könüllüdür. Heç kimi məcbur etmirik. Yəni, elan veririk ki, hansısa
gün uşaq evinə getmək istəyirik. Kimin gücü nəyə çatırsa, bizə qoşulur. Kimisi
paltar, kimisi oyuncaq, kimisi pul gətirir. Sadəcə getmək istəyənlər belə olur.
Şərt deyil ki, maddi yardım edəsən, mənəvi yardım da əhəmiyyətlidir. Uşaq evinə
gedəndə fərqli atmosferə düşürsən. Onların ehtiyacı yalnızlıq və sevgisizliklə bağlıdır. Məsələn, 2 yaşında uşağın gözündə gördüyüm kədəri heç vaxt unutmaram.
Onun üzündə təbəssüm görmək xeyli vaxt alır. Oradan qayıdanda isə,
bizi buraxmaq istəmirdilər. Bu sevinci vermək, dəyərli olduqlarını hiss
etdirmək üçün pul lazım deyil. Sevincləri bir anlıq olur. Amma hər kəs onları
ziyarət etsə, zaman keçirsə, unudulmadıqlarını bilsələr,
xoşbəxt olarlar. Günahsız bir uşağı sevindirmək bizim üçün xoşbəxtlikdir”.
Bir uşağı bir
saat sevindirə bilirksə...
Günay ilk dəfə Xəzərdə oxuyarkən "Ümid yeri”
sığınacağına gedib. Deyir ki, uşaqların üzündəki təbəssümü gördükdə, onlara
faydalı olduğunu bildikdə, tez-tez gəlmək istəyirsən: "Konfransda uşaqlar
müzakirə edirdi ki, insan özü xeyriyyə aksiyasında iştirak etmədikcə, onun
əhəmiyyətini dərk etmir. Düzdür, bəzən pis olursan. Çünki atılmış uşaqlarla
vaxt keçirmək, insanların dərdlərini dinləmək rahat deyil. Bəzən mənəvi iztirab
çəkirsən. Amma onların bir anlıq sevinci hər şeyə dəyər. Bir uşağı bir saat
sevindirə bilirksə, bu bizim üçün xoşbəxtlik olmalıdır. Çünki kimsəsiz uşaqlara
dəstək olduqda, onların üzündəki sevincin qiyməti olmur. Uşaqlıqdan küçədə
yeməyə, pula ehtiyacı olan insan görəndə çox pis olurdum. Çalışırdım az da olsa
onlara köməklik edim. Evə gələndə hər dəfə onları düşünürdüm. Xüsusilə uşaqlara
heç dözümüm yox idi. Hər kəs qınaq obyekti ola bilər, amma körpələrin heç bir
günahı yoxdur. Onlar doğularkən nə valideynlərini, nə də yaşayacaq həyatlarını
seçmirlər. Onlara dayaq, sevgi, diqqət lazımdır. Və bütün əməllərimi bu
prinsiplərlə edirəm”.
Xeyriyyəçiliklə məşğul olmağı özünə borc bilən
müsahibimiz deyir ki, təmənna güdmədən edilən yaxşılığın verdiyi mənəvi qida
bütün qazanclardan qiymətlidir: "Əvvəllər aksiyalar təşkil edirdik. Sosial
şəbəkələrdə görənlər, eşidənlər bizə qoşulurdular. İnsanlarımız çox qayğıkeşdir
və yardım etməyə meyillidirlər.Həqiqətən elə ailələr var ki, onların
çörək almağa pulu olmur. Bizim üçün bəzən əhəmiyyətsiz olan məbləğ, onlar üçün
bir çörəkdir”.
"Demək, həyatımız boşuna getmir”
Günay deyir ki, xeyriyyəçiliklə məşğul olmaq ona mənəvi
rahatlıq verir: "Düzünü desəm, bu mənə mənəvi rahatlıq verir. Məncə, insan
yaxşılıq etdikcə, mənəvi cəhətdən təmizlənir. Birinə bir anlıq da olsa,
təbəssüm bəxş edə biliriksə, demək həyatımız da boşuna getmir. Ehtiyacı olan
insanlara yaxşılıq etmək bizə rahatlıq, sevinc bəxş etməlidir. İnsan tək özü
üçün yaşayırsa, başqaları onun adı çəkiləndə ağlına yaxşı bir şey gətirmirsə,
deməli həyatı boşuna keçib. Yaxşılıq edəndə də qarşılıqsız etmək lazımdır.
İnsanların səni gözəl xatırlaması, ətrafa gözəllik qatmaq yaxşı hissdir”.
Günayın məqsədi gələcəkdə xeyriyyə cəmiyyəti açmaqdır:
"Bu mənim ən böyük arzumdur. Maddi imkanım çox olmasa da, hər dəfə çalışıram
ki, ehtiyacı olanlar üçün nə isə edim. Düşünürəm ki, oxuduğum ixtisas da
gələcəkdə bu sahədə mənə kömək edəcək. Maddi olaraq alınmasa belə, bir psixoloq
kimi onlarla məşğul olacağam, onlara diqqət göstərmək üçün xüsusi vəzifəm
olacaq.
Aygün ƏZİZ