AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yaxşı, vacib hesab edilən layihələr maliyyələşdiriləcək

Yaxşı, vacib hesab edilən layihələr maliyyələşdiriləcək

Cəmiyyət
22 Aprel 2016, 10:46 2256
“Cənab prezident Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni tərkibini təsdiq etdi və mənə də etimad göstərdi. Bunun üçün ona minnətdarlığımı bildirirəm. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan cəmiyyətində və qeyri-hökumət təşkilatları arasında çox önəmli rola malikdir. Ötən illər ərzində QHT-lərin maliyyələşməsi, onların inkişafı, ümumiyyətlə, vətəndaş cəmiyyəti institutunun formalaşması istiqamətində QHT-lərə Dövlət Dəstəyi Şurasının olduqca böyük rolu olub. Şura kifayət qədər uğurlu fəaliyyət göstərir və vətəndaş cəmiyyəti ilə sıx əlaqədə işləyir. Düşünürəm ki, bundan sonrakı dövrdə də keçmişdəki ənənələr davam etdiriləcək, qazanılmış təcrübə bir qədər də artırılacaq”.

Bu sözləri “Kaspi”yə açıqlamasında prezident sərəncamı ilə QHT-lərə Dövlət Dəstəyi Şurasına yeni üzv seçilən millət vəkili Şahin İsmayılov dedi. Növbəti 4 il üçün prioritet olacaq məsələlərdən danışan Ş.İsmayılov QHT—lərlə əməkdaşlığın yeni istiqamətlərdə daha da gücləndiriləcəyini söylədi: “Bilirsiniz ki, QHT-lərə Dövlət Dəstəyi Şurası çox böyük layihələri maliyyələşdirib. Bundan sonra da mövcud problemlərin həlli istiqamətində addımların atılması, vətəndaş cəmiyyəti institutlarının daha da möhkəmləndirilməsi üçün çalışacağıq. Düşünürəm ki, şura üzvləri həm milli donor qismində, həm də QHT-lərin problemlərinin həlli istiqamətində, üstəgəl, qanunvericilik bazasına müəyyən təkliflərin verilməsi yönündə ortaya məqsədyönlü işlər qoyacaqlar”.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov da bu cür etimad üçün ilk növbədə ölkə başçısına təşəkkür etdi: “Xeyli vaxtdır ki, vətəndaş cəmiyyəti sahəsində fəaliyyət göstərən, beynəlxalq münasibətləri araşdıran mərkəz olaraq vətəndaş cəmiyyətinin inkişafı, qeyri-hökumət təşkilatları sahəsində görülən bütün tədbirlərdə aktiv iştirak etmişik. Qarşıda da görüləsi işlər var və əlbəttə ki, vətəndaş cəmiyyətinin üzərinə böyük vəzifələr düşür. Cənab prezident bu şuranı 8 il bundan öncə yaradarkən qeyri-hökumət təşkilatlarının inkişaf etməsini və milli donorluq institutunun yaradılmasını qarşıya məqsəd qoymuşdu. Keçən müddət ərzində QHT-lərə Dövlət Dəstəyi Şurası nəinki milli QHT-lərə vəsait ayırdı, hətta xarici QHT-ləri də maliyyələşdirildi. Bu, bir daha Azərbaycan dövlətinin inkişafını və gücünü göstərirdi”.

R.Qonaqov hesab edir ki, növbəti 4 il ərzində də prezidentin şura qarşısında qoyduğu vəzifələrdən çıxış edərək, QHT-lərin daha da inkişafı üçün çalışacaqlar: “Yaxşı, vacib hesab etdiyimiz layihələrin maliyyələşməsi istiqamətində səylərimizi davam etdirəcəyik. Belə layihələrin maliyyələşdirilməsi o deməkdir ki, QHT-lər öz ideyalarını, arzularını həyata keçirəcəklər. Əlbəttə ki, QHT-in daha da güclənməsi üçün əlimizdən gələni edəcəyik. Bütövlükdə çalışacağıq ki, Azərbaycanda vətəndaş cəmiyyəti qazansın və xalqımıza fayda versin. Həmçinin ölkəmizin inkişafı istiqamətində gedən proseslərdə yaxından iştirak etsin”.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli də vətəndaş cəmiyyətinin inkişafı üçün var gücləri ilə çalışacaqlarını bildirdi: “Hər şeydən öncə bizə etimad göstərdiyinə görə ölkə başçısına öz təşəkkürümü bildirirəm. Ölkədə indiyə qədər xeyli işlər görülüb, müxtəlif sahələrin inkişafı üçün dövlət proqramları qəbul olunub. Daha böyük hədəflərə çatmaq əsas məqsədimizdir. Bu işdə isə QHT-lərin və medianın üzərinə böyük yük düşür. Gənclər arasında vətənpərvərliklə bağlı təbliğat aparılmalı, orduya dəstək verilməlidir. Qarabağ həqiqətləri ilə bağlı dünya ictimaiyyətini bilgiləndirmə işini bir qədər də artırmalıyıq. Son hadisələr informasiya müharibəsinin də mühüm olduğunu bir daha ortaya qoydu”.

Dövlətin əlillərə, veteranlara, şəhid ailələrinə xüsusi qayğıyla yanaşdığını deyən E.Həsənli QHT-lərin sosial, humanitar sahələrdə işlərinin artırılacağını diqqətə çatdırdı: “Həmçinin iqtisadiyyat, səhiyyə kimi sahələrdə əməkdaşlıqlar genişləndiriləcək. Düşünürəm ki, güclü iqtisadçılarımız, politoloqlarımız, öz sahəsi üzrə mütəxəssisləşən ekspertlərimiz var. Onların dəstəyilə tədbirlər keçiriləcək, yeni planlaşdırmalar üçün müzakirələr aparılacaq. Sahibkarlarla, özəl sektorla vətəndaş cəmiyyəti arasında əlaqələr daha da dərinləşəcək. Bütün hallarda, bizim üçün prioritet mövzu Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq olacaq. Haqq səsimizi dünyaya eşitdirmək üçün görülən işləri davam etdirəcəyik”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə qeyd etdi ki, şura prezident tərəfindən təsdiq olunan əsasnamə və konsepsiyaya əsasən fəaliyyət göstərəcək: “Belə məsuliyyətli işdə mənə də etimad göstərildiyinə görə ölkə başçısına minnətdaram. Şuranın üzərinə qoyulan vəzifələr konsepsiya və əsasnamədə müəyyən olunur. Qurumun fəaliyyəti o istiqamətdə də davam edəcək. Bilirsiniz ki, vətəndaş cəmiyyətinə maliyyə dəstəyi göstərilir. Əsas məqsəd odur ki, Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf etsin. Verilən əlavə vəzifələrdən biri də budur ki, dövlət büdcəsindən ayrılan bütün qrantlar şura ilə razılaşdırılmalıdır, bizim rəyimiz verilməlidir. Bu ondan ötrüdür ki, büdcədən verilən pullar regional qaydada düzgün paylanılsın. Həm də vəsaitin mövzular üzrə düzgün verilməyi təmin edilsin. Çalışacağıq ki, işimizin öhdəsindən layiqincə gələk”.

Şəfa Tapdıq