• cümə, 29 Mart, 10:13
  • Baku Bakı 5°C

Yaxşı tərcüməçilər olsa...

11.07.19 10:54 1155
Yaxşı tərcüməçilər olsa...
Uzaq Şərq ədəbiyyatı dünya ədəbiyyatı içərisində önəmli yerlərdən birini tutur. Mütəxəssislər hesab edir ki, yapon, Çin, Koreya, İndoneziya, Monqolustan, Vyetnam və s. xalqların ədəbiyyatı həm tarixi keçmişinə, həm də sənətkarlıq baxımından dünya bədii xəzinəsini mövzu, obrazlar, xarakterlər, bədii kompozisiya orijinallığı və s. cəhətdən zənginləşdirib və onu irəliyə aparıb. Ancaq hazırda bu ölkələrin ədəbiyyatının bizim ölkəmizdə az tanınması ilə bağlı "Biz Uzaq Şərq ədəbiyyatından xəbərsizik” kimi fikirlər səslənir."Müzakirə”mizdə bu fikirlərə aydınlıq gətirməyə çalışdıq.
Bədii düşüncə ilə ədəbi düşüncə arasında yaxınlıq
Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin fikrincə, Şərq ədəbiyyatı kimi Uzaq Şərq ədəbiyyatı da dünya bədii düşüncəsini bir parçasıdır: "Ancaq biz uzun illər dünya ədəbiyyatı dedikdə Avropa və Amerika ədəbiyyatını nəzərdə tutmuşuq və beləliklə, dünyanın böyük bir hissəsində yaranan ədəbiyyatdan xəbərsiz olmuşuq. Düşünürəm ki, bu proses sovet dövründə formalaşıb. Çünki XX yüzilliyin əvvəllərində Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə kimi fikir adamlarının yaradıcılığında istər siyasət, istərsə də ədəbiyyat baxımından daha tez-tez müraciət edilirdi. Sonra isə kontekst dəyişdi, Azərbaycan bədii-elmi düşüncəsi Qərb konteksti üzərinə köklənməyə başladı. Sovet dövründə "xarici ölkələr" ədəbiyyatı adı altında tədris olunanlar da Avropa və Amerika xalqlarının ədəbiyyatından ibarət idi. Burada sovetlərin qoyduğu sərhədlərlə yanaşı, dil baryeri də mühüm rol oynayırdı. O zaman Azərbaycanda müxtəlif dillərin, xüsusilə, Asiya xalqlarının -hind, urdu, yapon, indoneziya, koreya və s. öyrənilməsi və tədris edilməsi təcrübəsi yox idi. Bu xalqların hər hansı kiçik həcmli nəsr (hekayə) və şeir nümunələri belə, rus dili vasitəsilə edilirdi. O xalqların ədəbiyyatına müraciət edilirdi ki, həmin ölkənin sovetlərlə siyasi münasibətləri var idi. 1913-cü ildə hind yazıçısı Rabindranat Taqorun Nobel mükafatı alması Asiya ədəbiyyatının dünyaya çıxmasında bir imkan oldu. Onun səkkiz cildlik "Seçilmiş əsərləri” kitabı hələ 60-cı illərdə Azərbaycanda nəşr edilmişdi. Amma bütün tərcümələr rus dilindən idi”. B.Əhmədli bildirir ki, keçmişə baxanda bu gün Asiya xalqlarının ədəbiyyatının həm öyrənilməsində, həm də tərcüməsində xeyli irəliləyişlər var. Belə ki, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Azərbaycan-Asiya ədəbi əlaqələri” şöbəsi yaradılıb. Şöbədə yapon, hind, əfqan, pakistan, indoneziya, koreya, çin, vyetnam, monqol ədəbiyyatı öyrənilir: "Bu xalqların ədəbiyyatı ilə bağlı elmi konfranslar, sessiya və seminarlar keçirilir. Lakin tərcümə sahəsində vəziyyətin ürəkaçan olduğunu söyləmək çətindir. Çünki tərcümələrin azlığı bu ədəbiyyatların öyrənilməsində müəyyən çətinliklər yaradır. Bu xalqların dilini bilən mütəxəssislərimiz isə azdır. Ancaq mövcud tərcümələr bunu deməyə əsas verir ki, Asiya xalqlarının bədii düşüncəsi dünya ədəbiyyatını zənginləşdirir. Son illərdə Nobel mükafatının yapon və çin yazıçılarına verilməsi də bu ədəbiyyatı önə çıxarır. Son illərdə əfqan, yapon, koreya, çin, hind ədəbiyyatından tərcümələr edilib. Əfqan yazıçısı Xalid Hüseyninin üç romanı - "Çərpələng uçuran”, "Min möhtəşəm günəş”, "Və dağlardan səda gəldi” əsərləri tərcümə və nəşr edilib. Doğrudur, bu əsərlərin hamısında peşəkar tərcümənin eyni vəziyyətdə olduğunu demək də çətindir. Yaxud yapon, çin, koreya ədəbiyyatından tərcümələr də eyni vəziyyətdədir. Hələ bizdə bu xalqların ədəbiyyatı ilə bağlı peşəkar tərcüməçilər nəsli formalaşmamışdır. Bu yaxınlarda Koreya yazıçısı Şin Qyonqun "Anam sənə əmanət” kitabının iki tərcüməsini oxudum. Haqqında məqalə də yazmışam, bu günlərdə mətbuata verəcəm. Lakin bu tərcümələrin ikisi də eyni səviyyədə deyil. Biri ingilis, digəri isə koreya dilindən çevrilib. Yaxud, Koreya yazıçısı Han Kanğın "Vegeterian" romanı bu günlərdə dilimizə çevrilib. Romanı orijinaldan Könül Kamilzadə çevirib. Deyim ki, bu tərcümə olduqca xoşuma gəldi. Tərcüməçinin dili bilməklə yanaşı, həmin xalqın adət-ənənəsini, psixologiyasını, tarixi və mədəniyyətini də bilməsi olduqca vacibdir”. Ədəbiyyatşünas alim bildirir ki, yapon ədəbiyyatından da xeyli tərcümələr var. Bu tərcümələr çoxaldıqca onların araşdırma dövriyyəsi də artır: "Artıq yapon ədəbiyyatı haqqında yaponşünas əməkdaşımız, doktorant Gülnar Yunusovanın məqalələri nəşr edilir. Yapon hokkuları da Azərbaycan ədəbiyyatşünaslığı üçün yaxşı tanışdır. Hətta bunun əsasında Azərbaycan hokkuları da yazılıb. Yəni Asiya xalqlarının ədəbiyyatı mövzu, problematika, süjet, obrazlar, poetik sistemi etibarilə zəngin və müxtəlifdir. Bu nümunələr çoxaldıqca onun araşdırılması və öyrənilməsi prosesi də baş verir və elmi dövriyyəyə daxil edilir. Düşünürəm ki, Uzaq Şərq ədəbiyyatını bizə bağlayan amillər çoxdur və bu faktorlar bu bədii düşüncənin milli arenaya gəlişini daha da sürətləndirəcək, bu xalqların ədəbiyyatı dilimizə daha çox çevriləcək”. B.Əhmədli hesab edir ki, tərcüməçilər və nəşriyyatlar bu işə daha çox səy göstərməlidirlər: "Mən bu ölkələrin bir çoxunda olmuş, elmi konfranslarda məruzələr etmişəm və görmüşəm ki, bizim bədii düşüncəmizlə bu xalqların ədəbi düşüncəsi arasında bir yaxınlıq var”.
