• çərşənbə axşamı, 19 mart, 11:30
  • Baku Bakı 8°C

Yaxşı təlimçini necə seçək? - Araşdırma

07.02.17 14:53 6940
Yaxşı təlimçini necə seçək? - Araşdırma

"Yaşadıqlarım mənə həyatın uzunluğuna görə yox, mənasına görə ölçüldüyünü öyrətdi. Elə yaşamalısan ki, geriyə dönüb baxa biləsən. Mən əvvəlki həyatla başımı arxaya çevirə bilmirdim. Buna görə dəyişməli idim. İndiyə qədər 100-150 seminara qatıldım, kitablar oxudum. Həyatı dərk etməyə başladım. Dərk etdikcə də, yolum açılırdı. Qatıldığım seminarlar, təlimlər məni ayağa qaldırdı və yenidən yaşamağa, yaratmağa, özümü inkişaf etdirməyə sövq etdi”. Bu sözlər müsahibimiz Seymur Kazımlıya aiddir.
Xatırladaq ki, Seymur 2 yaşından valideynləri tərəfindən tərk edilərək, dövlətin himayəsinə verilib və uzun müddət davam edən əziyyətlərdən, işgəncələrdən sonra 24 yaşında cəsarətini toplayıb, bütün həyatını dəyişib. Deyir ki, məhz qatıldığı təlimlər, təlimçilərin təsiri onu keçmişin üstündən xətt çəkib sıfırdan başlamağa cəsarətləndirib.
Lakin təlimə tez-tez gedənlərin hamısı Seymur kimi düşünmür. Leyla bəzi təlimlərdən narazıdır və onları boş vaxt itkisi adlandırır: "Bəzən təlimə dəvət edirlər. Həvəslə gedirik. Əvvəlcədən deyilən mövzu ilə, təlimdə təqdim olunan mövzu tam fərqli olur. Getdiyinə peşman olursan, gözləntilərin doğrulmur. Bəzi təlimlərdə isə iştirakçılardan istifadə edirlər. Adama sadəcə, qrant aldıqları təşkilata hesabat verəndə "adlı siyahı” kimi yanaşırlar. Təşkilatçılıq "yox” səviyyəsində olur. Ekspertlər də loru dildə desək, "yolaverdi” üsuluna üstünlük verirlər. Heç onlar üçün maraqlı olmur sən təlimdə sona qədər qalacaqsan, ya yarımçıq tərk edəcəksən. Əsas odur ki, şəkillərdə varsan və siyahıya qol çəkmisən. Düzdür, yaxşı təlimlər və təlimçilər var. Təəssüf ki, çox azdır”.
Seminar və təlimlərin gənclərin inkişafında rolu danılmazdır. Dünya təcrübəsində olan bu metod bizdə də geniş yayılmaqdadır. Lakin müsahiblərimizin də dedikləri kimi, təlim var ki, insanın həyatına istiqamət verir, hətta kökündən dəyişir. Təlim də var ki, vaxt itkisindən başqa bir şey deyil. Bəs düzgün seçimi necə edək? Faydalı təlimlər necə seçilir?

"Bəzi təlimçilərdən iştirakçılar çox bilir”


Sosial psixoloq, təlimçi Əhəd Kazımov bizimlə söhbətində bildirdi ki, təlimçilərlə bağlı narazılıq edən gənclərə haqq verir. Müsahibimizin sözlərinə görə, bəzi "təlimçilər” var ki, iştirakçılar ondan çox bilir: "Bəzi insanlar düşünür ki, hər kəs təlimçi ola bilər. Belə təlimlərə gələn insanlar da narazı gedirlər. Bu bazardır, kim nə istəyir edir. Amma yaxşı təlimə və təlimçiyə iştirakçılar özləri qərar verməlidir. Belə təlimlərə iştirakçılar ikinci dəfə getməməlidirlər. Təlimçi kimi fəaliyyət göstərmək istəyənlər mütləq öz üzərlərində işləməlidirlər. Adətən, özüm də müşahidə edirəm ki, bir gəncdir, bakalavr diplomu alıb, başlayıb təlim deməyə. Bu gənc, liderlik, komanda işi mövzusunda təlimlər deyir. Şəxsən mən təlimçi kimi fəaliyyət göstərməyə başlamazdan öncə tərəddüd edirdim. 30 yaşımda, iki magistratura, aspirantura bitirəndən sonra özümdə güc tapdım və hiss elədim ki, indi başlaya bilərəm. İndi gənclərimizin çoxu 22 yaşdan sonra özünü təlimçi adlandırmağa başlayır. Bir tərəfdən bu da normaldır, amma yenə də düşünürəm ki, sən nə barədə danışacaqsansa, onun üzərində işləməlisən. Və səni tanıyan auditoriya işini bildiyini hiss etməlidir. Yenə də qeyd edirəm ki, bu, bazar iqtisadiyyatıdır. Əgər gənc hansısa bir təlimə gedibsə və onun xoşuna gəlibsə, gələn dəfə mütləq gələcək. Əgər başqa bir təlimə getsə və təlimçinin biliyi onun biliyindən qat-qat aşağı olsa, getməməlidir. Bu sahədə nə qədər çox rəqabət olsa, o qədər yaxşıdır. Rəqabət göstərir ki, hansı təlimçi savadlı və güclüdür, hansı yox. Gənclər də peşəkarlar da öz üzərlərində işləməlidirlər. Bu, bir aylıq, bir günlük deyil, yaxşı təlimçi olmaq üçün illər keçməlidir”.
Müsahibimiz vurğuladı ki, savadlı və bilikli olmaq təlimçiyə kifayət etmir: "Düzdür, qarşındakına öyrətmək üçün savad və bilik mütləq lazımdır. Amma hər savadlı və bilikli olan təlimçi ola bilməz. Təlimçilər üçün də peşəkar təlimlər olur. Hər bir təlimçinin ünsiyyət bacarığı olmalıdır. Çünki sənin auditoriyanda müxtəlif tipli adamlar mütləq olacaq. Sən hər kəslə dil tapmalısan. Səndə insanları idarə etmək bacarığı olmalıdır. Məsələn, görürsən ki, gedişat bir az gərgindir. Sən gərək mütləq bunu duyub, gərginlik yaradan insanı neytrallaşdırasan. Konflikti həll etmək bacarığın da olmalıdır. Tolerantlıq da vacibdir. İndiki gənclər müstəqil, özünə güvənən, inanandır. Hətta, təlimçiyə də irad tutmağa başlayırlar ki, siz bunu düz demədiniz, mən sizinlə razı deyiləm. Güclü təlimçi heç vaxt tənqidə tənqidlə başlamır. Bunu qəbul edir. Çünki təlimə gələn insanlara hörmətlə yanaşmalıyıq. Həmin iradı eşitməli və öz səhvlərini görməlidirlər ki, gələn təlimdə səhv olmasın”.

"Təlimdə əsas olan təcrübədir”

Gənc təlimçi Rasim Acalov deyir ki, hər bir insanı dinləməzdən əvvəl mütləq onun bioqrafiyasına nəzər yetirilməli, hansı işlərlə məşğul olduğu öyrənilməlidir: "Təlimə gələn şəxs bilməlidir ki, bu adam (təlimçi) danışanda şəxsi təcrübəsindən danışır, yoxsa hər hansı kitabdan oxuduqlarını deyir. Buna diqqət yetirmək lazımdır. Təlimçidə yaş heç bir rol oynamır. Təlimçinin işlədiyi sferadan, gördüyü işdən, gördüyü işin qarşısındakına faydasından çox şey asılıdır. Təlimçi öyrədə bilən, yol göstərən olmalıdır. Konkret bir adamı sövq edə bilməz ki, məsələn, sən bunu etməlisən. Sadəcə, yol verməlidir. Elə bir yol verməlidir ki, tələbə rahat o yolu gedə bilsin”.
Həmsöhbətimizin sözlərinə görə, fikrini tam ifadə edə, sadə yolla izah edə bilən və real misallarla danışan təlimçiyə önəm vermək lazımdır ki, fikrini rahat, tam çatdıra bilsin: "Ümumiyyətlə, təlimçidə liderlik, analizetmə, kommunikasiya, bir də nitq qabiliyyəti çox önəmlidir. Yəni, pedaqogika çox vacibdir. Adamın iş təcrübəsi, universiteti əlbəttə ki, olmalıdır. Amma universitet sadəcə, vasitədir, o qədər də önəmli amil sayılmır. Əsas təcrübədir”.

"Peşəkar təlimçinin nitqi qısa və aydın olmalıdır”


Təlimçi, ictimai fəal Rövşən Nəcəfov təlimçi ilə müəllimi müqayisə etdi. Deyir ki, təlimçi ilə müəllimin fərqi odur ki, təlimçi onu dinləyənlərə fərdi yanaşmalıdır: "Əgər təlimçini dinləyən iştirakçı individual olduğunu hiss etməsə, diqqətini mövzudan yayındıracaq. Müəllim isə mühazirə dediyi zaman dinləyənlərin iştirakçılığını vacib hesab etmir. Müəllim öz proqramını yekunlaşdırır. Müəllimin bilik və bacarıqları müzakirə mövzusu deyil. Amma təlimçinin bilik və bacarıqları təkcə müzakirə mövzusu deyil, həm də mühakimə edilir. Məcburiyyət və könüllülük arasında körpü var. Məcburiyyətdən biz müəllimi dinləyə bilərik, amma təlimçini könüllü dinləyirik. Peşəkar təlimçinin nitqi qısa və aydın olmalıdır. İstənilən mövzunu özü yaratmalıdır. Yaranacaq sualların cavablarını əvvəlcədən müəyyənləşdirməli, cavabını bilmədiyi suala yalan cavab verməməlidir. Təlimçinin əsas işi öyrəndiklərini və təcrübələrini paylaşmaqdır. Təlimçinin öyrətməsi isə dinləyiciləri ilə fikir mübadiləsi etməsidir. Təlimçinin uğur hekayələri olmalıdır. Təlimçinin yaşı, təhsili və iş təcrübəsi önəmli deyil. Önəmli olan yaşını, təhsilini və iş təcrübəsini necə təqdim etməsidir. Gənclər təlimçini tanıyıb, təlimə getməlidir. Təlimçi isə təlim elanının verənə qədər özünü tanıtmalıdır. Yəni, ictimaiyyətə açıq olmalıdır. Müxtəlif vasitələrlə özünü ifadə edən bilən təlimçi gənclərin diqqətindən yayınmır. Gənclər təlimçinin mütləq bir uğur hekayəsini bilməlidir. Təlimçini təlimdən əvvəl qiyabi olaraq tanımaq lazımdır. Təlimçi isə qarşılaşacağı auditoriyanı əvvəlcədən tanımalıdır. Hər təlimçinin öz metodu var. Təlimçi və iştirakçı fikir mübadiləsi edə bilmirsə, hər iki tərəf zaman itkisi edəcək. İstənilən auditoriyanın qarşısına çıxan təlimçi motivatorluq etməyi bacarmalıdır. Təlimçi təlim zamanı öyrədəcəklərini öyrənir”.

Təlimçi kütləni tanımalıdır

Təlimçi Sənan Nəcəfovun
fikrincə, əƏvvəlki illərdən fərqli olaraq ciddi təlim və təlimçi bolluğu yaşayırıq: "Buna sevinirəm. Birincisi, təlimçi kimi rəqabət hiss edirəm, rəqabət açıq cəmiyyət üçün inkişaf meyarlarından biridir. Nə qədər güclü rəqabət olarsa, bir o qədər inkişaf, yenilik, axtarış və biliyi çatdırma olar. İkincisi isə, daha çox dinləyici istər fərdi inkişaf olsun, istər biznes təlimi, istərsə də özünü təqdimat, təlim və seminarlardan yararlanmaqla güclü auditoriya, diqqətli dinləyici və hazırlıqlı vətəndaş formalaşır. Məşhurlardan biri deyir ki, ən xoşbəxt gün səni dinləyib başa düşən auditoriyanın formalaşdığı gündür.
Amma etiraf edək ki, təlim və seminar məsələsində hər şey gözlədiyimiz, təqdim edilən kimi deyil. Gözəl bir deyim var: pis həkim insanı candan, pis molla insanı dindən, pis müəllim isə insanı karyeradan edər. Bax, istəyimiz bu üç nəsnədə səhvə yol verməməkdir.
Hazırki dövrdə insan üçün ən vacib olan, bəlkə də dəyəri ödənilməyəcək qədər baha olan vaxtdır. Təlim və seminarlara gələnlər isə öz dəyərli vaxtlarını məhz belə tədbirlərdə özünə lazım olan, gərəkli, gələcəkdə tətbiq edə biləcəyi informasiynı, biliyi almaq üçün gəlir. Təlimçi ilk növbədə bu məsuliyyəti dərk etməlidir. Hələ onun maddi tərəfini bir tərəfə qoyuram”.
"Təlimçi necə olmalıdır?” sualımıza müsahibimizin cavabı belə oldu: "Harvarda Universitetinin bir professoru ötən əsrin ortalarında müəyyən etmişdi ki, kütlə, qarşısında çıxış edən natiqin 53% jestikulyasiyasına, 38% səs tembrinə, 7% isə sözlərin mahiyyətinə fikir verir. Burada elə anlaşılmasın ki, mənasız sözlərlə dolu çıxışı əl-qol atmaqla, çığır-bağırla təqdim edib, kütləni ələ almaq olar. Qətiyyən!! Bu formulun açarı odur ki, sən elə hərəkətlər, elə səs tembri seçməlisən ki, dediyin az sözlərlə belə qarşı tərəfi, sözün yaxşı mənasında ovsunlaya biləsən. Bu dediyim formula təlimçi üzərində şərh edək.
Təlimçi təlimə və ya seminara gəldiyində ən azından mövzuya sahib olmalı (mənimsəməli), geyiminə fikir verməli, kütləni oxumalı və cəsarətli səs tonu ilə çıxış etməyi bacarmalıdır. Aydın məsələdir ki, internetdə axtarış verib şəxsi inkişaf, vaxtın idarə olunması, yaşam kouçluğu, elə marketinq, PR mövzularında məqalələri götürüb, oxuyub, slayd hazırlayıb, üzündən oxumaqla (əslində peşəkar təlimçi slayddan oxumamalıdır, slayd bir təqdimat vasitəsidir-S.N.) nə gözlənilən təlimi keçmək olar, nə yaxşı təlimçi adı qazanmaq. Sosial şəbəkələr pulsuz PR alətdir. İnsanlar burada özlərini istədikləri kimi təqdim edə bilərlər. Həyat özü satışdır. Belə baza ilə "təlimçi”lər özlərini rahatlıqla kütləyə təqdim edib, auditoriyanı uzağı 2 dəfə yanılda bilərlər. Kütlə istədiyini almasa, bu cür təqdimatın sonu iflasdır. Bunu da nəzər almaq lazımdır ki, nə istəməyimizdən, yeməyimizdən asılı olmayaraq, balıq tutmağa gedərkən özümüzlə biz istədiyimiz təamları deyil, balığın istədiyi təamı (soxulcan, böcək, qurd) aparırıq. Çünki balığı tutmaq üçün onun istədiyini verməlisən.
Təlim keçən peşəkar təlimin qurulması texnikasını, təlimin plan və ya ssenarisini, təlim vaxtının idarə olunmasını izləməli və buna riayət etməlidir. Təlimdə interaktivlik olmalı, məşğələlər, oyunlar, müzakirə, debatlar keçirilməli, testlər və anketlərdən istifadə olunmalıdır.
Təlim zamanı video çarxlar nümayiş edilməli, təhlili aparılmalı, effektiv Power Point təqdimatdan istifadə edilməlidir”.
S.Nəcəfovun sözlərinə görə, təlimçi kütləni tanımalıdır: "Çətin iştirakçılarla işin metodikasını bilməlidir, çətin suallardan yayınma və ya "aykido” texnikasını bacarmalıdır, marağı olmaayn, yatan auditoriyanı hərəkətə gətirməyi, maraq göstərməyən dinləyiciləri məşğələyə qoşmağın üsullarından yararlanmalıdır.
Bütün bunlar baş tutduğu halda təlim effektivliyinin qiymətləndirilməsi və təlimdən sonra müşayiət üsulları ilə təlimə qiymət vermək olar. Təlimçi-dinləyici münasibətində əks-əlaqəni duymamaq, o məqamı göz altına almaq, diqqət yetirəməmək qeyri-peşəkarlıqdır.
Təlimçinin gözəl nitqi, təlimçilik təcrübəsi, geniş dünyagörüşü, səmimi həmsöhbət olma, kütləni oxuma bacarığı, sərt suala, tənqidə dözümlülüyü olmalıdır. Dinləyicilər buna fikir versinlər.
Təbii ki, ixtisaslaşmış təlimçilər azdır. Misal üçün, biri Quantum üzrə xaricdə yüksək təlim alıb və psixologiya, davranış, ünsiyyyət qurma və digər mövzularda peşəkar ola bilər. Amma bunlar tutaq ki, yaşam kouçluğunda önəmlidir, amma tam deyil. Və yaxud təlimçi satışın planlaması, satışda istifadə olunan analizlər, müxtəlif satış sistemləri haqda yetərli biliklərə sahibdir. Lakin o NLP texnikalarını bilmirsə, öyrətdikləri tam olmayacaq. Bunları bilərsə, ünsiyyət zamanı qarşıdakı insana necə təsir etmək, bədən dilini neə oxumaq, məharətli danışıqla (Milton Erikson dil qəlibləri), uyğun jestikulyasiya, səs tezliyi və ifadələrin doğru seçimi, göz təması, hipnotik səs tembrindən yararlanma ilə satışın təşkilini daha gözəl və peşəkar izah edə bilər.
Gələcəkdə özünü təlimçi görmək istəyənlərə isə Kolb, GreGorc, Mccarty, Dunn öyrənmə metodları ilə tanış olmaqlarını təklif edirəm. Gələcəkdə çox xeyiri dəyəcək metodlardılar. Bu stilləri öyrənmək üçün xüsusi olaraq təlimçi yanına getməyə ehtiyac yoxdur, sadəcə, dərk edərək oxumaq və tətbiq etmək lazımdır”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər