Yatdı, səhər isə yuxudan məşhur oyandı - Fotolar
Alisa Frendlixin nəslini
sürgün olunmaqdan nə xilas edib?
Rusiyanın xalq artisti Alisa Frendlixin 85 yaşı tamam olur. O, Tofstonoqov
adına teatrda fəaliyyətini davam etdirir, filmlərə çəkilir. Aktrisa bu teatra həyatının
36 ilini həsr edib. Bu səhnədə baş rollarda, epizodik obrazlarda oynayıb. Məsələn,
bu ilin aprel ayında «Həyəcan» tamaşasında baş rolda oynayıb. Rejissor İvan Vrıbayev
bu rolu məhz Alisa Frendlix üçün yazıb. Süjetə görə, yazıçı olan baş qəhrəman dünyada
ünsiyyəti sevməyən insanlardandır və həyatında ilk dəfə olaraq jurnalistə müsahibə
verir. Frendlix də öz qəhrəmanına oxşayır, mətbuatla nadir hallarda ünsiyyətdə olur.«Teatrdan, kinodan yorulmayıbsınız
ki?» soruşanlara «Mən işləyəcəyəm. Çünki hələ enerjim var. Hələlik qəlbim, vücudum
zəifləməyib. Məhz buna görə işləyəcəyəm. Nə qədər ki, bacarıram, o qədər də çalışacağam»
cavabını verir.Aktrisanın məşhur bir
fikri var: «Mənim yeganə səhvim həyatımın dördə bir hissəsində «Hələ hər şey
irəlidədir» fikirləşməyimdir”. Ancaq bu fikir onun bütün yaradıcılığına hopub.
Filmlər bizi xalqa sevdirdi
- Sizin çəkildiyiniz filmlər
uzun illərdir ki, Yeni il axşamlarının bəzəyinə çevrilib. «Qəribə təsadüf», «İşdə
məhəbbət macərası»... Özünüzü klassik hesab edirsiniz?
- Klassik deməzdim, amma dəqiq bilirəm ki, bu filmlərə milyonlarla tamaşaçı
baxıb və indi də baxır. Filmlər bizi xalqa sevdirdi. Buna görə kinematoqrafiyaya
minnətdaram. Yadımdadır, ilk dəfə özümü ekranda görəndə «Necə dəhşətlidir» deyə
düşünmüşdüm. Sonradan bildim ki, bu, operatorların işidir.Əgər indi küçəyə çıxıb adamlardan həmin filmləri görüb-görmədiklərini
soruşsaq, üzlərindəki təbəssümlə "əlbəttə ki, baxmışıq” deyəcəklər. Mən kinematoqrafiyanın
qapılarını açdığıma görə Eldar Ryazanova minnətdaram. O, məni bütün sovet
respublikalarında və ölkə sərhədlərindən kənarda tanıtdı.
- Yəqin ki, "İşdə məhəbbət
macərası”nı nəzərdə tutursunuz.
- Hə, tamaşaçıların
populyar sevgisini 1977-ci ildə - "İşdə məhəbbət macərası” filmindən sonra hiss
elədim. Filmin rejissoru Eldar Ryazanov Lyudmila Kulagina roluna dərhal məni
təsdiqlədi. Bu rolu gecələr öyrənir, məşq edirdim. Ancaq bu əsər buna dəyərdi: film ekranlara çıxandan sonra
belə deyim, yatdım, səhər isə yuxudan məşhur oyandım.Bu filmdə ifa etdiyim iki mahnı – "Təbiətin pis
havası yoxdur” və "Qəlbimin sakitliyi yox” mahnıları da dillər əzbərinə
çevrildi. Mən özüm bu filmin qəhrəmanı üçün uyğun olan kostyum tapdım. O dövrün
işgüzar qadınlarının geyiminin eynisini yaratdım. Çox uğurlu alındı. O filmdə insanları
daha çox riqqətə gətirən sərt təbiətli qadın rəhbərin sevgisi, həssas qəlbidir.
Ancaq əlavə edim ki, o filmlər təkcə, Yeni il axşamlarının deyil, bütün bayram
axşamlarının bəzəyidir. Onlara "təqvimdə qırmızı gün” də deyirlər.
- Aktrisalıq
uşaqlıq meyliniz olub? Müharibə vaxtı bu haradan yadınıza düşmüşdü?
- Anam
Kseniya Fyodorvna gəncliyini Pskovda yaşayıb və sonradan Leninqrada köçüb. O,
Gənclər Teatrında kurslara yazılıb. Anam burada alman mənşəli aktyor Bruno
Freindlix ilə görüşür, sonradan evlənirlər. Uşaqlığım blokada illərinə
düşüb. Müharibə başlamazdan əvvəl atam Daşkənddəki
qastrol teatrını tərk etdi. Atamla anam ayrılmaq qərarına gəldilər. Mən anam və
nənəmlə qaldım. Anam cavan idi və işləyirdi. 1941-42-ci illərdə - qışın
şaxtalı vaxtında nənəm evdə sərt nizam-intizam yaratmışdı. Çörəyi bizə qrafiklə
verirdi. Mənim 7, qardaşımın 5 yaşı vardı. Bacımın isə heç bir yaşı da yox idi.
Biz kiçik çörək tikələrini və digər yeməkləri almağı həsrətlə gözləyirdik.
Nənəm öz nizamını heç pozmurdu. Biz sonradan – böyüyəndə bunu nənəmizin şücaəti
adlandırırdıq. Biz şaxtada çölə çıxır, qarı vedrəyə doldurub sobanın üzərinə
qoyurduq. Nənəm həmin su ilə təmizlik işləri görür, bizi də çimizdirirdi. O
zaman üçün mümkünsüz görünsə belə, nənəm bütün sanitar normalara riayət edirdi.
Biz kommunal mənzildə yaşayırdıq. O zaman adamlar bacardıqları qədər
bir-birilərinə kömək edirdilər. Nənəm milliyyətcə alman idi. Onun ailəsi hələ
Yekaterina zamanından Rusiyada məskunlaşmışdı. Orada Peterburq yaxınlığında
şüşə-mərmər zavodu açmış və alman mütəxəssislər dəvət etmişdilər. Ulu babam
Şimali Almaniyadan gələrək orada çalışırdı. Milliyyətcə alman olsalar da,
anamın təkidi ilə sənədlərdə rus kimi qeyd olunduq. Ona görə də, nəslimiz
gələcəkdə alman kimi sürgün olunmaq təhlükəsindən qurtuldu.1943-cü ildə, blokada ləğv olunandan sonra məktəbə getməyə başladım.
Yadımdadır ki, biz balacalar böyüklərə kömək etmək istəyirdik. Evlərə gedir,
xəstə, köməksiz insanları tapır, odun doğramağa kömək edir və ehtiyacı olanlar
üçün aparırdıq. Hospitallarda yaralılar üçün konsertlər təşkil edirdik.
Məktəbin birinci ilində bombardmandan qorunmaq üçün sığınacaqlarda məşğul
olurduq. O zaman Leninqradı insanların birliyi və inam xilas etdi. Özündə inamı
qoruyan insanlar qələbəyə də inanırdılar. Biz Leninqradın düşmənə təslim
olunması haqqında qətiyyən düşünmürdük. Bax, bu inam Leninqradı xilas etdi. Bu
gün bəziləri "Artıq qurbanlardan qaçmaq üçün Leninqradı təslim etmək lazım idimi”
sualını verirlər. Məncə, bunu düşünmək ağılsızlıqdır. Bizim belə bir sual
verməyə haqqımız varmı? Əgər Leninqrad təslim olsaydı, almanlar o zaman heç
kimə rəhm etməzdilər. Gələcək üçün o qurbanları vermək lazım idi. Fikirləşirəm
ki, məni blokadada anama, nənəm və başqa yaxınlarıma olan sevginin enerjisi
xilas etdi. Sevgi və xeyirxahlığın enerjisi əvəzolunmazdır.3 yaşım olanda xalamla ərinin konservatoriyanı
bitirmələrinin təqdimatını izlədim. Bu hadisə mənə çox təsir etdi və 3 gün
dalbadal mahnılar oxudum. O vaxtdan da anamın paltarlarını geyinərək teatrda
oynamağa başladım.
- İndi kinoda
nə baş verir, izləyirsinizmi?
- Mən kinoteatrlarda yaxşı filmin nümayiş
olunduğunu eşidəndə, buna görə vaxt itirməyimə peşman olmuram. Dərhal "Avrora”
kinoteatrına gedib filmi izləyirəm. Bəzən televiziyada yaxşı insanların
əks-sədası, dualarını əks etdirən filmlər olanda izləyirəm. Əlbəttə, serialları
izləməyə vaxtım olmur. Bunun üçün gərək hər gecə televizorun qarşısında
oturasan. İşlərimin çoxluğuna görə buna zamanım yoxdur.
- Sizin
nəslinizin aktyorları sovet kinosunun həsrətini çəkir. Deyirlər ki, müasir kinematoqrafiya
keyfiyyəti və mənəviyyatı itirib. Onların fikri ilə razısınız?
- Təəssüf ki, müasir film və serialların hamısı
kriminaldan bəhs edir. Bəlkə də bu ona görə baş verir ki, indi kriminal
çoxsaylı teleproqramların mövzusudur və bundan ssenari yazmaq çox da çətin
deyil. Qəzet və jurnalların da kriminal səhifələri var, bundan da süjet xəttini
yaratmaq olur. Müxtəlif cinayətlərdən bəhs edən bu filmləri o qədər həvəslə
çəkirlər ki, əsl həqiqətlərin – dostluğun, sevginin, xeyirxahlığın,
dürüstlüyün, pisliyin necəliyini unudurlar. Sadə həqiqətlər insanların
diqqətindən kənarda qalır.Sovet filmlərinə gəlincə, onun ən gözəl nümunələri
zamanla yığılıb. O vaxt nə qədər filmin çəkildiyini düşünmək belə ağlasığmazdır.
O filmlərin çoxu klassika olmuşdu. Biz indi o filmlərə baxır və qarşısında baş
əyirik.
- Yaxınlarda sizin doğum
evində nəvənizlə çəkdirdiyiniz şəkilləriniz yayıldı...
- Hə, nəvəm dünyaya gəldi. Buna görə çox xoşbəxtəm. Ona çoxlu
oyuncaqlar almışam. Bizim uşaqlar təəssüf ki, oyuncaqları o qədər sevmirlər.
İndi onların başqa meylləri yaranır. Yadımdadır ki, mənim ilk kuklam köhnə
corablardan toxunmuşdu. Mən onun gözünün və dodaqlarının rəsmini çəkmişdim. Bu,
mənim üçün böyük xoşbəxtlik idi. Mən bu kuklanı o qədər sevirdim ki… Qızımın
divanda oturmuş vəziyyətdə şəkilləri var. Hətta ətrafındakı kuklalara görə üzü
görünmür. Həyat elə gətirdi ki, o, kifayət qədər gec dünyaya gəldi və mənim
bütün dostlarım və qohumlarım onu yalnız oyuncaqlarla sevindirdilər. Bilmirəm,
uşaq belə vəziyyətdə həmin oyuncaqları nə qədər dəyərləndirə bilir. Ancaq bunun
ona sevinc bəxş etdiyini görmək lazımdır. Mən o sevinci indi nəvəmin üzündə
axtarıram.
- Siz ən çox
nədən şikayətlənirsiniz – olanlardan, yoxsa olmayanlardan?
- Bunun üçün uzun həyat yoluna nəzər salmaq,
nələrisə xatırlamaq lazımdır. O şeylərə təəssüflənirsən ki, olmayıb, həyata
keçməyib, ya zaman çatmayıb, ya mümkün olmayıb. Əgər mən nəsə xoşagəlməyən bir
iş etsəydim, ona təəssüflənərdim. Ancaq elə bilirəm ki, gördüyüm işlərdən də,
həyatımdan da razıyam.Bilirsinizmi, indi dünya çox dəyişib. Daim xeyirlə şərin mübarizəsi
baş verir. Hətta mənə elə gəlir ki, daha çox qüvvələr şərin tərəfindədir.
Sabahkı günlərə, övladlarının və özünü gələcəyinə inamsızlıq var. Adamlar sabah
xırda şeylərin olmasından qorxmurlar, sadəcə normal yaşaya bilməyəcəyi
hisslərdən qorxurlar.
- Sizcə, qadını xarakterizə
edən əsas xüsusiyyət hansıdır?
- Analıq... Bu tale, Tanrı və təbiət tərəfindən verilir.
- İncəsənət, yoxsa həyat
daha vacibdir?
- Mənim üçün? İncəsənət. Çünki həyat incəsənətsiz darıxdırıcı olardı.
Həyat uçub gedir... qalan incəsənətdir. Hərdən oturub fikirləşəndə zamanın necə
keçdiyini bilmirəm. İllər çox sürətlə keçdi. Mən çoxdandır ki, Peterburqda
Rubinşteyn küçəsində, eyni evdə yaşayıram. Düz 40 ildir. Böyük bir nəsil gedib.
Onların övladları artıq yaşlanıblar. Mən bütün bunlara görə heyrətlənirəm.
- Sizin seçiminiz: sevgi
yoxsa əylənmək?
- Sevərək əylənmək...
Rusiya mətbuatından tərcümə
etdi
Təranə Məhərrəmova