Dünyada kifayət qədər yayılmaması
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Uzaq Şərq ədəbiyyatının ölkəmizdə az tanıdılması ilə balı fikirlərə Yaponiya ədəbiyyatını aid etmir: "Çünki, yapon ədəbiyyatı ölkəmizdə kifayət qədər tanınır. Yalnız son illər ərzində Akutaqava Rünöske, Yasunari Kavabata, Kenzaburo Oe, Yukio Misima, Kadzuo İşiquro, Haruki Murakami və başqa müəlliflərin əsərləri çap olunub. Elə mən Y.Misima, K.Oe, K.Abe, K. Maruyamanın roman, povest və hekayələrini dilimizə çevirmişəm. Uzaq Şərqə mənsub başqa xalqların, məsələn, Çin, İndoneziya, Filippin, Hindistan, Koreya, Vyetnam, Monqolustan, Pakistan və s. bağlı ilə səslənən fikirlərlə razıyam. Bu xalqların ədəbiyyatı ilə kifayət qədər tanış deyilik. Hətta Nobel mükafatı almış Cin yazıçılarının əsərləri belə, dilimizə çevrilməyib. Görünür ortada dil maneəsi ilə yanaşı, həmin ölkələrin ədəbiyyatının dünyada kifayət qədər yayılmaması, populyarlaşmaması məsələsi də var”. Yazıçının fikrincə, son vaxtlar AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Asiya xalqları ədəbiyyatı bölməsi bu sahədə bir sıra işlər görüb, əlaqələr yaradıb: "İnanaq ki, yaxın illərdə bu çatışmazlıq get-gedə aradan qaldırılacaq”.
Orijinaldan tərcümə edən mütəxəssis yoxdur
Bakı Dövlət Universitetinin Uzaq şərq dilləri kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Oqtay Cəlilbəyli hesab edir ki, Uzaq Şərq ədəbiyyatından bir qədər xəbərsiz olmağımızın əsas səbəbi həmin əraziyə aid ölkələrin uzun illər boyu bizim üçün qapalı olmasıdır: «Məsələn, Yaponiya 200 il bizim üçün bağlı ölkə olub. 2000-ci ildən başlayaraq Bakı Dövlət Universitetində yapon dili öyrənilir. Bizdə ixtisas yaponşünas adlanır, tərcüməçilər isə Dillər İnstitutunda yetişir. Biz yapon ədəbiyyatını, tarixini, siyasətini bilən mütəxəssislər hazırlayırıq. Təbii ki, əvvəlcə 15-20 il dili öyrənirlər, dili öyrənəndən sonra ədəbiyyata keçirlər. Ona görə bu gün bizdə yapon ədəbiyyatını tərcümə etmək üçün nə yazıçı, nə də şair var. Ona görə də əldə olunan tərcümələr də rus dilindəndir. Əvvəlcə bizə yapon ədəbiyyatından dərsliklər gəlib. 5-10 ildən sonra tələbələrdən kimsə yapon ədəbiyyatını sevəcək, dili bilən olacaq və onların içərisindən kimsə orijinaldan tərcümə edəcək».
O.Cəlilbəylinin sözlərinə görə, Çin ədəbiyyatı sahəsində də vəziyyət eynidir. Hətta bu ədəbiyyat sarıdan tərcümələr daha kasaddır: "Bu günə qədər bizə çin dilindən dərs deyən müəllimlər Çindən gəlirlər. Bizdə mütəxəssis yoxdur. Ona görə bu sahədə də ədəbiyyatın tərcümə olunmasında geri qalırıq. Ancaq ehtimal var ki, əvvəlcə yapon, sonra Çin, daha sonra Koreya ədəbiyyatından tərcümələr olacaq. Çünki bizdə bu ixtisaslar tədris olunur”. O.Cəlilbəyli dilşünasların fikrini əsas gətirərək bildirir ki, Yapon dili qohum dillərdən biridir və Altay dil ailəsinə aiddir. Sadəcə, Yapon dilindən olan tərcümələr rus dilindən olduğu üçün o qədər də özünəməxsus alınmır: "Yapon, Çin və ya Koreya ədəbiyyatı ilə bağlı tərcümələrin genişlənməsi üçün ədəbiyyatçılar olmalıdır. Biz isə dilçilər yetişdiririk. Fikrimcə, ədəbiyyatçılar 20-30 ildən sonra yetişəcək. Çünki onlar əvvəlcə dili bilməlidirlər, sonra həmin kitabları oxumalı, sevməli, daha sonra tərcümə etməlidirlər. Hazırda bizdə yapon və çin ədəbiyyatını orijinaldan tərcümə edən bir mütəxəssis də yoxdur. Mən yapon dili ilə bağlı dərslik hazırlamışam, ancaq bu dərsliyin hazırlanmasında rus və ingilis dilində tərcümələrdən istifadə etmişəm”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər