Yaxşı vərdişləri necə formalaşdırmalı? - Gənclərə məsləhət
Gündəlik həyatımızda daim təkrar etdiyimiz, bəzən
heç özümüzdən də asılı olmayan müəyyən davranış formaları var. Bunların
bəziləri məqbul, bəziləri isə qeyri-məqbuldur. Pis vərdişlərdən uzaq durmaq,
yaxşıların sayını artırmaq lazımdır. Məsələn, dil biliyini artırmaq, kitab
oxumaq, piyada gəzmək və s. kimi məsələlərdə mütəmadiliyi qorumaq üçün bunların
vərdiş halına salınması önəmlidir. Maraqlıdır, bəs bu kimi yaxşı vərdişləri
formalaşdırmaq, onları daim təkrarlanan hala gətirmək üçün nələri etməliyik? Bu
mövzuda həmsöhbətimiz psixoloq Aidə
Səlimdir.
Psixoloq deyir ki, yaxşı vərdişlərə yiyələnməyin
ilk yolu bunu planlı və rejimli şəkildə etməkdən başlayır: "Gündəlik həyatda
fəaliyyətin mənimsənilməsi nəticəsində insanlarda müəyyən vərdişlər formalaşır.
Adətən, vərdişlər şüurlu və ya qeyri-ixtiyari təkrarların nəticəsində meydana
çıxır. Əgər insan özündə hər hansı bir vərdişi formalaşdırmaq istəsə, bunu
əvvəlcədən planlasa, getdikcə vərdişlərin, həyatındakı mənfi davranışları
özündən uzaqlaşdırdığının şahidi ola bilər. Yaxşı vərdişlərə yiyələnməyin ilk
yolu bunu planlı və rejimli şəkildə etməkdən başlayır. Misal olaraq, əgər
xarici dil biliyinizi artırmaq istəyirsinizsə, məqsədli şəkildə gündəlik 5 söz
öyrənməyi vərdiş halına gətirə bilərsiniz. Ancaq diqqət edin ki, yeni
vərdişlərə yiyələnəndə ilk olaraq özünüzə kiçik hədəflər qoymalısınız. Məsələn,
15 dəqiqəlik gündəlik piyada gəzmək, hər gün 1 stəkan su içmək, 10 səhifə kitab
oxumaq və s kimi. Çünki bir işə başlayanda böyük hədəflər qoysanız, işin
gedişində yaranan çətinliklər sizi yarıyolda qoyar və daha tez motivasiyadan
düşməyinizə səbəb ola bilər. Birdən-birə xarici dildə 20 yeni söz beyinə daha
çətin gələr, nəinki 5 söz öyrənmək. Və artıq bu, vərdiş halına gəldikdən sonra
sözlərin kəmiyyəti sizə çətinlik yaratmayacaq”.
Həmsöhbətimizdən bu mövzuda nə kimi tövsiyələr verə
biləcəyini soruşduq: "Tövsiyə edəcəyim üsul "Zənciri qırma” metodu ola bilər.
Özünüz üçün 15-20 günlük, yaxud 1 aylıq təqvim hazırlayırsınız. Vərdiş halına
çevirmək istədiyiniz bir şeyi hədəfləyir və ona çatmaq üçün hər gün nə isə
edirsiniz. Örnək olaraq, gündəlik 25 dəqiqə bədii kitab oxumaq. Hər gün bunu
etdikcə, təqvimdə də qeyd edirsiniz. Burda əsas məsələ isə o "zənciri
qırma”maqdır. Zamanla təqvimdə ardıcıl yaranan zəncirlər görəcəksiniz və artıq
yeni məqsədiniz bu zənciri qırmamaq olacaq. Əlavə olaraq, insanın özündə
vərdişi formalaşdırması üçün 21 gün də kifayət edir. Çünki yeni vərdişin
psixoloji olaraq formalaşmağı 21 gün davam edər. Təbii ki, burada söhbət fasilə
vermədən, təkrarən davam edən prosesdən gedir. Ümumiyyətlə, vərdişlər
təkrarlanaraq qazanılır. Cənubi Kaliforniya Universitetinin Sosial elmlər
fakültəsinin psixologiya üzrə professoru Uilyams Vud qeyd edir ki, vərdişlər
beyinlə davranış arasında ən qısa yoldur. Bir dəfə edildisə, o hərəkət sonradan
avtomatik olaraq vərdişə keçir”
Psixoloq bildirir ki, yaxşı vərdişləri qazanmaq
üçün kifayət qədər resurslar vardır: "Misal olaraq, gündəlik etməli olduğunuz
işi xatırladan mobil tətbiqlər bu mövzuda gənclərin ən böyük yardımçısı ola
bilər. Edəcəyiniz işi yazırsınız və həmin proqram gündə eyni vaxtda bunu sizə
xatırladır. Bu cür üsulu sevmirsinizsə, çox rahat şəkildə özünüz qeydlər
götürərək, edə bilərsiniz, çünki hər dəfə yazdıqca, daha çox vərdiş qazana
bilərsiniz. Onu da qeyd edim ki, insanda əvvəl
yaranmış vərdişlər bəzən yenisinin yaranmasını çətinləşdirə və ya onun
formalaşmasını ləngidə bilər. Gündəlik həyatda daha çox yaşlı insanlarda rast
gəlinən bir vərdişi misal olaraq göstərmək olar. Tutaq ki, kiril əlifbası ilə
yazmağa vərdiş edən insan birdən-birə latın qrafikalı əlifbaya keçid alanda bir
az çətinlik yaşayır. Bunun üçün isə bizə indiki zaman üçün hansı vərdişin lazım
olduğunu müəyyən etmək və nəyin maneə olacağını aydınlaşdırmaq lazımdır”.
Müsahibimiz deyir ki, istədiyimiz
davranışı vərdiş halına keçirdikcə bu vərdişin davamını gətirmək üçün özümüzü
mükafatlandıra bilərik: "Nə istədiyimizi bildikdən sonra, onları vərdişə halına
salmaq o qədər də çətin olmayacaq. Ən əsası, ilk addımı atdıqdan sonra
davamını gətirməkdir. Çünki, həyatda başlamaq və bitirmək asandır, çətin olan
davam etməkdir. Təkrarlanan və davam edilən proses isə zamanla vərdişə
çevrilir”.
Günel Azadə