• cümə axşamı, 28 mart, 13:20
  • Baku Bakı 16°C

“Yaxın gələcəkdə Azərbaycan böyük nəqliyyat qovşağına çevriləcək”

07.11.17 13:30 3527
“Yaxın gələcəkdə Azərbaycan böyük nəqliyyat qovşağına çevriləcək”
Bir neçə gün bundan öncə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun təntənəli açılış mərasimi keçirilib. Azərbaycan və Türkiyə prezidentlərinin, Gürcüstan, Özbəkistan, Qazaxıstan baş nazirlərinin, həmçinin Tacikistan və Türkmənistan nümayəndə heyətlərinin iştirak etdiyi bu mərasim dünya ictimaiyyətinin diqqət mərkəzində olub. Bu tarixi hadisənin ardınca Tehranda Azərbaycan-Rusiya-İran formatında prezidentlərin növbəti görüşü baş tutub. Dövlət başçıları İlham Əliyev, Vladimir Putin, Həsən Ruhani bir sıra regional məsələlər, o cümlədən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində müzakirələr aparıblar. Qeyd olunan hadisələrlə bağlı "Kaspi”nin suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov cavablandırır.
- Aydın müəllim, istər BTQ, istərsə də Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması Azərbaycanın nəqliyyat qovşağına çevrilməsində necə rol oynayır?
- Bütün bu layihələr ölkəmizin nəqliyyat qovşağına çevrilməsində çox mühüm rol oynayır. Heç kimə sirr deyil ki, məhz Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyətli mövqeyi sayəsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallığa çevrildi. Bu layihənin əsası 2007-ci ildə qoyulmuşdu. Həmin vaxtdan başlayaraq, müəyyən güc mərkəzləri bu layihənin reallığa çevrilməsinə müxtəlif yollarla maneə yaradır, hər vasitə ilə qarşısını almağa çalışırdılar. Bütün bu çətinliklərə baxmayaraq, Bakı-Tbilisi-Qars Prezident İlham Əliyevin siyasi iradəsinin təntənəsi olaraq həyata vəsiqə aldı. Prezidentimizin təşəbbüsü, qətiyyəti ilə bərabər, Azərbaycanın geosiyasi, coğrafi mövqeyi də bu layihənin reallığa çevrilməsində mühüm rol oynadı. Azərbaycanın Avropa ilə Asiya arasında birləşdirici körpü olması, eləcə də Rusiya və İran arasında quru sərhəddə malik olması ölkəmizin üstünlükləri idi. Belə coğrafi üstünlükdən, onun bizə açdığı geniş imkanlardan Prezident İlham Əliyev böyük uzaqgörənliklə yararlandı və bunu iqtisadi üstünlüyə çevirə bildi. Bu iqtisadi üstünlük ölkə iqtisadiyyatına, xalqımızın, vətəndaşımızın rifahına xeyir verəcək.
- Siz belə layihələrin iqtisadi üstünlüyünə toxundunuz. Deyə bilərsinizmi, BTQ, yaxud Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycana konkret olaraq hansı dvidentlər gətirəcək?
- Əvvəla qeyd etmək istərdim ki, Bakı-Tbilisi-Qars sadəcə region üçün deyil, Avropa və Asiya üçün də yeni nəqliyyat vasitəsi, yük daşımaları üçün ən səmərəli yoldur. Burada yalnız iqtisadi amilləri qabartmaqla kifayətlənmək olmaz. Bakı-Tbilisi-Qars dəmir yolunun keçdiyi ölkələrdə yaşayan xalqların, onların mədəniyyətlərinin, həm də iqtisadiyyatlarının qovuşması nöqteyi-nəzərdən bu layihə mühüm əhəmiyyət daşıyır. Bu dəmir yolunun istifadəsi humanitar sahədə də xalqlarımıza fayda gətirəcək, qarşılıqlı inteqrasiyanı gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolu bu günə, yaxud 3-5 ilə deyil, böyük uzaqgörənliklə gələcəyə hesablanan layihədir. Bu dəmir yolu illər keçdikcə daha da faydalı, önəmli olacaq, ölkəmizə ancaq xeyir gətirəcək. Beləliklə də Azərbaycan bundan sonra da daim diqqət mərkəzində olan ölkəyə çevriləcək. Bu layihənin, yəni Şərq-Qərb istiqamətində yüklərin daşınması ilə paralel olaraq, Şimal-Şərq istiqamətində yüklərin daşınması, iqtisadi münasibətlərin qurulması da gündəmdə olacaq. İrandan, Əfqanıstandan, Hindistandan, Rusiyadan və digər ölkələrdən yüklərin daşınması Şimal-Cənub layihəsinin reallığa çevrilməsini daha da sürətləndirəcək. Ən önəmli məqamlardan biri budur ki, həm İran, həm də Rusiya bunu yüksək qiymətləndirir, sözügedən istiqamətdə dəmir yolunun inşasına maraq göstərir. Çünki, hər bir ölkə bu layihədən səmərə götürəcəyini əvvəlcədən proqnozlaşdırır. Təsəvvür edin, uzaq Çindən Böyük Britaniyaya qədər yüklərin daşınması həm okean vasitəsilə, həm də Rusiya ərazisindən reallaşdırılır. Bu cür daşınma üçün uzun yol qət edilir, çox vaxt tələb olunur. Ancaq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq yüklər ünvanına daha tez çatacaq. 15-17 gün ərzində daşınan yüklər Çindən Londona daha az müddətdə çatdırılacaq. Burada ilk növbədə vaxt udulur. Vaxt isə iqtisadi kateqoriya baxımdan ən əsas faktorlardan biridir. Böyük maliyyə korporasiyaları, iş adamları ilk növbədə vaxt udacaqlar ki, bu da onlar üçün ən birinci iqtisadi səmərədir. Digər tərəfdən, il ərzində Çin Avropaya 240 milyon tondan çox yük daşıyır. Bunun təkcə 5 faizi Bakı-Tbilisi-Qars vasitəsilə daşınarsa, bu, 12 milyon ton yükün daşınması anlamına gəlir. Biz də hesablayırıq ki, Bakı-Tbilisi-Qars vasitəsilə hər il 10 milyon tondan artıq yük daşınacaq və gələcəkdə bu göstəricinin 17 milyon tona çatdırılacağı gözlənilir. Birinci mərhələdə bundan ölkəmiz 50 milyon dollar həcmində vəsait qazanacaq. Yük daşınması, tranzit gəlirləri ilə paralel olaraq, xidmət sahələrinin, otellərin, müxtəlif iaşə obyektlərinin, əlavə dəyər gətirən müxtəlif sahələrin, çeşidləyici, qablaşdırıcı müəssisələrin fəaliyyət göstərməsi ölkə iqtisadiyyatında mühüm rol oynayacaq. Bu layihədə turizmlə bağlı da çox böyük perspektiv var. Otel şəbəkələrinin daha da genişlənməsi, bank xidmətlərinin artırılması zərurətə çevriləcək. Bütün bunlar Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün mühüm bazaya çevriləcək. Ümumilikdə götürsək, yaxın gələcəkdə Azərbaycan böyük bir nəqliyyat qovşağına çevriləcək. Bundan çox böyük iqtisadi səmərə əldə olunacaq. Təbii ki, bundan da Azərbaycan xalqı, dövləti, vətəndaşı faydalanacaq.
- Beynəlxalq səviyyəli iqtisadi-siyasi layihələrin reallaşdırılması ölkəmizin dünyadakı nüfuzuna necə təsir edir?
- Bakı-Tbilisi-Qars dəmir yoluna Mərkəzi Asiya respublikalarının, o cümlədən Qazaxıstan, Özbəkistan və Türkmənistanın, həmçinin Çinin, müxtəlif Avropa ölkələrinin maraq göstərməsi bir çox məqamlardan xəbər verir. İlk növbədə bu, Azərbaycanın siyasi nüfuzunun göstəricisidir. Digər tərəfdən, Bakı-Tbilisi-Qarsın əsas müəllifi Azərbaycan olduğu üçün gələcəkdə ölkəmiz yaxşı mənada diktə edən tərəf rolunda çıxış edəcək. Bununla ölkəmizin regiona təsiri daha da artacaq. Regionun inkişafı baxımından da Bakı-Tbilisi-Qars dəmir yolu olduqca böyük əhəmiyyətə malikdir. Azərbaycanın Türkiyə ilə çox sıx hərtərəfli əlaqələrimiz, o cümlədən iqtisadi əlaqələrimiz var. Bu əlaqələr daha da intensivləşəcək. Digər region ölkələri olan Gürcüstan, Rusiya və İranla da iqtisadi əlaqələrimiz intensivləşəcək. Bununla bərabər, Avropa ölkələri də əlaqələr inkişaf etdiriləcək. Beləliklə də Cənubi Qafqazın lider dövlətinə çevrilməyi bacaran Azərbaycan daha da inkişaf edəcək, qüdrətlənəcək, bütünlükdə regionda, eləcə də dünyada söz sahiblərindən biri kimi çıxış edəcək. Regiondakı dövlətlərin bu kimi layihələrlə bir-biri ilə sıx iqtisadi əlaqələr qurması bölgədə təhlükəsizliyin təmin olunmasına, qorunub saxlanmasına səbəb olacaq, siyasi əlaqələr daha da möhkəmlənəcək.
- Təcavüzkar dövlət olduğuna, Azərbaycan ərazilərini uzun illərdir işğal altında saxladığına görə Ermənistan beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdən kənarda saxlanılır. Son olaraq BTQ layihəsində də Ermənistanın iştirakçı olmadı, bu dövlətin nəqliyyat izolyasiyası bir qədər də gücləndi. Gələcəkdə işğalçı dövlətin Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərindən kənarda qalacağı da məlumdur. Bütün bu addımlar işğalçı Ermənistanda siyasi-iqtisadi vəziyyətə, ölkə vətəndaşlarının mənəvi-psixoloji durumuna necə təsir edir?
- Təbii ki, Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsində Azərbaycanın gücünü nümayiş etdirən başqa bir məqam işğalçı Ermənistanın sözügedən layihədən və bu günə qədər reallaşdırılan bir çox layihələrdən kənarda saxlanmasıdır. Ermənistanın siyasi elitası, eləcə də ölkə vətəndaşları arasında bu məqam çox böyük təəssüf hissi ilə qarşılanır. Mənəvi-psixoloji, iqtisadi-siyasi baxımdan onlar böyük zərbə alırlar. Vaxtilə Azərbaycan Bakı-Tbilisi-Qars və sair layihələri reallaşdırmaq istəyərkən, Ermənistanı da bu layihələrə qoşmaq istəyirdilər. Bunun üçün müəyyən beyin mərkəzləri bir çox təbliğat-təşviqat işləri aparır, ermənilərə bağlı olan bəzi dairələr, siyasətçilər fikir və mülahizələrini beynəlxalq mediada ictimailəşdirirdilər. Lakin buna nail olmadıqda, Ermənistan dövləti, dünyadakı erməni diasporu və onların təsiri altında olan qüvvələr Bakı-Tbilisi-Qarsın, həmçinin digər layihələrin əleyhinə çıxırdılar. Amma Azərbaycan bütün bunlara baxmayaraq, Ermənistanı yalnız təcavüzkar siyasətinə, işğalçılığına Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən, eləcə də indiyə qədər reallaşdırılan digər layihələrdən kənarda saxladı, izolyasiya etdi. İlk növbədə bu, Ermənistan iqtisadiyyatı üçün zərbədir. Əgər Ermənistanın işğalçılıq siyasəti, qonşu dövlətlərə qarşı əsassız ərazi iddiaları, Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlaması kimi hadisələr baş verməsəydi, sözsüz ki, region və qonşu ölkə kimi o da bu layihələrin iştirakçısı olacaqdı. Tranzit ölkə kimi Ermənistan da bundan xeyir götürəcəkdi. Lakin Ermənistan siyasi rəhbərliyinin işğalçı niyyəti, qeyri-konstruktiv mövqeyi, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozması ermənilərin özünü pis duruma salıb. Bunun günahı yalnız Ermənistanın siyasi rəhbərliyindədir. Bu gün Ermənistan iqtisadiyyatı tamamilə tənəzzülə uğrayıb, dövlət büdcəsi ancaq xarici ianələrin, dünyadakı erməni diasporunun pulu hesabına formalaşır. Belə vəziyyət uzun ömürlü deyil. Ona görə də Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, Azərbaycan ərazilərindən qoşunlarını çıxarmalı, region dövlətləri ilə beynəlxalq hüquqa, hər iki tərəfi qane edəcək qarşılıqlı maraqlara söykənən münasibətlərə, o cümlədən iqtisadi əlaqələrə can atmalıdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər