• cümə axşamı, 28 mart, 21:14
  • Baku Bakı 13°C

Yaxın Şərqdən Uzaq Şərqə keçən gərginlik

19.08.17 10:00 1157
Yaxın Şərqdən Uzaq Şərqə keçən gərginlik
Son günlər Şimali Koreyanın orta və uzaq mənzilli raketləri sınaqdan keçirməsi dünya güclərini narahat etməyə başlayıb. Koreya Xalq Demokratik Respublikası sınaqdan keçirdiyi raketləri ABŞ hərbi bazalarına yönəldə biləcəyini açıq ifadəsi etməsi rəsmi Vaşinqtonu hərəkətə gətirib. Bu azmış kimi BMT-nin qadağalarına baxmayaraq, Şimali Koreya uzun illərdir nüvə enerjisinin zənginləşdirilməsi ilə bağlı işlərini də sürətləndirib.

Maraqlıdır ki, Şimali Koreya ilə bağlı hadisələrə qədər dünyanın diqqəti Yaxın Şərqdə baş verən olaylarda idi. Amma birdən-birə Yaxın Şərqdə və xüsusilə Suriyada aparılan əməliyyatlar nəzərdən kənarda qalmağa başladı. Haqlı olaraq sual yaranır, görəsən dünya güclərinin rəqabət meydanı dəyişirmi? Maraqlar Yaxın Şərqdən Uzaq Şərqə keçid edir?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirli bildirdi ki, proseslər ilk növbədə ABŞ-da administrasiyanın dəyişməsi ilə bağlıdır: "Yəni, respublikaçılar adətən bu və ya digər xarici siyasət məsələlərinin həlli zamanı daha radikal davranış nümayiş etdirirlər. Bir çox halda güc faktoru daha həlledici rol oynayır. Bu nöqteyi-nəzərdən Tramp administrasiyası ilk növbədə, nüvə silahına malik olmaq istəyən və ya ona malik olan, lakin maraqlarına uyğun olmayan dövlətlərlə mübarizə məsələlərini ön plana çəkib. Obama administrasiyası dövründə İranla nüvə təhlükəsizliyi sahəsində çox mühüm bir sənədin imzalanmasının şahidi olduq. Lakin Tramp hakimiyyətə gəldikdən sonra bunu ABŞ tarixinin ən səhv addımı kimi qiymətləndirdi və İranla münasibətlər yenidən araşdırılmağa başlanılıb. Bu gün artıq Vaşinqton - Tehran münasibətləri gərginləşməkdədir. ABŞ Konqresinin son günlərdə Rusiya, Şimali Koreya və İran əleyhinə qəbul etdiyi daha kəskin sanksiyalar dediklərimizi bir daha təsdiqləyir. Eyni zamanda, yeni ABŞ administrasiyası üçün Şimali Koreyanın nüvə silahına malik olması çox qorxulu bir yuxu təsiri bağışlayır. Tramp administrasiyası ciddi-cəhdlə çalışır ki, bu təhlükənin qarşısını alsın. Bu, əlbəttə ki, Amerika üçün elə də asan məsələ deyil. Çünki Şimali Koreya ilk dəfə 2006-cı ildə "uğurlu” nüvə sınağı həyata keçirtdi və bu gün bu dövlət de-fakto nüvə klubunun üzvüdür. Yəni, dünyada ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Çin, Hindistan, Pakistan və İsraillə yanaşı, Şimali Koreya da nüvə silahına malik ölkə kimi tanınır. Düzdür, İsrail bunu nə təsdiq, nə də inkar etmir, amma hər halda, bir çox ciddi mənbələr bunu təsdiqləyib. Bütün bu reallıqlar fonunda, rəsmi Vaşinqton üçün Şimali Koreya daha təhlükəli dövlət kimi çıxış edir. Xüsusilə, Şimali Koreya rəhbərliyinin Quam adalarındakı Amerika hərbi bazalarını vuracağı ilə bağlı təhdidləri fonunda rəsmi Vaşinqtonun bu ölkəyə münasibəti daha da gərginləşib”.

E.Nəsirli qeyd etdi ki, Yaxın Şərq nə qədər "barıt çəlləyi” olsa belə, Uzaq Şərqdə də çox qorxulu tendensiyalar baş verməkdədir: "Bir məqamı da qeyd edim ki, artıq dünya siyasətinin mərkəzi Avropadan Asiya və Sakit Okean regionuna keçməkdədir. Yaxın perspektivdə belə proqnozlar mövcuddur ki, Sakit Okean ölkələrinin inkişafı Avropanı tam üstələyəcək. Əlbəttə ki, bu regiona da Uzaq Şərq daxildir və bu nöqteyi-nəzərdən də baş verən hadisələri qiymətləndirmək olar. Hər halda, danılmaz həqiqət ondan ibarətdir ki, Şimali Koreya ilə əvvəllər də ziddiyyətlər olub. Lakin indiki mərhələdə, Tramp administrasiyası dövründə bu proses daha da güclənib və dünyanı narahat etməyə başlayıb. Elə bir məqam yaranıb ki, iki nüvə dövləti bir-birini ittiham edir. Bu reallıq fonunda ABŞ-ın Şimali Koreyaya qarşı çox ciddi sanksiyalar tətbiq etməsi və paralel şəkildə Rusiya və İranı da bu prosesə qatması heç şübhəsiz ki, qadağalara məruz qalan ölkələr arasında müəyyən mənada mövqelərin yaxınlaşmasına gətirib çıxara bilər. Deməzdim ki, hazırda sanksiyalara məruz qalan bu üç ölkə arasında ABŞ-a qarşı koordinasiya olunan hansısa addımlar atılır. Lakin hər üç ölkə arasında ABŞ əleyhinə müəyyən proseslərin başlanması üçün münbit şərait yaranır. Hesab edirəm ki, bu reallıq rəsmi Vaşinqton tərəfindən qiymətləndirilməli olan məsələdir. Çünki vəziyyət elə ola bilər ki, ABŞ-dan gələn çox ciddi təzyiqlər fonunda bu üç dövlətin mənafeləri üst-üstə düşə bilər. Bütün bu tendensiyalar isə nəticə etibarı ilə onsuz da mürəkkəb olan dünyamızı daha qəlizləşdirir”.

"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Uzaq Şərqdə problemlər əvvəllər də olub və bu heç də təkcə Şimali Koreya ilə bağlı deyil: "Son zamanlar Çin-Hindistan sərhədində bir gərginlik yaşanır. Eləcə də Çin okeanın özünə yaxın sahillərində hərbi bazalar formalaşdırır ki, bu, tək Amerikanı deyil, Vyetnamı da narahat edir. O cümlədən, Yaponiya ilə Çin arasında uzun illərdir davam edən mübahisə var. Göründüyü kimi, Uzaq Şərqdə problemlər hər zaman olub. Lakin Şimali Koreya liderinin son "şıltaq” hərəkətləri diqqəti bu regiona daha çox cəlb edib. Çünki burada söhbət nüvə silahından gedir. 10 il bundan əvvəl dünyanın gündəm mövzusu İranın nüvə silahına sahiblənməsi məsələsi idi. Bütün böyük dövlətlər çalışırdılar ki, İran nüvə çalışmalarına son versin və danışıqlardan sonra buna nail olundu. İndi eyni proses Şimali Koreya ətrafında cərəyan edir. Bu da əlbəttə ki, böyük təhlükə yaradır.Suriyada terrorçularla mübarizə gedir, böyük güclərin maraqları toqquşur və sair. Lakin nüvə məsələsi dünyada çox böyük fəlakətlərə gətirib çıxara bilər. İndiki məqamda demək olmaz ki, problemlər Yaxın Şərqdən Uzaq Şərqə adlayıb. Bir problemin üzərinə digərinin əlavə olunduğunu demək daha doğru olardı. Beynəlxalq aləm daha çox Yaxın Şərq problemi ilə məşğul olmalı idisə, artıq Uzaq Şərqin də problemləri diqqət mərkəzindədir. BMT kimi bir təşkilat aciz durumdadır və heç bir problemi həll edə bilmir. Ona görə də böyük dövlətlər özləri müəyyən məsələlərin həllinə cəhd göstərirlər”.

E.Şahinoğlunun sözlərinə görə, dünyada problemlərin sayı artsa da, onların həlli görünmür: "Şimali Koreya ilə bağlı vəziyyət son dərəcə gərgindir. Hətta Çin və Rusiya bu ölkə liderinin şıltaqlığına illərdir dözsələr də, BMT-dəki son səsvermədə onlar da Şimali Koreya əleyhinə bir mövqe nümayiş etdirdilər. Çünki Şimali Koreyanın nüvə silahı əldə etməsi Rusiya və Çinə də böyük təhlükələr yaradır. Lakin bu məsələlərin həllini Amerika öz üzərinə götürüb. Amma ABŞ-ın indiki prezidenti o qədər səhv addımlar atır ki, nəticələrin nədən ibarət olacağını söyləmək çətindir. Çünki Tramp öz ölkəsi daxilində də çox ziddiyyətli qərarlar verir. Daxili müxalifətlə, media ilə mübarizə aparır, Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirib, Çinə qarşı iqtisadi embarqo qoyacağını açıqlayıb, digər yandan da Venesuelaya qarşı fikirlər səsləndirir. Yəni, biz bir tərəfdən beynəlxalq aləmdə artan problemləri görürük, digər tərəfdən buna təsir edə biləcək ABŞ rəhbərliyinin müsbət qərarlar qəbul edəcəyi şübhə doğurur. Çünki Tramp elə bir ziddiyyətli qərar verə bilər ki, bu, təkcə Amerikaya yox, bütün beynəlxalq aləmə baha başa gələr”.

Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər