• cümə axşamı, 25 aprel, 05:15
  • Baku Bakı 19°C

Yaxın gələcəkdə kənd təsərrüfatında böyük inkişaf gözlənilir

14.07.16 10:39 1501
Yaxın gələcəkdə kənd təsərrüfatında böyük inkişaf gözlənilir
Kənd təsərrüfatı Azərbaycanda ölkə əhalisinin böyük əksəriyyətinin məşğul olduğu sahədir. Hələ sovetlər birliyi dövründə ölkəmizdə əkinçilik, taxılçılıq, tütünçülük, pambıqçılıq, meyvəçilik, heyvandarlıq və sair istiqamətlər üzrə böyük göstəricilər əldə edilib, bölgələrdə yaşayan əhalinin məşğulluğu bu yolla təmin olunub. Müstəqilliyimiz ikinci dəfə bərpa olunduqdan sonra qeyd olunan sahələrdə müəyyən geriləmələr nəzərə çarpsa da, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə təkrar siyasi hakimiyyətə qayıdışı ilə kənd təsərrüfatı sahəsində də mühüm islahatlara start verilib.
Əsasını ulu öndər H.Əliyevin qoyduğu bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilib. Dövlət başçısı kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, ölkəmizin aqrar potensialını geniş təbliğ etmək məqsədilə çoxsaylı qərarlar qəbul edib, bununla bağlı mühüm tədbirlər həyata keçirilib. Kənd təsərrüfatında artım tendensiyasını saxlamaq üçün dövlət tərəfindən bu sahəyə yönələn subsidiya və güzəştli kredit siyasəti yürüdülüb, elmi tədqiqat institutlarında istehsal olunmuş məhsuldar toxumların dəyərinin 30-40 faizinin dövlət tərəfindən ödənilməsinə başlanılıb. Bundan başqa, fermerlərə yanacaq 50 faiz endirimlə satılıb, həmçinin onlar gübrələri dəyərinin 50-75 faizinə alıblar. Bu və bunun kimi bir çox maddi yardımlar kənd təsərrüfatı məhsullarının idxaldan asılılığını əhəmiyyətli dərəcədə azaldıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən vəsaitlərin əsas hissəsi də kənd təsərrüfatına yönəldilib. Ət, süd və yağ istehsalında artıma nail olmaq üçün ölkəyə damazlıq heyvanların gətirilməsi proqramı hazırlanıb. Bu proqram əsasında Kənd Təsərrüfatı Nazirliyi dövlət vəsaitləri hesabına Avropa ölkələrindən minlərlə damazlıq heyvan gətirib və bu proses gələcəkdə də davam etdiriləcək. Prezidentin tapşırığına əsasən, ölkə ərazisində iri fermer təsərrüfatlarının yaradılması istiqamətində işlərə də başlanılıb.
Azərbaycan üçün hazırda da ən mühüm məqsədlərdən biri iqtisadiyyatın neftdən asılılığını maksimum aradan qaldırmaq və iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin etməkdir. Çünki Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir. Eyni zamanda bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sahədir. İyulun 10-da Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu kimi məsələlərə diqqət çəkən dövlət başçısı deyib ki, qarşıdan gələn dövrdə kənd təsərrüfatında çox böyük inkişaf gözlənilir O, qeyd edib ki, kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyinin tam təmin edilməsi və böyük ixrac potensialının yaradılması üçün başlıca şərtdir. Torpaqlardan səmərəli şəkildə istifadənin əsas vəzifə olduğunu xatırladan ölkə rəhbəri vurğulayıb ki, məhsuldarlığın artırılması hesabına bir sıra sahələrdə inkişaf da təmin olunmalıdır: "Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama istehsal olunub. Bu, barama istehsalını keçən ildəki 232 kiloqramdan 2019-cu ildə 1300 tona qaldıracaq. Azərbaycan dünya bazarlarına öz ipəyi ilə daha geniş şəkildə çıxacaq. 2015-ci ildə 1400 hektarda, 2016-cı ildə isə 2500 hektarda tütün əkilib. Qarşıdan gələn dövrdə bu, daha da geniş vüsət almalıdır. Pambıqçılıqla bağlı çox ciddi addımlar atılıb. Hazırda 24 rayonda pambıqçılıq inkişaf edir. 2015-ci ildə 18 min hektardan cəmi 30 min ton pambıq yığılıb. Son bir neçə ay ərzində görülmüş tədbirlər nəticəsində 52 min hektarda pambıq əkinini təmin edilib və bu il 100 min ton məhsul gözlənilir. Gələn il 120 min hektar əkiləcək, 300 min tondan çox pambıq istehsalı gözlənilir. Ümumiyyətlə, ölkəyə gəlir gətirən bütün məhsulların istehsalı inkişaf etdirilməlidir”.
Sonda onu da əlavə edək ki, Azərbaycan kənd təsərrüfatının inkişafı baxımından böyük potensiala malik ölkələrdən hesab olunur və ardıcıl xarakter daşıyan dövlət siyasətinin davam etdirilməsi bu sahədə gələcəkdə 2-3 dəfəlik artıma nail olmağa imkan verir. Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi "Azərbaycan - 2020: Gələcəyə Baxış İnkişaf” Konsepsiyasında da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur.
Alpər TURAN
banner

Oxşar Xəbərlər