• cümə, 19 Aprel, 09:36
  • Baku Bakı 13°C

Yaxın vaxtlarda soğan və kartofun qiyməti sabitləşəcək

09.04.19 16:00 942
Yaxın vaxtlarda soğan və kartofun qiyməti sabitləşəcək
Son vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində baş verən ciddi artımla əlaqədar Nazirlər Kabineti beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlayıb. Paralel olaraq soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilib. Atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir. Həmçinin, sahibkarların məhsullarının satışında yaşaya biləcəkləri çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Bəs görəsən Nazirlər Kabinetinin verdiyi bu qərar daxili bazarı tənzimləyə biləcəkmi? Ümumiyyətlə, qəbul olunan qərar kartof və soğanın qiymətlərinə müsbət təsir edə bilərmi?
Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli söyləyir ki, bir müddətdir ki, soğanın qiymətində dəyişilmələr müşahidə olunur: "Novruz bayramı ərəfəsində qiymətlərdə ciddi artım müşahidə olundu. Azərbaycan hər il 40-50 min ton həcmində soğan ixrac edir. Amma bu, bazardakı qiymətlərə ciddi təsir etmirdi. Çünki məhsul birbaşa olaraq əkin sahəsindən xaricə ixrac olunurdu. Amma bu il Şərqi Avropa, Türkiyə və İranda yaşanan bir sıra problemlər Azərbaycan soğanına daha çox maraq və tələbat yaratdı. Ötən il tərəvəzçilik üçün iqlim şəraiti kifayət qədər əlverişli deyildi. Ən böyük tərəvəz istehsalçısı olan İranda baş verən zəlzələ və digər təbii fəlakətlər şübhəsiz bu məsələyə ciddi təsir göstərdi. Belə bir məqamda soğanın ən ucuz istehsalçısı olan Azərbaycana diqqət daha da artdı. Ötən ilin ikinci yarısında Azərbaycan soğanına böyük maraq və sifariş var idi. "Azeksport” portalının rəsmi məlumatına əsasən, dekabr ayında xarici ölkələr tərəfindən soğan tələb olunan dördüncü məhsul idisə, cari ilin yanvar ayında bir nömrəli məhsula çevrilmişdi. Yəni, tələbat birdən-birə artdı. Yeddi min tondan çox soğanın anbarlardan xarici ölkəyə ixrac olması yerli bazarlardakı qiymətlərə öz təsirini göstərdi. Belə olan halda isə ajiotaj yarandı. Bu məsələdə qiymətləri bahalaşdırmaqda maraqlı tərəflər də var idi. Kütlə özü də bu prosesi dəstəklədi. Bahalaşma üçün ciddi zəmin olmasa da, qiymətlərin daha da bahalaşacağına dair fikirlər səsləndirildi. Belə bir məqamda Nazirlər Kabinetinin bu qərarı qəbul etməsi çox təqdirəlayiq haldır. Kartof üçün aprel, soğan üçün isə may ayının sonlarına qədər ixrac rüsumu tətbiq olunub. Növbəti dövrdə isə havaların istiləşməsi ilə əlaqədar olaraq yazlıq məhsulu çox saxlamaq olmayacaq. Ona görə də məhsul xarici bazarlara mütləq çıxarılmalıdır. Həmin vaxt bu qərar qüvvədən düşəcək. Fermerlər öz məhsulunu xarici bazarlara rahatlıqla çıxara biləcəklər. Bu, hökumətin bazara müdaxilə alətlərindən biridir. Ötən il də kartofla bağlı belə bir qərar verilmişdi. Belə ki, ölkədə kifayət qədər satılmayan kartof ehtiyatı var idi. Nazirlər Kabineti iki aylıq məhdudiyyət tətbiq etdi və kartofun qiyməti realizə olundu. Ehtiyac yarandığı müddətdə hökumət bu alətlərdən istifadə edir. Bu qərar qəbul olunmasa belə, qiymətlərdə sabitləşmə olacaqdı. Çünki artıq yazlıq kartof və soğanın yığımına başlanılıb. Soğan daxili bazara yüksək qiymətə təklif olunur. Amma qərar prosesi daha da sürətləndirir. Düşünürəm ki, qərar ilk növbədə daxili bazarda sabitləşmə yaradacaq. May ayından sonra isə hər bir sahibkar öz məhsulunu xarici ölkələrə çıxara biləcək. Ötən həftə bəzi əkin sahələrində olduq. Yazlıq soğanın məhsuldarlığı kifayət qədər yaxşıdır. Hətta fermerlər dəstək verilməsini istəyir. Ona görə də hesab edirəm ki, xüsusi bir gərginliyə ehtiyac yoxdur. Yazlıq soğan bazara çıxdıqdan sonra qiymətlər sabitləşəcək. Bu sabitləşmə isə təqribən oktyabr ayına qədər davam edəcək. Çünki məhsulun digər hissəsi də yetişməkdə davam edəcək. Bu isə əhalinin qidalanma strukturunda özünəməxsus yer tutur”.
İqtisadçı millət vəkili Azər Badamov hesab edir ki, Nazirlər Kabinetinin verdiyi qərar vaxtında atılan addım kimi qiymətləndirilməlidir: "Çünki hazırda daxili bazarda soğanın qiymətində müəyyən artım müşahidə olunur. Bu da qonşu ölkələrdə qiymətlərin qalxması ilə əlaqədardır. Şübhəsiz ki, bu qərar qiymətlərin stabilləşməsinə öz müsbət təsirini göstərəcək. Həmçinin yaz mövsümü əkinlərinə başlanılıb. Bizdə olan məhsulların qiymətinin yüksək olması fermerləri stimullaşdıracaq. Düşünürəm ki, bu əkilən məhsulun həcminə də təsir edəcək. Növbəti mərhələdə qiymətlər yenidən öz real həddinə qayıdacaq. Daxili bazarın tənzimlənməsi üçün belə addımlar dövlət tərəfindən atılır. Bu, dövlətin kənd təsərrüfatına olan diqqət və qayğının göstəricisidir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər