Yataqxana problemi və universitetlərin planları
Universitetlərə
qəbul imtahanlarının cavabları açıqlandıqdan sonra tələbələr üçün yeni dövr
başlayır. Xüsusilə də bölgələrdə yaşayan tələbələr üçün bir sıra problemlər
yaranır. Yeni mühit, yeni tanışlıqların həyəcanı bəs deyilmiş kimi, bir də "Bakıda harada qalacam?” sualı
onları narahat edir. Bakıda qohumu, tanışı olmayan biri üçün paytaxta
gəlib yeni həyata başlamaq olduqca çətindir.
Tələbələr ən çox da mənzil tapmaqda çətinliklə üzləşirlər. Əslində, tələbə hansı universitetə qəbul
olubsa, onun yataqxanasında qalmaq imkanı əldə etməlidir. Amma çox təəssüflər olsun ki, bugünkü şəraitdə
bu mümkün deyil. Hazırda demək olar ki, heç bir universitet tam şəkildə
tələbələrini yataqxana ilə təmin edə bilmir. Demək olar ki, bu problem bir neçə
ildir ki, gündəmdədir, amma buna baxmayaraq hələ ki, öz həllini tapmayıb. Bəs görəsən ali məktəblər bu barədə nə
düşünürlər? Nə zamanadək tələbə yataqxanası mövzusu problem olaraq qalacaq?
Universitetlər bu məsələnin həlli üçün hansı addımı atmağı planlaşdırırlar?
Bu kimi
bir sıra suallarımıza cavab tapmaq üçün universitetlərlə əlaqə saxlayıb, məsələ
ilə bağlı onların da fikirlərini öyrəndik.
Bakı Slavyan Universitetinin Mətbuat xidmətinin
rəhbəri İbrahim Quliyev bildirir ki, yataqxanalarında həm
əcnəbi, həm də yerli tələbələr yerləşdirilib: "Bizim universitetin 4
yataqxanası var. Bunlardan 3-ü - 1,2, və 4 nömrəli yataqxanalar məcburi
köçkünlərin istifadəsindədir. 3 nömrəli yataqxananın 1-ci və 3-cü mərtəbələri
tələbələrimizin ixtiyarındadır. Həmin yerdə 50
yerli, 20 nəfər xarici tələbə qalır.
Növbəti təhsil ili üçün isə bizim bu məsələ ilə bağlı bir layihəmiz
var. "Tik, istifadəyə ver və təhvil ver”
adlı layihə çərçivəsində ali məktəblə müəyyən şirkətlər arasında olan
müqaviləyə əsasən universitet üçün yeni yataqxananın tikilməsi nəzərdə
tutulur. Bildiyimə görə, yataqxana
hündürmərtəbəli göydələn formasında olacaq. Müasir səviyyədə, yeni təchizatla
təmin olunmuş yataqxana istifadəyə veriləcək.
Təbii ki, bu hələ ilkin planlaşdırmadı. Real olaraq bir iş görülməyib”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərovqeyd etdi ki, Universitetin yeddi yataqxanası
olub: "Onlardan 6-sı sökülüb, 1-i qalıb.
Sökülənlərin yerində Təhsil Nazirliyinin
və Heydər Əliyev Fondunun ideya dəstəyi ilə yeni 1000 nəfərlik yataqxana
kompleksi tikilməyə başlanılıb. 2018-ci ilin sentyabrın 15-də istismara
veriləcək. Bu yataqxana tam müasir
standartlara uyğun olacaq. Yataqxanada
yalnız Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinə deyil,
digər universitetlərin də tələbələrinin yerləşməsi üçün şərait yaradılacaq. Qiyməti
də çox münasib olacaq. Bizim qalan 1
yataqxanamız isə 320 nəfərlikdir. Üç
nəfərin qaldığı otaqda aylıq ödəniş 35 manatdır. Amma bunu da qeyd edim ki,
təmir vəziyyəti elə də qənaətbəxş deyil. Əsasən həmin yataqxanada əcnəbi
tələbələrimiz yerləşdirilib. Amma müraciət edən yerli tələbələrimiz də orada
qala bilir”.
Azərbaycan Dillər Universitetinin İnformasiya
Departamentinin müdiri Araz Ağayev deyir ki,
müəyyən qədər də olsa, tələbələri yerləşdirə bilirlər: "Bizim universitetin
əslində 2 yataqxanası var. Ancaq oğlanlar üçün olan yataqxanamızda məcburi köçkünlər yerləşib. Qızlar
üçün olan isə hazırda tələbələrin ixtiyarındadır. Yataqxanamız 2-3 otaqlı
mənzillərdən ibarətdir. Təqribən 200 tələbənin yerləşməsinə imkan var. Hələ ki
yataqxana mövzusu ilə bağlı yeni bir şey düşünməmişik”.
Bakı Dövlət Universitetinin İqtisadi və Təsərrüfat İşləri üzrə prorektoru
Nəbi Ramazanlı bildirdi ki, universitetin
yataqxanaları sökülüb və cəmisi bir yataqxanası qalıb: "Həmin binanı da əsaslı
təmir edib xarici tələbələrin ixtiyarına vermişik. Yataqxana ilə bağlı bir layihəmiz vardı. Demək olar ki, hər gün müəyyən yerlərlə
danışıqlar aparılır. Sentyabr ayının 7-si və ya 8-i Asiya Bankın əməkdaşları
ilə görüşümüz olacaq. Biz konsul təşkilatlar axtarırıq. Hələlik bəzi təkliflər
olub. Əgər konkret olaraq bir təklifin üzərində qala bilsək, bu işi sona
çatdıra biləcəyik. Amma bir problemimiz
var ki, heç kim birdən-birə 200-300 milyon pulunu qoyub, onu 10, 20 ilə geri
götürməyi düşünmür. Çünki insan ömrü çox qısadır. Heç kim zəmanət verə bilməz
ki, həmin şirkət qoyduğu pulu geri qaytara biləcək. Elə məsələlər var ki, bu, universitetin
imkanları xaricindədir. Məncə, dövlət
dəstəyi olarsa, yaxın gələcəkdə bu problemi həll etmək olar. Hazırda rəsmi olaraq yataqxanamızda 180 nəfərə
yaxın tələbə qalır. Həmçinin həmin binada yerləşənlərin 26-sı universitet
əməkdaşlarının, 12-si isə məcburi köçkünlərin ailəsidir”.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
Bayram Aslanov deyir ki, yataqxananın bir korpusu tam olaraq
tələbələrin ixtiyarındadır. Digər beş korpuslarda isə məcburi köçkünlər
yerləşib: "Bütün universitetlərdə olduğu kimi bu problem bizdə də var. Bir korpusda 252 tələbə yerləşdirmək
imkanımız var. Təbii ki, yataqxanaya
tələbat çoxdur. Amma biz çalışırıq ki, kirayə qalmağa heç imkanı olmayan
tələbələrimizi orada yerləşdirək.
Düşünürəm ki, hər bir universitetin yataqxana kampının olması çox gözəl olardı. Bu da təhsilə birmənalı
şəkildə öz müsbət təsirini göstərən amildir.
Arzu edərdik ki, bizim universitetin də belə bir şəraiti olsun və
tələbələrimizi rahatlıqla orada yerləşdirə bilək”.
Azərbaycan Texniki universitetinin mətbuat
xidmətinin rəhbəri Nicat Abdullayevqeyd edir ki, digər universitetlərdə olduğu kimi Texniki universitetdə də
yataqxana problemi mövcuddur: "Bizim universitetin 6 korpusdan ibarət
yataqxanası var. Vaxtilə ölkədə ən böyük yataqxanaya sahib olan
universitetlərdən biri olub. Sadəcə,
1990-cı illərin əvvəllərində Qarabağda baş verən proseslər nəticəsində ev-eşiyindən
didərgin düşən məcburi köçkünlərimiz bizim yataqxanalarda yerləşiblər deyə, tam
olaraq tələbələrimizin hamısını təmin edə bilmirik. Altı korpusdan yalnız bir
korpusda bizim tələbələr yerləşib. 220 nəfər tələbəmiz hazırda yataqxana ilə
təmin olunub. Həmin korpusun birinci və ikinci mərtəbəsində isə məcburi
köçkünlərin uşaqları üçün orta məktəb fəaliyyət göstərir. Digər 3 mərtəbəsində
isə bizim tələbələr yerləşdirilib. Həmin tələbələr isə sosial vəziyyəti çox
ağır olanlardır. Hansı ki, kirayə qalmağa imkanı yoxudur. Təbii ki, səbirsizliklə
gözləyirik ki, məcburi köçkünlər doğma yurdlarına qayıtsınlar, və biz də
yataqxana kompleksimizi təmir edib, tam şəraitli vəziyyətdə tələbələrimizin
ixtiyarına verək”.
Günel Azadə