AZE | RUS | ENG |

Yaşlı nəslin buna enerjisi çatmaz...

Yaşlı nəslin buna enerjisi çatmaz...
Rejissor Rüfət Şahbazov: «Hər şey gənclərin dediyi kimi olacaq»


Müsahibim gənc olmasına baxmayaraq bir sıra uğurlu layihələrə imza atan, istedadlı rejissor Rüfət Şahbazovdur. Rejissoru tanımayan gənclərin diqqətinə çatdırım ki, Rüfət bir çox filmlərdə rejissor assistenti olub, “Aramızda qalsın”, “Qaynana”, “Bir ailəm var” seriallarının rejissorudur. Dostumdur deyə tərifləmirəm ha, səhv başa düşməyin. Sözün əsil mənasında çox istedadlıdır.

Nə isə başınızı çox ağrıtmayım, ötən gün Rüfətlə çəkiliş zamanı görüşdük, maraqlı söhbətimiz alındı. Qərara gəldim ki, söhbətimizi sizin də diqqətinizə çatdırım.

Uğurlu yolun izləri...

- Gənc rejissor olmağın hansı çətinlikləri var?


- Elə bir çətinliyimiz yoxdur. Bu gün gənc rejissorlara işləmək üçün hər cür şərait yaradılıb. Bizim işimiz elədir ki, əgər sənətini sevirsənsə o zaman istədiyin hər şey alınacaq. Kameranı əlinə alan istənilən şəxs nə istəsə çəkə bilər. Əgər hər hansı yaradıcı gəncdə az da olsa istedad varsa, onun fəaliyyəti üçün hər şərait yaranacaq. Necə deyərlər, niyyətin hara, mənzilin də ora. Hazırda Azərbaycanda gənc rejissorlar çoxdur və yetişmək üzrədirlər – universitetdə, praktikada, prodakşında, xaricdə təhsil alıb gələn rejissorlarımız da var. İndi çəkilən əksər serialların rejissorları gənclərdir. Onlar təkcə serial çəkməklə məşğul deyillər, kliplər, reklamlar çəkirlər.

- Ümumiyyətlə, rejissor sənəti çətindirmi?

- Hər sənətin müəyyən bir çətinliyi var. Bizim işimiz kameranı götürüb, iki aktyoru üz-üzə qoyub onların dialoqlarını çəkmək deyil. Yaxşı rejissor olmaq üçün çəkmək istədiyin hekayəni, ssenariyə uyğun aktyorların oyunu ilə tamaşaçıya yedizdirməkdir. Bu sənət asan olsaydı onda hamı rejissor olardı. İndi kənardan baxıb deyirlər ki, bunlar gənc uşaqlardır, serial çəkirlər, burada nə var ki, biz də çəkərik. Ancaq içinə girdikcə görəcəklər ki, bu proses çox ağırdır. Biz özümüz də serial çəkməyə başlayanda çox az şey bilirdik. Serial çəkdikcə işləyə-işləyə öyrənirik. Hər seriyada bir iki səhv edirik. Etdiyimiz səhvlərin üzərində nələrisə öyrənirik.

- Rejissor kimi ilk işin hansı olub? Yəqin ki, onun dadı ayrı olub?

- Mən kinostudiyada Elxan Cəfərovun assistenti olmuşam. Bir çox rejissorların yanında assistent işləmişəm, ancaq Elxan müəllimlə daha çox işləmişəm. İlk dəfə özüm təkbaşına qısa bir film çəkmişdim. Elə hesab edirdim ki, bu film dünyanın ən gözəl filmidir. Özüm də həmin filmə baxıb ləzzət alırdım. Filmə baxan dostlarım onu çox təriflədilər. Sevinirdim ki, superdi... Sonra professional rejissorlar baxıb dedilər ki, filan yerlərdə səhvlərin var. Baxıb gördüm ki, onlar düz deyirlər. Anladım ki, filmi tərifləyənlər sən demə mənim belimi qırıblar (gülür). Sonra klip, reklam rolikləri çəkirdim. Əlimizə kamera düşən kimi dost-tanışdan xahiş edib qısa filmlər çəkirdik.

Uğura davam...

- Sənə elə gəlmirmi ki, gənc rejissorlar estafeti yaşlı nəslin nümayəndələrinin əlindən alıblar?

- Serial çəkilişi gənclərin işidir. Yaşlı nəslin rejissorları kino çəkər. Türkiyədə bu sistem belədir. Serial bir mexanizmə bənzəyir, durmadan işləyir. Yaşlı nəslin rejissorlarının buna enerjisi çatmaz. Serialda o qədər sürətli işləməlisən ki, haradasa nəyinsə üstündən keçə bilirsən, ancaq peşəkar rejissorlar heç zaman cüzi bir qüsurun üzərindən keçə bilmirlər. Onlar saat kimi (özünü nəzərdə tutur- müəllif) durmadan işləsələr enerjiləri qalmaz.

- Dünya kino sistemində rejissuranın “pultu” hələ də yaşlı nəsil rejissorlarının əlindədir. Sən necə düşünürsən?

- Dünya kino prosesində hər yaşda rejissora rast gəlmək olar. Yaşlı və yaxud da cavan nəsil onların heç bir fərqi yoxdur. Əsas odur ki, işinin peşəkarı olasan. Dünya prosesində rejissorlar gənc yaşlarından çəkə-çəkə gəlirlər. Ahıl çağlarında filmləri nümayiş olunur, biz də elə düşünürük ki, onları yaşlı nəslin nümayəndələri çəkib (gülür).

- Gənclər söyləyirlər ki, Azərbaycan kinosuna yeniliyi onlar gətirəcəklər. Səncə gənclərimizdən nələrsə gözləməyə dəyərmi?

- Dövr dəyişdikcə, hər şey dəyişir. Müasir, dövrün tələblərinə cavab verən filmlər də çəkilir. Misal üçün ötən dövrün filmləri tamam başqa cür idi. İndi isə müasir texniki avadanlıqlar var. Sabah isə daha müasirləri olacaq. Bu həmişə belə olub. Dövr və texnika müasirləşdikcə yeni filmlər yaranır. Mənə elə gəlir ki, gənc rejissorlar bu sözü məhz dediyim səbəblərdən qaynaqlanaraq söyləyiblər. Düşünürəm ki, hər şey elə gənclərin dediyi kimi olacaq (gülür). Çünki Azərbaycanda xromokeylə, qrafik, fantastik filmlər çəkilmir. Yəqin ki, bunu yaşlı nəsil deyil, gənclər edəcək.

Uğur olsun...

- Özün Azərbaycan kinosuna hansısa yeniliyi gətirməyi düşünürsən?


- Onu indidən deyə bilmərəm. Ola bilər ki, işləyə-işləyə hansısa bir yenilik üzə çıxardım. Qismət. Bəlkə də bu sahədə ortalığa heç bir yenilik çıxarda bilmədim. Hara qədər getsə, ora qədər də gedəcəyik. Mən artıq üçüncü serial çəkirəm. Bu yaşda üçüncü seriyalı çəkən adam olmayıb. Azərbaycanda ilk böyük sitkom çəkmək ilk mənə nəsib olub. Bu mənim üçün yenilikdir. Tamaşaçılar üçün nə qədər ilk hesab olunduğun deyə bilmərəm.

- Üç serialın baş rejissoru olmusan, mənə elə gəlir ki, səndən başqa hələ bu qədər nailiyyəti olan gənc rejissor olmayıb.

- İndi durub desəm ki, Azərbaycandakı ən reytinqli serialları mən çəkmişəm, digər rejissorların xətrinə dəyər. Çünki hərə öz serialını reytinqli, bir nömrə hesab edir. O, sözü gərək mənə başqaları desin. İndi durub desəm, ki, çəkdiyim seriallar bir nömrədir hər kəs deyəcək ki, Rüfət özündən razıdır, çox danışır. (gülür)

- Desinlər də…

- Qoy onda deyim ki, mən bir nömrəliyəm. (gülür)

- Səncə rejissor olmaq daha çox şöhrət gətirir, yoxsa aktyor?

- Daha çox aktyor olmaq insana şöhrət gətirir. Çünki rejissorlar daha çox arxa planda qalır. Əksər rejissorlar populyarlıq və şöhrət qazanmaq üçün işləmirlər. Onlar öz sənətlərindən zövq alırlar. Yaradıcı insanlar daha çox arxa planda qalmağı çox sevirlər. Rejissor olmaq üçün günlərini sərf etməlisən. Ancaq aktyor olmaq üçün nəsə bir obraza çəkilərsən, bir günə onu tutuzdurdun oldun məşhur. O qədər istedadı olmayıb ancaq məşhur olan aktyorlarımız var ki… Hərdən belələri də olur.

- Rüfət Şahbazovun siması gənc rejissor kimi tanınırmı?

- Yox. Yaxşı ki, tanınmır. Elə sənət adamları, bu sahədə çalışanlar bəs edir. Tamaşaçıların məni tanıyıb-tanımamağının mənim üçün heç bir önəmi yoxdur. Yəni heç vaxt çalışmamışam ki, məşhurlaşım, ulduz olum. Əgər məşhur olmaq istəsəydim aktyor olardım.

Qeyd: Söhbətimiz bitdiyi dəmdə Rüfət Şahbazovun assistenti “Bəs ikinci dəfə dünyaya gəlsəydiniz yenə də bu sənəti seçərdiniz kimi sual verməyəcəksiniz?” deyə soruşdu. İkimiz də tutulduq. Rüfət Şahbazov isə «özümü deyə bilmərəm, amma sən heç vaxt rejissor olmayacaqsan» deyərək güldü.

Xəyalə Rəis

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202